Doğma yurd-yuvalarına qayıdan soydaşlarımızın daimi və firavan həyatını təmin etmək əsas hədəflərdəndir
“Xalqımız böyük xalqdır. Əzab-əziyyətə baxmayaraq əyilmədi, iradəsini yerində saxladı və bir ümidlə yaşayırdı ki, gün gələcək və biz bu torpaqlara qayıdacağıq. Son illər ərzində - 2003-cü ildən bu yana keçmiş köçkünlərlə çoxsaylı görüşlərimdə həm işğal dövründə, həm Zəfərdən sonra bir daha əmin oluram ki, bizim xalqımız nə qədər əzəmətlidir, vüqarlıdır və yenilməzdir. Siz 30 il doğma diyarınızdan məhrum edilmişdiniz, amma ümidinizi itirmədiniz, iradənizi qırmadınız və inanırdınız ki, bu gün gələcək və gəldi.” Dövlətimizin başçısı İlham Əliyev bu günlərdə Şuşa rayonunun Böyük Qaladərəsi kəndinin sakinləri ilə görüşündə onu da qeyd etdi ki, ermənilər tərəfindən viran qoyulmuş bu torpaqları, şəhər və kəndləri artıq beş ildir ki, bərpa edirik. Özü də necə? Dünyada bunun tayı-bərabəri yoxdur. Cəmi 5 il ərzində bu qədər iş görmək - ancaq bunu güclü dövlət edə bilər. Bu güclü dövlətin əsasını xalq-iqtidar birliyi təşkil edir.
Tarixi Zəfərimizin sonrakı dövrün əsas reallıqlarından biri təbii ki, azad edilmiş ərazilərimizin bərpası, yenidən qurulması, Böyük Qayıdış Proqramı çərçivəsində soydaşlarımızın mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdışıdır. 30 illik işğal dövrünün reallıqlarına diqqət yetirdikdə görürük ki, öz doğma yurd-yuvasından qaçqın və məcburi köçkün düşmüş soydaşlarımızla görüşlərində Prezident İlham Əliyev hər zaman bildirib ki, yaradılan bu şərait müvəqqəti xarakter daşıyır, tezliklə Qarabağ münaqişəsi həll ediləcək, Böyük Qayıdış həyata keçiriləcək. Yəni, soydaşlarımıza öz doğma yurd-yuvalarında daha yüksək şərait yaradılacaq. Ümumiyyətlə, qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi dövlətin həyata keçirdiyi sosial siyasətin əsas tərkib hissəsi idi və bu gün də elədir. Həmin dövrlə bugünümüzün müqayisəsində fərq soydaşlarımızın onlar üçün müvəqqəti şəhərciklərdə deyil, öz doğma yurd-yuvalarında müasir tələblərə uyğun şəraitin yaradılmasıdır. Göründüyü kimi, hər dövrün öz çağırışı, tələbi vardır. Bu gün keçmiş məcburi köçkünlər ifadəsini qeyd ediriksə artıq onlar üçün sosial dəstək mexanizmləri də müasir dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilməli, yenidən formalaşdırılmalıdır.

Qeyd etdiyimiz kimi, 30 illik işğal dövründə bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə ölkə rəhbərliyinin tapşırığı ilə yeni qəsəbələr və çoxmərtəbəli yaşayış binaları tikilib. Bununla yanaşı, məcburi köçkünlərin məşğulluğunun artırılması, təhsil və səhiyyə xidmətlərinə əlçatanlığının təmin edilməsi üçün ardıcıl dövlət proqramları icra olunub. Dövlət tərəfindən müvafiq müavinətlərin və kommunal xidmət güzəştlərinin verilməsi bu vətəndaşların maddi rifahına mühüm dəstək olub.
