21 fevral 2022 22:15
951

Uşaq ədəbiyyatına kommersiya vasitəsi kimi baxmaq olmaz - Elnarə Akimova

Azərbaycanda uşaq ədəbiyyatının qədim tarixi və böyük ənənələri var. Övladlarımız bizim  onlara oxuduğumuz, sonrakı illərdə isə özlərinin oxuduqları uşaq ədəbiyyatı nümunələri ilə böyük həyata hazırlanırlar. Çox yerində deyilmiş bir məsəl var: “Uşaq ədəbiyyatı əsl məktəb, uşaq yazıçısı isə ən yaxşı müəllimdir”.

Azərbaycanda uşaq ədəbiyyatının bugünkü uğurlarına və problemlərinə Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, ədəbiyyatşünas, tənqidçi, filologiya elmləri doktoru, dosent, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda Uşaq ədəbiyyatı şöbəsinin müdiri , “Ədəbiyyat qəzeti”ndə ədəbiyyatşünaslıq şöbəsinin müdiri, Azərbaycan Yazıçılar Birliyinin üzvü Elnarə Akimova ilə müsahibəmizdə aydınlıq gətirməyə çalışmışıq.

- Elnarə xanım, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Uşaq ədəbiyyatı şöbəsinin müdirisiniz. Zəhmət olmasa, şöbənin ərsəyə gəlmə zərurəti haqqında oxucularımızı da məlumatlandırardınız.

- Şöbəmiz 2018-ci ildə yaradılıb. Buna böyük ehtiyac var idi. Çünki hər il Ədəbiyyat İnstitutunda aparılan yekun müşavirələrdə bütün ədəbi növ və janrlarla bağlı ayrıca məruzələr edirdik. Amma uşaq ədəbiyyatına xüsusi diqqət yetirilmirdi.

Digər tərəfdən, belə bir şöbəni ərsəyə gətirmək çabasını sabahlı sağlam nəslin, sağlam ədəbiyyatın qurulması yönündə atılan ən müqtədir addım saymaq olar. Siz təsəvvür edin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının VI qurultayında milli ruha sahib, təməlli, sağlam əqidəli, dürüst, layiqli, dövlətinə və xalqına sədaqətli nəsil yetişdirməyi vacib məram kimi irəli sürdü. Yəni, dövlət başçımız bu gün aparıcı ölkələrdən birinə çevrilmiş müstəqil Azərbaycanda yeni nəslin yetişdirilməsini qarşıya qoyulan dövlət səviyyəli əsas problemlərdən biri olduğuna xüsusi vurğu saldı. Fəxr edirəm ki, belə bir missiyanın həyata keçirilməsində xidməti olanlardan biri də mənim rəhbərlik etdiyim şöbədir. Məsuliyyətimizi lazımınca dərk edirik. Müstəqillik dövrünün artıq yeni tipli uşaq ədəbiyyatı yaranmaqdadır.

- 2018-ci ildən bəri Uşaq ədəbiyyatı şöbəsində aparılan işlər əsasən hansı sahələri əhatə edib? Hansı nəticələr əldə edilib?

- Üç il ərzində planlaşdırdığımız işlərin bir qismini həyata keçirməyə nail olduq. Bir qismi isə pandemiya ilə əlaqədar hələlik yubanır. Məsələn, uşaq ədəbiyyatı ilə bağlı geniş beynəlxalq konfrans keçirməyi nəzərdə tutsaq da hələ ki, gerçəkləşdirə bilməmişik. Uşaq mətbuatı, uşaq nəşrlərinin vəziyyəti, tərcümələr, uşaqlar üçün yazılan əsərlərin faydalılığını müzakirə etmək baxımından belə bir konfransa böyük ehtiyac olduğunu düşünürəm.

