Uzun illərdir ki, davam edən ixtilafdan suriyalıların xilas olması şansı yaranıb. ABŞ və Rusiyanın atəşkəs haqqında razılığa gəlməsini ekspertlər belə qiymətləndirirlər. Lakin bununla yanaşı, ortada bir sıra ziddiyyətlərin olduğu barədə də informasiyalar yayılır. O cümlədən tərəflərin bir-birinin səmimiliyinə inanmadığından yazırlar. Burada həm ABŞ-la Rusiya, həm də Suriyadakı siyasi qüvvələr arasındakı ziddiyyətlərdən bəhs edilir. Nəticədə, atəşkəsin pozula bilməsi ehtimalından söhbət gedir. Üstəlik, regionda geosiyasi müstəvidə qeyri-müəyyən proseslərin vüsət ala biləcəyi bildirilir. Bu zaman Rusiya ilə Türkiyə arasındakı gərginlik xüsusi olaraq qeyd edilir. Bütün bunlar, atəşkəs haqqında razılığın əldə edilməsinə rəğmən, Suriya böhranının hələ də xaos çərçivəsindən kənara çıxmadığı barədə nəticəyə gəlməyə əsas verir.
Suriyada atəşkəs: qarşılıqlı inamsızlıq situasiyası
Suriyada atəşkəslə bağlı Amerika və Rusiya arasında razılığa nail olunmasından sonra meydana bir sıra suallar çıxmaqdadır. Bütövlükdə müsbət dəyərləndirilən bu prosesə mane ola biləcək amillər barədə fikirlər səsləndirilir. Siyasətçilər və ekspertlərin bir qismi davamlı atəşkəsə ümid etməyin tez olduğunu bildirir, bu kontekstdə arqument kimi müxtəlif mənbələrdən yayılan məlumatları göstərirlər.
Ekspertlər daha çox ABŞ-ın dövlət katibi Con Kerrinin Senatda ifadə etdiyi bir fikrə diqqəti yönəldirlər. Amerika rəsmisi bildirib ki, "Bir-iki aydan sonra biz bu keçid prosesinin nə dərəcədə ciddi olduğunu görəcəyik. Əsəd real keçid hökumətinin formalaşdırılması ilə bağlı bir sıra qərarlar qəbul etməlidir. Əks halda, biz "B planı"na baxmalı olacağıq" (bax: Керри: У США есть "план Б" по Сирии / "Deutsche Welle", 23 fevral 26).
Bu planın nədən ibarət olduğunu isə C.Kerri açıqlamayıb. Lakin senatorlara verdiyi sualdan aydın olub ki, söhbət hərbi müdaxilədən gedir. Konkret olaraq, ABŞ rəhbərlik etdiyi koalisiya qüvvələri ilə birgə Suriyanın şimalında "təhlükəsizlik bölgəsi" yarada, eyni zamanda da özünə yaxın olan müxalif qüvvələrə yeni silahlar verə bilər. Dövlət katibi həmin variantı daha "ixtilaf yaradıcı" adlandırıb və vəziyyətin buna gətirməməli olduğunu deyib (bax: Керри назвал "план Б" по Сирии "более конфронтационным" / "Lenta.ru", 25 fevral 2016).
Ancaq Amerika KİV-i, əslində, "B planı"nın əvvəldən mövcud olduğunu yazıb. Fevralın ilk günlərində "The New York Times" qəzeti informasiya yaymışdı ki, ehtiyat varianta görə, Obama və Kerri "Əsədə hərbi təzyiqi gücləndirməlidirlər" (bax: David E. Sanger. Russian Intervention in Syrian War Has Sharply Reduced U.S. Options / "Nytimes.com", 10 fevral 2016). Belə çıxır ki, "B planı" konkret atəşkəs rejimi ilə bağlı deyil – bu, ABŞ-ın Suriya məsələsinə ümumi yanaşmasının bir fraqmentidir. Şərt ondan ibarətdir ki, Bəşər Əsəd keçid dövrü ilə bağlı əldə olunan razılığa əməl etməlidir.
