Zərgərliyin tarixi çox qədim dövrlərə-müasir eramızdan əvvəl insan şüurunun formalaşdığı zamana gedib çıxır. Aparılan tədqiqatlar nəticəsində ən qədim zərgərlik əşyaları Afrikada aşkar edilib. Bu, qitənin cənubundakı «Blombos» mağarasında tapılan, balıqqulağından düzəldilmiş muncuqlardır. Alimlərin hesablamalarına görə, onların 75 min ildən çox yaşı var. Balıqqulağıların hamısının qabığında eyni deşiklər açılıb, beləliklə də onları çox rahatlıqla sapın üstündə qolbaq və boyunbağı kimi taxmaq olardı.
Sırğaların da tarixi çox qədimdir. Qədimdə onları təkcə qadınlar deyil, həm də kişilər taxırdılar. Sırğalar da yalnız bəzək əşyası kimi deyil, həmçinin bədnəzərdən qorunmaq üçün istifadə edilirdi. Ümumiyyətlə, hər dövrün özünəməxsus bəzək əşyaları olub. Zaman-zaman geyimdə dəbin dəyişməsi özünü bəzək əşyalarında da göstərib.
Orta əsrlərdə bəzək əşyaları əsasən imperator və kilsə emalatxanalarında istehsal olunurdu. Lakin XIII əsrdən etibarən Avropa paytaxtlarında zərgərlik işi ilə məşğul olan ustaların birlikləri yaranmağa başladı. Napaleon Bonopart daş üzərində oyma naxışlar salmağı öyrədən xüsusi bir məktəb yaratmışdı. Burada əsasən kor və karlar çalışırdılar.
Buna baxmayaraq, həmin dövrdə bəzək əşyaları cəmiyyətin yüksək təbəqəsinin üstünlüyünün bir nişanəsinə çevrilmişdi.
Tapılmış bəzək əşyaları həm uğur, həm də əksinə, bədbəxtlik gətirə bilər. Amma istənilən halda başqasının malından xeyir gözləmək ağılsızlıq olardı. Təsadüf nəticəsində tapılan dini rəmzlər xüsusilə diqqətəlayiqdir. Belə bəzək əşyaları, ümumiyyətlə uğur gətirmir. Onları tapan adam həmin əşyadan mümkün qədər tez yaxa qurtarmalıdır. Dini rəmzlərin qızıl, gümüş və ya brilyant olmasının fərqi yoxdur. Bəzilərinin fikrincə, belə tapıntılar insanları mənfi hadisələrə sürükləyir .
19-cu əsrin ikinci yarısından etibarən isə rus zabitləri çuqundan hazırlanan üzüklər istifadə etməyə başladılar. Üzüklər ağır metallardan hazırlanaraq qızıl suyuna salınırdı. Üzüyün içərisində isə sahibinin ad və soyadı naxış edilirdi. Zabitlər yaralananda və ya həlak olanda onu soyğunçular oğurlamasın, deyə üzük o qədər də qiymətli metallardan hazırlanmırdı.
Kişilər üçün nişan üzükləri ideyası 20-ci əsrdə formalaşdı.Bununla zərgərlik bazarı iki dəfə böyüdü və gəlirləri artdı. İslamda isə ümumiyyətlə kişilərin qızıl zinət əşyaları taxması düzgün hesab edilmir.
Böyük Britaniyada həkimlər və tibb bacılarına iş vaxtı barmaqlarında nişan üzüklərini daşımaq qadağan edilib. Bu, onunla əsaslandırılır ki, üzük barmağın bir hissəsini dezinfeksiya etməyə qoymur və bu, xəstələrin həyatı üçün risk təşkil edir.
XIX əsrdən etibarən zərgərlik sənətində yeni texnologiyalar tətbiqinə başlanıldı və «Faberje» (Rusiya), «Tiffani» (ABŞ), «Kartye» (Fransa) kimi iri zərgərlik şirkətləri meydana çıxdı. Bununla da incəsənətin bir qolu olan zərgərlik sənəti həm də yavaş-yavaş sənaye sahəsinə çevrildi.
Demək olar ki, müasir Avropa ölkələrində bəzək əşyaları taxmaq o qədər də dəbdə deyil. Avropada çoxlu zinət əşyaları taxmaq qeyri-müasirlik, insanı narahat edən amil kimi dəyərləndirilir. Şərq ölkələri barəsində isə bunu demək olmaz.
Heç bilirdinizmi ki, lombarda qoyulan bəzək əşyaları sahiblərindən keçən mənfi enerjiyə malik olur. Buna görə də belə müəssisələrdən alınmış əşyalara ehtiyatla yanaşmaq lazımdır.
Bəd niyyətli insanların hədiyyə etdiyi zinət əşyaları da uğursuzluğa səbəbi ola bilər, çünki hədiyyə verənlər qarşı tərəfin ünvanına eyni zamanda, mənfi enerji də göndərir. Bu isə hədiyyə sahiblərinin həyatını kökündən dəyişə bilər. Bu da təəssüf ki, yaxşılığa doğru deyil.
Dəyəri çox aşağı olan və çoxlu sayda zərgərlik məmulatlarını bəzəyən süni daşlar nə qədər gözəl olsa da dərd və bəlalar gətirirmiş. Məsələ ondadır ki, təbii daşlar uzun zaman torpaqda qalır və torpaq onları güclü təbii enerji ilə neytrallaşdırır. Bu səbəbdən də təbii daşlar öz enerjisini sahibi ilə bölüşmək imkanına malikdir. Süni daşların isə bölüşməyə heç nəyi yoxdur. Onlar təbii daşların əksinə olaraq, öz sahibinin həyat enerjisini özünə tərəf çəkirlər. Ümumiyyətlə, mütəxəssislər süni daşlarla işlənmiş bəzək əşyalarını uzun müddət taxmağı məsləhət görmür. Üstəlik onlardan talisman və rəzmlər hazırlamaq doğru deyil.
Bir çoxları səhv olaraq almazın rəngsiz olduğunu hesab edirlər. Əslində isə almazın rəng palitrası istənilən digər qiymətli daşın rəng çalarından çoxdur. Bu, onların nadir olmaları ilə izah olunur.
Deyilənlərə görə, ailədən miras qalan zinət əşyaları bir qayda olaraq uğur gətirir və bir növ ailənin qoruyucu elementi rolunu oynayır. Bu cür əşyaların satılması yolverilməzdir. İnanclara əsasən, bununla insan öz uğur, bəxt və sağlamlığını da itirmiş olur. Bundan başqa, qədim inanclarda miras əşyalarını satan insan bununla özünə, eyni zamanda sonrakı nəsilə ciddi ziyan vurduğu ilə bağlı fikirlər də irəli sürülür.
Mütəxəssislər hesab edirlər ki, qız uşaqlarının qulağı kiçik yaşlarında deşilməlidir. Amma az deyərkən çox tələsmək də olmaz. Qulaqdakı qığırdaq 3 yaşa kimi əmələ gəlir. Deməli, 3 yaşına kimi uşağın qulağı deşilərsə hələ inkişaf etməmiş qığırdaq zədələnə bilər.
Samirə Tağıyeva, “İki sahil”