03 aprel 2022 20:34
3849

Bəhreyn qəzeti: 31 mart Azərbaycanlıların Soyqırımı Günüdür

Bəhreynin “The Daily Tribune – News of Bahrain” qəzetində Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevin “31 mart Azərbaycanlıların Soyqırımı Günüdür” sərlövhəli məqaləsi dərc edilib.

"İki sahil" xəbər verir ki, müəllif bu faciənin 80-ci ildönümündə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin hər il martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilməsi barədə Sərəncam imzaladığını diqqətə çatdırıb. O əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci ildə həmin qanlı hadisələrin 100 illiyi ilə bağlı imzaladığı Sərəncama əsasən bu soyqırımının bütün dünyada tanıdılması məqsədilə xüsusi fəaliyyət planı həyata keçirilib.

Məqalədə 1918-ci ilin martında erməni quldur dəstələrinin Azərbaycan ərazisində dinc əhaliyə qarşı törətdiyi qırğınlardan ətraflı bəhs edilir. Müəllif bildirir ki, 1918-ci il mart-aprel aylarında erməni daşnak quldurları və bolşeviklər Azərbaycanın Bakı, Şamaxı, Gəncə, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan və Lənkəran bölgələrində 70 mindən çox dinc sakini vəhşicəsinə qətlə yetiriblər. Azərbaycanın hazırda Ermənistan ərazisində yerləşən qərb bölgələrində 565 mindən çox əhalisi də 1918-1920-ci illərdə qırğınlara və deportasiyaya məruz qalıb, məscidlər, məktəblər, tarixi abidələr dağıdılıb. Həmin il Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı Xüsusi Təhqiqat Komissiyası müəyyən edib ki, mart-aprel aylarında 3632 kişi, 1771 qadın, 956 uşaq vəhşicəsinə öldürülüb, xüsusən Şamaxının 53 kəndində kütləvi qırğınlar törədilib. Bu qırğınlara erməni cəlladları S.Şaumyan, S.Lalayev, Z.Arestisyan başçılıq ediblər. Təkcə Şamaxı şəhərində 14-16 minə yaxın dinc sakin öldürülüb. Erməni quldur dəstələri Qubada da 16 min insanı qətlə yetiriblər. Bu qırğınların qurbanları sırasında 3 minə yaxın yəhudi də olub.

Məqalədə qeyd olunub ki, ötən əsrin 80-90-cı illərində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi 30 ilə yaxın işğal altında qalıb və Azərbaycan Ordusu 2020-ci ilin sentyabr-noyabrında apardığı hərbi əməliyyatlar zamanı əraziləri azad edib.