Oğlum şəhidlik zirvəsinə yüksəlməklə əbədiyaşarlıq qazandı
Mən insanam. İnsan olanın içində hər cür hiss olur. Sevgi, nifrət, cəsarət, qorxu… Kimində çox, kimində bir qədər az… Mən «qorxmuram»-deyən insanlardan deyiləm. Bu dünyada qorxduğum çox şey var… Mən dərin dəryalarda boğulmaqdan qorxmuram. Amma Şəhid analarının dərya kimi dərin, qəmli, kədərli, ümidsiz, yaşlı gözlərinə baxmağa qorxuram. Elə düşünürəm ki, o gözlərə baxsam ucu-bucağı görünməyən qəm dənizinə düşmüş olaram… Mən oddan, atəşdən qorxmuram. Amma əyilməkdən, sınmaqdan çox qorxuram. Bəzən mənə elə gəlir ki, ən mohkəm metalları əridən domna sobalarına düşsəm belə od məni yandırmaz… Heç bir yüksək vəzifəlinin qarşısında əyilmərəm. Dünyanın heç bir maddi neməti ilə məni sındırmaq olmaz. Amma bir şəhid atasınının əyilən qamətini, bükülən belini, çarəsiz baxışlarını görəndə, çəkdiyi ahu-naləni eşidəndə, od tutub yanıram. Yaşadığıma görə utanıram. Yanıb kül olmadığıma görə özümü qınayıram. Qarşısında qamətim əyilir. Az qala min yerə parçalanıb, çilik-çilkik olam. Mən insanam. Allahın yaratdığı ən ali, şüurlu, dərrakəsi, qurub yaratmağı bacarığı olan insan. İçimdə hər cür hiss var.Təbiəti, gülləri, ormanları, meşələri, çayları, bir sözlə bütün gözəllikləri sevirəm. Amma, ac-göz deyiləm. Görməmiş adamlara da nifrət edirəm. Təbiət vurğunu, yaşam həvəsliyəm. Məni qınamayın, hətta gözəlliyi o qədər çox sevirəm ki, bəzən bu gözəllikləri görəndə qucaqlayıb hamısının mənim olmasını istəyirəm. Bütün bunlara rəğmən Şəhid olmuş ərinin namusunu hər şeydən uca tutan, hisslərini, şəhvətini əri ilə dəfn edib sevgisini yaşadan, Şəhid ərinin əmanət övladlarını sinəsinə sıxıb həyatı, sevgini, xoşbəxt gələcəyi və təsəllini övladlarının gələcəyində, özünün təmiz adında tapan, dağlar qədər uca, qollu budaqlı ağaclar qədər mötəşəm, qüvvətli və qüdrətli Şəhid xanımlarını görəndə bu dünyanın bütün gözəlliklərini onlara bağışlamaq istəyirəm.
Mən saçları ata sığalı görməyən, gözləri sevgi dolu ata baxışlarına baxmayan, ata nəvazişinin nə olduğunu bilməyən və yetərincə ata qayğsı görməyən, nisgilli Şəhid övladlarının yanında övladlarımdan danışmağa, ata olduğumu deməyə qorxuram, utanıram. Mən nişanlısını, sevdiyi oğlanı, sevgilisi ilə sevgi hissini də dəfn edib, için-için ağlayan, nakam sevgisi gözlərində sellənib selə dönmüş, susuzluqdan yanıb saralmış körpə fidana bənzər gənc qızların ümidsiz gözlərinə baxmaqdan çox qorxuram. Bilirsiniz, bir də ən çox nədən qorxuram? Şəhid məzarlarından boylanan şəkillərə baxmaqdan… Həyatlarını, arzularını, sevdiklərini vətən sevgisinə qurban verib, vətəni yaşadan qəhraman oğulların mənalı baxışlarına baxmaqdan, qorxuram. Məzar daşından aralanıb gedərkən arxamca boylanan məsum gözlərdəki mənanı oxuya bilməməkdən qorxuram…
Yolum Sumqayıt şəhərindəki kimyaçılar yataqxanasınadır… Yataqxananın üçüncü mərtəbəsinin qaranlıq dəhlizi ilə yenə qəmli gözlərdən axan seldə boğulacağımı düşünsəm də, dərd odunda təkrar cayır-cayır yanacağımı bilsəm də XTQ-nin ən gənc şəhidi Səbuhi Həsənquliyevin valideyinləri yaşayan otağın qapısını döyürəm. Qapını üzümüzə Səbuhinin anası Mayisə xanım açır. Bu yazımın qəhrəmanı indi onun şəxsi əşyalarının bəzədiyi, iki böyük maketinin olduğu bu bir otaqlı mənzildə böyüyüb, boya-başa çatıb. Bu bir otaqlı mənzilin pəncərəsindən canını fəda etdiyi vətəni görüb, sevib Səbuhi. Əsl vətəndaş, Vətən üçün əsgər, canının vətənə fəda edəcək qədər qəhrəman olmaq üçün dəbdəbəli saraylarda, bahalı maşınlarda gəzmək şərt deyil. Əsası odur ki, ana dediyimiz vətəni sevə biləcək Vətən qədər böyük ürəyin olsun. O, ürəyə vətənin sevincini də, kədərini də yerləşdirə biləsən. Səbuhi də böyüdükcə ürəyində yaralı bir Qarabağ dərdi, Xocalı acısı, Şuşa nisgili böyüdürdü. Əslən Ucar rayonunun Boyat kəndindən olsalar da, ömürlərinin bir gününü Qarabağda keçirməsələr də, valdeyinləri hər gün övladlarına Xocalıda, Kəlbəcərdə, Şuşada, Zəngalanda erməni cəlladlarının azərabycanlı uşaqların başına gətirdikləri qanlı faciələrdən danışar, Vətənimizin gözəl bir hissəsinin işğalda olduğunu övladlarının yaddaşına yazardılar. Səbuhi də balaca yumruqlarını düyünləyib, dişlərini bir birinə sıxıb «Mən böyüyəndə əsgər olacağam. Mən Şuşaya bayrağımızı sancanlardan olacağam» - deyib, içində özü boyda bir qisas boyüdərdi. Beləcə Sumqayıtda yaşadıqları yataqxanadakı bir otaqlı mənzilin pəncərəsindən hər çölə baxanda xəyalı onu Şuşaya, Kəlbəcərə, Qubadlıya, Laçına aparardı… Düşmən əsarətində olan o başı qarlı dağlarda gəzər, yamaclarında qoyun quzu otlayan dağları seyr edib, buz bulaqların suyundan içərdi…
Anası Mayisə xanım deyir ki, Səbuhinin vətən eşqi, Qarabağ həvəsi ilə böyüməsində oxuduğu Cəbrayıl rayon 5 saylı qaçqın məktəbinin böyük rolu olub. Öz dədə-baba torpaqlarından zorən didərgin salınmış sinif yoldaşlarının, dostlarının Qarabağ dərdi Səbuhimin içini didib parçalayırdı. Bircə arzusu vardı, tez böyüyüb düşməndən qisas alsın.
