Məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyəti dayandırılıb

08 yanvar 2013 04:00
1670

15 məktəbdənkənar təhsil müəssisəsinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Bu barədə Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin müdiri Ağababa İbrahimov məlumat verib. O bildirib ki, Maliyyə Nazirliyinin apardığı sonuncu monitorinq nəticəsində bu barədə qərar qəbul edilib: “Məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinin dayandırılmasına səbəb kimi onlarda şəraitin olmaması əsas götürülüb.

Hazırda Azərbaycanda 380 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Onların bəziləri öz işlərini ümumtəhsil məktəbləri və məktəbəqədər müəssisələrlə birgə qururlar, bazalarından istifadə edirlər. Əgər məktəbdənkənar müəssisə fəaliyyəti dövründə təhsil müəssisəsinin emalatxanası, akt zalı və ya hansısa otağından istifadə edirsə, bunu alqışlamaq lazımdır. Mənim fikrimcə, məktəbdənkənar müəssisələrin fəaliyyətinin dayandırılması kimi bu cür kəskin yanaşma da düzgün deyil.