28 yanvar 2022 23:15
1189

İqtisadi və sosial siyasət bir-birini tamamlayır

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, vətəndaş məmnunluğunun artırılması prioritet məsələ kimi hər zaman öndədir

Dövlət başçısı İlham Əliyev bu günlərdə yerli televiziya kanallarına müsahibəsində «İqtisadi artım templərinin qorunması sahəsində, eyni zamanda, hər il ölkəmizdə əhalinin sosial rifah halının, maddi güzəranının daha da yaxşılaşdırılması, gücləndirilməsi ilə bağlı bir sıra layihələr icra olunur. Elə ötən il də bu layihələri biz müşahidə etdik. Xüsusən də ötən ilin sonunda yüz minləri əhatə edən bir sosial paket reallaşdırıldı. Bilmək istərdik, çətin proqnozlaşdırılan bu il ərzində Azərbaycan hökumətinin iqtisadi, sosial layihələrlə bağlı hansı planları, hansı strategiyası var» sualını cavablandırarkən bildirmişdir ki,  iqtisadi və sosial sahədə siyasətimiz bir-birini tamamlayır. Çünki bir çox ölkələrin təcrübəsinə nəzər saldıqda görürük ki, o ölkələrdə  yalnız elmi əsaslarla təsbit edilmiş iqtisadi model həyata keçirilir,  adətən əhali bundan əziyyət çəkir. Çünki prinsip etibarilə əgər tarixə nəzər salsaq görərik ki,  köklü iqtisadi islahatlar bir çox hallarda insanların rifah halına mənfi təsir göstərir. Ancaq Azərbaycanda  elə siyasət aparılır ki, sosial sahə daim diqqət mərkəzində olsun və köklü iqtisadi islahatlar insanların güzəranına mənfi təsir göstərməsin: «Düzdür, istisnalar olub. Bildiyiniz kimi, bir neçə il bundan əvvəl biz çox ağır bir addımın atılmasına məcbur idik. Manatın qiymətdən düşməsi insanların rifah halına mənfi təsir göstərmişdi. Amma o addımı biz mütləq atmalı idik. Çünki əgər biz o addımı atmasaydıq, bütün valyuta ehtiyatlarımızı xərcləyə bilərdik. Onsuz da bu addımın gecikməsi ona gətirib çıxardı ki, Mərkəzi Bankın valyuta ehtiyatları böyük dərəcədə tükənmişdi. Təqribən 10 milyard dollar vəsait manatın sabit saxlanmasına istifadə edilmişdi. Nəticə etibarilə Mərkəzi Bank manatı sabit saxlaya bilmədi və biz 10 milyard dollar valyutanı itirdik.»

Cənab İlham Əliyev 18 illik  prezidentlik dövründə  təkcə bu halı yada sala biləcəyini bildirir.  Amma prinsip etibarilə həyata keçirilən  siyasətin  mərkəzində insan amili olduğu üçün daim sosial sahəyə xüsusi diqqət göstərilir. Maaşların, pensiyaların, təqaüdlərin artırılması,  sosial obyektlərin yaradılması, şəhid ailələrinə, keçmiş məcburi köçkünlərə diqqətin göstərilməsi kimi sosial paket imkan verir ki,  iqtisadi islahatlar uğurla həyata keçirilsin. Ötən illərə diqqət yetirsək görərik ki, sosial proqramlar ildən-ilə  daha da genişlənir. Məsələn, şəhid ailələri və müharibə əlillərinə 2018-ci ildə 626, 2019-cu ildə 934, 2020-ci ildə 1572 mənzil və fərdi ev təqdim edilib.  Prezidentin 2021-ci il 25 yanvar tarixli  Sərəncamı ilə  bu kateqoriyadan olanlara 2021-2025-ci illərdə 11 min mənzil və ya fərdi evin verilməsinin nəzərdə tutulması proqramın daha da  genişlənməsinə imkan  verib.

Dövlət başçısı İlham Əliyev 2003-cü ildə xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Prezident seçildikdən sonra keçirilən andiçmə mərasimində iqtisadiyyatın inkişafı üçün möhkəm təməlin yaradıldığını, bundan sonra bu təməl üzərində  yeni islahatların həyata keçiriləcəyini diqqətə çatdırmışdır. Təbii ki, bu, ölkə Prezidentinin yenilikçi, təkmil islahatlara meyilli olmasından irəli gəlirdi. Reallıq budur ki, cənab İlham Əliyev Azərbaycanı zamanın çağırışlarına  uyğunlaşdırıb.