Statistik rəqəmlərə nəzər salaq. Məcburi köçkünlərin sosial problemlərinin həlli ilə əlaqədar dövlətimizin başçısı İlham Əliyev tərəfindən 2004-2019-cu illər ərzində 75 Fərman və Sərəncam imzalanıb. Nazirlər Kabineti tərəfindən 224 Qərar və Sərəncam verilib. Milli Məclis tərəfindən 11 Qanun qəbul edilib. Bu hüquqi bazanın mərkəzində dayanan əsas strateji sənədlərdən biri də Prezident İlham Əliyevin 1 iyul 2004-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” idi. Bu Proqram sonrakı illərdə icra olunacaq genişmiqyaslı layihələrin yol xəritəsini müəyyən edib. Torpaqlarımızın işğal altında olduğu dövrdə məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 121 yeni qəsəbə və yaşayış kompleksi tikilərək onların istifadəsinə verilib. 2007-ci ildə ölkə ərazisində mövcud olan 12 çadır düşərgəsi və dəmir yolu üzərindəki yük vaqonlarından ibarət yaşayış məntəqələri tamamilə ləğv edildi. Müvəqqəti xarakter daşıyan 16 fin tipli qəsəbədən sonuncusu isə 2016-cı ildə bütövlüklə aradan qaldırıldı. 62 mindən çox məcburi köçkün ailəsinin, yəni 300 min nəfərdən çox məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Dövlət tərəfindən məcburi köçkün ailələrinə uzun illər ərzində təhsil və vergi güzəştləri, vahid aylıq müavinət, ünvanlı sosial yardım, məşğulluq proqramları, tibbi-sosial reabilitasiya və digər sosial müdafiə mexanizmləri çərçivəsində davamlı dəstək göstərilib.
Qeyd etdiklərimiz 30 illik işğal dövründə bu kateqoriyadan olan vətəndaşlarımıza dövlət səviyyəsində göstərilən diqqət və qayğının çox az bir hissəsidir. Artıq bu gün Böyük Qayıdışdan, cənnət məkana çevrilən Qarabağımızın və Şərqi Zəngəzurumuzun iqtisadi, siyasi, humanitar, diplomatik mərkəzə çevrilməsindən bəhs edirik. Bu gün Laçın, Füzuli, Cəbrayııl, Kəlbəcər, Şuşa, Xocalı, Xankəndi, Ağdam, Xocavənd, Zəngilan şəhərləri, onlarla kənd və qəsəbə sakinlərinə qovuşub. Hər gün azad edilmiş ərazilərimizə mərhələ-mərhələ köç karvanlarının yol salınmasından bəhs edilir. Bundan böyük xoşbəxtlik ola bilərmi?
Bu günlərdə paytaxt Bakımızın ev sahibliyi etdiyi, 176 ölkədən 57 mindən çox iştirakçının qeydə alındığı Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) Azərbaycanın işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa işlərinin fonunda müasir şəhərsalma təcrübəsini dünyaya təqdim etdi. Bu rəqəmlər Forumu UN-Habitat tarixində indiyədək təşkil olunan ən genişmiqyaslı şəhərsalma tədbiri kimi tarixə yazdırdı. Bu Forumdan öncə Ağdam, Zəngilan və Xankəndi şəhərləri Azərbaycan Milli Şəhərsalma forumlarına ev sahibliyi etdilər. Hər bir tədbir təşkil edilən şəhərlərin timsalında ümumilikdə Qarabağda və Şərqi Zəngəzurda görülən işlərin aydın mənzərəsini yaratdı. Cənab İlham Əliyevin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyaında qeyd etdiyi kimi, indi hökumətimizin qarşısında duran əsas vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır. Bu ərazi 30 il müddətində erməni işğalı altında idi və tamamilə dağıdılaraq məhv edilmişdir. Beynəlxalq müşahidəçilər və ziyarətçilər Ağdamı Xirosima ilə müqayisə edirdilər, onlar Ağdamı “Qafqazın Xirosiması” adlandırırdılar. Çünki şəhər, sadəcə, mövcud deyildi. Şəhər tamamilə yerlə-yeksan edilmişdir və o, Xirosimadan fərqli olaraq, atom bombasının atılması nəticəsində bir günə bu vəziyyətə düşməmişdir. Bu, 30 illik işğal ərzində edilmişdir və bu zaman binalar, tarixi binalar və ictimai binalar, evlər tamamilə sökülərək dağıdılmışdır.
