Rahib Quliyev: Keçmiş köçkünlərin təhlükəsiz qayıdışı üçün hər qarış torpaq yoxlanılır
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə mina və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi istiqamətində fasiləsiz fəaliyyət göstərir. Təmizləmə prosesi bu bölgələrdə bərpa, quruculuq və təhlükəsiz geri dönüşü təmin edən əsas mərhələdir. Mövzunun aktuallığını nəzərə alaraq hazırda bu istiqamətdə aparılan işlər və qarşıdakı planlar barədə ANAMA-nın Əməliyyatların koordinasiyası idarəsinin rəisi Rahib Quliyevlə həmsöhbət olduq.
-Hazırda minatəmizləmə prosesi konkret olaraq hansı bölgələrdə aparılır və bu işdə hansı kriteriyalar əsas götürülür?
-Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi və humanitar minatəmizləmə fəaliyyətinə cəlb edilən qurumlar tərəfindən işğaldan azad edilmiş bütün ərazilərdə minatəmizləmə fəaliyyəti icra edilir. İcra edilən layihələr hökumət tərəfindən müəyyən edilmiş illik Tədbirlər Planına və Böyük Qayıdış Proqramına uyğun olaraq yerinə yetirilir. Keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə geri qayıtmalarını təmin etmək məqsədilə əsasən yaşayış məntəqələrinin, nəqliyyat, enerji təminatı və digər strateji infrastrukturların yaradılması, eləcə də kənd təsərrüfatı sahələri və digər prioritet istiqamətlərdə minatəmizləmə əməliyyatları həyata keçirilir. Qeyd edim ki, Agentlik Qazax rayonunun işğaldan azad edilmiş ərazilərində də 2024-cü ilin aprel ayından etibarən minatəmizləmə fəaliyyəti icra edir. Bu ərazilərdə həm relief çətinliyi, həm də minalarla yüksək səviyyədə çirklənmə mövcuddur.
-Bu günə qədər nə qədər ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib? Hər ay üzrə göstəricilərdə hansı dəyişikliklər müşahidə olunur?
-2020-ci ilin noyabrın 10-dan 2025-ci ilin iyul ayının 21-dək aparılan minatəmizləmə əməliyyatları nəticəsində işğaldan azad edilmiş 215 385 hektar ərazi təmizlənmiş, ümumilikdə 201 612 ədəd mina və partlamamış hərbi sursat (PHS) aşkar edilərək zərərsizləşdirilmişdir. Onlardan 142 020 ədədi PHS, 37 611 ədədi piyada əleyhinə minalar (PƏM), 21 981 ədədi isə tank əleyhinə minalardır (TƏM). Minatəmizləmə göstəriciləri uyğun olmayan hava şəraiti, ərazinin relyefinin çətinliyi, mina və müharibənin digər partlayıcı qalıqları ilə çirklənmə səviyyəsinə görə dəyişə bilər.
-Təmizlənmiş ərazilərin bərpa və yenidənqurma prosesinə inteqrasiyası necə həyata keçirilir? Minatəmizləmə ilə əlaqəli digər dövlət qurumları arasında koordinasiya necə qurulub?
-Böyük Qayıdış Proqramına uyğun olaraq hər bir qurum üçün təmizləmə öhdəliyi, layihələr müəyyən edilir. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən minatəmizləmə fəaliyyəti əsas əlaqələndirici orqan olaraq ANAMA tərəfindən koordinasiya edilir. Qeyd etdiyimiz kimi, işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyəti orada aparılan bərpa-quruculuq layihələri ilə əlaqəli şəkildə icra edilir. Minatəmizləmə əməliyyatları həyata keçirilmiş ərazilərdə tərəfimizdən xarici keyfiyyət yoxlamaları aparılır və sonda ərazinin tam təmiz olmasına dair son istifadəçiyə sertifikat təqdim edilir. Eyni zamanda, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İşçi qruplarından biri də Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupudur. Ayda iki dəfə İşçi qrupunun iclasları keçirilir, həmin tədbirlərdə müvafiq çağırışlar və qarşıda duran məqsədlər geniş müzakirə olunur.
-Ən çox rast gəlinən mina və sursat növü hansılardır? Bir minaların aşkarlanması və zərərsizləşdirilməsi zamanı hansı çətinliklər yaşanır?
-İşğaldan azad edilmiş ərazilərdə aparılan minatəmizləmə əməliyyatları zamanı ən çox Ermənistan istehsalı olan PMN-Э piyada əleyhinə minalara, həmçinin PMN-2, PMD-6, PMP, OZM-72 minalarına rast gəlinir. Tank əleyhinə minalardan isə əsasən TM-57, TM-62M, TM-62P, TM-62P2, TM-62P3 minaları üstünlük təşkil edir. Bu kimi minaların tərkibində metal az olduğu üçün onların aşkarlanması çətinlik yaradır. Eyni zamanda, əhali və orduya qarşı istifadəsi nəzərdə tutulan çoxsaylı tələ minalarına və əldədüzəltmə partlayıcı qurğulara da rast gəlinir. Əldədüzəlmə partlayıcı qurğular əl altında olan müxtəlif vasitələrdən, məişət əşyalarından və hərbi sursatlardan da kombinə edilərək düzəldilir. Onlar da minalar kimi gizli yerləşdirilə və əksinə maraqlı bir əşya qismində də düzəldilə bilər ki, insanlar ona toxunduqda partlayış baş versin.