Amma həyata keçirilən uğurlu işlərimiz çoxdur. 2019-cu il oktyabrın 18-də Bakıda Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Uşaq və Gənclik Ədəbiyyatı Yazarlar Birliyinin və digər qurumların birgə təşkilatçılığı ilə VI Beynəlxalq Uşaq və Gənclik Ədəbiyyatı Simpoziumunu keçirməyə müvəffəq olduq. Müxtəlif türk respublikalarından simpoziuma təşrif buyuran qonaqları, alim və şair, yazıçı heyətini bir məramın, bir missiyanın ətrafına cəm edərək uşaq ədəbiyyatının ortaq problemləri ətrafında müzakirə apardıq. Simpoziuma Türkiyədən, Rusiyadan, Qazaxıstandan, Makedoniyadan, Pakistandan, Şimali Kiprdən və digər ölkələrdən qonaqlar qatılmışdı. Onu da deyim ki, bu əməkdaşlıq daha böyük müstəvidə davam tapmaqdadır. Bu il Bakı Beynəlxalq Kitab Sərgisində türkiyəli qonaqlarla görüş keçirib maraqlı fikir mübadilələri apardıq. Hazırda həmin sərgidə iştirak edən tanınmış türkiyəli uşaq yazarı Melike Günyüzlə bağlı nəzərdə tutulan konfransa hazırlaşırıq.

İnstitutumuzda görkəmli insanların həyat və yaradıcılığından bəhs edən “Şəxsiyyətin pasportu” seriyasından hər il müəyyən ədəbiyyat adamları ilə bağlı monoqrafiyalar hazırlanır. Keçən il bu seriyadan biz də tanınmış uşaq yazarı Xanımana Əlibəyli haqqında “Uşaq ədəbiyyatında Xanımana Əlibəyli imzası” kitabını meydana qoyduq ki, burada şairənin şeirləri, poemaları, dramaturgiyasının təhlili ilə yanaşı, ömür yolunun bütün əhəmiyyətli çalarlarını ehtiva etmişik.

Türkiyənin Milli Eğitim Bakanlığı, Pamukkale Universiteti ilə bağlantılarımız var. Bir neçə dəfə onlayn formada görüşlərimiz olub. Universitetin tələbələrinin belə qoşulduğu bu görüşlərdə hər iki ölkənin uşaq ədəbiyyatında oxşar ədəbi istiqamətlər, tendensiyalar müzakirə olunub. Hazırda mənim redaktorluğum ilə hazırlanan çox əhəmiyyətli bir toplu Türkiyədə öz çapını gözləyir. Yaxın vaxtlarda inşaallah, “Bengü yayınları”nda çap olunacaq. Bu kitabda son otuz ildə müstəqilliyə, istiqlal mövzusuna, Zəfərimizə dair yazılmış müxtəlif janrlı ən yaxşı, seçmə uşaq ədəbiyyatı nümunələri yer alıb və düşünürəm, “Şuşa İli”nə institut olaraq ciddi töhfələrimizdən biri də bu əsər olacaq.

- Elnarə xanım, hazırda Azərbaycanda uşaq kitablarının nəşri hansı səviyyədədir? Çap olunan kitablara maraq kifayət qədərdimi?

- Məncə, bu gün “Azərbaycanda kitab oxunmur”, “Kitab satılmır” şikayətləri uşaq ədəbiyyatına o qədər də şamil oluna bilməz. Əksinə, uşaq ədəbiyyatı nümunələrinə daha çox diqqət var. Nəşriyyatlar dünya uşaq ədəbiyyatına daha sıx müraciət edir, onların tərcüməsini, sadələşdirilmiş variantını rəngarəng dizaynlarda  hazırlayırlar. Valideynlər də hiss olunur ki, indiki informasiya bolluğunda övladlarının məlumatlı, mütaliəli böyümələrinə can atırlar. Bunu bu ilin oktyabrında “Bakı Expo Mərkəzi”ndə keçirilən Beynəlxalq Kitab Sərgisi zamanı  da müşahidə etdim. İnanırsınız, sərgiyə valideyn və uşaq axını nə qədər davamlı və gur idi ki... Baxırdılar, seçirdlər, alırdılar, uşaq yazarları ilə canlı ünsiyyət qururdular. Belə xoş mənzərə olduqca riqqət doğururdu. Deməli, Ömər Faiq Nemanzadə demiş, işığımız sönməyəcəkdir. 

- Valideynlərimiz övladlarına kitab seçərkən ən çox nələrə diqqət edirlər, hansı nəşrlərə üstünlük verirlər? Bu sahənin bilicisi, tədqiqatçısı kimi fikirləriniz maraqlıdır.