Əvvəldə də qeyd etdiyimiz kimi, iqtisadi tərəqqi hər bir dövlətin hərtərəfli inkişafında, ortaya çıxan problemlərin narahatlıq doğurmadan müsbət həllində əhəmiyyətli rol oynayır. 2008-ci ildə dünyanı bürüyən, nəticələri son illərə qədər davam edən iqtisadi və maliyyə böhranının ardınca 2019-cu ilin sonlarından  başlayaraq bu günədək davam edən koronavirus infeksiyası ilə mübarizə tədbirləri də ölkələrin malik olduqları imkanların təqdimatında mühüm rol oynadı. Baxmayaraq ki, COVID-19-la mübarizə insan sağlamlığı ilə bağlı məsələdir, təbii ki, görülən tədbirlər ölkələrin iqtisadi imkanlarına söykənir. Mübarizə tədbirlərinə başlandığı günlərdə əksər dövlətlər iqtisadiyyatın durğunluğunu aradan qaldırmaq üçün yollar axtarışına çıxdığı halda, Azərbaycan dövləti insanların sağlamlığının təmin olunmasını önə çəkdi, bu fonda iqtisadi islahatların dərinləşdirilməsinin prioritetliyini açıqladı. Cənab İlham Əliyev bildirdi ki, iqtisadi islahatlar dərinləşdirilməli, heç bir sosial layihə təxirə salınmamalıdır. 2019-cu ildə əməkhaqları  və digər sosial ödənişlər  orta hesabla  100 faiz,  bəzi sahələrdə daha çox  artdı. Yeni sosial  təminat növləri, təqaüdlər, müavinətlər təsis olundu.  2019-cu ilin sosial ödəniş artımları üçün  dövlət büdcəsindən illik əlavə vəsait olaraq 3 milyard manat ayrılıb.  2020-2021-ci illər yeni sosial islahatlar mərhələsi olub.  COVID-19  pandemiyasının məşğulluğa və sosial rifaha mənfi təsirlərinin qarşısının alınması üçün sosial dəstək proqramları icra  olundu.  Postmüharibə dövründə şəhid ailələrinin, müharibə əlillərinin təqaüdlərində orta hesabla 60 faiz artımlar edildi, yeni təqaüd növləri təsis edildi.

Sosial təminat sisteminin mühüm komponenti olan pensiyalarda artım 2021-ci ildə də davam etdi: ilin əvvəlindən pensiyaların sığorta hissəsi 11,4 faiz indeksasiya edilərək artırılıb. 2021-ci ildə pensiyaların orta aylıq məbləği 9 faiz artaraq 331 manata, yaşa görə pensiyaların orta aylıq məbləği 8 faiz artaraq 358 manata çatıb. Ümumilikdə isə son üç ildə pensiyaların orta aylıq məbləği 60 faiz artıb. Prezident İlham Əliyevin 2021-ci il 16 oktyabr tarixli “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı sosial islahatların uğurla davam etdirilməsinə imkan yaratdı. Yeni islahat paketi çərçivəsində minimum aylıq əməkhaqqı 20 faiz artaraq 250 manatdan 300 manata çatıb, üç il əvvələ (130 manat) nisbətən minimum aylıq əməkhaqqı 2,3 dəfə artıb. Həmçinin müəllimlərin və digər bir çox təşkilatlarda işləyənlərin maaşları 20-40 faiz arasında  artırılıb.

