03 fevral 2022 22:57
741

Vətən müharibəsi və tarixi Zəfərimiz Azərbaycanda yaşayan bütün xalqları daha da birləşdirdi

Prezident İlham Əliyev Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda bir daha Ermənistanın timsalında monodövlətlərin sonunun necə olduğunu açıqladı

«Azərbaycan həmişə çoxmillətli, çoxkonfessiyalı diyar olub və bu da bizim ənənəmizdir. Əsrlər boyu müxtəlif xalqlar burada yaşamış, yaratmış, qardaş olmuşdur, bu gün də belədir. Multikulturalizm termin kimi yenidir, amma anlayış kimi bu, həmişə olub və həmişə olmalıdır… Çünki bizim gücümüz birliyimizdə və müxtəlifliyimizdədir. Azərbaycan çoxkonfessiyalı, bir çox etnik qruplprın birgə yaşadığı unikal bir məkandır.» Dövlət başçısı İlham Əliyev Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Formunda bir daha bildirmişdir ki, İkinci Qarabağ müharibəsində bütün xalqların nümayəndələri bir əsgər kimi vuruşdular, şəhid oldular. Müharibə və tarixi Zəfərimiz Azərbaycanda yaşayan bütün xalqları daha da birləşdirdi. «Dəmir yumruq», sadəcə güc deyil, bu, birlikdir. Azərbaycanda olan bu birlik multikonfessional və çoxmillətli ölkə üçün nümunə ola bilər. Bu siyasətin uğurlu olması təkcə dövlətdən deyil, hər bir vətəndaşdan asılıdır.

Azərbaycanda multikultural dəyərlərin inkişafı, tolerantlıq təcrübəsi təqdir olunan məqamlar sırasındadır. Bütün dinlərin nümayəndələri Azərbaycanda sülh və tolerant şəraitdə yaşayır. Ölkəmizdə məscidlərlə yanaşı, sinaqoqlar, həm katolik, həm də pravoslav kilsələri fəaliyyət göstərir. Azərbaycan bütün dinlərin sülh və tolerant şəraitdə birgə yaşaması üçün lazımi dəstək göstərir, hətta maliyyə dəstəyi verir. Onların bərpası, yenidən qurulması görülən işlər sırasındadır. Dövlətimizin başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva ötən il Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsində oldular. Məlumdur ki, kilsənin bərpasına 2019-cu ildə Heydər Əliyev Fondu tərəfindən başlanılıb və 2020-ci ilin noyabr ayında 44 günlük Vətən müharibəsi dövründə başa çatdırılıb. Sonra Müqəddəs Yelisey adına Cotari kilsəsi də ziyarət olunmuşdur. Nic qəsəbəsindəki bu kilsə də Heydər Əliyev Fondu tərəfindən 2006-cı ildə əsaslı bərpa olunaraq Alban-Udi Xristian dini icmasının istifadəsinə verilib. Müqəddəs Yelisey kilsəsi 1823-cü ildə tikilib. Tolerantlığın kiçik modeli olan Nic qəsəbəsində hazırda 3 kilsə, 2 məscid var. Dünyadakı 10 minə yaxın udinin 4 minə yaxını Qəbələnin Nic qəsəbəsində yaşayır. Bütün bunlar Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanıldığını və inkişaf etdirildiyini, bütün dini konfessiyalara dövlət dəstəyi göstərildiyini təsdiqləyir.

Daim diqqəti ermənilərin dini abidələrimizi, məscidləri dağıtmalarına, burada donuz saxlamalarına yönəldən cənab İlham Əliyev bunun təkcə azərbaycanlılara deyil, bütün müsəlmanlara qarşı təhqir olduğunu bildirir. Şuşada bir məsciddən başqa bütün məscidlər tamamilə dağıdılıb. Həmin yarımçıq dağıdılmış məsciddə İslama aid mədəni və dini məkanları qoruduqlarını nümayiş etdirmək adı altında bəzi təmir işləri görməyə çalışmışdılar. «Əfsuslar olsun ki, bir xarici şirkət bu təxribatçı təşəbbüsə qoşulmuş və bizim icazəmiz olmadan qanunvericiliyimizi, sərhədlərimizi pozaraq Şuşaya gəlmişdi. Həmin xarici şirkət Azərbaycan hökumətinin icazəsi olmadan, Dağlıq Qarabağda həmin vaxt mövcud olan qanunsuz rejimin himayədarlığı altında bəzi təmir işləri görmüşdü. Beləliklə, onlar cinayətkarlarla əlbir oldular» söyləyən ölkə Prezidenti hər zaman bu statistikaya da diqqəti yönəldir ki, ermənilər işğal edilmiş ərazilərdə 70 məscidi dağıdıblar. Bu məscidlərdən birində təmir işləri aparmağa çalışmaq, sadəcə olaraq, onların sanki özlərini tolerant olduqlarını, müsəlman mədəniyyətinə, müsəlmanların hisslərinə hörmət etdiklərini nümayiş etdirmək cəhdi idi.

