10 mart 2022 22:37
638

Elimizə bərəkət, ömrümüzə təravət gəlir...

Novruz Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərini özündə ehtiva edən bir bayramdır. Bu bayram təkcə ölkəmizdə deyil, qonşu və digər türk dövlətlərində də qeyd olunur.

Novruz sözünün mənası “Yeni gün” deməkdir. Bayram yazın gəlişi, havaların istiləşməsi, qarın əriməsi, təbiətin canlanması, köhnə günün bitməsi və yeni günün başlanması kimi qeyd olunur.

Novruz bayramının ənənəsinə görə təqvimin yeni günü martın 20-dən 21-nə keçən gecədən başlayır. Novruz bayramı 2009-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş, 2010-cu ildə isə BMT Baş Asambleyasının 64-cü sessiyasının iclasında 21 mart tarixi “Beynəlxalq Novruz Günü” elan edilmişdir. Hal-hazırda da bu bayram eyni tarixdə, eyni qayda ilə qeyd olunur.

Adət-ənənələrə görə, Novruz bayramının son çərşənbəsi olan axır çərşənbədə böyükdən kiçiyə hər kəs tonqal üstündən tullanmalıdır. Həm də nəzərə almaq lazımdır ki, bir tonqalın üzərindən yeddi dəfə, yaxud yeddi tonqalın hər birinin üzərindən bir dəfə tullanmaq lazımdır. Odun üzərindən tullananlar bu sözləri deməlidirlər: "Ağırlığım-uğurluğum odlara". Tonqalı heç vaxt su ilə söndürmək olmaz. Tonqalın özü sönəndən sonra gənc qızlar və oğlanlar tonqalın külünü toplayaraq evdən uzağa atırlar. Bu, o anlama gəlir ki, ailə üzvlərinin tonqalda yanan bütün uğursuzluqları kül ilə birlikdə uzaqlaşdırılır.

Su ilə təmizlənmə suyun real əlamətləri ilə bağlıdır. Su ilə əlaqəli ənənə Azərbaycanda yeni illə bağlıdır. Yeni ildə bulaq və çayın üzərindən tullanmaq o anlama gəlir ki, sən ötənilki günahlarını yudun. Bundan əvvəl ötən ilin son gecəsi yatmazdan qabaq insanlar bir-birilərini sulayırlar. Deyirlər ki, Novruzun son çərşənbəsinin gecəsi çaylar və bulaqlar dayanır, hətta ağaclar torpağa əyilir. Əgər kimsə həmin bayram gecəsi o sudan içsə, növbəti ildə xəstələnməyəcək. Novruz bayramının ən ali məqamı köhnə ilin ixtiyarı yeni ilə verməsi zamanıdır. Qədim adətlərə görə, həmin vaxt Novruzun şərəfinə tüfənglərdən atəş açılır.   Bu bayramda insanlar süfrələrini zövqlə bəzəyirlər. Süfrədə "s" hərfi ilə başlayan yeddi yemək, o cümlədən sumax, sirkə, süd, səməni, səbzi və s. olmalıdır. Bundan əlavə, süfrəyə güzgü və şam qoyulur, güzgünün qarşısına isə bəzədilmiş yumurta düzülür. Bunun da simvolik mənası var. Şam od, işıq, güzgü isə aydınlıq, şəffaflıq rəmzidir.Ənənələrə görə, bayramın ilk gecəsi hər kəs evində olmalıdır. Deyilənlərə görə, əgər Novruzun ilk günü öz evində olmasan, yeddi il evdə görsənməyəcəksən. Qədim adətlərə görə, bayır qapıları bağlanmır. Novruzun ilk gecəsi səhərədək şam yandırılır. Çünki sönmüş ocaq, sönmüş şam uğursuzluq əlamətidir.

Novruzu qeyd edərkən, kəndlilər növbəti ilin quraq, yaxud yağıntılı keçəcəyini, məhsuldar olub-olmayacağını müəyyən edirlər. Adətlərə görə, Novruzun ilk günü yaz, ikinci günü yay, üçüncü günü payız, dördüncü günü isə qış hesab edilir. Əgər ilk gün külək və yağışsız olursa, deməli il kənd təsərrüfatı üçün uğurlu keçəcək. Əgər külək olarsa, deməli bütün il bu cür keçəcək. Son üç gündə də ilin qalan fəsillərinin necə keçəcəyi bu yolla müəyyən edilir.

Novruz bayramının beynəlxalq ənənəyə çevrilməsi və bayram mərasimlərinin müxtəlif xalqlar arasında dostluq və qardaşlığa zəmin yaratması xalqlar arasında həmrəyliyə səbəb olmaqla yanaşı, dünyada sülh və səmimilik yaradır. Gəlişi ilə elimizə bərəkət, ömrümüzə təravət gətirən Novruz həmrəylik, dostluq və milli birlik bayramıdır. Bayramınız mübarək!

Röya Rasimqızı, “İki sahil”