Onu vurğulayaq ki, faktiki olaraq, Rusiya da bu mövqedədir. Belə ki, Suriya prezidentinin "qalibiyyətə qədər mübarizə aparacağıq" fikrinə Moskvanın BMT-dəki təmsilçisi Vitali Çurkin kəskin tənqidi reaksiya verib. Bununla bağlı o deyib: "Rusiya Suriya böhranına çox ciddi qüvvə qoyub – siyasi, diplomatik, indi isə hərbi planda. Ona görə də istərdik ki, Bəşər Əsəd bunu nəzərə alsın" (bax: Чуркин: Асад не понимает, насколько серьезно РФ "вложилась в Сирию" / "Rusdialog.ru", 25 fevral 2016).
Buradan belə nəticə çıxarmaq olarmı ki, B.Əsədin şərtlərə əməl etməyəcəyi təqdirdə Moskva Vaşinqtonun "B planı"na etiraz etməyəcək? Bunu demək çətindir, çünki amerikalılar Suriyanın şimalında "təhlükəsizlik bölgəsi" yaratmaqdan danışırlar. Rusiya isə birmənalı olaraq buna qarşıdır. Həmin səbəbdən Moskva ABŞ-ın hər hansı əlavə planının olmasından məmnun deyil. Digər tərəfdən, Kreml KİV-də yayılan bir məlumatdan narahatdır.
İki qarşıdurma: hərbi və geosiyasi aspektlərdəki qeyri-müəyyənliklər
Məsələ burasındadır ki, Amerika mətbuatında güc strukturlarının Rusiyanın Suriyada fəaliyyətinin səmimiliyinə inanmadığı bildirilir. "The Wall Street Journal" nəşrinin yazdığına görə, Pentaqonun rəhbəri Eşton Karter, MKİ-nin direktoru Con Brennan və ABŞ ordusunun qərargah rəislərinin birləşmiş komitəsinin başçısı Cozef Danford hesab edir ki, Suriyada atəşkəs rejimini ilk olaraq elə məhz Rusiya pozacaq. Güc strukturlarının iştirakı ilə keçirilən iclasda vurğulanıb: "Biz Rusiyanın sözünə yox, əməlinə qiymət verəcəyik" (bax: Adam Entous. Pentagon, CIA Chiefs Don’t Think Russia Will Abide by Syria Cease-Fire / "Wsj.com", 23 fevral 2016; Stephen Sestanovich. The Pentagon, the CIA, and the Saudis vs. Vladimir Putin / "Wsj.com", 25 fevral 2016). Buradan belə qənaətə gəlinir ki, Vaşinqton "ruslara zərbə vurmaq" niyyətindədir.
Deyilənlərin fonunda Suriyada fəaliyyət göstərən bir sıra radikal qrupların atəşkəsi pozmağa çalışdığı haqqında yayılan informasiyaları nəzərə almamaq olar. Məsələn, "The Wall Street Journal" qeyd edir ki, "əl-Qaidə" və onun bir qolu olan "Cəbhətül-Nusra" əldə olunmuş razılığa əməl etməyəcək (bax: Raja Abdulrahim, Sam Dagher. Terror Group Complicates Syrian Cease-Fire / "Wsj.com", 25 fevral 2016).
Eyni zamanda, ekspertlər Rusiya-Türkiyə münasibətlərinin də gərginliyinə diqqəti çəkir, bu kontekstdə Moskvanın Ankara ilə Suriya məsələsində razılaşmayacağını vurğulayırlar. Hətta bir sıra analitiklər Kremlin Türkiyəyə qarşı fəal və aqressiv siyasət apardığını da yazırlar. Arqumentlərdən biri kimi Ermənistana ən müasir silahların verilməsi göstərilir. Beləliklə də Rusiyanın yalnız Türkiyəyə deyil, NATO-ya da təhlükə yaratdığı iddia olunur (bax: Adam Ereli. Putin's Newest Satellite State / "Forbes", 24 fevral 2016).
