29 aprel 2022 00:45
1112

Mətbəximizin təbii yaz təamları

Yurdumuza qədəm qoyan yazın ilk günündən hər yerdə bir canlanma var. İndi süfrələrimizi təbii yaz yeməklərsiz təsəvvür etmək olmaz. Naxçıvan mətbəxində yazda müxtəlif göyərtilərdən hazırlanan çoxçeşidli, dadlı, vitaminlərlə zəngin təamlar üstünlük təşkil edir. Artıq yazın nubar pencərləri yığılıb istifadə olunur. Yarpız, qazayağı, bulaqotu, cacıq, çiriş, quşəppəyi, cincilim, çöl sarmaşığı, əvəlik, gicitkən, quzuqulağı və sair göyərtilərdən müxtəlif və dadına doyum olmayan yeməklər bişirilir.

Yazın xoş təravətli bu günlərində yolumuz rayonun Boyəhməd kəndinədir. Yolboyu keçdiyimiz kəndlərdə sakinlərin düzənlikdə, dağ-dərədə, çay kənarlarında yaz pencərlərini yığmaqla məşğul olduğunun şahidi oluruq.

Yaz günəşinin insanın canına can qatan şüaları altında təbiətin bizə bəxş etdiyi yaz pencərlərindən yığan sakinlərlə söhbətləşirik. Onlardan biri Ərəfsə kənd sakini, 60 yaşlı Rahilə Rzayevadır. Öyrənirik ki, Rahilə xanım uşaqlıqdan yaz pencərlərini yığmağı xoşlayır. Odur ki, o zamanlardan bu pencərləri həm yaxşı tanıyır, həm də mətbəxində onlardan müxtəlif dadlı-ləzzətli yeməklər bişirməyi bacarır. Müsahibim bizi bu pencərlərlə həm tanış edir, həm də bişirilmə qaydasından danışır. Yolboyu qarşımıza çıxan yaz pencərlərindən yığa-yığa söhbətləşdiyimiz Rahilə xanımın dediklərini sizlərə də təqdim edirik.

-İndi süfrələrimizi təbii yaz yeməkləri ilə bəzəməyin əsl vaxtıdır. Yazın gəlişi ilə kənd camaatı dağ-dərəyə üz tutub. Bərəkətli torpağımızda yaz pencərləri çoxdur. Yarpız, bulaqotu, gicitkən əsasən, çay və bulaq kənarlarından yığılan pencərlərdir. Qazayağı, cacıq, şomu, xıncılovuz, mərəçöyüd, çirişi isə dağ-düzənlikdən yığıb həm müxtəlif cür yeməklər hazırlayır, həm də qış üçün tədarük edib quruduruq. Eyni zamanda, dağlardan yığdığımız quşəppəyi, cincilim, çöl sarmaşığı, əvəlik, quzuqulağı və sair pencərlərdən də əsasən, kətə bişiririk.

Yazın ilk nubar məhsulu yarpız sayılır. Günəş ilıq şüaları ilə yeri isidən kimi çay kənarlarında, dərə ağızlarında, həyətlərdəki arx kənarlarında yarpız cücərir. Yarpızdan yaxşı kükü bişirilir, yaz pencərlərindən olan qazayağı, cacıq, çiriş, şomu, xıncılovuz eyni cür bişirilir. Azca qaynadılan xıncılovuzun suyu süzülür. Yağda soğan qovrulur, içərisinə yumurta xıncılovuz əlavə olunur, duz, istiot vurulur. Tez hazırlanan yeməkdir. Cacıq, çiriş, şomu da xıncılovuz kimi hazırlanır. Qazayağı həm pencər kimi qovrulur, həm də ayrı bişirilir. Qazayağına bəzən düyü də əlavə edirlər. Təmizlənmiş düyü qaynar suda azacıq saxlanılıb süzülür. Sonra bişirilən qazayağıya qarışdırılır. Qazayağına bəzən süd də qatırlar. Süd qatılan qazayağına duz, sarıkök, istiot vurulmur.

Yaz gələndə qadınların mətbəxdə heç bir çətinlikləri olmur. Bir neçə dəqiqəyə hazırlanan yaz yeməklərimiz isə saymaqla bitməz. Yazda qadınların ən çox hazırladığı həyət və çöl pencərlərindən hazırlanan dovğa və qatıqaşıdır.

Diyarımızın hər yerində bitən yaz pencərlərindən həm eyni, həm də fərqli yeməklər bişirilə bilər. Ancaq elə pencərlər var ki, onlar bişirilmədən yeyilir. Məsələn, bulaqotu. Yazda bulaq axa-rında bitən bulaqotu bişirilmədən, ən çox pendir və çörəklə yeyilən pencərlərdəndir. Bu bitkinin həm də müalicəvi əhəmiyyəti var ki, şəkər xəstələri üçün çox xeyirlidir. Bişirilmədən yeyilən pencərlərdən – yemlik, quzuqulağı quşquyruğunu da deyə bilərik ki, bu pencərlər də duz yaxud sirkə ilə yeyilir.

Zəngin təbiətə malik olan yurdumuzun hər bir təbii məhsulu can dərmanı, həyətlərdə, dağlarda bitən bitkilərin çoxu müalicəvi əhəmiyyətlidir. Odur ki, hər zaman süfrələrimizin bəzəyi olan, təbiətin bizə bəxş etdiyi gözəl nemətlərdən – pencərlərdən istifadə edək ki, canımızın sağlamlığı daim olsun.

Səriyyə Salahova,
“Arazın səsi” qəzetinin məsul katibi