Ermənilər belə hiyləgər siyasətləri ilə daim özlərini dünyaya «yazıq, məzlum, döyülən, əzilən» millət kimi təqdim ediblər. Amma əsl simaları 44 günlük Vətən müharibəsi dövründə dünya ictimaiyyətinə bəlli oldu. Bir məscidi saxlamaqla tolerant olduqlarını qəbul etdirmək niyyətində olan ermənilər görəsən məscidlərimizdə donuz saxlamalarını necə əsaslandırır və havadarları onların başına sığal çəkərkən hansı bəhanəni səsləndirirlər? Amma real olan budur ki, Ermənistana dəstək verən dövlətlər müharibə qurtaran kimi dərhal erməni xalqının abidələrinin qorunması ilə bağlı fikirlər səsləndirməyə başladılar. Amma unutdular ki, Ermənistandan fərqli olaraq Azərbaycan reallıqda tolerant ölkədir. Ölkəmizdə bütün dinlərin, millətlərin nümayəndələri dostluq, mehribanlıq şəraitində yaşayır. Hansısa dövlətin, beynəlxalq təşkilatın diktəsi ilə deyil, öz tolerant, multikultural dəyərlərinin qorunması siyasətinə uyğun olaraq bütün xalqların abidələrini qoruyur və dünya da bunu bilir. Dövlət başçısı İlham Əliyev 2016-cı ili “Multikulturalizm İli”, 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməklə, eyni zamanda, ölkəmiz 2015-ci ildə ilk Avropa Oyunlarına, 2017-ci ildə IV İslam Həmrəyliyi oyunlarına ev sahibliyi ilə dünyaya birlik, həmrəylik, sülh, əmin-amanlıq mesajını ünvanladı.

Ötən il mayın 13-14-də dövlət başçısı İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən və iki gün davam edən, dünyaya səs salan «Xarıbülbül» musiqi festivalının birinci gününün müxtəlif xalqların nümayəndələrinin yaradıcılığına həsr olunması da təsadüfi deyildi. Bu da Azərbaycanın tolerant ölkə olmasını təsdiqləyən addımlar sırasındadır. Cənab İlham Əliyev Azərbaycan mədəniyyətini 28 ildən sonra Şuşaya gətirən «Xarıbülbül» festivalında ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələrinin çıxışını belə əsaslandırmışdır: «Bu tövsiyəni festivalın təşkilatçısı olan Heydər Əliyev Fonduna mən vermişdim, çünki Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır. Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır.» Şuşadan, qədim torpağımızdan bütün dünyaya mesaj ünvanlandı: Ölkələr belə inkişaf etməlidir, ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur.

Dövlət başçısı Gənclər Forumunda da bu məqamlara diqqət yönəldərək bildirmişdir ki, baxın, Ermənistana. İndi onlar bütün xalqları Ermənistandan qovub. Monodövlətdir, heç bir başqa millət orada yaşamır. Amma bu, onlara kömək etdimi? Yox. Bu monodövlət böyük problemlərə gətirib çıxaran amillərdən biridir: «Onlar hesab edirdilər ki, bu, onların üstünlüyüdür. Hətta onların rəhbərləri və onların ictimai fəalları müharibədən, İkinci Qarabağ müharibəsindən əvvəl deyirdilər ki, Ermənistanın bir üstünlüyü var ki, burada ancaq ermənilər yaşayır, Azərbaycanda isə müxtəlif xalqlar yaşayır. Onların çirkin təbliğatı ona yönəlmişdi ki, əgər müharibə başlayarsa, burada qatma-qarışıq olacaq, xalqlar bir-birinin üzünə duracaq. Amma nə oldu? Yaşayan bütün xalqlar bir adam kimi durdular ayağa, sinələrini qabağa verdilər, düşməni təpiklə qovdular bizim torpağımızdan.» Ermənistan monodövlətdir və monodövlətlərin axırı belə olacaq.

