Dövlət başçısı İlham Əliyev BMT Baş Assambleyasının sədrinin təşkil etdiyi yüksək səviyyəli tematik müzakirələrdə təqdim edilən videoformatda çıxışında bir daha bildirmişdir ki, bütün ölkələrin, beynəlxalq təşkilatların və aidiyyəti tərəfdaşların milli, regional hüquqi çərçivəyə uyğun olaraq peyvənd istehsalı, paylanılması, ədalətli qiymət qoyulması məsələlərində şəffaflıqla bağlı öhdəlik götürmələri vacibdir
«Azərbaycan pandemiya, “peyvənd millətçiliyi” və peyvəndlərdən istifadə ilə bağlı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında qeyri-bərabərliyə qarşı beynəlxalq həmrəyliyin gücləndirilməsi istiqamətində vacib qlobal təşəbbüslərlə çıxış edib. BMT Baş Assambleyasının Xüsusi Sessiyası, peyvəndlərdən bərabər və universal istifadənin təmin edilməsinə dair qətnamələr bunun bariz nümunəsidir.» Fevralın 25-də BMT Baş Assambleyasının sədrinin “Universal peyvəndlənmə üçün səylərin artırılması” mövzusunda təşkil etdiyi yüksək səviyyəli tematik müzakirələrdə milli qisimdə və Qoşulmama Hərəkatının sədri kimi Hərəkata üzv dövlətlər adından videoformatda çıxışı təqdim olunan dövlət başçısı İlham Əliyev, eyni zamanda, bildirmişdir ki, bütün ölkələrin, beynəlxalq təşkilatların və aidiyyəti tərəfdaşların milli və regional hüquqi çərçivəyə uyğun olaraq peyvənd istehsalı, paylanılması və ədalətli qiymət qoyulması məsələlərində şəffaflıqla bağlı öhdəlik götürmələri vacibdir. COVID-19 əleyhinə peyvəndlərin məqbul qiymətə, vaxtında, bərabər və universal əlçatanlığına mane ola biləcək möhtəkirliyin, lazımsız ixrac nəzarətinin və lüzumsuz artıq tədarükün qarşısının alınması ilə bağlı ölkələr tərəfindən təcili addımların atılması eyni dərəcədə əhəmiyyətlidir.
Dövlət başçısı İlham Əliyev fevralın 23-də Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində TASS agentliyində bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşündə də Azərbaycanın ölkə daxilində və beynəlxalq səviyyədə həyata keçirdiyi tədbirlərdən geniş bəhs edərək bu məqamlara xüsusi diqqət yönəltmişdir ki, Azərbaycan beynəlxalq səviyyədə də həm kömək edən, həm də “vaksin millətçiliyi”nə qarşı çox fəal çıxış edən azsaylı ölkələrdən biridir. İnkişaf etməkdə olan ölkələr arasında vaksinasiya səviyyəsi inkişaf etmiş ölkələrlə müqayisədə onlarla dəfə aşağıdır.
Ölkəmiz koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinə başlandığı ilk gündən bu çağırışı etdi ki, COVID-19 pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir. Pandemiyanın ilk günlərindən etibarən bəzi ölkələrin və beynəlxalq təşkilatların koronavirus qarşısında çaşqın qalmasının, özünəqapanma yolunu seçməsinin şahidi olduq. Dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşləri, BMT Baş Assambleyasının Xüsusi Sessiyası keçirildi. Bu inam da ifadə edildi ki, ölkələrimiz və xalqlarımız bu ağır vəziyyətin öhdəsindən layiqincə gələcək və pandemiyaya qarşı qlobal mübarizəyə öz layiqli töhfəsini verəcək. Qoşulmama Hərəkatının “COVID-19-a qarşı birlikdəyik” mövzusunda keçirdiyi Zirvə Görüşündə də dövlət başçısı bildirmişdir ki, yalnız qarşılıqlı dəstək, özünəqapanmama və birgə səylərlə bu virusa qalib gələ bilərik.
Gerçəkləşdirilən hər bir beynəlxalq əhəmiyyətli tədbir əhatə etdiyi mövzu ilə yanaşı, bu təşəbbüsü irəli sürən dövlətin, ölkə başçısının beynəlxalq aləmdə nüfuzuna da aydınlıq gətirir. Azərbaycanın bu gün beynəlxalq münasibətlər sistemində yeri və rolu göz qabağındadır. Dövlət başçısı İlham Əliyevin təqdim edilən videoformatda çıxışı da bu kimi məqamlara işıq salır. Cənab İlham Əliyev Qoşulmama Hərəkatına üzv dövlətlər adından çıxış etməkdən şərəf duyduğunu önə çəkərək qeyd etmişdir ki, bu toplantı dünyada COVID-19 əleyhinə keyfiyyətli, təhlükəsiz, effektiv və məqbul qiymətə olan peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin edilməsi ilə bağlı problemlərin davam etdiyi vaxta təsadüf edir. Azərbaycan COVID-19 ilə qlobal mübarizə, onun nəzarət altında saxlanılması və yayılmasının qarşısının alınması, habelə dövlətlərə dəstəyin verilməsi üzrə səylərin əlaqələndirilməsində BMT sisteminin fundamental rolunu vurğulayır.
