15 aprel 2022 23:15
57865

Qarabağda törədilən vandalizm bəşər mədəniyyətinə vurulmuş böyük zərbədir

Qarabağ Azərbaycanın və dünyanın qədim yaşayış məskənlərindən biri, tarixi, coğrafiyası, tarixi-mədəni abidələri, ədəbiyyatı, mədəniyyəti və incəsənəti ilə zəngin bir ərazidir. Belə koloritli səciyyəyə malik Qarabağ bölgəsi dünyanın bir sıra alimləri tərəfindən də maraqla qəbul edilir. Qarabağın tarixi-mədəni irsi əslində türk dünyası üçün əvəzsiz xəzinədir. Bu irs türk kökənli xalqlara xas özəllikləri ilə seçilir. Zəngin xəzinənin beşiyi olan Qarabağ mənfur qonşumuz ermənilər tərəfindən məhvi və mənimsənilməsi ümumilikdə Türk mədəniyyəti və tarixinə, o cümlədən, bəşər mədəniyyətinə vurulmuş böyük bir zərbədir.

Ermənistanın 30 illik işğalı dövründə Azərbaycan əraziləri vandalizmə məruz qalmış, həmin torpaqlarda misli görünməmiş cinayətlər törədilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən abidələrdən hərbi məqsədlər üçün istifadə yol verilməzdir. Lakin torpaqlarımızın işğalda olan dönəmində Ermənistan öz ərazilərimizdə çoxsaylı hərbi cinayətlər həyata keçirmiş, xüsusilə də tarixi abidələrimizi tamamilə viran qoymuşlar. Uzun illər davam etmiş işğal zamanı Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan xalqına məxsus daşınmaz tarix və mədəniyyət abidələri dağıdılıb, mənimsənilib, tarixi-mədəni təyinatına uyğun olmayan şəkildə istifadə olunaraq vandalizmə məruz qalıb. Erməni silahlı qüvvələri tərəfindən ən çox dağıdılan daşınmaz mədəni irs nümunələri İslam dini abidələri – məscidlər, türbələr və digər inanc yerləri olub. Ermənilər məscidlərin içərisində ev heyvanları (donuz) saxlamaqla azərbaycanlılara qarşı öz nifrətlərini ortaya qoyublar. İşğaldan azad olunmuş ərazilərdə yerləşən mədəni irsə, o cümlədən xüsusi əhəmiyyətə malik unikal abidələrə bu cür barbarcasına münasibət dünya irsinə qarşı yönəlmiş təhdid kimi dəyərləndirilməlidir. Bütün bunlara baxmayaraq Azərbaycan hər zaman Ermənistanın törətdiyi cinayətlər haqqında müvafiq beynəlxalq təşkilatları məlumatlandırır, bu istiqamətdə sistemli şəkildə tədbirlərin görülməsini davam etdirir.

Ölkə başçısı cənab Prezident İlham Əliyev çıxışları zamanı, o cümlədən, xarici KİV-lərə müsahibələrində bu barədə ətraflı məlumatlar verir. Həmçinin birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondu bu istiqamətdə önəmli layihələr həyata keçirir. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun rəşadəti sayəsində 2020-ci ildə torpaqlarımız işğaldan azad olundu. Ölkə başçısı Ağdama səfərində bildirmişdir ki, “Əgər biz münaqişənin həlli üçün lazımi hüquqi baza yaratmasaydıq, bu gün problemlərlə üzləşə bilərdik. Biz bütün beynəlxalq təşkilatlarda ədaləti, beynəlxalq hüququ tanıyan, əks etdirən qərar və qətnamələr qəbul etdirdik. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini 1993-cü ildə qəbul edilmişdir. Amma ondan sonra biz BMT Baş Assambleyasının qətnamələrini, İslam Əməkdaşlıq Təşkilatının qətnamələrini, Qoşulmama Hərəkatının, Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının qərar, qətnamələrini qəbul etdirərək münaqişənin həlli üçün çox möhkəm hüquqi baza yaratdıq”. 2003-cü ildən bu günə qədər bütün bu lazımi addımlar atıldı və biz siyasi müstəvidə qələbə qazandıq. Müharibədən sonra prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva azad edilmiş Xudafərin körpüsünə gələrək buranı ziyarət edərkən Azərbaycanın öz mədəniyyət abidələrinə sahib çıxmasını, milli-mənəvi dəyərlərə sadiq qalmasını dünyaya nümayiş etdirdi. Daha sonra Ağdama səfər çərçivəsində Şahbulaq qalasını, Qiyaslı məscidini, Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksini, o cümlədən Ağdam məscidini ziyarət etmişlər. Bu zaman birinci vitse-prezident Mehriban xanım Əliyeva demişdir ki, “Bir zamanlar ermənilərin vəhşicəsinə dağıtdığı, tövləyə çevirdiyi müqəddəs dini məkanlarımız yenidən dirçələcək və bütün Qarabağ ərazisindəki məscidlərimizdə azan səsləri eşidiləcək, dualar oxunacaqdır!”. Beynəlxalq mətbuat və nüfuzlu təşkilat təmsilçilərinin işğaldan azad edilmiş Qarabağa səfərlərinin təşkil edilməsində məqsəd ermənilərin 30 illik cinayətlərini dünyaya çatdırmaq, torpaqlarımızın turizm məkanı kimi əvəzolunmazlığını mətbuatda işıqlandırmaqdır. 