Sosial xidmətin şəffaflığının təmin edilməsi istiqamətində atılan  addımlar da  ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. Onu da qeyd edək ki, DOST Agentliyi Birinci vitse-prezident Mehriban Əliyevanın dövlət sosial xidmətlərinin vahid platformadan, “bir pəncərə”dən, tam şəffaf və operativ, vətəndaş rahatlığı və nəzakətlilik prinsipi və sadə prosedurlar əsasında təqdim olunması təşəbbüsünün nəticəsidir. DOST Agentliyinin yaradılması “ASAN xidmət”in müsbət tendensiyasının davam etdirilməsi məqsədini daşıyır. Bu cür mərkəzlərin yaradılması məşğulluğun artırılmasının, həm də ölkəmizin dayanıqlı inkişafının təmin olunmasına xidmət edir. Dövlət siyasətinin təməlində vətəndaş amilinin dayandığı atılan hər addımda özünü qabarıq şəkildə büruzə verir. Sosial islahatlar proqramının əsas hədəfi də məhz dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsipinin qorunmasıdır. Ölkə Prezidenti İlham Əliyevin gördüyü bütün işlərin əsasında Azərbaycanın dövlət maraqları, ölkənin inkişafı, təhlükəsizliyinin və xalqın firavan həyatının təmin edilməsi amili dayanır. 2019-2025-ci illərdə Bakıda və ölkəmizin regionlarında 31 DOST mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulub. İnsanların rifah halının yaxşılaşdırılmasına xidmət edən və onların məmnunluğunu təmin edən DOST Agentliyi və DOST Mərkəzi məmur özbaşınalığının, korrupsiyanın qarşısını alır, vətəndaşların vaxta qənaət etmələrini təmin edir.  Dövlət başçısı İlham Əliyev bildirir ki, “ASAN xidmət” vətəndaş-məmur münasibətlərinə yenilik gətirdi, rüşvətxorluğa qarşı mübarizədə bizə daha da böyük güc verdi. Yəni, göstərdi ki, rüşvətxorluqla mübarizə aparmaq və qələbə çalmaq da mümkündür. Bu gün artıq beş DOST mərkəzi fəaliyyət göstərir. 2021-ci ildə bu mərkəzlərdə 410 min 575, ümumilikdə ötən dövrdə isə 651 min 155 vətəndaşa xidmət göstərilib. DOST mərkəzlərində göstərilən xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi 98,2 faizdir. Bütün Bakı şəhəri və Abşeron rayonu DOST şəbəkəsi ilə əhatə olunub. Bakıdakı DOST mərkəzlərinə müraciət üçün qeydiyyat prinsipi də artıq ötən il aradan qaldırılıb, paytaxtın hansı rayonunda qeydiyyatda olmasından asılı olmayaraq Bakı sakinləri paytaxtdakı istənilən DOST mərkəzinə müraciət edə bilər.

İdarəçilik sistemində şəffaflığın təmin olunması vətəndaş məmnunluğunun artmasına da öz müsbət təsirini göstərir. Ulu öndər Heydər Əliyevin siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev  öz  vəzifəsini xalqına xidmətdə görür və hər bir məmurdan da bunu tələb edir.  Elə buna görə də xalq öz Liderinə bütün zamanlarda böyük dəstək göstərib və göstərir. İstər beynəlxalq səviyyəli tədbirlərdə, istərsə də keçirilən rəy sorğularında bu fikir xüsusi qeyd edilir ki, dövlət başçısı İlham Əliyevə milyonların sevgisini qazandıran daim xalqının yanında olması, insanların qayğıları ilə maraqlanmasıdır. Dünya siyasətçiləri  Prezident İlham Əliyevin müsbət imicini şərtləndirən amillər sırasında 2018-ci ilin aprelində keçirilən prezident seçkilərindən bu günədək  həyata keçirilən struktur və kadr islahatlarını, dövlət idarəetməsinin səmərəsinin artırılmasını  xüsusi qeyd edirlər. Azərbaycan vətəndaşları ölkə Prezidentinin həyata keçirdiyi islahatların  müsbət nəticələrini gündəlik həyatlarında hiss edirlər. Əvvəldə də qeyd etdiyimiz kimi, son illərdə  islahatlar daha  inqilabi xarakter alıb. Dövlət başçısı islahatların anonsunu 2018-ci ilin aprelində, prezident seçkiləri ərəfəsində vermişdi: “Gələcəkdə əsas məsələ yenə də idarəetmənin təkmilləşdirilməsi, fəaliyyətimizin səmərəsinin artırılması, sahibkarlar və iqtisadiyyatın şaxələndirilməsi üçün daha yaxşı şərait yaradılması olacaq”.