O da məlumdur ki, pandemiyanın başladığı dövrdən Qoşulmama Hərəkatı multilateralizm, əməkdaşlıq və həmrəylik ruhunda geniş beynəlxalq ictimaiyyətin səylərini fəal şəkildə səfərbər edərək, pandemiya ilə mübarizə və onun mənfi nəticələrinin aradan qaldırılması baxımından bir sıra uğurlu təşəbbüslər irəli sürmüşdür. 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının keçirilməsi, habelə ötən ilin mart və dekabr aylarında İnsan Hüquqları Şurası və Baş Assambleya tərəfindən qəbul edilmiş “COVID-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi”nə dair qətnamələr Qoşulmama Hərəkatına üzv dövlətlər adından irəli sürülmüşdür.
Günümüzün reallığı budur ki, müstəqil xarici siyasəti ilə davamlı uğurlara imza atan Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə çevrilib, dünya birliyində etibarlı tərəfdaş kimi nüfuz qazanıb. Dövlət başçısı İlham Əliyevin çıxışlarının mahiyyətində bu məqam da yer alır ki, Azərbaycanın sözü imzası qədər əhəmiyyətlidir. Ölkəmizin, dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə gerçəkləşən hər bir beynəlxalq tədbir dövlətlər, xalqlar arasında əlaqələri daha da möhkəmləndirir, birliyə, həmrəyliyə böyük töhfə verir. 44 günlük müharibədə Azərbaycanın hərbi və siyasi qələbəsi xarici siyasətində önəm verdiyi bu prinsiplərə bir daha işıq saldı: Beynəlxalq hüququn norma və prinsipləri əsasdır, bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar əsasında əlaqələr qurulur, Azərbaycan heç bir dövlətin diktəsi ilə oturub durmur, siyasətində müstəqildir və dövlət maraqları öndə dayanır. İstər ölkə, istərsə də beynəlxalq ekspertlər bu reallığı da qeyd edirlər ki, irəli sürülən təşəbbüslərin dəstəklənməsində Azərbaycan Prezidentinin şəxsi nüfuzu da əsas rol oynayır. Prezident İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan yeni reallıqlar, bölgədə yeni əməkdaşlıq formatı yaratdı. Müstəqilliyinin 30 ilini arxada qoyan gənc bir dövlətin dünyanın xarici siyasətini yenidən formalaşdırması cənab İlham Əliyevin qətiyyətinin, siyasi iradəsinin nəticəsidir. Azərbaycan dünyada qlobal problemlərin həllinə töhfə verməyə qadir ölkə kimi tanınır və nüfuz qazanır.
Xatırlasaq ötən il sayca səkkizinci olan Bakı Qlobal Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələrin, sabiq dövlət və hökumət başçılarının, beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçilərinin, eləcə də digər nüfuzlu qonaqların iştirakı, həmçinin hibrid formatda təşkil edilən tədbirə 300-ə yaxın qonağın canlı və onlayn qoşulması da hazırkı postmünaqişə dövrünün reallıqlarının təhlilində əhəmiyyətli rol oynadı. “COVID-19-dan sonrakı dünya” mövzusuna həsr olunan Forum bir daha dünyanı cənginə almış koronavirus infeksiyası ilə mübarizədə Azərbaycanın istər ölkədaxili, istərsə də beynəlxalq səviyyədə keçirdiyi tədbirlərə işıq saldı. COVID-19-la mübarizə tədbirləri İkinci Qarabağ müharibəsi ilə eyni vaxtlara təsadüf etdiyindən Azərbaycanın dünyaya nümunə olan davranışı, səyləri, birlik, həmrəylik çağırışları diqqətdən kənarda qala bilməz. Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycan “peyvənd millətçiliyi”nə qarşı ən kəskin mübarizə aparan, pandemiyanın qarşısının alınması üçün real iş görən ölkələrdən biri kimi tanınır.
Azərbaycanın koronavirus infeksiyası ilə mübarizəyə töhfələri davamlılığı ilə diqqət çəkir. Videoformatda təqdim olunan çıxışında ölkəmizdə virusla mübarizə sahəsində həyata keçirilən davamlı tədbirlərdən geniş bəhs edən cənab İlham Əliyev diqqəti bu məqamlara yönəltdi ki, Azərbaycan bu xəstəliyin, böhranın baş qaldırdığı vaxtdan, lap əvvəldən həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə çox fəal addımlar atıb. Peyvəndlənmə kampaniyasına 2021-ci ilin yanvarında başlamışıq. Bu günədək ölkədə yetkin əhalinin 68 faizinə peyvəndin hər iki dozası vurulub. COVID-dən əziyyət çəkmiş əhali və sahibkarlıq subyektlərinin dəstəklənməsi üçün bu ilin dövlət büdcəsindən 1.6 milyard ABŞ dolları məbləğində maliyyə yardımı ayrılıb. Həmrəylik əlaməti olaraq koronavirusla mübarizəni dəstəkləmək məqsədilə Azərbaycan birbaşa və ya Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə 80-ə qədər ölkəyə maliyyə və humanitar yardımı etmişdir. Bununla yanaşı, 5 ölkəyə peyvənd ianəsi edilib və bu iş davam etdiriləcək. Hazırda Qoşulmama Hərəkatına üzv olan 14 ölkəyə təqribən bir milyon doza peyvəndin ianə edilməsi prosesi davam edir.
