2022-ci il: «Şuşa İli»
«Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik! İnanın ki, gedəcəyik! Şuşa Azərbaycanın gözüdür. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir»
Ümummilli lider Heydər Əliyev
Tarixi mənbələrdə qeyd olunduğu kimi, milli memarlıq üslubunda inşa olunan, ornamentləri ilə göz oxşayan Şuşada Xurşudbanu Natəvanın, Gövhər ağanın, Gəfərqulu xanın, Uğurlubəyin, Fərzəli bəyin, Nəcəfqulu ağanın, Hacıqulunun, Səfi bəyin tikdirdikləri binalar bu diyara xüsusi yaraşıq verir, qonaqlarını heyrətləndirirdi. Gözəl təbiəti, coğrafi ərazisi, mühüm strateji əhəmiyyəti ilə diqqəti cəlb edən bu diyarı ələ keçirmək istəyənlərin arzularını ürəyində qoyan Şuşanın alınmaz qalalarını Tanrının möcüzəsi hesab edənlər təsəvvürlərində yanılmamışlar.
...Azərbaycan dilində «şüşə» mənasını verən cənnətməkan, alınmaz qala olan Şuşaya göz dikənin gözsüz qaldığını ifadə edən, Ağa Məhəmməd Şah Qacara ünvanladığı «Əgər məni qoruyan mənim tanıdığımdırsa, şüşəni daş içərisində də salamat saxlar» sözləri ilə düşmənə xəbərdarlıq edən şair Molla Pənah Vaqifin bu cavabından əsəbləşən düşmən şəhəri 33 gün mühasirədə saxlasa da qalanı müdafiə edən igidlərin qəhrəmanlığı qarşısında məğlub olub. Həmin dövrdə yaşamış Qarabağ tarixçisi Əhməd bəy Cavanşir yazırdı: « Cənub tərəfdən, Girs dağından Şuşaya bir nəzər saldıqda, ətəklərində bu şəhərin yarımdairəvi görünüşü duman arasından içərisində maye qaynadıldığına görə buxarlanan nəhəng bir mis qazanı xatırladır… Cənub-şərq tərəfdən Şuşanı sıldırım qayalı dərə əhatə edir.»
Torpaqlarımızı zəbt etmək istəyən düşmənlərin qarşısını alan, sıldırım qayaları, keçilməz yolları fəth edən, ermənilərə gözdağı verən isə Azərbaycan əsgəri oldu. «Əminəm ki, Şuşa əməliyyatı aparıcı beynəlxalq hərbi məktəblərin dərsliklərinə salınacaqdır. Artıq məndə məlumat var ki, inkişaf etmiş bir çox ölkələrin mütəxəssisləri 44 günlük Vətən müharibəsinin hər bir gününü təhlil edirlər. Çünki 44 günlük müharibənin hər bir günü qələbə, zəfər günüdür. Şuşanın işğaldan azad edilməsi düşmənə vurulan ən böyük zərbə idi. Çünki düşmən hesab edirdi ki, Şuşanı azad etmək mümkün deyil və yəqin ki, müəyyən dərəcədə haqlı idi. Çünki Pənahəli xan bu şəhəri elə salmışdır ki, hər tərəfdən sıldırım qayalar və təbii landşaft Şuşanı mühafizə edir» söyləyən Prezident İlham Əliyev Ali Baş Komandan kimi, də rəhbərlik etdiyi Silahlı Qüvvələrimizin rəşadətini yüksək qiymətləndirməklə ermənilərin sərsəm xəyallarının birdəfəlik arxivə atıldığını «O vaxt ermənilər öz dırnaqarası əməliyyatına bir ad vermişdilər – dağlarda toy. Halbuki heç əməliyyat da keçirilməmişdi. Şuşa şəhəri boşaldılmışdı.