ABŞ-ın Bəhreyndəki keçmiş səfiri yuxarıda göstərilən yazısında Moskvanın cənub istiqamətində güclü hərbi qruplaşma yaratmasının qonşu dövlətlərə mümkün təcavüz planlarından xəbər verdiyini vurğulayır. Maraqlıdır ki, ekspertlər məsələnin bununla məhdudlaşmadığını da xüsusi qeyd edirlər. Məsələn, "The Economist" jurnalı yaranmış vəziyyətə daha geniş aspektdə nəzər salaraq, ABŞ-ın passivliyi fonunda Rusiyanın aktiv siyasət yeritməsinin Suriya proseslərinə ciddi təsir etdiyini yazır. Həmin bağlılıqda nəşr beş mühüm faktora diqqəti çəkir.
Birincisi, cihadçılar güclü silah əldə edə bilərlər. İkincisi, Livan, İordaniya və başqa region dövlətləri büdrəyə bilər. Üçüncüsü, Avropaya yeni qaçqın axını ola bilər. Dördüncüsü, NATO Rusiya ilə müharibəyə başlaya bilər. Beşincisi, Vladimir Putin Qərbə qarşı yalnız Suriyada hərəkət etməyəcək, daha geniş geosiyasi məkanda qarşıdurma olacaq (bax: The peril of inaction / "Economist.com", 20 fevral 2016; Why would he stop now? / "Economist.com", 20 fevral 2016).
Göründüyü kimi, mövcud ziddiyyətlərin fonunda dünyanın iki böyük dövləti arasında atəşkəs haqqında razılığın əldə olunması bir qədər problemlidir. Hərbi, geosiyasi və siyasi aspektlərdə çoxlu sayda çətinliklər var ki, onların aradan qaldırılması perspektivləri gözə çarpmır. Buradan bir sıra ekspertlər belə bir nəticə çıxarırlar ki, atəşkəs, faktiki olaraq, mübarizənin növbəti mərhələsinə keçid üçün bir fasilədir. Suriya iqtidarı ilə müxalifətinin bir-birinə inamsızlığı əvvəldən bəlli idi. İndi Vaşinqton-Moskva xəttində də qarşılıqlı etimadın olmadığı haqqında məlumatların yayılması vəziyyətin daha mürəkkəb olmasına dəlalət edir. Regionun böyük dövlətlərinin də öz maraqlarının qayğısına qalacağı halda demək olar ki, xaotik bir situasiyadan bəhs etməli olacağıq.
Şübhəsiz, məsələnin danışıqlar yolu ilə həll edilməsi ən yaxşı variantdır. Suriya xalqı uzun illərdir ki, ixtilaflardan əziyyət çəkir. Bu cür vəziyyət insanların həyatını korlayır. Növbəti qaçqın dalğasının yaranması daha ağır nəticələr verə bilər. Ekspertlər Hələbdən belə bir axının ola biləcəyini istisna etmirlər.
Bu səbəbdən atəşkəsə ciddi əməl edilməsi çox vacibdir. Dünya birliyi hazırda məhz bunun üzərində düşünməlidir. Qarşılıqlı inamsızlıq hökm sürdükcə, Suriyada milyonlarla müsəlmanın həyatını təhdid edən təhlükələr qalacaq. Bundan əlavə, dünyanın başqa regionlarında olan münaqişələrin həlli imkanları da xeyli azalmış olacaq. Məsələnin çox vacib aspektlərindən biri də bundan ibarətdir.
Newtimes.az
Kəlbəcər- azadlığın, dövlətçilik iradəsinin və yeni inkişaf mərhələsinin simvolu