03 fevral 2026 17:09
196

Bu ali dəyər dövlətin hər bir fəal gəncin əməyini izlədiyini və qiymətləndirdiyini göstərir - Gülbağda Leysanova-Hacıyeva

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2026-cı il üçün Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən bir qrup gənc bu ali dövlət mükafatına layiq görülüb.

2026-cı il üzrə Gənclər üçün Prezident mükafatına layiq görülən gənclər sırasında “Regional İnkişaf” İctimai Birliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri Gülbağda Leysanova-Hacıyeva da yer alır.

Bununla bağlı “İki sahil” qəzetinə müsahibəsində Gülbağda Leysanova-Hacıyeva Prezident mükafatının onun üçün ifadə etdiyi mənəvi dəyərdən, “Regional İnkişaf” İctimai Birliyində gördüyü işlərin nəticələrindən, beynəlxalq təşkilatlarla əməkdaşlığın ölkəmizin sosial və humanitar inkişafına verdiyi töhfələrdən, eləcə də gənclərin bu prosesdə rolundan ətraflı bəhs edir.

Əvvəl müsahibimizin həyat və fəaliyyət yoluna qısa nəzər salmaq istərdik.

Gülbağda Leysanova-Hacıyeva 13 may 1998-ci ildə Bakı şəhərində anadan olub. O, 2015-ci ildə Tofiq İsmayılov adına 6 saylı məktəb-liseyi bitirib. Həmin ildə Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər ixtisasına daxil olaraq, 2015–2019-cu illərdə bakalavr təhsili alıb. Magistratura təhsilini isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində davam etdirib.

Əmək fəaliyyətinə 2019-cu ildə “Regional İnkişaf” İctimai Birliyində başlayan Gülbağda Leysanova-Hacıyeva hazırda qurumun Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinə rəhbərlik edir.

-Gənclər üçün Prezident mükafatına layiq görülməyinizi eşidəndə hansı hissləri keçirdiniz və bu təltif sizin üçün nəyi ifadə edir?

-Bu xəbəri eşidəndə böyük qürur, sevinc, eyni zamanda, məsuliyyət hissi keçirdim. Prezident mükafatı mənim üçün təkcə şəxsi nailiyyətimin deyil, ümumilikdə gənclərin bilik, təşəbbüs və əzminə verilən ali dövlət qiymətinin bariz nümunəsidir. Bu mükafat gördüyüm işlərin düzgün istiqamətdə olduğunu göstərməklə yanaşı, gələcək fəaliyyətimdə cəmiyyətə daha faydalı olmaq, üzərimə düşən məsuliyyəti daha böyük həvəslə və peşəkarlıqla daşımaq üçün mənə əlavə motivasiya verir. Eyni zamanda, bu yüksək etimad gənclərin ölkənin inkişafında oynadığı mühüm rolun dövlət səviyyəsində tanınmasının ifadəsidir. Fürsətdən istifadə edərək Gənclər üçün Prezident mükafatına layiq görüldüyüm üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Göstərilən etimadı doğrultmaq üçün bundan sonra daha böyük əzmlə çalışacağam.

-Prezident mükafatı  gənclərin ictimai və beynəlxalq fəaliyyətə marağının artmasına necə təsir göstərir?

-Prezident mükafatı kimi ali təşəbbüs gənclər üçün ən böyük mənəvi stimuldur. Bu, dövlətin hər bir fəal gəncin əməyini izlədiyini və qiymətləndirdiyini göstərən bir mesajdır. Belə mükafatlar gənclərdə sağlam rəqabət hissini gücləndirir, onları daha yaradıcı, təşəbbüskar və məsuliyyətli olmağa sövq edir. Xüsusilə beynəlxalq sahədə fəaliyyət göstərmək istəyən gənclər üçün bu mükafat bir növ "keyfiyyət nişanı" rolunu oynayır və onlara öz güclərinə inanaraq Azərbaycanın səsini daha uca platformalardan duyurmaq üçün cəsarət verir.

-Gənc bir rəhbər kimi dövlət səviyyəsində dəyərləndirilmək sizdə hansı yeni məsuliyyət və gözləntilər formalaşdırır?

- Bu etimad gələcək fəaliyyətimdə qərarların daha düşünülmüş, strateji və uzunmüddətli təsirə hesablanmış şəkildə verilməsini zəruri edir. Eyni zamanda, üzərimə düşən məsuliyyətin miqyasını artıraraq həyata keçirdiyim təşəbbüslərdə şəffaflıq, davamlılıq və real nəticələrə fokuslanmağı əsas prioritetə çevirir.

Bu qiymətləndirmə çalışdığım sahədə gənclər üçün nümunə olmağı, onların potensialına inanmağı və biliklərini praktik fəaliyyətə çevirmələri üçün motivasiyaedici mühit yaratmağı qarşıma məqsəd qoyur. Dövlətin müəyyən etdiyi inkişaf prioritetlərinə uyğun şəkildə ictimai faydanı daha da artırmaq, xüsusilə sosial həssas qrupların dəstəklənməsi, gənclərin inkişafı və dayanıqlı layihələrin icrası istiqamətində töhfələrimi genişləndirməyə sövq edir.

