Ordubad rayonunun Gilançay kəndində yeni sosial obyektlər istifadəyə verilib

23 noyabr 2015 04:00
1815

Bu gün Naxçıvan Muxtar Respublikası yeni inkişaf dövrünü yaşayır. Ümummilli lider Heydər Əliyevin quruculuq xəttinin davam etdirilməsi sosial-iqtisadi inkişafı təmin edib, aparılan quruculuq işləri muxtar respublikanın simasını dəyişib. Bölgələrin tarazlı inkişafı, qurulan müasir infrastrukturlar kəndlə şəhər arasındakı fərqi aradan qaldırıb. İnsanların həyat şəraiti yüksəlib, məskunlaşma artıb. Bu tədbirlərin davamı olaraq Ordubad rayonunun Gilançay kəndində də geniş quruculuq işləri aparılıb, müasir sosial obyektlər inşa olunub. Gilançay kənd yolu yenidən qurulub Müasir yol infrastrukturu hər bir yaşayış məntəqəsinin inkişafında başlıca şərtdir. İqtisadiyyatın inkişafı, sakinlərin rahat gediş-gəlişinin təmin olunması abad yollardan başlanır. Bu gün muxtar respublikanın kəndlərində müasir sosial obyektlərlə yanaşı, həm də abad yollar istifadəyə verilir. Sakinlərin rahatlığına xidmət edən bu tədbirlər çərçivəsində Gilançay kənd avtomobil yolu da yenidən qurulub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, noyabrın 23-də avtomobil yolunun açılışı olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, yolda aparılan yenidənqurma işləri ilə maraqlanıb. Məlumat verilib ki, kənd yolu genişləndirilərək 1700 metrlik asfalt örtük salınıb. Yolun üzərində yol hərəkət nişanları qoyulub, 20 su keçidi və beton kanal tikilib. Kənddaxili yollarda da sakinlərin rahat hərəkəti təmin olunub. Kənd məktəbi üçün yeni bina tikilib Noyabrın 23-də Gilançay kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak edib. Məktəbin direktoru Etibar Fərəcov çıxış edərək deyib ki, təhsilin inkişaf etdirilməsi ölkəmizdə və muxtar respublikada insan amilinə verilən qiymətin ifadəsidir. Çünki bütün sahələrin inkişafı təhsildən, bu gün yetişən gənclikdən asılıdır. Gilançay kənd tam orta məktəbində də şagirdlərin yaxşı təhsil alması üçün hər cür şərait yaradılıb. Yaradılan şərait həm məktəb kollektivinin, həm də valideynlərin uzun illərdən bəri ürəklərində olan arzularının həyata keçməsi deməkdir. Etibar Fərəcov yaradılan şəraitə görə kollektiv adından minnətdarlıq edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: Bu gün Gilançay kəndi muxtar respublikanın abad yaşayış məntəqələrinin sırasına qoşulur. Kənddə yol, məktəb binası, kənd və xidmət mərkəzləri, feldşer-mama məntəqəsi tikilərək sakinlərin istifadəsinə verilir. Gilançay kəndində istifadəyə verilən yeni sosial obyektlər içərisində məktəb xüsusi yer tutur. Çünki məktəb tikintisi ölkənin gələcəyinə xidmət edir. Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyevin “Məktəblərdə gənclər nə qədər yaxşı, hərtərəfli hazırlansalar, müstəqil Azərbaycanın gələcəyi də bir o qədər parlaq və müvəffəqiyyətli olacaqdır”, - fikrini xatırladaraq deyib: Məktəbdə ölkənin gələcəyi hazırlanır. Ona görə də məktəblərdə hərtərəfli şərait yaradılmalı, müəllimlərə qayğı göstərilməlidir. Bu gün ölkəmizdə bu tədbirlər uğurla həyata keçirilir, müasir məktəb binaları tikilir, şagirdlər üçün hərtərəfli tədris şəraiti yaradılır, müəllim əməyinə yüksək qiymət verilir. Çünki gələcəyimizi hazırlayanlar müəllimlərdir. Məktəbin pedaqoji kollektivi yaradılan şəraitdən düzgün istifadə etməli, təhsilli, vətənpərvər və geniş dünyagörüşlü gənclər hazırlamalıdırlar. Hər bir gənc orta məktəbi bitirdikdən sonra mütləq bir peşə sahibi olmalıdır. Ümumtəhsil məktəblərində bu tədbirləri həyata keçirməklə ölkəmizin gələcəyi üçün yaxşı əsas yaratmış oluruq. Qeyd olunub ki, Gilançay kənd tam orta məktəbinin nailiyyətləri vardır. Bu da onu deməyə əsas verir ki, məktəbdə müəllim-şagird münasibətləri düzgün qurulub. Ən əsası isə tələbkarlıq vardır. Ötən tədris ilində məktəbin məzunlarının ali məktəblərə qəbul olunması, onların arasında yüksək bal toplayanların olması məktəbdəki müəllim-şagird münasibətlərinin göstəricisidir. Qazanılan nailiyyətlərə görə məktəbin kollektivinə təşəkkür edən Ali Məclisin Sədri Gilançay məktəbində bundan sonra da təhsilli və vətənpərvər gənclər yetişdiriləcəyinə əminliyini bildirib, məktəb binasının istifadəyə verilməsi münasibətilə müəllim və şagirdləri təbrik edib. Sonra Ali Məclisin Sədri Ordubad rayonunun ümumtəhsil məktəblərində əla qiymətlərlə oxuyan şagirdlərə kompüter dəsti hədiyyə edib, açılışı bildirən lenti kəsib. Məlumat verilib ki, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan məktəb binasında 3-ü elektron lövhəli olmaqla 12 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter və müəllimlər otağı, kitabxana, bufet və idman zalı vardır. Məktəbin kompüter otağındakı kompüterlər internetə qoşulub, kitabxanada 2095 kitab şagirdlərin istifadəsinə verilib. Kimya-biologiya və fizika laboratoriyaları müasir əyani vasitələrlə təchiz edilib, fizika laboratoriyasında elektron lövhə quraşdırılıb. Şagirdlər laboratoriyaların imkanlarından istifadə edərək dərsləri dərindən mənimsəyəcək, bilik və təcrübələrini artıracaqlar. Qeyd olunub ki, bu il Naxçıvan şəhərində keçirilən təhsil yarmarkasında fiziki tərbiyə, biologiya, informatika və ibtidai sinif fənləri üzrə 4 müəllim Gilançay kənd tam orta məktəbinə təyinat alıb. Muxtar respublikada məktəb-muzey əlaqələrinin genişləndirilməsi tədbirləri çərçivəsində distant tədrisin təşkili mühüm yer tutur. Məktəb kollektivləri tədris şəbəkəsinə qoşularaq muzeylərə virtual səyahət edir, şagirdlərə ətraflı məlumat verilir. Məktəbin elektron lövhəli sinfində Dövlət Bayrağı Muzeyi ilə muxtar respublikanın 205 ümumtəhsil məktəbi arasında keçirilən virtual dərs izlənilib. Məktəbdə idman dərslərinin təşkilinə də ciddi diqqət yetirilir. Geniş idman zalı və məktəbin həyətində quraşdırılan açıq idman qurğuları gənclərin müxtəlif idman növləri ilə məşğul olmalarına imkan verəcəkdir. Hərbi kabinəyə baxış zamanı gənclərin hərb sənətinə marağının artırılması və onların hərbi-vətənpərvərlik tərbiyəsinin təşkili ilə bağlı tapşırıqlar verilib. Müəllimlərlə görüşən Ali Məclisin Sədri deyib ki, məktəbdə şagirdlərə yaxşı təhsil verilməsi üçün bütün şərait yaradılıb. Tədris şəraitinin