22 aprel 2022 14:51
2842

Ana dilimiz varlığımızdır

Dünya əhalisinin demoqrafiyasinda onların milli tərkibinin böyük rolu vardır. Etnik birliyin əsas əlamətəri dil, ərazi, mədəniyyət, etnik şüurun ümumiliyidir. Hər bir xalqın milli-mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Hər bir dilin tarixi həmin dildə danışan xalqın tarixi ilə sıx bağlı olur. Azər­baycan dilinin tarixi də xalqımızın tarixi ilə əlaqədar olaraq onun kimi çox qədimdir. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dilimiz xalqın keçdiyi bütün tarixi mərhələdə onunla birgə olmuşdur.

“Bir xalqı yox etmək istəyirsənsə, ilk növbədə onun dilini məhv et” – tez tez eşitdiyimiz bu sözlərin həqiqət olduğunu tarix bizə göstərir.

Bu bir həqiqətdir ki, Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Sovet hakimiyyəti dövründə, xüsusən də 1920-1960-cı illərdə əhalisinin əksəriyyətinin azərbaycanlılardan ibarət olmasına baxmayaraq, respublikamızda Azərbaycan dili hakim bir dil deyildi. Ana dilimizin inkişaf etdirilməsi və zənginləşdirilməsi qeyri-mümkün idi və dövlət tərəfindən bu məqsədlə hər hansı bir iş də görülmürdü. 70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi.  SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. “Vahid dil” siyasəti daha geniş şəkildə təbliğ olunurdu. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq çox təhlükəli idi. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Çünki bunun nəticəsi Sibirə sürgün ola bilərdi. Bütün bunlara baxmayaraq, o zamanlar Azərbaycan Respublikasının rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə bildirmişdir. Ulu Öndər Heydər Əliyev SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Bu, əslində ana dilinin dövlət dili statusunu qorumaq məqsədi güdürdü. Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində müxtəlif vasitələrdən istifadə edirdi. Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərilməsi, milli dildə nəşr edilən kitabların tirajlarının çoxaldılması və digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədini daşıyırdı. Ana dilimizə göstərilən bu qayğı və dövlət başçımızın fədakarlığı nəticəsində xalqımızın milli ruhu getdikcə yüksəlir, özünə inam artır və müstəqillik düşüncələri daha da güclənirdi. Azərbaycan dilinin inkişafı isə daim diqqət mərkəzində saxlanılırdı. 1993-cü ildə yenidən siyasi hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev digər sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərimizin qorunması, adət-ənələrimizin, milliliyimizin inkişafı məsələsini diqqətdə saxladı. Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə xüsusi önəm yetirən dövlət başçısı ana dilimizi — Azərbaycan dilini özümüzə qaytardı. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər olundu və onların çox böyük əksəriyyəti ana dilimizin Azərbaycan dili adlandırılması təklifini dəstəklədi. Müzakirələrin nəticəsi olaraq 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Bununla da ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirildi. Bir-birinin ardınca fərmanlar imzalandı, qanunlar qəbul edildi. Bu gün Azərbaycan dili hərtərəfli inkişaf edir, diplomatiya aləminə yol açıb, dünyanın ən mötəbər tribunalarından eşidilir.

Ana dilimiz azərbaycan dilidir və bu dili vətənini, xalqını sevən hər bi azərbaycanlı  bilməlidir. Bununla paralel olaraq həm xaricə inteqrasiya etmək, həm də ölkə daxilindəki işlərimiz üçün müxtəlif xarici dilləri öyrənirik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı ardıcıl və uğurlu dövlət quruculuğu siyasətində ana dilinin qorunması və zənginləşdirilməsi məsələləri həmişə önəmli yer tutmuşdur. Bunu ölkə Prezidentinin Azərbaycan dili ilə bağlı silsilə sərəncam və fərmanları, eləcə də müxtəlif tədbirlərdəki çıxışları zamanı səsləndirdiyi qiymətli fikirlər sübut edir. Ölkə rəhbəri çıxışlarında  dilimizin saflığının pozulması ilə bağlı narahatlığı­nı da gizlətmir, o, bu vacib məsələni diqqətə çatdıraraq  Mədəniyyət Nazirliyinə bir vəzifə olaraq, digər aidiyyəti qurumlarla birlikdə Azərbaycan dilinin qorunması istiqamətində çox ciddi işlər aparılmasını tapşırıb. Prezident xüsusilə mətbuat orqanlarında, teleradio məkanında bəzi hallarda dilimizin saflığının pozulduğu­nu diqqətə çatdıraraq bildirmişdir ki, bu cür halların qarşısı alınmalıdır. Eyni zamanda dövlət başçısı dünyada 50 milyondan çox insanın ana dilinin Azərbaycan dili olduğunu vurğulayır və bu işin ciddiyətinə işarə edir.

Biz  bir azərbaycanlı olaraq istər Azərbaycanda yaşayaq, istərsə də ölkə xaricində, hər birimiz öz ana dilimizi bilməliyik. Xarici dillərdə təhsil alsaq da, ətrafımızda digər dillərdə ünsiyyət qurulsa da biz ana dilimizi unutmamalıyıq. Bununla paralel olaraq digər dilləri də bilmək bizə, dövlətimizə, cəmiyyətimizə yalnız fayda verə bilər.

Dilimizi qoruyaq və sevək! Bu, hər birimizin vətəndaşlıq borcudur!

Elnur İsmayılov,
YAP Yasamal rayon təşkilatının əməkdaşı