-ANAMA tərəfindən istifadə olunan texniki vasitələr və yeni texnologiyalar barədə nə deyə bilərsiniz? Sahədə tətbiq olunan müasir avadanlıqlar hansılardır?
-Bu gün Azərbaycanda minatəmizləmə fəaliyyəti dünyada mövcud olan ən müasir və qabaqcıl texnologiyalardan istifadə edilməklə Beynəlxalq Minatəmizləmə Standartlarına uyğun həyata keçirilir. Təmizləmə əməliyyatları zamanı mina və partlayıcı qurğuları aşkar edən detektor və maqnetik lokatorlardan, tədqiqat və təmizləmə əməliyyatlarında xüsusi təyinatlı mexaniki minatəmizləmə vasitələrindən, eləcə də dərin axtarış avadanlıqlarından istifadə edilir.
-Minatəmizləmə əməliyyatlarında beynəlxalq tərəfdaşlarla əməkdaşlıq hansı formatda qurulub?
-Agentlik humanitar minatəmizləmə sahəsində bir sıra beynəlxalq qurumlarla əməkdaşlıq edir. Azərbaycanın üzləşdiyi mina probleminin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması məqsədilə Agentlik nümayəndələri mütəmadi olaraq ölkəmizdə və xaricdə keçirilən beynəlxalq tədbirlərdə iştirak edir. Eyni zamanda, bu problemin qlobal gündəlikdə saxlanılmasını nəzərə alaraq ölkəmiz bir neçə beynəlxalq konfranslara ev sahibliyi edib. Bundan əlavə, mina təhlükəsi ilə mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq qurumlarla təcrübə mübadiləsi aparılır, təlim kursları təşkil edilir.
-ANAMA-nın insan resursları bazası necə formalaşdırılıb? Sahədə çalışan əməkdaşlar hansı hazırlıq mərhələlərindən keçirlər?
-Minatəmizləmə əməliyyatlarının vaxtlı – vaxtında və dəqiqliklə icra edilməsi məqsədilə şəxsi heyətin mərhələli şəkildə artırılması həyata keçirilir. Yeni müdavimlər “Humanitar minatəmizləmə”, “Döyüş sahəsinin təmizlənməsi”, eləcə də “İlk Tibbi Yardım” təlimlərinə cəlb olunur. Təlimlər həm nəzəri, həm də praktiki şəkildə həyata keçirilir. Sonda akkreditasiyadan uğurla keçən müdavimlərə sertifikat təqdim edilir və əməliyyatlara cəlb olunur. Eyni zamanda, əməkdaşların bilik və bacarıqlarının artırılması məqsədilə onlar mütəmadi olaraq ixtisasartırma təlimlərinə cəlb edilir.
Məlumdur ki, minatəmizləmə ən riskli peşələrindən biridir. ANAMA əməkdaşları icbari tibbi sığorta ilə yanaşı, beynəlxalq standartlara uyğun olaraq fərdi qəza və könüllü tibbi sığorta ilə də təmin olunublar. Bu isə onlara dövlət və özəl tibb müəssisələrində müayinə və müalicə imkanları yaradır.
-Bu gün mina təhlükəsi ilə bağlı ictimai maarifləndirmə hansı səviyyədədir? Xüsusilə kənd yerlərində yaşayan əhali ilə necə iş aparılır?
-Maarifləndirmə işləri mina təhlükəsi ilə mübarizə fəaliyyətinin prioritet istiqamətlərindən biridir və ANAMA tərəfindən bu sahədə genişmiqyaslı tədbirlər həyata keçirilir. Maarifləndirmə tədbirlərinin keçirilməsi keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz qayıdışı, eləcə də işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq fəaliyyətinə cəlb olunan nümayəndələrin, səfər edən şəxslərin məlumatlandırılması məqsədilə zəruridir. işğaldan azad edilmiş ərazilərə köç edən əhali, orada fəaliyyət göstərən, müxtəlif sosial infrastruktur layihələrini yerinə yetirən qurumların, müəssisə və təşkilatların mütəxəssisləri, kənd təsərrüfatı və digər fəaliyyətlərə cəlb olunan nümayəndələrə ANAMA tərəfindən partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə tədbirləri keçirilir. Əsas təhlükəsizlik qaydaları haqqında məlumat verilir, müvafiq çap materialları təqdim edilir. Eləcə də işğaldan azad edilmiş ərazilərdə və keçmiş təmas xətti boyu məktəblərdə məktəblilərin, valideynlərin mina təhlükəsinə dair biliklərinin artırılması məqsədilə maarifləndirmə fəaliyyəti həyata keçirilir.
- Azad olunmuş ərazilərdə mülki şəxslərin minatəmizləmə işləri başa çatmadan əraziyə daxil olması halları müşahidə olunurmu? Belə risklərin qarşısını almaq üçün Agentlik hansı maarifləndirici və nəzarət mexanizmlərini tətbiq edir?
-Təəssüf ki, işğaldan azad edilmiş ərazilərdə mina hadisələri baş verir. Hadisələr təkcə keçmiş təmas xətti boyu yerləşən ərazilərdə deyil, eləcə də mülki təyinatlı yerlərdə də müşahidə olunur. Belə risklərin qarşısının alınması məqsədilə işğaldan azad edilmiş ərazilərdə müvafiq mina təhlükəsi işarələri, xəbərdaredici-maarifləndirici lövhələr quraşdırılır, eləcə də dünya praktikasında da istifadə edilən müəyyən ərazilərin çəpərlənməsi prosesi icra edilir.
-Müsahibə üçün təşəkkür edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.
Yaqut Ağaşahqızı, “İki sahil”