Hazırda qlobal iqlim dəyişikliklərinin qarşısını almaq üçün planetin enerjiyə olan tələbatının ətraf mühitə zərər vurmadan ödənilməsi ən aktual məsələlərdəndir. Elə bu səbəbdən də dünya ölkələri karbon emissiyalarının azaldılmasına qarşı mübarizə aparır.
Bərpa olunan və ya “yaşıl enerji” dedikdə, tükənməz olan mənbələrdən alınan enerji başa düşülür. Bərpa olunan enerjidən istifadənin əsas prinsipi onu texniki istifadəyə verməkdir. Bərpa olunan enerji təbii ehtiyatlardan əldə edilir - günəş işığı, külək, yağış və s. Neft, təbii qaz, kömür və uran filizi kimi yanacaqlardan fərqli olaraq, bu enerji mənbələri tükənmir. Buna görə də onları bərpa olunan enerji mənbələri adlandırırlar.
Su elektrik enerjisi dünyada enerji istehlakının 3 faizini və elektrik enerjisi istehsalının 15 faizini təmin edən ən böyük bərpa olunan enerji mənbəyidir. Külək enerjisindən isə Avropa və ABŞ-da geniş şəkildə istifadə olunur. Lakin ümumilikdə götürsək, bərpa olunan enerjinin inkişafına investisiya qoyan ölkələr arasında Çin, ABŞ, Yaponiya və Böyük Britaniya liderlik etməkdədir.
Günəş elektrik stansiyaları əsasən Almaniya və İspaniyada geniş yayılıb. Dünyanın ən böyük günəş stansiyası Kaliforniyada tikilib. Bu günəş elektrik stansiyası bir damla belə yanacaq yandırmadan təmiz enerji istehsal edir və 140.000 evi elektrik enerjisi ilə təmin edir. Stansiyanın gücü 392 meqavatdır. Statistikaya əsasən deyə bilərik ki, 2019-cu ildə qlobal enerji istehlakının 26,8 faizi bərpa olunan enerji mənbələri ilə qarşılanıb ki, bunun da 16 faizi su enerjisinin payına düşür.
Artıq bir neçə ildir ki, qlobal iqlim dəyişikliyi dünyanı narahat edən problemdir. Əvvəlki dövrlərdə də iqlim dəyişiklikləri olmasına baxmayaraq, 20-ci əsrin ortalarından bəri insanlar Yer kürəsinin iqlim sisteminə misli görünməmiş dərəcədə təsir göstərir və qlobal miqyasda dəyişikliklərə səbəb olur. İstiləşməyə səbəb kimi ən əsas karbon qazı (CO2) və metandan ibarət olan istixana qazlarının emissiyaları göstərilir. Bu emissiyaların əsas mənbəyi enerji istehlakı üçün təbii yanacaqların (kömür, neft və qaz) yandırılması olsa da, bunda kənd təsərrüfatının, ağacların kəsilməsinin və sənaye proseslərinin də rolu var.
Mütəxəssislərin fikrincə, bu tendensiya belə davam edərsə iqlim dəyişikliyi bərpa olunan enerjinin texniki potensialının həcminə və coğrafi paylanmasına belə təsir edəcək. Buna baxmayaraq Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatına görə, 2024-cü ilə qədər dünyada bərpa olunan mənbələr hesabına enerji istehsalı 2018-ci illə müqayisədə 50 faiz artaraq 3 721 qiqavata çatacaq.
Dünya ölkələri bərpa olunan enerjiyə keçidlə bağlı qarşılarına iddialı hədəflər qoyublar. Belə ki, 22 aprel 2016-cı ildə imzalanmış Paris Sazişi ilə təsbit olunan və Qlazqo İqlim Paktı ilə dəstəklənən qlobal istiləşməni 1,5 dərəcə civarında saxlamaq məqsədi güdülür. 2020-ci ildə pandemiya və iqtisadi tənəzzülə baxmayaraq, bir çox şəhərlər, ölkələr və şirkətlər dekarbonizasiya planlarını elan etməyə və ya həyata keçirməyə davam etdilər.
Dünyada karbon emissiyalarının azaldılması və iqlim dəyişikliyinə qarşı mübarizədə qlobal səylərə Azərbaycan da öz dəstəyini göstərir. Bu çərçivədə enerji balansında bərpa olunan enerjinin mövqeyini möhkəmləndirən istiqamətlərin ölkənin Milli Prioritetləri və sosial-iqtisadi inkişaf strategiyasında əksini tapması, Azərbaycanın Qlazqoda COP26 İqlim Konfransında yeni hədəflərlə çıxış etməsi atılan addımların bariz nümunəsidir. Azərbaycan karbohidrogen ehtiyatları ilə zəngin olmaqla yanaşı, ölkədə bərpa olunan enerji mənbələrindən istifadə üçün də çox böyük potensial var. Ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün olan bərpa olunan enerji mənbələrinin potensialı 26 940 MVt, o cümlədən, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 040 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.
Cari il üçün bərpa olunan enerjinin Azərbaycanın ümumi enerji istehsalındakı payını 22 faizə çatdırılması planlaşdırılır. Ötən il bu göstərici 17 faiz təşkil edib. 2030-cu il üçün isə bərpa olunan enerjinin ümumi enerji istehsalındakı payının 30 faizə çatdırılması hədəfə alınıb. 2021-ci ildə qəbul edilmiş “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq “Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi qaydaları” və “Bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin Əsasnaməsi”nin layihələri hazırlanıb.
Fevralın 4-də Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısındakı çıxışında da məhz bu mövzuya toxunaraq bəyan edib: “Bizim elektrik enerjimizə regional bazarda da ehtiyac var, bəlkə də, biz daha uzağa, Avropaya qədər gedə bilərik. Çünki bu gün biz dörd qonşu ölkəyə - Türkiyə, Rusiya, Gürcüstan və İrana elektrik enerjisi ixrac edirik. Həcm artır. Bizim Azərbaycanda bərpa olunan enerji mənbəyimiz nə qədər çox olsa, biz ixrac üçün daha çox qaza qənaət edəcəyik. Məsələn, mənim indicə qeyd etdiyim elektrik stansiyası – külək elektrik stansiyası ilə biz 200 və ya 300 milyon kubmetr qaza qənaət edəcəyik. Bu, yaxşı göstəricidir və istehlakı böyük olmayan ölkələr üçün ciddi dəyişiklik ola bilər. Beləliklə, bizim “yaşıl enerji” strategiyamız hazırda təkcə qiymətləndirilmə deyil, həm də planlamanın yekun mərhələsindədir”
Günel Eyyubova, “İki sahil”