Əziz oxucum, bu günki yazımın qəhrəmanı XTQ-nin ən gənc şəhidi, 44 günlük Vətən Müharibəsinin qəhrəmanlarından biri, Füzulidən Şuşaya kimi şanlı, şərəfli döyüş yolu keçmiş Səbuhi Əlixan oğlu Həsənquliyevdir.
İnsan üç şeyi özü seçə bilmir. Adını, valdeynlərini, vətənini…
Səbuhi adının mənası səhər mehi deməkdir. Səbuhi də sanki ona verilən adın məzmununu yaşadı. Səhər mehi kimi qısaca bir ömrü oldu. Dünyaya gəlişi ilə ürəklərə bir sərinlik gətirdi… Gedişi ilə neçə sevdiyi ürəyə dağ çəkdi… Özünün seçmədiyi vətənin yolunda canını fəda etdi. Qısa, şərəfli ömrü ilə həm valideynlərinin, həm də canını fəda etdiyi vətənin üzünü ağ etməyi bacaran oğullardan oldu, Səbuhi.
11 aprel 2002-ci ildə Ucar rayonunun Boyat kəndində dünyaya gələn qəhrəmanmız gözünü açandan ailədə sevgi gördü. Sədaqət gördü… halallıq gördü. Halalıqla böyüdü, Səbuhi. Olana şükür eməyi, aza çox deyib şükranlıqla yaşamağı valideynlərindən gördü-götürdü, Səbuhi. İlk həyat dərsini çörəyini alnının tərinə isladıb yeyən, Sumqayıt Elektirik Stansiyasında çilingər işləyən atası Əlixandan, evdar qadın olan anası Mayisə xanımdan aldı. Valideynləri ona vətən sevgisini, şərəflə, ləyaqətlə yaşamağın yolunu göstərdilər. Allahın verdiyinə şükür etməyi, olana qane olmağı başa saldılar…
2008-ci ildə yaşadıqları yataqxananın yaxınlığında yerləşən 5 saylı Cəbrayıl rayon qaçqın məktəbinə gedən Səbuhi 2017-ci ildə 9-cu sinfi bitirdikdən sonra Sumqayıt şəhərində yerləşən 10 nömrəli Texniki Peşə Litseyinə qəbul olaraq Geniş Proiflli Dəzgahçı ixtisasına yiyələndi. Əslinə qalsa Səbuhinin arzusu bu deyildi. Səbuhinin arzusu lap kiçik yaşlarından əsgər olmaq, vətənini yağılardan qorumaq idi. Elə bu məqsədlə də idmanla ciddi məşğul olur, qaydasız döyüşə gedirmiş. 2020-ci ilin iyun ayında hərbi xidmətə yola düşən Səbuhi Həsənquliyev hərbi xidmətini Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissədə başlasa da, sonradan Beyləqan royonunda davam etdirməli olur. Kəşfiyyat bölüyündə xidmətə başlayan gənc əsgərin arzusu XTQ-nin tərkibində xidmət keçmək idi. Səbuhinin fiziki hazırlığını, boy-buxununu, gücünü və istəyini nəzərə alan komandirləri ona xidməti vəzifəsini XTQ-nin tərkibində davam etdirməyə imkan yaradırlar. Vətən müharibəsinin ilk günündən Füzuli rayonunun azad olunması uğrunda düşmənlə döyüşə girən Səbuhi Həsənquliyev 2020-ci il noyabrın 8-də Şuşa şəhəri uğrunda gedən savaşda qəhrəmancasına şəhid olur. Səbuhi Əlixan oğlu Həsənquliyevin erməni qəsbkarları ilə döyüşdə göstərdiyi qəhrəmanlıq yüksək qiymətlndirilərək ölümündən sonra «Hərbi xidmətdə fərqlənməyə görə», «Vətən uğrunda», «İgidliyə görə», «Füzulinin azad olunmasına görə», «Cəbrayılın azad olunmasına görə», «Xocavəndin azad olunmasına görə», «Zəngalanın azad olunmasına görə», «Şuşanın azad olunmasına görə” medalları və «Azərbaycan bayrağı» ordeni ilə təltif olunub.
Qarşımızda Səbuhinin şəxsi əşyaları, bir də ki, müxtəlif illərdə çəkdirdiyi şəkillləri var. Gözləri qəm dəryası kimi dərin, gözü yaşlı ana oğlunun şəkillərinə baxdıqca Səbuhili günlərin xatirələri yadına düşür. Xəyalı onu keçmişə, gəncliyə, ömrünün bahar çağlarına aparır.