…İndi biz onlara elə toy tutmuşuq ki, onlar bu dərsi əbədi yadda saxlayacaqlar» sözləri ilə təsdiqlədi. Torpaqlarımız işğaldan azad edildi, Şuşada üçrəngli Azərbaycan bayrağı qaldırıldı. Prezident, Ali Baş Komandan kimi, xalqına verdiyi vədini doğruldan cənab İlham Əliyevin «Bu gün bir şeyə kədərlənirəm ki, atam bu günü görə bilməyib. Ancaq bilirəm ki, onun ruhu şaddır. Necə ki, Vətən həsrəti ilə yaşamış və həyatdan getmiş, azad edilmiş bu torpaqları görməyən minlərlə, on minlərlə məcburi köçkünlərin ruhu şaddır, şəhidlərimizin ruhu şaddır. Biz şəhidlərimizin qanını yerdə qoymadıq, qanını aldıq və əcdadlarımızın ruhunu şad etdik» sözləri övladın ata vəsiyyətinə sadiqliyi idi.
«Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!» söyləyən Prezident İlham Əliyevin mədəniyyət paytaxtımıza hər səfəri Şuşanın dirçəldilməsinə təkan verir. ”Salnaməsinə doğum günü kimi yazılan 8 noyabr 2020-ci ildə işğaldan azad edilən cənnətməkan Şuşa bir çox tarixi hadisələrin şahidi oldu. İkinci Qarabağ müharibəsi başlanan gündən Azərbaycana birmənalı dəstək göstərən, «Azərbaycan tək deyil» mesajını verən Türkiyənin xalqımıza sonsuz qardaş məhəbbətinin nəticəsi olan « Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında» Şuşa Bəyannaməsinin imzalanması ulu öndər Heydər Əliyevin «Bir millət,iki dövlət» sözlərini rəsmiləşdirdi.
«Mən onların arasında iki məsələni xüsusilə qeyd etmək istərdim» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, müdafiə sahəsində və nəqliyyat məsələsi üzrə birgə fəaliyyət daha önəmlidir. Sənəddə diqqətçəkən məqamlardan biri də 100 il bundan əvvəl imzalanmış Qars müqaviləsinə istinad olunması, Zəngəzur dəhlizinin bərpasında maraqlı olan Türkiyə ilə Azərbaycanın eyni mövqe nümayiş etdirməsi idi: «Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq. Müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır» söyləyən, bu yolun beynəlxalq əhəmiyyətini qeyd edən Prezident İlham Əliyevin sözləri ilə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın «Digər tərəfdən, Azərbaycanın Cənubi Zəngəzur dəhlizi layihəsini çox əhəmiyyətli hesab edir və onu da dəstəkləyirik. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq dəhliz açılacaqdır. Bu, çox böyük əhəmiyyət kəsb edir» ifadəsi eynilik təşkil edir.
Hər iki dövlət başçısının vurğuladıqları kimi, tarixi Qars müqaviləsinə istinad olunan Zəngəzur dəhlizinin əhəmiyyətini tam mənası ilə dərk edən ulu öndər Heydər Əliyevin bu sahədəki uzaqgörənliyi bu gün iftixarla danışdığımız uğurların təməlidir. Şuşada «Xarıbülbül» musiqi festivalının, Vaqif Poeziya Günlərinin, Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının keçirilməsi, dini və tarixi abidələrimizin bərpasının sürətləndirilməsi, müasir tələblərə cavab verən otellərin, sosial- məişət obyektlərinin açılması Şuşanın dirçəlişinin real həyatda ifadəsidir. Qısa müddətdə çəkilən Zəfər yolunun istifadəyə verilməsi, ev-muzeylərin, məqbərələrin bərpası, düşmənin qurutduğu bulaqların gözlərinin açılması, yaşayış massvivlərinin təməllərinin qoyulması, Qələbəyə aparan 44 günün şərəfinə Zəfər Günündə 44 min fidanın əkilməsi, aksiyada iştirak edən Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Cıdır düzündə ağac