- Bu, bir az uşağın yaş senzinə, bir az da valideynin özünün dünyagörüşü, intellektual səviyyəsinə bağlı məsələdir. Daha çox məktəbəqədər və orta məktəbin aşağı sinifləri üçün nəzərdə tutulan kitablara diqqət ayrılır. Məlumdur ki, uşaq kitabları fərqli estetik dizayn tələb edir. Burada təkcə sözlər məna, məzmun deyil, şəkillər də danışmalıdır, onlar da mətləbə müdaxilə etməlidir. Yaxud şriftlər oxunan, rahat biçimdə təqdim olunmalıdır. Dil və ifadə səlisliyi, təfəkkür tərzinə uyğunluq da öz yerində. Və nəhayət, mahiyyət! İdeya saflığı, məna dərinliyi.  Bax, əsas məsələ budur! Sən uşaq ədəbiyyatı deyib piştaxtaya nə qoyursan? Dünya tempi ilə ayaqlaşmaq gözoxşayan modern tərtibatlarla ölçülmür. Gərək yazar həm də ruhunu uşaq üçün maraqlı etməyi bacarsın, ona qanad verməyi, xəyal qurmağı aşılasın. 

Bu gün böyüklər üçün yaranan ədəbiyyatda olduğu kimi, uşaq ədəbiyyatında da Vətən, Qarabağ mövzusunda manipulyasiya hallarına az rast gəlinmir. Müəlliflər bəzən modern dizaynın içində mənasız mətni uşağa sırımağa çalışırlar. Bu da bir növ, xəyanətdir! Xalqa, onun sabahına tuşlanmış zərbədir. “Günəş”, “Sehirli dünya” jurnallarında, ayrı-ayrı müəllif kitablarında nəzərəçarpan qüsurları bir neçə dəfə tənqid predmetinə çevirib məsələni aktuallaşdırmışam. 

Nəşriyyatlar professionallarla iş görməlidir. Söz, səs, musiqi, rəsm, görüntü – kiçik yaşlı uşaqlar üçün nəzərdə tutulmuş əsər uşağa bütün duyğuları hər tərəfli yaşatmalıdır. Kitabı əlinə alıb vərəqləyən arif, diqqətli valideyn mahiyyəti də, bədii səviyyəni də tutmamış deyil. Bəzən heç vərəqləməyə belə gərək yoxdur. Məsələn, kitabın üstündə müəllif kimi Nizami Gəncəvinin adı varsa, yəni onun hansısa hekayəti uşaqlar üçün sadələşdirilib təqdim olunursa uşağa oxu üçün yararlı sayılır artıq. Çünki Nizami əxlaq, mənəviyyat mücəssəməsidir. Amma hər yazar Nizami deyil ki, bu rahatlığı sığortalasın. Yaxud ayaqüstü kitab vərəqləmək real qiymət vermək üçün kifayət edəcək amil deyil. Bu, qalır artıq kitabı yazan müəllifin və onu çap edən nəşriyyatın vicdanına. Bunu dəfələrlə deyirəm, uşaq ədəbiyyatına kommersiya vasitəsi kimi baxmaq olmaz. Milli təəssübkeşlik və can yanğısı lazımdır bu sahədə.

- Orta məktəb dərsliklərinə salınan uşaq şeirləri haqqında da fikir bildirmənizi istərdik. Yadda qalmayan, heç bir axıcılığı olmayan şeirlər hansı kriteriyalar əsas gətirilərək dərsliklərə salınır?

- Bilirsiniz, orta məktəb yalnız bilik vermir. O zövq aşılayır, dünyagörüşü formalaşdırır. Bizim dərsliklərdə çox zaman şeirlər bu kriteriya ilə seçilmir. Elə hansısa əlamətdar günlə bağlı şeir olsun, versinlər. Belə deyil. O mövzuda yüz şeirin içərisindən iki elə şeiri seçib dərsliyə salmaq lazımdır ki, şagird o şeirdə həm dilin, poetik nəfəsin, həm də düşüncənin harmoniyasını görsün. Siz deyən kimi, yadda qalsın, təəssürat itməsin. Dərsliklərimizdə təəssüf ki, bayağı, dərin məzmun ifadə etməyən şeirlər də yer alıb. Yaxud aşağı sinif uşaqlarına ərəb-fars izafətləri ilə zəngin şeirləri əzbərləməyi tapşırıb yorurlar, ağır təhkiyəli nəsr nümunələri ilə yükləyib ədəbiyyata dair həvəslərini öldürürlər. Əlbəttə, uğurlu faktlar da az deyil. Ən azı, müstəqillik dövrünün dərsliyi Qarabağ yaddaşının qorunması üçün ordu qədər xidmət göstərdi. O oğulları qəhrəman edən oxuduqları, öyrəndikləri oldu həm də. Biz sovet dövründə zədələnmiş zehniyyəti xalqı, milləti sevən, onun nicatını uca tutan bir təfəkkürün gücü ilə bərpa etdik. İlk anadilli dərsliklər, “Vətən dili” kitabı, oxu kitabları, əlifba mübahisələri, dil mücadilələri hər biri XIX əsrin sonu XX əsrin əvvələrində yaşayan aydınlarımızın, milli münəvvərlərimizin işıqlı zəkasına, milli şüur bütövlüyünə bağlıdır. Təsəvvür edin, 1898-ci ildə hazırlanan "Vətən dili"ndən Abbas Səhhətin "Vətən" şeirinə qədər çevrələnən  estetik ərazidə milli uşaq ədəbiyyatının öz hərəkət trayektoriyası cızılırdı. O bütövlüyü, milli şüura, böyük amala xidməti, türk düşüncəsini aşılamalıyıq yeni nəslə. Tariximiz, milli qəhrəmanlarımız layiqincə tanıdılmalıdır.

