24 mart 2022 08:22
530

İstanbulda azərbaycanlı rəssamın əsərləri nümayiş olunub - FOTO

Türkiyənin paytaxtı İstanbulda Nişantaşında yerləşən  tanınmış “Niş Art” Rəsm Qalereyasında Azərbaycanın istedadlı rəssamı, beynəenlxalq müsabiqələr laureatı, Azərbaycan Rəssamlar İttifaqının üzvü, “Nargiz Art Studio”nun  rəhbəri Nərgiz Quliyevanın fərdi sərgisi keçirilmişdir.

“İki sahil” xəbər verir ki, 15-20 Mart tarixlərində keçirilən sərgidə rəssamın son illərdə çəkdiyi 20-yə yaxın rəsm əsəri nümayiş olunmuşdur. Vətəni Azərbaycan (“İçərişəhər” silsiləsi, “Xəzər”, “Azərbaycan qadını”) və Türkiyənin təbiəti, tarixi və mədəni irsinə həsr olunmuş əsərləri (“İstanbul”, “Alaçatı”, “İzmir”, “Antalyada liman”) qonaqlar tərəfindən böyük maraqla qarşılanmışdır. Sərginin açılışında çıxış edən Niş Art Qalereyasının rəhbəri,  sənətşünas Nihat Tokat, Azərbaycanın İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva və tanınmış rəssam, Yeditepe Universitetinin professoru, Azərbaycanın xalq rəssamı Teymur Rzayev gənc rəssamın sərgisinin Azərbaycan   incəsənətinin  ənənələrinin uğurlu davamı kimi qiymətləndirmiş və iki ölkənin yaradıcılıq sahəsindəki sıx dostluğu və əməkdaşlığına yeni bir rəng qatdığını qeyd etmişlər.  

Sərginin qonaqları sırasında olan Türkiyə Milli Məclisinin millət vəkili, Azərbaycan- Türkiyə Parlamentlər arası Dostluq qrupunun rəhbəri Şamil Ayrım rəssamın işlərinə yüksək dəyər vermişdir. Sərgidə  Asiya mədəniyyətinə həsr olunmuş “Vyetnam”, “Xanoy”, “Tayland çarşısı”, “Balıqçılar” və eyni zamanda peyzaj və natürmort janrında çəkilmiş əsərlər diqqət cəlb etmişdir. Nərgiz Quliyevanın sərgisində Türkiyənin məşhur rəssamları, sənət xadimləri və media nümayəndələri iştirak etmişdir. Sərgidən sonra isə rəssam  Nərgiz Quliyeva və Niş art Qalereyasının rəhbəri Nihat Tokatın Yeditepe Universitetinin rektoru  Bedrettin Dalan, Universitetin kollektivi və İncə sənətlər fakultəsinin professoru Teymur Rzayevlə məhsuldar görüşü keçirilmişdir.