yaxşılaşdırılması ilə yanaşı, müvafiq ixtisaslar üzrə müəllimlərin olması da dərslərin keyfiyyətli tədrisinə imkan verəcəkdir. Bu işdə müəllim tələbkarlığı və şagird çalışqanlığı əsas götürülməlidir. Müəllim və şagirdlərin qarşılıqlı səyləri nəticəsində nailiyyətlər daha da artırılmalıdır. Müəllimlərdən Fazil Həsənov yaradılan şəraitə görə minnətdarlıq edərək deyib ki, bu gün Azərbaycan gəncliyinin qarşısında yaxşı təhsil almaq və əsl vətəndaş kimi böyümək, müəllim kollektivinin qarşısında isə gənclərin hərtərəfli yetişməsi və vətənpərvər ruhda tərbiyə olunması kimi mühüm bir vəzifə durur. Pedaqoji kollektiv üzərinə düşən bu vəzifələri dərindən dərk edir, məktəbdə təhsilin səviyyəsinin yüksəldilməsi istiqamətində səylə çalışırlar. Məktəbin həyətində də geniş abadlıq işləri görülüb, ətrafda meyvə bağı salınıb. Kənddə dövlət qurumları üçün müasir iş şəraiti yaradılıb Noyabrın 23-də Gilançayda Kənd Mərkəzi istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kənd Mərkəzinin açılışını edib, binada yaradılan şəraitlə maraqlanıb. Məlumat verilib ki, Kənd Mərkəzində rabitə evi, feldşer-mama, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, mədəniyyət evi və 50 yerlik iclas zalı vardır. Baytarlıq məntəqəsi üçün ayrılan otaqlarda dərman vasitələri və soyuducu qoyulub. Birinci mərtəbədə yerləşən kənd kitabxanasının fondunda 4 min 500-ə yaxın kitab vardır. Ali Məclisin Sədri kitabxanaya oxucu cəlbinin vacibliyini qeyd edib, görkəmli alim və ədiblərin yaradıcılığı ilə bağlı müxtəlif tədbirlərin keçirilməsini tapşırıb. Rabitə evində 384 nömrə tutumlu ATS quraşdırılıb, poçt şöbəsi istifadəyə verilib. Kəndə fiber-optik kabel xəttinin çəkilməsi sürətli internetə çıxış imkanı yaradıb. Poçt şöbəsində elektron ödəmələrin aparılması və bank xidmətinin göstərilməsi təmin edilib. Binada feldşer-mama məntəqəsi üçün 3 iş otağı ayrılıb. Məntəqə dərman preparatları, ilkin tibbi yardım və peyvənd çantaları ilə təmin olunub. Ali Məclisin Sədri yaradılan şəraitdən istifadə edərək insanlara lazımi tibbi xidmət göstərilməsinin vacibliyini vurğulayıb, bununla bağlı müvafiq tapşırıqlar verib. Binada fərdi qazanxana quraşdırılıb, həyətdə abadlıq işləri aparılıb, ağac və gül kolları əkilib. Xidmət mərkəzi istifadəyə verilib Gilançay kəndində aparılan kompleks quruculuq işləri məişət və ticarət xidmətlərinin də günün tələbinə uyğun təşkilini təmin edib. Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Gilançay kəndində xidmət mərkəzinin açılışını edib. Xidmət mərkəzində bərbərxana və ərzaq-sənaye malları mağazası fəaliyyət göstərir. Mağazada ərzaq məhsullarının, gündəlik tələbat və təsərrüfat mallarının satışı təşkil olunub, 2 nəfər işlə təmin edilib. Xidmət mərkəzi ilə tanışlıqdan sonra sakinlərlə görüş olub. Ali Məclisin Sədri deyib ki, Gilançay kəndində görülən işlər dövlətimizin vətəndaşlarına göstərdiyi qayğının nümunəsidir. Kənd və şəhər olmasından asılı olmayaraq, hər bir yaşayış məntəqəsində, ilk növbədə insanların rahat yaşaması üçün şərait yaradılmalıdır. Muxtar respublikanın