Bu gün isə həmin dağıntıları müasir çağırışlara cavab verən yeni tikililər əvəzləyir. Şəhər və kəndlərimiz Baş plan əsasında inşa olunur. Bu ərazilərdə ilk olaraq infrastrukturun bərpasına, yenilənməsinə diqqət göstərilməsi təbii ki, doğma yurd-yuvasına qayıdan soydaşlarımızın rahat yaşayışının təmin edilməsində əhəmiyyətli rol oynayır. Statistik rəqəmlərə nəzər salsaq görərik ki, 5 il ərzində çəkilən tunellərin uzunluğu 70 kilometrdir. 500 körpüdən 435-i inşa olunub. Bununla yanaşı, elektrik stansiyaları, su təchizatı kəmərləri, su anbarları, evlər, məktəblər, xəstəxanalar, üç beynəlxalq hava limanı tikilib, dəmir yolları çəkilib. Bu gün 85 mindən artıq sakin bu ərazilərdə yaşayır, işləyir, təhsil alır. Həmin vətəndaşların məşğulluqlarının təmin edilməsi dövlətimizin siyasətində ən mühüm hədəflərindən biridir. Regionda iqtisadi inkişafın və məşğulluğun təmin edilməsi məqsədilə sənaye parkları, iqtisadi zonalar yaradılır. Bütün bunlar yerli istehsal imkanlarının genişləndirilməsi və yeni iş yerlərinin açılması ilə yaşayış məntəqələrinin dayanıqlı inkişafına töhfə verir. Eyni zamanda, salınan yeni yol infrastrukturu sayəsində Qarabağ və Şərqi Zəngəzurun Bakı və ölkənin digər əraziləri ilə birbaşa əlaqələndirilməsi bu regionların sürətli iqtisadi və sosial inkişafına xidmət edir. Azad edilmiş bütün ərazilərimiz “ağılı şəhər” və “ağıllı kənd” layihələri üzrə bərpa edilir, bütün yeniliklər burada öz əksini tapıb. Sosial xidmətdə təkmilləşmə, yenilişmə bu torpaqlarda yaradılan şəraitdə də özünün aydın ifadəsini tapır. “ASAN xidmət” DOST mərkəzlərinin yaradılması əsas hədəflər sırasındadır. İşğaldan azad edilmiş ərazilərin bərpası prosesində enerji infrastrukturunun yenidən qurulmasına və enerji təhlükəsizliyinin təmin edilməsinə xüsusi önəm verilir. “Yaşıl enerji" zonası elan edilmiş və 10 min meqavat yaşıl enerji üzrə texniki potensiala malik Qarabağ və Şərqi Zəngəzurda Günəş və külək enerjisi layihələri sürətlə həyata keçirilir, ekosistem bərpa olunur.
Dövlətimizin başçısı İlham Əliyev bu mühüm məqamı da daim önə çəkir ki, uzun illər işğal altında qalmış torpaqlarımız bu gün sülhün, bərpanın və dirçəlişin rəmzidir. Qarabağ və Şərqi Zəngəzur regionlarında həyata keçirilən quruculuq prosesi təkcə şəhərsalma və infrastrukturun inkişafı deyil, regionda uzunmüddətli sülh və əməkdaşlığın qurulması baxımından xüsusi əhəmiyyət daşıyır. Həyata keçirilən məqsədyönlü layihələr, qurulan yeni əməkdaşlıqlar və formalaşan iqtisadi mühit yerli əhali üçün dayanıqlı yaşam imkanları yaradır və şəhərlərin dayanıqlı inkişafına xidmət edir.
Əsas hədəf Böyük Qayıdış Proqramının birinci mərhələsinin başa çatacağı 2026-cı ilin sonunadək 140 min keçmiş məcburi köçkünün doğma yurd-yuvasına qayıdışını təmin etməkdir. “Məcburi köçkün” ifadəsi artıq tarixə qovuşub. 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev hər gün torpaqlarımızın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən 30 il bu günü səbirsizliklə gözləyən soydaşlarımızın dilindən səsləndirilən “Artıq biz qaçqın deyilik!” ifadəsi işğaldan azad edilmiş ərazilərimizə qayıdışin sevincini özündə ehtiva etdi. Bu ifadə soydaşlarımızın öz doğma yurd-yuvalarına qovuşmalarının yaratdığı qürur hissini və tarixi Zəfəri ifadə edir. Bu ifadə, həmçinin keçmiş məcburi köçkünlərin statuslarının dəyişməsini və Böyük Qayıdışın reallığa çevrilməsini əks etdirir. Məhz bu tarixi Qələbə və torpaqlara qayıdış reallığı onu şərtləndirir ki, keçmiş məcburi köçkün statusu və indiyədək müvəqqəti xarakter daşımış xüsusi sosial dəstək mexanizmləri yeni dövrün tələblərinə, vətəndaşın mülkiyyətçi kimi güclənməsi fəlsəfəsinə uyğun olaraq müvafiq qanunvericilik çərçivəsində yenidən, daha mükəmməl formada tənzimlənsin.
