Dəyərli və güclü qadın! Güclü olduğu qədər zəif, eyni anda zərif. Hər işin öhdəsindən asanlıqla gələn bacarıqlı, bütün çətinlikləri öz zərif vücuduyla aşan, ancaq kənar zərbədən deyil, içindən yıxılan varlıqdır Qadın. Müqəddəs “Ana” adını şərəf və ləyaqətlə daşıyan, cənnəti öz ayaqları altına alan Qadın. Adəmin qabırğasından yaranan, Məhəmməd peyğəmbəri dünyaya gətirən, yer üzündə ən incə yaradılışdır Qadın.
Qadın! Bu bir kəlmənin içərisində nə qədər dərin hikmət var. Haqqında kitablar yazılacaq, mahnılar qoşulacaq, şəninə abidələr yaradılacaq..... Qadın! Onun haqqında danışmaq insanı dərin düşüncələrə vadar edir. Allah qadını yaradan zaman ona bəxş etdiyi gözəllikləri, gücü, iradəni, düşüncəni xüsusi seçərək yaratmışdı sanki. Fədakarlığı ilə kişilərdən seçiləndir Qadın! Saçlarına illərin vaxtsız dəni düşən, bəzən dərdini gülərək yola verən, bəzən üsyan edən, ancaq əyilməz varlıqdır Qadın!
Qadın həyatda ən dəyərli, ən qiymətli adları daşıyır. O, həm ana, bacı, həyat yoldaşı, eyni anda hər kəsin ümid bilib üz tutduğu şəxsiyyətdir. Ona dünyada ən gözəl titul “Ana” adı verilib. Bu qiymətli ada layiq olan, yorulmadan usanmadan övladı üçün hər şeyi edən, hər acıya dözüb övladını xoşbəxt etməyə, onun üzünü güldürməyə çalışan insandır Qadın. Hətta lazım gəlsə belə övladına canını fəda edən varlıqdır Qadın!
Həyatda bəzən ailəsinin bütün yükünü zərif çiyinlərində çəksə də, bəzən isə bu ağırlığı tək daşımalı olsa belə çətinliklərin qarşısında əyilmir, usanmır. Etdiyi hərəkətləri ölçüb-biçən, özündən əvvəl övladlarını, ailəsini düşünən, ilk olaraq anadır Qadın!
Qadın həm də çox güclü, hər acıya dözməyi bacaran, qəlbi inciyən zaman belə öz acısını elə öz içində gizlətməyə çalışan, kədərini öz gülüşü ilə ört-basdır edən iradəli varlıqdır. Bəzən haqsızlıq qarşısında boyun əyməyən, öz vüqarını və qürurunu sındırmayan, əzdirməyən yaradılışdır Qadın!
Müqəddəs ana, müqəddəs varlıq, cənnətin açarı, üzərimizdəki bizi qoruyan duanın sahibidir. Çox güclü həmçinin zərif olmasına baxmayaraq həyatda çox çətinliklərin yükünü daşıyır. Bəzən çəkindiyi məqamlar, təzyiqlər onun gözündən axan damlalarda öz əksini tapır. Ancaq düşünürəm ki, qadının gözündən axan hər damlanın dəyəri bir insan ömrünə yetməyəcək qədər dəyərlidir.
Deyirlər ki, anasını itirənə “yetim”, atasını itirənə “öksüz” adı verirlər. Ancaq balasını itirənə isə ad vermək olmaz. Ad belə verə bilməyəcəyimiz bu acıya ömür boyu dözən anadır Qadın! Ölənə kimi göz yaşı qurumayan, gizli-gizli ağlayan, dərdini tək Allaha danışan, əli dua üçün göydən enməyən mömindir Qadın. Hər dərdi götürə biləcək ürəyə, hər acını çəkə biləcək gücə sahibdir Qadın.
Həyatda hər şeyi tək bacaran, hər şeyin öhdəsindən gələn, yıxıldığı zaman qalxmasını yaxşı bilən, hər problemdən ötrü heç kəsə ağız açmayan, ən güclü, iradəli, qürurlu varlıqdır Qadın!
Şəfa Səfərova,
NDU, Jurnalistika II kurs tələbəsi