- Bu gün Uşaq ədəbiyyatı şöbəsində hansı tədqiqatlar aparılır? Hansı addımların atılacağı planlaşdırılır?

- Hazırda Azərbaycan uşaq ədəbiyyatı tarixi ilə bağlı fundamental bir tədqiqat üzərində tamamlanma işləri gedir. Foklordan bugünümüzədək olan dövrün uşaq ədəbiyyatını sistemli araşdırmanın predmeti etmişik. Keçən il dediyim kimi, Xanımana Əlibəyli haqqında yazmışdıq. Bu dəfə tanınmış uşaq şairi, uzun illər “Göyərçin” jurnalının baş redaktoru işləmiş Tofiq Mahmudun həyatı və yaradıcılığı seriyasından monoqrafiya üzərində çalışırıq. Bir də cari ədəbi prosesi mütəmadi izləyirik. Çap olunan yeni uşaq kitabları diqqətimizdədir. Planlaşmağa qalanda, çox arzular var. Tanınmış uşaq yazarlarımızın hər biri ilə bağlı ayrıca kitablar yazmağı düşünürük. Zəfər ilində bu mövzuda yazılan uşaq şeir və hekayələrinin toplu olaraq çapına nail olmaq istəyirik. Beynəlxalq əlaqələri gücləndirmək, xüsusən qardaş Türkiyə uşaq yazarları ilə əməkdaşlıqları davam etdirməyi faydalı bilirik.

Azərbaycanda “Uşaq ədəbiyyatı ensiklopediyası”nın yaranmasına da ehtiyac hiss olunur. Şöbəmizdə isə  Uşaq ədəbiyyatı ilə bağlı yazılan sanballı elmi məqalələri kitab kimi çapa hazırlamaq niyyətindəyik.

Onu da qeyd edim ki, tarixi mövzulara diqqət artırılmalıdır. Eləcə də dünya uşaq ədəbiyyatına maraq oyadılmalıdır. Orta məktəb dərsliklərində yer almış nümunələrdən əlavə şagirdlərə tarixi qəhrəmanlarımızla, dünya ədəbiyyatının tanınmış uşaq mətnləri ilə bağlı sinifdən xaric oxular tapşırılmalıdır. Bunun üçünsə nəşriyyatlar həmin təlabatı ödəyən kitablar qoymalıdır ortaya. Düzdü, dünya ədəbiyyatı ilə bağlı yetərincə nümunə var. Tarixi mövzularda isə bir qədər boşluq hələ də hiss olunur. Milli-mənəvi dəyərlərimizi, folklor zənginliyimizi ehtiva edən mətnlər rənagarəng estetik dizaynda, səviyyəli tərtibatda meydana qoyulmalıdır. Milli ruha bağlı, vətənpərvər nəsil yetişdirmək istəyiriksə, mütləq bu sahəni ciddi nəzarətdə saxlamalıyıq. Hər işin uğuru məsuliyyətə bağlıdır. Amma uşaq ədəbiyyatı daha böyük məsuliyyət və təəssübkeşlik tələb edən sahədir. Nə qədər əmək və sevgi qoyacağıqsa, qazancımız da ona müvafiq olacaq.

Günel Eyyubova, “İki sahil”