Heç bilirdinizmi ki, insanın səhhətində olan bəzi pozulmaları və xəstəlikləri məhz onun əllərinə baxıb təyin etmək mümkündür.
Belə ki, əgər insanın əlləri hətta isti havada soyuq olur, soyuq havada isə ağarır və keyiyirsə, bu, insanda olan periferik qan dövranı pozulmasından xəbər verə bilər. Bəzi insanların əllərinin üşüməsinin əsas səbəbi qan azlığı kimi tanınan anemiya xəstəliyidir. Bu xəstəliyə əsasən qadınlar arasında daha çox rast gəlinir. Bunun səbəbi yetərsiz qidalanma, ağır pəhriz və həddindən artıq qan itirmə və ya həzm sistemindəki problemlər ola bilər.
Müalicə edilməsə üşümə ilə başlayan halsızlığı xroniki yorğunluq müşayiət edəcək. Nəticədə insan həyatının keyfiyyəti aşağı düşəcək.
Qeyd etmək lazımdır ki, qadın orqanizminin kişilərdən maraqlı fərqi var: birincilərin əllərində və ayaqlarında qan dövranı həqiqətən də zəifdir. Əvəzində bütün vacib orqanlarda qan dövranı normaldır.
Hətta bu yaxınlarda bu məsələ ilə bağlı Yuta Universitetində çox maraqlı araşdırma həyata keçirilib. Alimlər qadınların bədən və əllərinin temperaturunda 2,8 C fərq əldə ediblə. Həmçinin nəzarətdə saxlanılmayan diabet əllərin və ayaqların üşüməsinə səbəb ola bilər. Şəkərli diabet zamanı qan dövranının pozulması ətrafların daim üşüməsinə səbəb olur.
İnsanın əllərinin daim nəm olması ürək xəstəlikləri və qalxanvari vəzidə olan pozulmalardan (qalxanvari vəzin hiperfunksiyası) xəbər verə bilər.
Barmaq uclarında olan ləkələr ürək-damar xəstəliklərinin əlamətlərindəndir. Baş barmaqların keyiməsi isə tənəffüs sistemində yaranan problemlərdən xəbər verir. Əgər barmaqların uclarında dərin qırışlar yaranıbsa, bu zaman qanda olan şəkər miqdarını ölçdürün. Çünki bu əlamət əsasən şəkərli diabet zamanı meydana çıxır.
Barmaq ucları qırmızı rəngdədirsə deməli həzm sistemində, tünd qırmızı və ya açıq bənövşəyi rənglidirsə o zaman qaraciyər və ya böyrəklərdə problem yaranıb. Sağ əlin işarə barmağının yan tərəfində olan səpkilər yoğun bağırsağın düzgün işləmədiyindən xəbər verir.
Daim nəm və isti əllər qalxanvari vəzi funksiyasının artması (hormonlar lazım olandan artıq miqdarda ifraz olunur), daim quru və soyuq əllər isə qalxanvari vəzin funksiyasının azalmasının (hormonlar lazım olandan az miqdarda ifraz olunur) əlaməti ola bilər.
Bəzən yaşlı insanların əllərinin qeyri-ixtiyari əsdiyini müşahidə edirik.
Bu, bəzən cavan insanlarda da müşahidə edilir. Amerikalı mütəxəssislər bunun təsadüfi və ya yaşla əlaqəli deyil, məhz "Parkinson" xəstəliyinin simptomu olduğunu düşünürlər. Heç bir səbəb olmadan yarana bilən xəstəlik bir çox ağır fəsadlara yol aça bilər. Həkimlər bildirirlər ki, əllərin əsməsi insan fiziologiyası üçün nisbətən normal hesab edilir. Lakin bu, kənardan qətiyyən hiss olunmadığı müddətdə normal hesab edilir.
Belə ki, normal istirahət etmədən, yuxu rejimini pozan şəxslərdə səhər saatlarında halsızlıq və əllərdə titrəmə ola bilir. Bəzən bunu yuxudan "kal" durmaqla əlaqələndirib üzərində dayanmırlar. Lakin bu, heç də belə deyil. Xüsusən çay, qəhvə hazırlayan, tərəvəz doğrayan zaman hiss olunur. Məsələn, stəkan tutanda əllərinizin sabit dayanmadığını müşahidə edirsizsə həkimə müraciət edin.
Bəzən axşam yatmazdan əvvəl əllərin titrəməsi ola bilir. İnsanlar bunu əsəblə əlaqələndirərək kofe və digər tərkibində yüksək miqdarda kofein olan içkilər içərək sakitləşdirməyə çalışırlar. Həkimlər həddən artıq kofeinli içki qəbulunun da əllərdə titrəməni sürətləndirdiyini iddia edir. Normalda insan orqanizminin sutkalıq kofein qəbulu çox olmamalıdır.
Stress, həyəcan özü də psixoloji təsir edərək əsmə yarada bilir. Bundan başqa, qəbul edilən bəzi hormonal dərman preparatları, depressiya əleyhinə qəbul edilən dərmanlar da əllərin əsməsinə səbəb ola bilər.
Həkimlər yaş faktorunu nəzərə alaraq bu cür xəstəliklərin əsasən 50-60 yaş arası şəxslərdə daha çox rast gəlindiyini deyirlər.
Parkinson titrəməsi bəzən əllərin hərəkətsiz vəziyyətində də güclü titrəmə ilə müşahidə edilə bilir. Zamanla bu xəstəliyin fəsadları orqanizmin digər bölgələrinə də təsir göstərə bilər. Belə xəstələr daim fikirli və kədərli görünürlər. Emosionallıqları nisbətən azalır.
Əgər insan səhər yuxudan oyandıqdan və ya uzun müddət ərzində oturaq vəziyyətdə (məsələn, kitab oxuduqda və s.) olduqdan sonra barmaqlarında keyimə hiss edirsə, bu, boyun osteoxondrozun əlaməti ola bilər.
Bilək nahiyəsində olan ağrılar və keyimə tez-tez kompyuterdə işləyən insanlarda müşahidə olunur.
Əllərdə qaşıntı dermatoloqa tez-tez müraciət edilən şikayətlərdən biridir. Əllərin qaşıntısı bir çox səbəblərdən yarana bilər. Bunlardan ən önəmli səbəb əllərdə quruluq problemidir. Əlin quru olması qaşıntının birbaşa səbəbi ola bilər. Dərini qurudan səbəblər isə əl dərisi ilə təmasda olan allergenlərə bağlıdır. Məsələn, istifadə edilən sabunların aşağı keyfiyyətdə olması dərinin zədələnməsinə səbəb ola bilər.
Psixoemosional stress faktoru da əllərin qaşınmasına səbəb ola bilər. Belə xəstələrdə əllərin üst hissəsində və lokalizə qaşıntılar yaranır.
Əllərdə qaşıntı peşə xəstəliyi ilə də əlaqəli ola bilər. Bəzi peşə sahiblərinin daima əlləri müxtəlif allergenlərlə təmasda olduğu üçün əldə qızartı və qaşıntı problemləri yarana bilər. Məsələn, rəssamların əlləri daima sulu və yağlı boyalarla təmasda olduğu üçün əl dərisi qaşıntılı və qızartılı vəziyyətə gələ bilər.
Bəzən dəridə qaşıntı və qızartı problemi əllərdən bədənin digər yerlərinə də keçə bilər. Ümumiyyətlə, allergik dəri xəstəlikləri olan insanlarda əllərdə qaşıntı şikayəti tez-tez rast gəlinir.
İnsanın ovucları qeyri-təbii qırmızı rəngdə olduqda, bu, qara ciyərin toksiki zədələnməsinin (hepatit, hepatoz) əlaməti ola bilər.
Ovucların dərisi sarımtıl olduqda, bu, öd kisəsi və qara ciyərdə olan pozulmaların , məsələn hepatin əlaməti ola bilər.
Əl barmaqlarının ödemləşməsi və şişməsi, poliartrit xəstəliyinin əlaməti ola bilər. Onda mütləq revmatoloqa müraciət etməyiniz məsləhətdir.
Samirə Tağıyeva, “İki sahil”