Azərbaycan pandemiya başlayandan Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx təmasdadır. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə mübarizədə nümunəvi ölkə adlandırmışdır. Peyvəndləmə prosesinə başlandığı gündən cənab İlham Əliyevin nüfuzlu media orqanları vasitəsilə dünyaya ünvanladığı mesajlarda vaksinasiya ilə bağlı yaşanan mənzərə öz əksini tapıb. «Vaksin məsələsinə gəldikdə, deməliyəm ki, pandemiyanın lap əvvəlindən biz vəziyyəti nəzarətdə saxlayırıq… Biz həm də Cənubi Qafqazda peyvəndləməyə başlamış birinci ölkəyik» söyləyən ölkə Prezidenti İlham Əliyev hər zaman birliyin, həmrəyliyin bu qlobal problemin həllində rolunu xüsusi vurğulayır. Cənab İlham Əliyev özlüyündə ortaya çıxan «Bəs, vəsaiti olmayanlar nə etsinlər» sualına cavab olaraq bildirir ki, bu adamlar ölməlidirlər? Deməli, varlılar özlərini peyvəndləyəcək, bütün istehsalı özlərinə götürəcək, elementar insan davranışı qaydalarına tam etinasızlıq göstərəcək, yoxsul ölkələr isə əziyyət çəkməli olacaqlar: «Biz hansı bərabərlikdən danışırıq? Mən BMT Baş Assambleyasının xüsusi sessiyasında bu məsələni qaldırmışam və bu gün Qoşulmama Hərəkatı çərçivəsində bu məsələ barədə fəal diskussiya aparırıq. Bir çox ölkələr mənim təşəbbüsümü dəstəkləyiblər. Hazırda əlavə məsləhətləşmələr aparılır və biz əməli işə keçməliyik. Şablon bəyanatlar səsləndirmək kifayətdir, onların arxasında heç bir iş dayanmır.»
BMT Baş Assambleyasının sədrinin “Universal peyvəndlənmə üçün səylərin artırılması” mövzusunda təşkil etdiyi yüksək səviyyəli tematik müzakirələrdə də məqsəd mövcud problemin aradan qaldırılmasına töhfələr verməkdir. Azərbaycan COVID-19 peyvəndlərini ianə edən ölkələrin səylərini alqışlayır və bütün dövlətlərə buna ehtiyacı olan az və orta gəlirli ölkələrlə peyvənd dozalarını bölüşməyi fəal şəkildə təşviq edir. Bu kontekstdə Azərbaycan bütün ölkələr üçün COVID-19 peyvəndlərinin məqbul qiymətə, bərabər, universal və vaxtında əlçatanlığın təmin olunmasına xidmət edən COVAX Mexanizmi, COVAX Öncədən Bazar Öhdəliyi, COVAX Öncədən Bazar Öhdəliyi Forumu və digər aidiyyəti konstruktiv təşəbbüsləri yüksək qiymətləndirir və dəstəkləyir. Bundan əlavə, Azərbaycan BMT sülhməramlılarının mürəkkəb vəziyyətlə üzləşdiyini nəzərə alaraq, BMT-nin sülhməramlı əməliyyatlarına COVID-19 əleyhinə peyvənd ianə edən ölkələrin səylərini alqışlayır.
Keçirilən hər bir tədbir, müzakirə Azərbaycanın irəli sürdüyü təşəbbüslərə dəstəyin ifadəsidir. Səsləndirilən əminlik bundan ibarətdir ki, tezliklə pandemiya ilə mübarizə başa çatacaq, ölkələr, xalqlar öz əvvəlki həyatlarına qayıdacaqlar. Səylərin birləşdirilməsi postpandemiya dövrünün də əsas çağırışı olacaq. Qoşulmama Hərəkatı pandemiyanın tezliklə aradan qaldırılması və effektiv bərpa prosesinə imkan yaradacaq beynəlxalq həmrəyliyin gücləndirilməsi üçün fəal şəkildə səylərini davam etdirməyə hazırdır. Bu mənada Qoşulmama Hərəkatı postpandemiya dövrünün bərpa ehtiyacları ilə bağlı nəticəyönümlü təşəbbüslərlə çıxış edəcək.
Yeganə Əliyeva, «İki sahil»