Göründüyü kimi, yeni çağırışlar yeni addımlara yol açır. Ümummilli Lider Heydər Əliyev məcburi köçkünlərin sosial problemlərinin həllini dövlətin və cəmiyyətin ən ali vəzifələrindən biri hesab edirdi. O, qaçqın və məcburi köçkünlərə göstərilən diqqət və qayğının yalnız bir qurumun deyil, bütün xalqın ortaq vəzifəsi olduğunu vurğulayaraq bunun ümumxalq işi olmasına çağırış etmişdir. Bu yanaşma ardıcıl və sistemli dövlət siyasətinə çevrilmişdir. Ulu Öndərin müəyyənləşdirdiyi bu strateji xətt son 22 ildən artıq dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və son beş ilin reallıqları fonunda onların doğma yurdlarına qayıdış prosesi həyata keçirilir.
Artıq yalnız “məcburi köçkün” deyil, “müvəqqəti yaşayış” ifadəsi də tarixə qovuşur. Qısa zamanda 85 min sakinin azad edilmiş ərazilərimizə qayıtması, burada işləməsi, təhsil alması yaradılan yüksək şəraitin təqdimatıdır. Birinci Dövlət Proqramının icrası ilə bağlı möhkəm hüquqi baza yaradılıb, qanunvericilikdə müvafiq dəyişiklik edilərək Qarabağda və Şərqi Zəngəzurda işləyən və məskunlaşan şəxslər üçün yeni müavinət növü təsis edilib, məzuniyyət, vergi, sosial sığorta güzəştləri və imtiyazları müəyyən olunub. Hazırda müzakirəyə təqdim olunan qanun layihəsi məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdə yaşayış sahələrinə köçürülməsi, onların mülkiyyət hüququnun təmini və məcburi köçkün statusu ilə bağlı qanunvericilik aktlarının təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Qanun layihəsi keçmiş məcburi köçkünlərin daimi yaşayış şəraiti ilə təmin olunmasının hüquqi mexanizmlərini yaradır. Yeni hüquqi tənzimləmə müvəqqəti məskunlaşma modelini daimi məskunlaşma və mülkiyyət hüququ ilə əvəz edir, bununla da işğaldan azad edilmiş ərazilərə qayıdan məcburi köçkünlər öz evlərinin tamhüquqlu sahibi olurlar. Qanun layihəsi mülkiyyət hüququnun təmin olunması, daimi məskunlaşmanın təşviqi və sosial müdafiə tədbirlərinin davamlılığının qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Yeni hüquqi qaydalara əsasən, işğaldan azad edilmiş ərazilərə köçürülən, habelə təklif olunan köçürülmədən imtina edən şəxslərin məcburi köçkün statusu həmin andan etibarən dəyişir və itirilmiş hesab olunur. Sosial müdafiə tədbirləri köçürülən şəxslər və köçürülmə təklifini qəbul etməyən şəxslər üçün statusun itirildiyi tarixdən sonra 3 il müddətində davam edir. Qanun qüvvəyə minənədək köçürülmüş şəxslər üçün bu 3 illik müddət köçürüldükləri tarixdən hesablanır. Məcburi köçkünlər işğaldan azad edilmiş ərazilərdə ev və ya mənzillə təmin edilir və həmin yaşayış sahəsi dərhal onların mülkiyyətinə verilir. Təhsil alan şəxslər üçün təhsil haqlarının dövlət büdcəsi hesabına ödənilməsi təhsil müddətinin sonunadək davam etdirilir.
Ümumiləşdirilmiş şəkildə qeyd etsək, məcburi köçkünlərlə bağlı həyata keçirilən bu hüquqi və sosial islahatlar Azərbaycanın postmünaqişə dövründə qarşıya qoyduğu strateji hədəflərin tərkib hissəsidir. Hazırkı mərhələdə əsas məqsəd vətəndaşların müvəqqəti məskunlaşma şəraitində deyil, öz doğma torpaqlarında daimi və firavan həyat qurmalarını təmin etməkdir. Dövlətimizin başçısı İlham Əliyevin çıxışlarında qeyd etdikləri kimi, qısa müddət ərzində belə bərpa-quruculuq işləri aparmaq, bu da xalq üçündür. Yəni insanlar tez qayıtsınlar, rahat yaşasınlar və burada özlərini, necə deyərlər, çox rahat, təhlükəsiz hiss etsinlər, qurub-yaratsınlar, uşaqları böyütsünlər, ağbirçəklərə qulluq etsinlər və həyatdan zövq alsınlar. Onlar buna layiqdirlər.
Yeganə Əliyeva, “İki sahil”
Azərbaycan gələcəyə hesablanmış çoxşaxəli enerji siyasəti həyata keçirir - Sahil Kərimli
Azərbaycanın qlobal enerji siyasətinə dair uzunmüddətli strateji baxışı - Bakı Enerji Həftəsi