- Biz kənd adamlarıyıq. Uşaq vaxtı ayaqyalın gəzəndə elə bilirdik torpaqdan güc, günəşdən od alırıq. İnanclı, imanlı böyümüşük. Əlixanla evlənib Ucardan Sumqayıta gəldik. Allahdan çox şey istəmirdik. Başımızın üstündə tavan, bir də ki, yavan olsun, halal olsun çörək istəyirdik. Birinci Nurlan dünyaya gəldi. Nurlan dünyaya gələndə də burada yataqxanada, bu dar otaqda yaşayırdıq. Nurlan gəlişi ilə təkcə evimizi deyil, qəlbimizə də nur saçdı. Daha sonra Səbuhi gəldi… Səbuhinin dünyaya gəlişi də gedişi kimi bir başqa oldu. Mən Səbuhinin çox yaşamayacağını bilirdim. Səbuhi özü də bunu hiss etmişdi. Şəhidlik onun alın yazısı idi… Sanki Səbuhi dünyaya gələndə Allah ona möhlət verdi ki, böyüyüb, torpaqlarının azad edilməsində iştirak etsin, qəhrəmancasına şəhid olsun. Allah onu elə bil bu missiyyanı yerinə yetirmək üçün yaratmışdı.
Səbuhi dünyaya gəlməmişdən bir neçə gün öncə kəndə getmişdik. Aprel ayı idi. Həmin gün hava da çox gözəl idi. Səhər saat 10 olardı. Evin qapısı açıq idi. Haradansa bir cüt ağ göyərçin uçub gəlib evin içində yükün üstünə qonub quruldamağa başladılar. Evdəkilər təəccüb içindəydi. Bu göyərçinlərin haradan uçub gəldiyini, kimin olduğunu bilmədik. Bir qədər yükün üstə quruldayıb, gəzişdikdən sonra evdə üç dəfə dövrə vurub uçub getdilər. Bunu görən, eşidən ağsaqqallar, ağbirçəklər yaxşı bir iş olacağını, göyərçinlərin müjdə gətirdiklərini dedilər. Gecə qəfil tufan qopdu, yağış yağdı, işıqlar söndü. Səbuhi çıraq işığında dünyaya gəldi. Balam qaranlıqda doğuldu. Uşaq dünyaya ağlayaraq gəlir. Səbuhi doğulanda ağlamadı. Evdə olanlar həyacanlı idi… Yaşlı, təcürbəli, dünya görmüş qarılar, uşağın boğulduğunu deyirdilər. Həyacanlanmışdım… O an Səbuhi ağlamasaydı ürəyim ağzımdan çıxacaqdı. Elə bil Səbuhim bunu hiss etdi. Anasının həyacanını, hərəkətlərini görüb, ona ağalamaq deməzdim, qəfildən bir qıyya çəkdi. Allah o an Səbuhimi almadı bizdən…
Səbuhi adi bir insan kimi yox, Mələk kimi böyüyürdü. Çox qayğıkeş, canıyanan, valideyin, dost qədri bilən, Vətən dərdi çəkən idi. 5 yaşı olanda onu yaxınlıqdakı, Cəbrayıl rayon 5 saylı Qaçqın məktəbinə qoyduq. İlk gündən məktəbdə həm müəllimlərinin, həm də şagird yoldaşlarının sevimlisi oldu. Dərslərini də yaxşı oxuyurdu. Böyüdükcə içindəki hisslər də böyüyürdü. Uşaq kimi böyümürdü, böyük kimi düşünürdü. Kino qəhrəmanı Polad Ələmdar, bizim qəhrəman Mübariz İbrahimov onun kumiri idi. Polad Ələmdarın şəkli olan köynək geyər, belinə tapança bağlayıb gəzərdi. Səbuhi güclü olmağı sevərdi. Elə bu mqsədlə də sonralar bütün gününü idman etməklə keçirərdi. Qaydasız döyüşə, boksa gedərdi.
2016-cı ilin aprel döyüşlərindən az sonra idi. Atası ilə bax burada, bu evdə oturub söhbət edirdik. Səbuhi gəlib məni qucaqlayıb başını sinəmə qoydu. Sonra üzümə baxıb dedi: «Ana, vətən bizim namusumuzdur. Namus üstə öləni ağlamazlar. İndidən deyirəm ki, hazır olasınız. Mən də vətən yolunda Şəhid olacağam. Ağlamaq yox, fəxr etmək var». Atası da, mən də təəccübləndik. Niyə belə danışdığını, niyə bu fikrə düşdüyünü soruşduq. Bircə kəlmə ilə «Olacağı deyirəm. Mənə təsəlli verməyin. Şəhid olaramsa qürur duyun», dedi.
Səbuhi böyüməyə, əsgər olmağa tələsirdi. 9-cu sinifdə oxuyanda dedim ki, Səbuhi, müəllim yanına get, hazırlaş, sən də ali məktəbə qəbul ol. «Yox ana, zəhmətlə qazandığınız pulu boşuna xərcləməyin. Mən əsgər olacam. Hərbi xidmətə gedib əsgərlikdən sonra qulluq etdiyim hərbi hissədə qalıb müddətdən artıq hərbi qulluqçu olacam. Allah bu canı mənə vətənə xidmət üçün verib», dedi.
Səbuhi qeyri-adı uşaq idi. İstəmədiyini ona etdirmək olmazdı. Evimizin kiçiyi olsa da onunla məsləhətləşməmiş bir iş görməzdik. Qayğıkeş idi. 9-cu sinfi bitirib 10 saylı texniki peşə litseyinə qəbul oldu. Məktəbdən ona təqaud verirdilər, o pulu da özü xərcəlmirdi. Alıb gətirib bizə verər, sonra bir yerə getmək üçün ona yol pulu lazım olanda onu məndən, atasından istəyərdi.
Çox səliqə, sahmanlı idi. Saatlarla güzgünün qarşısında durub daranardı. Uca boylu, yaraşıqlı idi. 1 m 85 santımetir boyu var idi. Hər güzgüyə baxanda da deyərdi ki, «Ana, mənə əsgər forması yaxşı yaraşacaq». Deyirdim oğlum sənə hər şey gözəl yaraşır.