Bu dəyərləndirmə mənim üçün yalnız bir nailiyyət deyil, eyni zamanda, gələcək fəaliyyətimdə özümə daha yüksək peşəkar və etik standartlar qoymaq, daim inkişaf etmək və cəmiyyətin etimadını doğrultmaq öhdəliyidir.

-Dövlətin gənclər siyasətini ümumilikdə necə qiymətləndirirsiniz?

-Azərbaycan dövlətinin gənclər siyasəti regionda və dünyada ən uğurlu modellərdən biri kimi qəbul edilə bilər. Bu siyasətin təməlində Ulu Öndər Heydər Əliyevin əsasını  qoyduğu strateji xətt və cənab Prezident İlham Əliyevin gənclərə göstərdiyi sonsuz etimad dayanır. Mən bu siyasəti ardıcıl, inklüziv və gələcəyə hesablanmış bir strategiya kimi qiymətləndirirəm. Gənclər üçün yaradılan infrastruktur, xaricdə təhsil proqramları, gənclər fondları və müxtəlif dövlət mükafatları gənclərin cəmiyyətin hərəkətverici qüvvəsinə çevrilməsi üçün hər bir şəraiti təmin edir..

-Sizcə, bu gün Azərbaycan gənci beynəlxalq platformalarda özünü təsdiqləmək üçün hansı üstünlüklərə malikdir və onların beynəlxalq arenada təmsilini necə dəyərləndirirsiniz?

-Müasir Azərbaycan gənci beynəlxalq platformalarda özünü təsdiqləmək üçün kifayət qədər zəngin və çoxşaxəli üstünlüklərə malikdir. Bunların təməlində güclü təhsil bazası, milli kimliyimizə bağlılıq və qlobal dünyagörüş dayanır. Gənclərimiz həm öz köklərinə, milli-mənəvi dəyərlərinə dərindən sadiqdir, həm də müasir texnologiyalara, xarici dil biliklərinə və beynəlxalq standartlara sürətlə adaptasiya olmağı bacarır. Xüsusilə Zəfər qazanmış bir ölkənin nümayəndəsi olmaqdan doğan özünəinam və dövlətimizin gənclərə yaratdığı geniş imkanlar gənclərimizin istənilən beynəlxalq mühitdə intellektual rəqabətə tab gətirməsinə və Azərbaycanın maraqlarını peşəkarlıqla müdafiə etməsinə zəmin yaradır.

Müşahidələr göstərir ki, gənclərimiz artıq beynəlxalq platformalarda sadəcə iştirakçı deyil, təşəbbüskar kimi çıxış edirlər. Beynəlxalq konfranslarda, simulasiyalarda və diplomatik görüşlərdə onların arqumentləri daha peşəkar və əsaslandırılmışdır. “Regional İnkişaf” İctimai Birliyinin təmsilçiləri olaraq xarici tərəfdaşlarla bərabərhüquqlu və effektiv dialoq qura bilirik ki, bu da dövlətimizin yumşaq gücünün (soft power) bir hissəsi kimi qiymətləndirilir.

-Bu gün gənclərə, xüsusilə də ictimai və beynəlxalq sahədə çalışmaq istəyən gənclərə tövsiyələriniz nədən ibarətdir?

-Gənclərə tövsiyəm odur ki, heç vaxt öyrənməkdən yorulmasınlar. Beynəlxalq münasibətlər daim dəyişən bir sahədir. Bu sahədə uğur qazanmaq üçün həm nəzəri biliklərə, həm də güclü "soft skills" (kommunikasiya, liderlik, böhran idarəçiliyi) bacarıqlarına malik olmaq lazımdır. Hər zaman ölkəmizi xaricdə təmsil edərkən üzərinizdə böyük bir bayrağın məsuliyyətini hiss edin və fəaliyyətinizi fərdi uğurdan çox, cəmiyyətə verəcəyiniz fayda üzərində qurun.

-Gələcək planlarınız və hədəfləriniz nədən ibarətdir, beynəlxalq əməkdaşlıq sahəsində hansı əsas istiqamətləri prioritet hesab edirsiniz?

-Gələcək hədəfim “Regional İnkişaf” İctimai Birliyinin beynəlxalq əməkdaşlıq coğrafiyasını daha da genişləndirmək və Azərbaycan modelini qlobal səviyyədə uğurlu keys kimi təqdim etməkdir. Prioritetlərim arasında regionlarda dayanıqlı inkişaf, yaşıl enerji, rəqəmsal maarifləndirmə və gənclərin məşğulluğunun artırılması üçün beynəlxalq investisiyaların cəlb edilməsi dayanır. Mən inanıram ki, Azərbaycan gəncliyi olaraq biz dövlətimizin inkişafına hələ çox böyük töhfələr verəcəyik.

Yaqut Ağaşahqızı, “İki sahil”