Xocavəndin Edilli kəndində olan 12 ölkənin 26 jurnalisti aşkar edilmiş məzarlıqda olarkən gördüklərindən və eşitdiklərindən dəhşətə gəlmişlər. Xarici jurnalistlər Xocavənddə olarkən Ermənistanın azərbaycanlılara qarşı yürütdüyü barbarlığının, soyqırımının şahidi oldular. Onlar birinci Qarabağ müharibəsində azərbaycanlıların kütləvi basdırıldığı məzarlıqda olmaqla erməni vəhşiliyini gözləri ilə görmüş oldular.  Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Bir zamanlar qaynar həyatın olduğu, əməksevər insanların qurub-yaratdıqları abad şəhərdən əsər-əlamət qalmayıb. Erməni işğalçıları Ağdamın ağ damlarını xarabalığa çeviriblər, şəhəri darmadağın ediblər. Ən vəhşi mənzərə Zəngilanda, Cəbrayılda, Füzulidə və Ağdamda məscidlərimizin, qəbiristanlıqlarımızın darmadığın edilməsidir. Ağdam Dram Teatrının fasadı və içində donuzların saxlanıldığı iki məsciddən başqa şəhərdə heç nə qalmayıb. Məscidləri təhqir ediblər, qəbiristanlıqda məzar daşlarını dağıtmışlar, bir çoxunu isə qazaraq sümüklərini çıxarmışlar. Əsası 8-ci əsrdə qoyulan “Qafqazın Xirosiması” adlandırılan Ağdam şəhəri indi hal-hazırda ruhlar şəhərini xatırladır. Zəngilanın çox zəngin təbiəti, nadir meşələri var idi. Düşmən bütün ağacları qıraraq məhv edib. Bütün dünya bu mənzərəni duymalı və görməlidir.

Bu günə qədər bizə qarşı qətnamələr qəbul edən beynəlxalq təşkilatlar baxaraq gözlərini açsınlar. Eyni vəziyyət Kəlbəcərdə də yaşanmışdır. Burada da ağacları qırmış, hətta meşələri yandırmışlar. Şuşaya səfər edən hər bir kəs orada da ermənilərin vəhşiliyinə məruz qalmış müxtəlif binalar, ədiblərimizin ev muzeyləri, büstləri gülləbaran edilmişdir. 12 aprel 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir. Bu müşavirə təkcə ilin ilk üç ayının deyil, həmçinin postmüharibə dövrünün illik hesabatı idi. Azərbaycanın nüfuzu və gücü sayəsində artıq yeni reallıqlar bütün dünya tərəfindən qəbul edilir. Məhz buna görə də cənab Prezident İlham Əliyev beynəlxalq təşkilat olan BMT-nin davranışlarına diqqət çəkmiş, onun Şuşada keçirdiyi tədbiri yüksək qiymətləndirmişdir. Biz heç vaxt erməni vəhşiliyini və işğalı unutmamalıyıq. Hətta onu da unutmamalıyıq ki, bu gün Azərbaycan güclü ölkədir. 1990-cı illərin əvvəllərindən azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasətini, Xocalı soyqırımını unutmamalıyıq. Həkəri çayı - ən böyük çaylardan biridir və biz ondan istifadə edə bilmirdik.

Ölkə başçısı İlham Əliyev müşavirədə çıxış edərək bildirdi ki, “Lev çay, Zabux, Tutqun, Bəsitçay, Quruçay, Qarqarçay, Köndələnçay, Oxçuçayı ermənilər tərəfindən işğal olunmuş, vəhşicəsinə istismar etmişlər. Oxçuçay çayının fəlakəti indi dünyanın gözü qabağındadır. Oxçuçayı zibilləyən, zəhərləyən “Cronimet” şirkətidir. Bu, böyük şirkətdir və bəzi xarici mətbu orqanlarında gedən məlumatlara əsasən, korrupsiya sxemləri əsasında Serjik Sarkisyanın keçmiş xunta rejiminin nümayəndələri ilə bunların qanunsuz biznes əlaqələri olub və onlar birlikdə orada mis kombinatını işlədiblər”. Müharibə cinayəti bir daha onu sübut edir ki, Ermənistan təcavüzkar dövlətdir və beynəlxalq hüquqa hörmət etmir. Bu cinayətlərə görə məsuliyyəti Ermənistanın hərbi-siyasi hakimiyyəti daşıyır. Həm dünya, həm də beynəlxalq ictimaiyyət bu əməllərin cəzasız qalmasına imkan yaratmamalı və Azərbaycana dəstək nümayiş etdirməlidirlər.

Nigar İmaməliyeva,
AMEA Folklor İnstitutu YAP Yasamal ərazi partiya təşkilatının sədr müavini