əkməkləri, dövlət başçımızın 60 illik yubileyinini qürur mənbəyimiz olan Şuşada qeyd etməsi Ali Baş Komandanın «Şuşa hər birimizi özünə çəkir» sözlərinin ifadəsidir. Şuşa və Ağdama avtobus marşrutlarının açılması, insanların bu tarixi şəhəri görmək istəklərinin artması, Prezident İlham Əliyevin Sərəncamına əsasən 2022-ci ilin «Şuşa İli» elan olunması mədəniyyət paytaxtımızın simasını daha da gözəlləşdirir. Dövlət başçımızın işğaldan azad olunmuş bölgələrə 32, bütünlükdə isə respublikanın ayrı-ayrı rayonlarına 47 səfərinin hər biri quruculuq işlərinin mənzərəsini əks etdirir. «Təkcə Şuşa şəhərinə 7 dəfə getmişəm. Biz Şuşada böyük quruculuq işlərinə start verdik və azad edilmiş torpaqlar arasında təbii olaraq ən genişmiqyaslı bərpa işləri Şuşa şəhərində aparılır. Eyni zamanda, digər şəhər və kəndlərdə çox genişmiqyaslı işlər aparılır və aparılacaq» sözləri ilə bərpa işlərinin əsas amili olan iqtisadiyyatın inkişafına xüsusi diqqət göstərildiyini bərpa-quruculuq işlərinin əsas amili adlandıran cənab İlham Əliyevin vurğuladığı kimi, islahatların daxili imkanlar, heç bir beynəlxalq maliyyə təşkilatından kredit, yardım alınmadan, ölkəmizin büdcəsi hesabına həyata keçirilməsi Azərbaycanın gücünün, qüdrətinin göstəricisidir.
Ötən ilin mart ayında birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva ilə birgə Şuşanın Cıdır düzündə bayram tonqalını alovlandıran Prezident İlham Əliyev xalqa müraciətində bu təmtərağı tarixi ədalətin bərpası adlandırdı: «Bəli, Şuşa dağıntılara məruz qaldı, Şuşada tarixi abidələrimiz mənfur düşmən tərəfindən dağıdıldı. Ancaq Şuşa əyilmədi, sınmadı, öz ləyaqətini qorudu, Azərbaycanın milli ruhunu qorudu və bu gün Şuşada olarkən bir daha bunun canlı şahidi oluruq. Şuşa Azərbaycan xalqının ruhunu qoruya bildi və bizi gözləyirdi. Biz də gəlməli idik və gəlmişik.»
İşğal müddətində düşmənin murdan nəfəsindən solsa da, dağ vüqarını sındırmayan, ordumuzun qüdrəti sayəsində əsl sahiblərinə qaytarılan, mənfur düşmənin bütün səylərinə baxmayaraq milli ruhunu qoruyub saxlayan, təbiətin şah əsəri olan, təkcə Şuşanı özünə məskən seçən xarı bülbül artıq yaxınları üçün qəribsəmir. İndi Şuşa yeni günlərini yaşayır. Doğmalarının nəfəsi ilə oyanır, yazın gəlişini gözləyir.
… Bəli, bu torpağa elə- obaya bahar yenə də gələcək. Cıdır düzü al-əlvan rəngə boyanacaq. Toylu, büsatlı Şuşa yenidən öz cah- cəlalına qovuşacaq. Dağlarının başından duman çəkiləcək. «Qarabağ bülbülləri»”nin, tarın-kamanın, muğamın sədası aləmə yayılacaq. İşğaldan azad edilmiş torpaqlarımızın hər yerində «Qarabağ şikəstəsi» səslənəcək, Azərbaycan muğamı əbədi yaşayacaq. «Bu gün biz azad Qarabağdayıq. Bu gün biz azad Zəngəzurdayıq. Biz - bu torpaqların sahibləri bu torpaqlara qayıtmışıq və bundan sonra biz bu torpaqlarda əbədi yaşayacağıq» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan xalqı birlik və həmrəyliyi ilə istəyinə nail oldu. Xalqımız bir amal uğrunda, müqəddəs ideya uğrunda birləşdi. Əminik ki, «Şuşa İli»ndə Cıdır düzündə yandırılacaq Novruz tonqalının ətrafına toplaşanların sayı daha çox olacaq. İsa bulağı daha gur axacaq. İnsanların biri-birinə bayram təbriki bu sözlər olacaq: «Çox şükür, Şuşa bizmdir!»
Xuraman İsmayılqızı, «İki sahil»