Əsgər gedəndə məni qucaqlayıb gözümün içinə baxdı. «Narahat olma, ana hər şey yaxşı olacaq. Hər şey mən istəyən kimi olacaq», dedi. Dedim Səbuhi sənin istədiyin kimi yox, mənim arzuladığım kimi olmasını istəyirəm. Məni sakitləşdirmək üçün «narahat olma, ana, hər şey yaxşı olacaq»-dedi. Sonra dedi ki, «İstədiyim qız var. Əsgərliyimin 6 ayını çəkəndən sonra adını sənə deyəcəm, gedib valdeyinləri ilə söhbət edərsən». Nə qədər etdimsə qızın kim olduğunu demədi. «Ana, qız uşağıdır, birdən sağ qayıtmaram, qızın bir adını iki etməyək, gələcəyi var»,dedi.
Əsgərlikdə olanda, yanına getməyə qoymadı. Sentyabrın 27-si zəng emişdi. Allah, Səbuhimin kefi necə də kök idi. «Ana gəldi qisas məqamı. Haqqını halal elə. Əgər şəhid olsam bil ki, arxadan vurulmamışam. Səbuhin bir qəhrəman, sən də qəhrəman anası olaraq həmişə başını dik tutacaqsan», dedi.
Müharibə vaxtı tez-tez zəng edərdi, amma harada olduqların deməzdi. Bir onu deyirdi ki, «Qələbə bizimdir. Düşməndən indiyə kimi etdiklərinin qisasını layiqincə alırıq». Anayam, narahat idim. Səbuhimin səsini eşidəndə ağlamaq tuturdu məni, danışa bilmirdim. Mənim ağlamağım ona pis təsir edirdi. Bir dəfə danışanda dedi ki, «Ana, imkan olan kimi birinci sənə zəng edirəm. Sən də ağlayırsan, mənə pis təsir edir. Səndən sonra heç kimlə normal danışa bilmirəm. Ona görə, incimə, bundan sonra atamla, qardaşımla, qohumlarla danışandan sonra sənə zəng edəcəm».
Sonuncu dəfə oktyabrın 31-də zəng etmişdi. Dedi ki, «Ana zirvəyə gedirəm. Zəng etməsəm narahat olma. Bil ki, zirvədəyəm». Danışığından belə başa düşdüm ki, Şuşaya gedirlər. Amma balam ikibaşlı danışırdı. Ürəyinə damıbmış ki, şəhid olacaq. Əsgər gedəndə də, mənimlə görüşüb ayrılanda da demişdim, Səbuhim, səni Allaha həvalə edirəm. Qayıtsan mənim, qalsan Allahınsan. Allah öz əmanətinə bizdən yaxşı baxar. Yenə balamı Allaha əmanət etdim. Bu dəfə Allah əmanətini qəbul etdi. Noyabrın 10-da cənab Prezidentimiz İlham Əliyev Şuşanın azad olunmasını elan edəndə elə bildim mən bu xəbəri bilirəm. Elə bildim mən bu xəbəri çoxdan eşitmişəm. Nədənsə sevinə bilmədim. Qəribə hiss keçirirdim. Mənə elə gəlirdi ki, Səbuhinin ruhu başımın üstə durub deyir ki, «Ana, məni axtar. Mən həsrətində olduğum Şuşa torpağını bağrıma basıb burada yatıram».
Məm anayam. Ayrılığın, həsrətin acısı məni yandırır. Amma gözəl başa düşürəm ki, oğlum qəzada ölməyib. Oğlum uşaq vaxtı çimərkən az qalmışdı suda boğulsun. Onda qardaşı tes suya atılıb Səbuhimi xilas etmişdi… Düşünürəm ki, onda Allah oğlumun ölməsini istəməmişdi deyə ölməmişdi. Vaxtı indiymiş. Allah oğluma şərəflə Şəhid olmağı qismət edəcəkmiş. Alla onu öz dərgahına alacaqmış. Oğlum Vətəni azad edənlərdən, xalqımızın qəhrəmanlıq tarixini yazanlardan oldu. Dərdi var, ağrısı, acıs var. Şərəfi, qüruru, ağrısından acısından daha böyükdü. Oğlum zirvəyə getdiyini görürdü, deyirdi. Hər kəsə nəsib olmayan ucalıq mənim Səbuhimə qismət oldu… Alla yerini rahat etsin.
Şəhidin atası Əlixan Həsənquliyevin xatirələrindən:
-Səbuhi haqqında danışmaq atası, dostu olaraq mənm üçün qürurvericidir. Övlad valideyinin barıdır, meyvəsidir. Yaxşı olanda valideyin də öz məhsulu ilə qürur duyur, fəxr edir. Mən övladlarımı halal yedirdib, halallıqla böyütdüm. Tərbiyəli, vətənsevər kamil insan olmalarını arzu etdim. Hər gün evdən çıxanda əlimin qabarın, evə qayıdanda zəhmətdən islanmış tərli paltarımı göstərdim. Bu dar otaqda böyüdüklərini xatırlatdım onlara. Minnət üçün etmirdim bunları. Ona görə deyirdim ki, bilsinlər ki, şərəfli bir ömür yaşayıqrıq. Kimsənin varında, dövlətində gözümüz yoxdur. Çalışdığım o idi ki, başa düşsünlər ki, insan azla da, namusla yaşaya bilir. Olana şükür edəndə Allaın verdiyi nemət bərəkətli olur, yediyin dadlı olur. Allah övladlarıma nə verməliydisə vermişdi. Boy, buxun, ağıl, güc, gözəllik… İnsanlara qarşı hörmət və sevgi hissi…
Səbuhi idmanla məşğul olurdu. Həmişə deyirdim ki, Səbuhi, sənə güc idman meydançasında, bayrağımızı qaldırmaq üçün lazımdır. Başqa yerdə gücün olsa da ağılla davran, lazım olmayan yerdə güc göstərmə. Deyirdi ki, «Ata, əsgər olacağam, düşmənlə üz-üzə dayanacam. Güc mənə hər zaman lazım olacaq». Uşaqlıqdan özünü əsgərliyə hazırlayırdı. Münasibətlərimiz ata-oğul münasibətindən çox dost münasibəti idi. Səbuhinin ən çox oxşamaq istədiyi adam da mən idim. Evə gələndə gah papağımı başına qoyar, mənə baxardı: «Ata, bax gör, sənə yaraşan kimi mənə də yaraşır?». Gah da güzgünün qabağına keçər, mənimlə boy tutar, «Ata, sənə çox oxşuyurammı?», soruşardı. İndi Səbuhi haqqında danışanda, düşünəndə elə bilirəm bütün bunlar gerçək həyatda olmayıb, yuxuda görmüşəm. Nə ömür yaşadı ki? Adının mənası səhər mehi deməkdir. Bir meh kimi əsdi, keçdi.
Anadan olan günü evimizə bir cüt ağ göyərçin gəlmişdi. Haradan gəlmişdilər, nəyin xəbərini gətirmişdi o göyərçinlər, bilmirəm. Elə Səbuhim də bir quş olub uçub getdi. Səbuhiyə bu göyərçin əhvalatın danışmışdıq. Allahdan özünün də hobbisi göyərçin saxlamaq idi. Müxtəlif cür göyərçinləri var idi. Quşları, təbiəti çox sevərdi. Həyata bağlı idi…
Səbuhidən sonra evimizə hər gün insanlar gəlir. Bizimlə maraqlanırlar, məzarını ziyarət edirlər. Yolda tanıyıb məni görənlər Səbuhinin atası olduğum üçün ehtiram göstərirlər. Məni Əlixan olduğuma görə bir iş yoldaşlarım, qohum əqrabam tanıyırdısa, Səbuhinin atası olduğuma görə indi çox adam tanıyır. Oğlum canı ilə, qanı ilə qəhramanlıq dastanı yaradanlardan, yurdu yaşadanlardan oldu. Adını vətənlə qoşa yaza bildi. İnsan ömrü qısa olur. 50 il, 100 il… Hamımız yaşayıb bu dünyadan köçəcəyik. Amma şəhidlərin adı ölməzdir, əbədiyaşardır… Oğlum şəhidlik zirvəsinə yüksəlməklə əbədiyaşarlıq qazandı. Kaş ki… Bu onun qədəri qismətiymişsə deyiləcək bir söz yox. Allah məqamını uca etsin.
Şəhidin qardaşı Nurlan Həsənqulyevin xatirələri:
-Səbuhi ilə aramızda 4 yaş fərqi var idi. Yaşca mən böyük idim. Biz təkcə qardaş yox, həm də çox yaxın dost idik. Ona görə aramızda yaş fərqi olduğunu da hiss etmirdik. Bir-birimizdən saxlanacaq sözümüz, sirrimiz olmazdı. Hər şeyi bölüşə bilirdik. Adətən uşaqlıqda qardaşlar arasında da söz-söhbət dava-dalaş, qovğa çıxar. Amma heç yadıma düşmür ki, biz Səbuhi ilə nəyin isə mübahisəsini edək. Çox mehriban, sakit, sözə baxan, ürəyə yatımlı adam idi. Uşaq ikən bir də görürdün ki, məhlədə uşaqlarla davamız düşürdü. Səbuhi tez özünü yetirib məni müdafiə edərdi. Çox qəribədir ki, Səbuhi həmişə haqq, ədalət tərəfdarı olub. Hər hansı bir məsələdə özünün səhvi olardısa, tez onu anlayıb üzr istəyərdi. Söhbətin dərinləşməsini, uzanmasını sevməzdi. Amma mənimlə kimsənin mübahisə etdiyiyini görəndə hər şey unudulurdu. Mənə qahmar dururdu… Məni qoruyurdu.
Həmişə paltar almağa birlikdə gedərdik. Mənsiz özünə adi bir corab da almazdı. Gərək mənim xoşuma gələydi, mən bəyənəydim, sonra alardı. Qara rəngi çox sevərdi.
Günortaya kimi peşə litseyində oxuyar, günortadan sonra marketdə çalışan dayımın yanına gedib, ona kömək edərdi. İşdən gələndə mənə zəng edib soruşurdu ki, haradasan? Bəzən yolda birləşər, qaranlıq küçələri bir gələrdik. Onunla yol gələndə ən qaranlıq, ışıqsız küçə də mənə işıqlı görünərdi. Evimiz bir otaqlı olduğu üçün birbaşa evə qalxmazdıq. Həyətdə bir kənara çəkilər, ürəyimizi boşaldar, sonra yuxarı qalxardıq.
Mən boksa, qaydasız döyüşə gedirdim. Sonralar Səbuhini də özümlə idmana apardım. İkimiz birlikdə məşq edərdik. Mən bir qədər təcürbəli olduğum üçün bəzi şeyləri ona izah edir, öyrədirdim. Əsgər gedəndə öz əlcəklərimi də Səbuhiyə bağışlayıb getdim. Mən əsgərlikdən gələndə Səbuhi bir neçə yarışın qalibi olmuşdu. Artıq şəhərdə idmançı kimi tanınırdı da. Əlcəkləri göstərib «Sənin əlcəklərin mənə uğur gətirib. Onlar əlimdə olanda, qolum da, ürəyim də qüvvətli olur. Elə bilirəm ki, arxamda sən durmusan».
Qardaşım çox vətənpərvər idi. Qarabağın işğalı, ermənilərin torpaqlarımızda törətdikləri vəhşilikləri həzm edə bilmirdi. İçində bir qisas tonqalı yanırdı. Əsgərliyə getmək üçün səbirsizlənirdi. Qarabağdan danışanda bir ifadəsi var idi, onu işlədirdi. «Ya bizim sonumuz olmalıdır, ya da bu işin. Bu, belə getməməlidir». Mübariz İbrahimovu çox sevirdi. Ona bənzəməyə çalışırdı…
Uşaqlıqdan təsbeh oynatmaq kimi bir şakəri vardı. Əsgər gedəndə təsbehini mənə verib: «Al, məndən yadigar saxla. Sağ qayıtmasam anamı ağlamağa qoyma. Bilin ki, arzuma çatmışam», dedi. Dedim, Səbuhi, insan ölməyi arzu etmir, yaşamaq haqqında düşün. Dedi ki, «Qardaş, niyə ölürəm ki? Şəhid olacam. Allahın sevimlisi olacam». Dedim ki, sən həmişə Allahn sevimlisisən. Ömrümüzdə haram yediyimiz, nahaq iş tutduğumuz olmayıb.
Müharibə başlananda Səbuhinin toy-bayramı başlamışdı. Tez-tez zəng edər, uğurlarımızdan danışardı. Sonuncu dəfə oktyabrın 31-də zəng etmişdi. Noyabrın 1-də mənim doğum günüm idi. Dedi ki, əgər imkanım olsa zəng edib təbrik edəcəm. Ertəsi gün çox gözlədim zəngini, amma zəng gəlmədi. Beləcə hər gün… Noyabrın 10-da Səbuhinin təsbehin götürüb həyətə düşmüşdüm. Şuşanın azad olunması, qələbə münasibəti ilə dostlarımız bizim həyətə cəm olmuşdular. Səbuhinin XTQ-nin əsgəri olaraq döyüşdüyünü, tarix yazanlardan olduğunu dostlarımız bilirdi. Hamı bir-birini təbrik edir, göz aydınlığı verirdi. Əsl bayram idi. Əlimi cibimə aparıb Səbuhinin təsbehini çıxartdım. Qardaşımı düşünüb istixarə etmək istədim. Təsbeh əlimdə çevrilmədi. Birdən təsbehin ipi qırıldı, dənələri dağıldı… Dedim, Səbuhinin başında bir iş var… Uşaqlar mənə təsəlli verib, belə şeylərə inanmamağı tövsiyə etdilər. Elə bu an telefonuma tanımadığım bir nömrədən zəng gəldi. Səbuhinin komandiri idi zəng edən. Səbuhinin nəyi olduğumu soruşdu. Qardaşıyam, dedim. Komandir bir qədər susdu. Sonra «Siz qardaşınızı, Vətən isə bir qəhrəman oğlunu itirdi. Səbuhi noyabrın 8-də bir qəhrəman kimi döyüşərək Şuşa uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə yüksəldi». Bilirəm, komandir, Vətən sağ olsun. Mən qardaşımı, sizsə əsgərinizi itirmisiniz. Allah Sizə də səbr versin, dedim.
Həyətimizdə qardaşımın böyük bir portreti asılıb. Bu portret bir vaxtlar Səbuhi ilə mənim söhbət etdiyim, dərdləşdiyim, sözümüzü, sirrimizi paylaşdığımız yerdədir. Hər gün axşamlar, hava qaralandan sonra bu portretin yanına gəlib qardaşımla dərdləşirəm. Gün ərzində gördüklərimin, etdiklərimin hesabatını verir, planlarımdan danışıram, Səbuhiyə. Bilirəm ki, qardaşım məni eşidir. Bilirəm ki, qardaşım məni görür. Bilirəm ki, qardaşım arzusunda olduğu o yüksəklikdən mənə baxıb gülümsəyir. Yaddaşmda, ruhumda daima gülümsər baxışları ilə qalan Səbuhim, indi sənin ruhun mənim canımdadır. Sən göylərdən yoluma nur çiləyən sönməyən bir işıqsan.
Döyüş yoldaşı Təbriz Vəlievin xatirələri:
-Mən həqiqi hərbi xidmətimi Yaşmada keçirmişəm. 2014-ci ildə ordu sıralarından tərxis olunmuşam. 2020-ci ilin 27 sentyabrında müharibənin başlanma xəbərini eşidən kimi qeydiyyatda olduğum Qusar rayonunun hərbi səfərbərlik idarəsinə gedib könüllü olaraq döyüşmək niyyətimi bildirdim. Elə həmin gün Qusarda yerləşən hərbi hissəyə, oradan da Ağdama göndərildim. Ağdama çatanda artıq hava qaralmşdı. Səbuhi Həsənquliyevlə Ağdamda yerləşən “N” saylı hərbi hissədə tanış oldum. Əslən Qusardan olduğumu, Sumqayıtda yaşadığmı dedim. Beləcə bizim dostluğumuz başladı. Üzündən nur tökülürdü. Çox cəlbedici, şirin görkəmi var idi. Böyük kiçik yerin bilən, mərifətli oğlan idi. Sakit təbiət idi. Danışdırmasan, danışmazdı. Gecəyə kimi söhbətləşdik… Sonra komanda gəldi, bizi başqa-başqa istiqamətə apardılar. Amma telefon əlaqəmizi kəsməmişdik. Mən oradan Suqovuşan istiqamətinə getdim. Telefonla danışanda Səbuhi harada olduqlarını dəqiq bilmirdi. Təsadüf bizi 4 oktyabrda Cəbrayıl uğrunda gedən döyüşlərdə yenidən birləşdirdi. Ağır döyüşlər gedirdi. Uçulub, dağılmış bir binanın zirzəmisində mövqelənmişdik. Ermənilər yüksəklikdə mövqe tutmuşdular. Ağır artilleriyadan, iri çaplı silahlardan atəş açırdılar. Başını çölə çıxarmaq istəyəni də snayperlə təmizləyirdilər. Səbuhi bizə aman verməyən snayperin yerini müəyyənləşdirib bizim snayperçimizə göstərdi. Yanımızdakı snayperçi döyüş yoldaşımız erməni snayperçini susdurdu. Bundan sonra biz hücuma keçib həmin ərazini götürdük. Bizə imkan verməyən snayperçinin mövqeyinə getdik. Güllə düz alnının ortasından dəymişdi. Üstünü axtardıq, mobil telefonunu götürüb Ermənistana, anasına zəng vurub ordumuzun düz İrəvana qədər gələcəyini dedik. Səbuhi ilə bir qrupda olmadığım üçün yenə ayrılmalı olduq. Cəbrayılın kəndlərinin azad olunması uğrunda gedən döyüşlərdə də tale bizi yenidən birləşdirdi. Cəbrayılda çox ağır döyüşlərimiz olub. Mənim yaddaşımda problem yarandığı üçün indi o kəndlərin adını dəqiq deyə bilməyəcəm. Səbuhi ilə Cəbrayılın 8 kəndinin azad olunmasında da bir döyüşmüşük. Bu döyüşlər zamanı Səbuhidə bir cəhəti müşahidə etdim. Səbuhi bütün işğal olunmuş torpaqlarımızı gözəl tanıyırdı. Cəbrayılın şəhərə yaxın kəndlərinin birində türbə var idi. Yaxınlıqda da qəbristanlıq. Səbuhi həmin türbənin kimə aid olduğunu bizə izah edirdi. Haradan bildiyini soruşduqda, əsgərlikdən qabaq işğal olunmuş torpaqlarımızın tarixini, mədəniyyətini, coğrafiyasını internet vasitəsi ilə öyrəndiyini dedi…
Tale məni Füzüli şəhəri uğrunda gedən döyüşlərdə də Səbuhi ilə yenidən birləşdirdi. Gecə 3-4 olardı. Füzuli şəhərində bir məktəb binasında mövqe tutmuşduq. Ermənilər bizi mühasirəyə salmağa çalışırdılar. Hər cür PK, RPK silahları ilə mövqelərimizi vururdular. Hətta koordinatlarımızı vermişdilər, tanklarla da atəş açırdılar. Erməni tanklarının koordinatını komandanlığa bildirdikdən sonra, "Bayraktar"la tankları məhv etdilər. Çox ağır döyüşlərimiz oldu. Səbuhinin burada necə qəhrəman, necə cəsur olduğunu gördüm. Səbuhi çox sədaqətli dost idi. Əsl döyüşçü idi. Vicdanlı insan idi. Həyatını təhlükəyə atar, özünü ölümə verməkdən çəkinməz, döyüş yoldaşını darda qoymazdı. Dəfələrlə atəş altında həyatını təhlükəyə ataraq şəhid olmuş, yaralanmış döyüş yoldaşlarımızı döyüş mövqeyindən təxliyə zonasına çıxardığının şahidi olmuşam. Füzulidə olanda Səbuhi ilə daha çox söhbət etmək imkanımız oldu. Qardaşından danışırdı. Nurlanı çox sevirdi. Ailəsinə, atasına, anasına çox bağlı idi. İmkan düşən kimi Nurlan haqqında danışar, onunla idmana getməsindən, Nurlanın zövqündən , birlikdə özünə paltar almasından danışardı. Çox qəribədir, biz xəyal qurub, müharibədən sonra nə edəcəyimizdən bəhs edəndə Səbuhi şəhid olacağından danışırdı. «Qismət olsa mən də Şəhid olaram», deyirdi.
Oktyabrın sonlarında biz Qubadlı istiqamətindən döyüşə-döyüşə Şuşaya kurs götürdük. Səbuhi yerli adam kimi bizə bələdçilik edir, yol göstərirdi. Ərzağımız, suyumuz tükənmişdi. Yalnız su içmək istəyirdim. Əlimi qaldırıb Allaha yalvarırdım ki, bir yaxşı yağış yağdırsın, biz də su içə bilək. Heç olmasa dodaqlarımız islansın, deyirdim. Səbuhi mənə dedi ki, «Təbriz, səbirli ol, az qalıb, qarşıda çay var, ora çatıb su içərik. Doğurdan da bir qədər irəliləmişdik ki, qarşımıza çay çıxdı. Su içib bunun sevincini yaşadıq.
Ermənilər hər yeri minalayıb, Şuşanın giriş çıxışını ağır texnika, tanklarla bağlamışdılar. Kiçik qruplara bölünüb kol-kosla, meşəliklə Daşaltı kəndinə doğru hərəkət edirdik. Təbii çətinliklərdən başqa hər an kiçik qruplara bölünüb meşəliklərdə pusqu quran erməni döyüşçülərinə də rast düşürdük. Oktyabrın 28 –də Şuşaya doğru hərəkət edərkən pusquya düşdük. Ermənilərin mobil dəstəsi ilə aramızda olduqca gərgin döyüş oldu. Biz ermənilərdən üç nəfərini öldürdükdən sonra 3 erməni döyüşçüsünü də əsir görürdük. Əsirlərin götürülməsində Səbuhinin müstəsna xidməti olmuşdu. Əlbəyaxa döyüşdə ermənilərin gözlərini açmağa aman vermirdi. Həmin döyüşdə mən ayağımdan yaralandım. Güllə ayağımı sıyırıb keçmişdi. Yaram o qədər ciddi olmasa da, qan verirdi. Çətin yeriyirdim. Daş, kəsək, kol-kos da bir yandan yeriməyə, hərəkət etməyə imkan vermirdi. Səbuhi çəkdiyim çətinliyi görüb: «Yox qardaş, bizdə yoldaşı yarımçıq yolda qoymaq yoxdur» - deyib, əvvəlcə silahına bağladığı jukutu açıb qan verməməsi üçün yaramı bağladı, sonar da məni çiyninə alıb yola davam etdi. Mən etiraz edəndə «Etiraz, filan yoxdur. Düz sona qədər səni də özümlə aparacam» - dedi.
Mən Daşaltı kəndi uğrunda gedən doyüşlərdə ağIr yaralandım. Yanıma minamyot mərmisi düşüb üz-gözümü yandırmışdı. Yaralarım ağır idi. Hətta məni öldü bilmişdilər. Üç gün meyitlərin arasında qalandan sonra ölmədiyimi bilib məni Füzulidə hospitala yerləşdiriblər. Sonralar oradan da Gəncəyə apardılar. Hospitalda olanda eşitdim ki, Səbuhi noyabrın 8-də, Şuşa şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub. Səhhətim yol vermirdi ki, dəfnində iştirak edəm. Məni çiyinində aparan dostuma heç olmasa son mənzilə yola salınanda borcunu verəm. Hospitaldan çıxıb Səbuhinin məzarını ziyarətə gəldim. Nur üzlü gözlərindən, şəkildə də olsa o gül ürəyindən öpdüm. Tez-tez qardaşı Nurlanla görüşürəm. İndi Mayisə ananı mən də öz anam bilirəm.
Qohumu Mansur Qarayevin dedikləri:
-Noyabrın 10-u idi. Ölkə erməni faşizmi üzərində ordumuzun qələbəsini bayram edirdi. Müharibənin qurtardığını, ermənilərin təslim olma xəbərini eşidib dərhal Əlixangilə gözaydınlığına gəlmişdim. Düşünürdük ki, Səbuhidən də bir şad xəbər alarıq. Neçə günü idi ki, zəng etmidi. Belə fikirləşirdik ki, dağda-daşda, yəqin rabitə olmayan yerdə döyüşür. Ya da, zəng etməyə ya imkanı yoxdur, yaxud da elə yerdədir ki, telefondan istifadə etmək olmaz. Sən demə, Səbuhi noyabrın 8-də Şuşa uğrunda gedən döyüşlərdə şəhid olubmuş. Nurlan mənə dedi ki, komandiri zəng vurub Səbuhinin şəhid xəbərini verib. Dərhal Sumqayıt şəhər Hərbi Səfərbərlik İdarəsinə getdim. Orada mənə dedilər ki, bizdə dəqiq məlumat yoxdur. Sabaha kimi bir məlumat ala bilməsək Fizulu rayonuna gedib orada axtarsanız yaxşı olar. Noyabrın 11-də Füzuliyə yola düşdük. Saat 11 radələrində Füzuli rayonunun Diaqnostika mərkəzində olduq. Orada Səbuhini tapa bilmədik. Şəhid olanların siyahısında da adı yox idi. Diaqnostika mərkəzindən Məsçidə yollandıq. Məsçiddə də bir nəticə əldə edə bilmədik. Nə yaralıların, nə də şəhid olanların arasında Səbuhi yox idi. Axşamüstü saat 5 radələri olardı, bizə məlumat verdilər ki, Şuşada şəhid olan Xüsusi Təyinatlı Dəstənin döyüşçülərinin cənazələri gətirilir. Səbuhinin cənazəsi də bu 27 şəhidin arasında idi. Nurlanla birlikdə cənazəyə baxdıq. 4 güllə yarası almışdı. Güllələrin ikisi qolundan, biri ürəyindən, biri də boynundan dəymişdi.
Orada olanda Səbuhinin döyüş yoldaşları ilə də görüşüb, söhbət edə bildik. Dedilər ki, Səbuhi XTQ-nin Şuşaya girən ilk qrupunun tərkibində döyüşürmüş. Döyüş zamanı Səbuhinin döyüş yoldaşlarından biri ağır yaralanıb, hələ də düşmənin nəzarəti altında olan ərazidə qalıbmış. Səbuhi döyüş yoldaşlarının etirazına baxmayaraq atəş altında olan yaralı döyüş yoldaşını xilas etmək üçün həyatını təhlükəyə ataraq geri dönür. Elə bu zaman erməni snayperinin gülləsinə tuş gəlir. Birinci iki güllə Səbuhinin qolundan dəyib onu yıxsa da, Səbuhi bir neçə dəqiqədən sonra yerindən qalxaraq inadla yaralı döyüş yoldaşını xilas etmək üçün təkrar irəli getmək üçün cəhd edib. Daha sonra isə düşmən Səbuhinin ürəyini nişan alıb. Yaxın məsafədən boynundan vurulan güllə isə kontrol məqsədi ilə vurulub.
Səbuhini canından çox sevdiyi müqəddəs bayrağımıza büküb Sumqayıta yol aldıq. Noyabrın 12-də xalqımız öz qəhrəman oğlunu böyük bir izdihamla böyüyüb böya-başa çatdığı Sumqayıt şəhərində, Şəhidlər Xiyabanında dəfn etdi. Nur içində yatsın.
…Atalar düz deyib: "İgid ölər, adı qalar”. Səbuhi ölümü ilə ölümsüzlük qazananlardan, adını Vətənin şanlı tarixinə yazanlardan oldu. Səbuhi ömrünü insan ömrü kimi yaşayanlardan, canı ilə vətəni qoruyub qanı ilə dastan yazan oğullardan oldu. Ucarda doğulub, Sumqayıtda böyüyüb, Şuşada əbədiyyətə qovuşdu. 18 illik ömründə neçə-neçə kitablara sığmayan qəhramanlıq dastanını yazanlardan oldu. Əməlləri ilə Vətənin, illərdir düşmən tapdağında od tutub yanan, inildəyən vətən torpağına sərinlik gətirib, Vətənin qan verən yarasına məlhəm olanlardan oldu. Keçdiyi hər cığıra, aşdığı hər dağa, hər qayaya öz adını yazanlardan oldu. İllər, əsrlər keçəcək, analar oğullar doğacaq, körpələrinə Səbuhi adını qoyacaqlar. Təbii ki, heç bir valdeyin doğma balasının ömürünün Səbuhi kimi qısa olmasını arzu etməsə də, Səbuhi kimi qəhrəman, vətənsevər bir oğlu olması, vicdanlı bir vətəndaş olub əməldə ad sahibinə oxşaması üçün Tanrıya dua edər.
Şəhidlər ölmürlər. Ürəklərdə, sevgilərdə, qan tökdükləri, can verdikləri vətənin tarixində, torpağında, odunda, suyunda, havasında yaşayırlar.
Şəhidlər vətənsevər insanların Vicdanında yaşayırlar.
Bir sevgidən doğulub min sevgidə yaşayırlar.
Yalnız ölümü öldürənlər Şəhid olmağı bacarırlar.
Səbuhi kimi.
Elşən QƏNİ