24 oktyabr 2025 23:58
81

Mənəvi borc

Ən təhlükəli və sosial əhəmiyyətli xəstəlik olan narkomaniya heç bir sərhəd tanımadan  peyda olduğu yerdə dəhşətli faciələr yaradır. Odur ki, əsrin ciddi bəlasına çevrilən narkomaniyaya qarşı mübarizə aparmaq dövlətlə yanaşı, hər bir fərdin borcudur.  O da həqiqətdir ki,  hazırki dövrdə narkotik vasitələrin istifadəçilərinin   çoxunu gənclər təşkil edirlər. Bu olduqca pis haldır, çünki hər bir xalqın uğurlu gələcəyi onun sağlam gənclərindən  ibarətdir. Yaranmış vəziyyət narkomaniya ilə mübarizənin yeni istiqamətlərin və metodların tətbiqini zəruri edir.  Astara Pedaqoji  Kollecin müəllim kollektivi bunları yaxşı başa düşür və  gördükləri bir sıra düşünülmüş işlərlə  gəncləri  narkotik vasitələrdən uzaq olmağa çağırırlar.

Kollecdə bu istiqamətdə növbəti  zəruri   maarifləndirə  tədbiri  “Narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı təbliğat” mövzusunda idi. Adəti üzrə tədbir iştirakçıları əvvəlcə  canını Vətənə fəda edən qəhrəman şəhidlərin əziz xatirəsini bir  dəqiqəlik  sükutla andılar, açılış sözündə  “Kimya, biologiya və aqrar-turizm” FBK-nın sədri Nisə Əskərova    mövzu ilə bağlı dedi- Narkomaniya bəşəri bəla olaraq, hazırda  müasir dünyanın ən qlobal probleminə çevrilib.  O insan cəmiyyətinin mənəvi, əxlaqi dəyərlərinə ciddi ziyan vurur. Faktlar göstərir narkomanların  arasında yeniyetmələr, gənclər daha üstünlük təşkil edir. Bununla  heç vaxt barışmaq olmaz. Çünki təhlükəli vəziyyət millətin gələcəyi üçün dəhşətli faciələrə yol açır, onu uçuruma aparır. Sağlam gələcəyimizi düşünməklə narkomaniyaya qarşı mübarizə aparmaq hər birimizin əsas işi olmalıdır.

Çıxış edib gəncləri saf düşüncəyə  və xalqın  təmiz  dəyərlərinə sadiq qalmağa çağıran, eləcə  kollecdə təhsil alan tələbələri  sağlam həyat tərzinə təşviq edən digər natiqlər onu da  bildirdilər ki, narkomaniyaya qarşı mübarizə təkcə hüquqi  məsələ deyil, həm də mənəvi məsuliyyət daşıyır.

Sonda  tələbələri daha çox düşündürən suallara  ətraflı cavablar   verildi,  mövzu ətrafında fikir mübadiləsi aparıldı  və “ Narkomaniyaya qarşı birlikdə mübarizə aparaq” adlı video-çarx nümayiş olundu.

Bəli, təhsil ocaqlarında  belə maariflənmə görüşlərin təşkili gənclərin sağlam həyat tərzi ruhunda tərbiyə olunması  üçün mühüm əhəmiyyət daşıyır, həm də  tarixə adı  “ağ ölüm” kimi düşən narkomaniyaya  qarşı  yaxşı səddir...

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü