22 aprel 2022 14:28
933

Azərbaycan dilinə dövlət dili statusu verilməsi Ümummilli Liderin tarixi xidmətlərindən biridir

Əsrlər boyu ayrı-ayrı istiqamətlərdən xalqımıza təsirlər olmuşdur. Mədəniyyətimizin və elmimizin inkişafına da bu təsirlər olub. Xalqımızın dahi simaları Azərbaycan dilini, milli şüuru və milli məfkurəni daim yaşatmışlar. Azərbaycan dilinin Azərbaycanda hakim olması formal surətdə dövlət dili elan olunması yox, hər yerdə tətbiq edilməsi, inkişaf etməsi böyük səylərin nəticəsidir və təəssüflər olsun ki, çox zaman güclü müqavimətlərlə də rastlaşmışdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi bizim ən böyük nailiyyətlərimizdən biridir. Millətin milliliyini təsdiq edən ən başlıca amil onun dilidir. Azərbaycan dili olmasa ədəbiyyat olmaz, musiqi olmaz, mahnılar olmaz.

Ümummilli lider Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi ilk vaxtlardan ana dilinə böyük qayğı və diqqət göstərmişdir. 1978-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olaraq ayrıca maddənin daxil edilməsində çox ciddi səyləri və müstəsna rolu olmuşdur. Ölkəmiz 1991-ci ildə dövlət müstəqilliyinin bərpasına nail olduqdan sonra Azərbaycan dili öz inkişafının yeni mərhələsinə qədəm qoyaraq dövlət dili statusu qazanmışdır. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikasının Konstitusiyasına “Dövlət dili” adlanan 21-ci maddə daxil edildi. Həmin maddədə qeyd olunur:

Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.

Azərbaycan Respublikası əhalisinin danışdığı başqa dillərin sərbəst işlədilməsi və inkişafını təmin edir.

İkinci bənddən aydın görünür ki, Azərbaycan Respublikasında yaşayan və müxtəlif dillərdə danışan digər xalqların və etnik qrupların milli dillərinin sərbəst işlədilməsinə və inkişafına da dövlət tərəfindən tam təminat verilir. Ana dilini ürəkdən sevən Ümummilli lider Heydər Əliyev ömrünün sonuna qədər bütün çıxışlarında xalq dilindən gəlmə deyimlərdən, rəngarəng ifadə vasitələrindən uğurla istifadə etmiş, jest və mimikaları ilə nitqinin auditoriyaya, bütövlükdə xalqa təsir gücünün artmasına nail olmuşdur.

Dahi lider Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” tarixi Fərmanı müstəqil Azərbaycan dövlətinin dil siyasətinin mərkəzində dayanırdı. Fərmanda həm dilimizin tarixi ilə bağlı məqamlara aydınlıq gətirilir, həm də onun keçdiyi inkişaf yolları və mərhələlərinin yığcam təhlili verilir. Azərbaycan dilinin tətbiqi və inkişaf etdirilməsində, onun lazımi səviyyədə öyrənilməsində o cümlədən digər işlərə nəzarətin gücləndirilməsi üçün həmin Fərman əsasında Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır. Komissiyanın yaradılmasında məqsəd müxtəlif nazirlik, idarə və təşkilatlarda dövlət dilinin və latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi, ali təhsil müəssisələrində, orta məktəblərdə Azərbaycan dilinin tədrisinin yaxşılaşdırılması qarşıya bir vəzifə olaraq qoyulmuşdu. Heydər Əliyevin imzaladığı fərmandan irəli gələn bütün məsələlər öz müsbət həllini tapdı və bir sıra mühüm tədbirlər həyata keçirildi. Azərbaycan xalqının xilaskarı dahi lider ölkənin dövlət dili ilə bağlı aşağıdakı mühüm sənədlərə imza atmışdır:

9 avqust 2001-ci il tarixli “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərman;

30 sentyabr 2002-ci il tarixli “Azərbaycan Respublikasında Dövlət dili haqqında Azərbaycan Respublikasının Qanunu;

2 yanvar 2003-cü il tarixli “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Fərman

9 avqust 2001-ci il tarixli Fərman ilə hər il avqust ayında ölkədə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunması rəsmiləşdirildi. Bununla da dövlətin dil siyasətinin həyata keçirilməsi, ana dilinin nüfuz və statusunun qaldırılması üçün daha münbit şərait və güniş imkanlar yaranmağa başlanıldı.

30 sentyabr Dövlət dili haqqında Qanun Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsinin müstəqil dövlətçiliyin başlıca əlamətlərindən biridir. Qanun Azərbaycan dilinin dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli rolunu oynaması üçün Azərbaycan dövləti tərəfindən zəmin yaradır. Həmin qanunla dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, dövlət qurumlarının keçirdiyi bütün mərasim və tədbirlərin, eləcə də televiziya və radio yayımlarının dövlət dilində aparılmasının rəsmiləşdirilməsi olduqca mühüm əhəmiyyət daşıyır.

2 yanvar 2003-cü il tarixli Fərman isə Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsinin müstəqil dövlətçiliyin başlıca əlamətlərindən biri sayılır. Dövlət dilinin tətbiqi, qorunması və inkişafına hərtərəfli dövlət qayğısı göstərildiyi vurğulanır.

Dahi siyasətçi Heydər Əliyevin Azərbaycan dili haqqında dediyi kəlamlar atılan bütün addımların bariz nümunəsidir. O, deyirdi: “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz yaşayıb və zənginləşibdir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Çünki dil xalqın sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir. Lakin mədəniyyətin və elmin səviyyəsi yüksəldikcə, həyatın axarı sürətləndikcə dilin təkmilləşdirilməsinə, onun söz ehtiyatının zənginləşməsinə daha çox qayğı göstərmək lazımdır”.

Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət hazırda cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezidentin 12 yanvar 2004-cü il tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı da ictimai-tarixi əhəmiyyətinə görə uğurlu sənəd olaraq qiymətləndirilir. Bu da ölkə başçısının milli-mənəvi dəyərlərə, elmin və mədəniyyətin inkişafına böyük diqqət yetirdiyini bir daha sübut etmiş olur.   

Nigar İMAMƏLİYEVA,
AMEA Folklor İnstitutu YAP Yasamal rayonu ərazi partiya təşkilatının sədr müavini