kəndlərində görülən işlər bu məqsədə xidmət edir. Kəndlərdə geniş quruculuq işləri aparılmaqla yanaşı, yeni texnologiyalar da tətbiq olunur, sürətli internetdən istifadə imkanları yaradılır, elektron ödəmələr aparılır, əhaliyə müasir poçt xidməti göstərilir. Bütün bunlar da kəndlə şəhər arasındakı fərqin azalmasına xidmət edir. Gilançay kəndində də bu tədbirlər görülüb, daimi qaz, elektrik və su təchizatı yaradılıb, kənd yolları abadlaşdırılıb. Həyata keçirilən tədbirlər sakinlərin rahat yaşamasına, kənddə məskunlaşmanın artmasına imkan verəcəkdir. Kənd sakini Habil Hacıyev minnətdarlıq edərək deyib ki, ulu öndərimiz Heydər Əliyevin yolunun davam etdirilməsi şəhər və kəndlərimizi abadlığa, tərəqqiyə qovuşdurub. Ölkəmiz günbəgün güclənir. Ordubad rayonunda da bu işlər uğurla həyata keçirilir, rayonun kəndlərində hər cür şərait yaradılır. Vaxtilə Gilançay kəndinə gəlmək, burada yaşamaq çox çətin idi. Lakin bu gün hər sahədə dövlət qayğımıza qalır, rahat yaşayırıq, təsərrüfatla məşğul oluruq. İnsanı yaşadan göstərilən diqqət və qayğıdır. Bu gün kənddə müasir sosial obyektlərin istifadəyə verilməsi sakinlər üçün əvəzsiz hədiyyədir. Kəndimizdə qaz da, elektrik də, rabitə xidməti də daimidir. Yollarımız abaddır. Sakinlər öz yurd-yuvasına möhkəm bağlanıb. Çünki yaşayış üçün bütün şərait var. Artıq uşaqlarımız rahat məktəblərdə oxuyacaq, insanlarımıza müasir binalarda xidmət göstəriləcəkdir. Biz sakinlər ölkəmizin, doğma Naxçıvanımızın bu inkişaf yolunu dəstəkləyirik. * * * Kənddə aparılan abadlıq-quruculuq tədbirləri çərçivəsində 350 metr fiber-optik, 1225 metr rabitə və 500 metr yeni elektrik xətləri çəkilib. Kəndin təbii qaz təchizatı da yaxşılaşdırılıb, 827 metr qaz xətti çəkilib. Gülüstan türbəsi bərpa olunur Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Gülüstan türbəsinin bərpası və tədqiq olunması haqqında” 2015-ci il 7 oktyabr tarixli Sərəncamına uyğun olaraq Culfa rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən dünya əhəmiyyətli Gülüstan türbəsində bərpa işləri aparılır. Noyabrın 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Gülüstan türbəsində bərpa işlərinin gedişi ilə maraqlanıb. Məlumat verilib ki, on ikinci əsr Azərbaycan xatirə memarlığının ən dəyərli nümunələrindən olan və qülləvari türbələr qrupuna daxil edilən abidə sərdabə, gövdə və üst piramidal örtükdən ibarətdir. Abidənin sərdabəsi yerüstü hissədə yerləşir. Türbənin səthi oyma həndəsi ornamentlərlə və dekorativ tağlarla çərçivələnib. Türbədə bərpa işlərinin elmi əsaslarla aparılması məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin əməkdaşlarından ibarət “Gülüstan türbəsi” tədqiqat qrupu yaradılıb. Hazırda bərpa işləri elmi əsaslarla aparılır, Əcəmi Naxçıvani memarlıq məktəbinin yadigarı olan abidənin tarixi görkəmi olduğu kimi qorunub saxlanılır. Bu günədək türbənin fasadı və üst örtüyü bərpa olunub. Ali Məclisin Sədri Gülüstan türbəsində bərpa işlərinin davam etdirilməsi, abidənin ətrafının abadlaşdırılması və ziyarətçilər üçün şəraitin yaradılması barədə tapşırıqlar verib.