Dövlət başçısı  İlham Əliyevin hər bir vədinin arxasında konkret əməli işin dayanması bugünkü uğurlarımızın əsasını təşkil edir. Bu gün böyük inamla qeyd edirik ki, Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü düşünülmüş və məqsədyönlü siyasətin nəticəsidir. Neft-qaz layihələrindən əldə olunan gəlirlər ilk olaraq əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlir. Bu kimi addımlar bir daha göstərir ki, vətəndaş amili dövlət siyasətinin əsasıdır. Cənab İlham Əliyev hər zaman bu reallığı da diqqətə çatdırır ki, iqtisadi tərəqqi yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır. Eyni zamanda,  o da bildirilir ki, irəli sürülən təşəbbüslərin xalq tərəfindən dəstəklənməsi xoş ab-havanın yaranmasında, daha səylə çalışmaqda əhəmiyyətli rol oynayır. İnsanlar  görülən işlərdən razı olduqda o zaman dövlət başçısı İlham Əliyev də öz razılığını ifadə edir. Vətəndaş məmnunluğunun artırılması üçün dövlət zəruri olan bütün addımları atır. Əhali ilə birbaşa təmasda olan Prezident İlham Əliyev  cəmiyyəti düşündürən hər bir məsələdə xalqla həmrəylik nümayiş etdirərək qaldırılan məsələlərin həlli ilə bağlı operativ tədbirlər görüb. Cənab  İlham Əliyev 2003-cü ildə  Prezident seçilərkən təsdiqlədiyi ilk regional inkişaf proqramında 600 mindən çox iş yeri yaradılacağını bildirmişdi. Xatırlasaq, bu rəqəm beş ildə 700 mindən artıq idi. 2003-cü ildə ölkəmizdə yoxsulluq 49 faiz idi. Bu gün həmin statistika 5 faizdir. Ölkəmizin investisiya imkanları, valyuta ehtiyatları artdı. Son 18 ildə ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 280 milyard dollardan çoxdur.   Son 18 ildə regionların inkişaf proqramlarının uğurlu icrası nəticəsində 2 milyondan artıq yeni iş yeri yaradılıb ki, onların böyük əksəriyyəti daimi iş yerləridir, eyni zamanda, regionların payına düşür.

Bölgələrdə insanların rahatlığının təmin olunması,  sahibkarlığın inkişafı üçün bütün zəruri işlər görülüb. Bu günün reallıqları sırasında dayanan uğurlarımızdan biri də  rayonla  paytaxt arasında fərqin aradan götürülməsidir. Artıq bölgələrdən  şəhərə axının qarşısı alınıb, bütün rayonlarda, kənd və qəsəbələrdə  quruculuq işləri geniş vüsət alıb. Hazırda  paytaxt Bakı ilə yanaşı, bölgələrimiz də dünyanın diqqət mərkəzindədir.  Əvvəlki illərdə  bölgələrin elektrik enerjisi, qaz və su təchizatı, yol infrastrukturu qənaətbəxş deyildi. Dövlət başçısı İlham Əliyev insanların rahat yaşayışının təmin olunması üçün vacib olan bütün şəraitin yaradılacağı vədini verdi və onu əməli işi ilə təsdiqlədi.  Azərbaycan elektrik enerjisinə olan daxili tələbatını ödəməklə yanaşı, onu  ixrac edən ölkəyə çevrilib.

Arxada qalan hər il qarşıdakı ilin aydın mənzərəsini yaradır.  Əvvəldə də qeyd etdiyimiz kimi, dövlət başçısının yeniliyə, təkmilləşməyə daha çox maraq göstərməsi ölkəmizin  hər dövrün tələblərini yüksək səviyyədə yerinə yetirilməsini şərtləndirir. Hazırkı dövrün tələbi tamamilə başqadır. Artıq 30 ilin işğalına son qoyulub. Əsas hədəf işğaldan azad edilmiş torpaqlarımızda bərpa və quruculuq işlərini uğurlu sonluqla başa çatdırmaq və Böyük Qayıdışı reallaşdırmaqdır. «Əlbəttə ki, bütün bu işlərə nail olmaq üçün iqtisadiyyatımız uğurla inkişaf etməlidir. Həm Azərbaycanda, həm dünyada hər kəs yaxşı bilir ki, Azərbaycan təkbaşına, heç kimdən bir manat, bir dollar yardım almadan bu işləri görür. Azad edilmiş bütün torpaqlarda görülmüş işlər Azərbaycanın dövlət büdcəsi hesabına aparılır. Heç bir yardım almamışıq, heç bir kredit almamışıq, bu işləri öz gücümüz hesabına görürük» söyləyən cənab İlham Əliyev bu məqamı da xüsusi qeyd edir ki, əlbəttə, əgər iqtisadi inkişaf sürətlə getməsə, bu işləri bu sürətlə aparmaq mümkün olmayacaq. Görülmüş işlər nəticəsində artıq postböhran dövrünə qədəm qoymuşuq.

Artıq Böyük Qayıdışın astanasındayıq. Tezliklə işğaldan azad edilmiş ərazilərimiz böyük investisiyalar məkanına çevriləcək.

Yeganə Əliyeva, «İki sahil»