Keçilən yola qısa nəzər salsaq görərik ki, Prezident İlham Əliyev dini dəyərlərin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində məqsədyönlü siyasət həyata keçirir, bütün dünyada İslam həmrəyliyinin gücləndirilməsi, İslam dəyərlərinin müdafiəsi üçün beynəlxalq səviyyədə fəal iş aparır. Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı, İCESCO kimi aparıcı təşkilatların fəal üzvü olması da bu dəyərlərə verdiyi önəmin, onların qorunması istiqamətində atdığı biri-birindən əhəmiyyətli addımların nəticəsidir. Azərbaycan bütün dünyada islamofobiyaya, İslamın mahiyyətinin təhrif edilməsinə, onu terrorla eyniləşdirməyə qarşı ən kəskin şəkildə öz səsini ucaldan dövlətdir.

Qeyd etdiyimiz kimi, ərazisində demək olar ki, milli azlıqlar olmadığı, monoetnik ölkə kimi tanınan və ksenofobiya dövlət siyasəti olan Ermənistandan fərqli olaraq Azərbaycan çoxmillətli ölkədir, cəmiyyətimizin mədəni, etnik və dini müxtəlifliyi böyük sərvətimizdir. Azərbaycanın dinlərarası dialoqun gücləndirilməsinə yönəlmiş çox sayda beynəlxalq tədbirlərə ev sahibliyi etməsidə deyilənlərin təsdiqidir. Onların sırasında BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunu, Dünya Dini Liderlər Forumunu, ənənəvi keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq və Bakı Beynəlxalq Humanitar forumlarını qeyd etmək olar. Dövlət başçısı İlham Əliyev daim bu çağırışı edir ki, biz istəyirik ki, həm müsəlman aləmində, həm Avropada, ümumiyyətlə, dünyada dinlərarası dialoq güclənsin. Əfsuslar olsun ki, son vaxtlar biz tam əks mənzərə ilə üzləşirik - dözümsüzlük, islamofobiya, ksenofobiya, antisemitizm artır. Bu, bəşəriyyət üçün böyük təhlükədir və böyük bəladır. Din xadimlərinin, ictimai xadimlərin, siyasətçilərin, geniş ictimaiyyətin bu məsələ ilə bağlı fikri və mövqeyi əlbəttə ki, dünya ictimaiyyəti üçün də çox önəmlidir.

Bakıdan, yüksək mötəbər kürsülərdən dəfələrlə dünyaya çağırış edilir ki, dinlərarası münasibətlər hər bir ölkə üçün önəmlidir. Dünyada əksər ölkələr çoxmillətli və çoxkonfessiyalı ölkələrdir. Belə olan halda bu mövzu vətəndaş sülhü, vətəndaş həmrəyliyi üçün, hər bir ölkə üçün xüsusi əhəmiyyət kəsb edir. Bu gün böyük inam və fəxr hissi ilə qeyd edirik ki, bölgədə və dünyada Azərbaycan təcrübəsi öyrənilir. Bu reallıq da önə çəkilir ki, sürətlə inkişaf edən, dəyişən dünyada xalqlar və dövlətlər yaxınlaşır, insanlar və talelər birləşir. Müasir dövrdə qloballaşma prosesləri hər şeydən əvvəl beynəlxalq əlaqələrin güclənməsi, ölkələr arasında münasibətlərin genişlənməsi, ayrı-ayrı xalqların mədəniyyətində ümumi elementlərin artması ilə səciyyələnir. Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycanda bütün xalqların və dini icmaların nümayəndələrinin tarixən dinc yanaşı yaşaması multikulturalizmin dövlət siyasətinin prioritetlərindən biri olduğunu, milli və dini tolerantlığın yüksək dərəcədə təmin edildiyini təsdiqləyir. Multikulturalizm ölkəmiz üçün bu gün müzakirə olunan, sadəcə, işləyib-işləməməsindən, həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq bir ideya deyil. Multikulturalizm adət-ənənəmizdir. «Xarıbülbül» musiqi festivalı bir daha bu həqiqətlərə işıq saldı, Şuşadan dünyaya birlik, həmrəylik, sülh mesajı ünvanladı. Azərbaycan atdığı hər addımında multikultural dəyərlərin, tolerantlığın inkişafında maraqlı olduğunu təsdiqləyir.

Yeganə Əliyeva, «İki sahil»