Görəsən bu antimilli ünsürlər özlərinin cılız və gülüş doğuran absurd iddialarından nə vaxt əl çəkəcəklər?
Qərbdəki ermənipərəstlər 44 günlük müharibədə Azərbaycanın tarixi Zəfərini, ölkəmizin inkişafını, beynəlxalq nüfuzunu, fəallığını həzm edə bilmirlər. Ona görə də yerlərində dinc durmurlar. Görünən odur ki, ABŞ Dövlət Departamentində viktoriya nulandlar heç cür Azərbaycanı unuda bilmirlər.

Eyni kobud metodlarla, eyni bəsit və heç bir tənqidə dözməyən səbəblərlə Azərbaycana qarşı növbəti qarayaxma kampaniyası təşkil edilir. Ölkəmizin uğurlarını həzm edə bilməyənlərin davranışları növbəti xəyanətə imza atmaq üçün xaricdən sifariş aldıqlarını bir daha ortaya qoyur.
Son günlər Azərbaycanda yenidən “dirçələn” “5-ci kolon” fəalları ciddi cəhdlərlə Azərbaycanda insan hüquqlarının pozulduğu, guya ictimai fəallara qarşı basqıların təşkil olunduğu, zorakılıq həyata keçirildiyi görüntüsü yaratmaq istəyirlər.

Qərb siyasi texnologiya mərkəzləri Azərbaycanda “beşinci kolon”u maliyyələşdirmək üçün səylərini və pullarını əsirgəmirlər. Budəfəki sponsor beynəlxalq Amerika təşkilatı olan “Demokratiyaya Milli Dəstək” (National Endowment for Democracy - NED) Fondudur. Əvvəlcə bu təşkilat haqqında qısa arayış verək. NED 1983-cü ildə ABŞ Konqresi tərəfindən təsis edilib. Qeyri-hökumət təşkilatı statusuna malik olsa da, büdcəsinin 95 faizi ABŞ büdcəsindən maliyyələşir. Bu psevdo-ictimai təşkilat “demokratiyaya dəstək” bəhanəsi ilə “rəngli inqilablar” təşkil etməklə, Amerikanın maraqlarının üstünlüyünün təmin edilməsi üçün çalışır. Təşkilat regionlarda insan haqlarına riayət olunmasına da “monitorinq” etmək niyyətindədir. ABŞ-ın NED Fondunun Azərbaycan üçün 2022-ci il üçün ayırdığı təsdiqlənmiş qrantın ümumi məbləği 970, 235 dollar təşkil edir. Bu məbləğin 398,837 min dolları Bakıda və regionlarda vətəndaş iştirakçılığının aktivliyinin artırılması, insan hüquqlarının müdafiəsi adı altında etirazların təşkili, insan hüquqlarının qorunmasının monitorinqi və digər bu kimi məsələlərin maliyyələşdirilməsi ilə bağlı layihələrin gerçəkləşdirilməsinə yönəldilib.
Onu da qeyd edək ki, fondun 2022-ci ildə Azərbaycana ayırdığı təsdiqlənmiş qrantlarda may ayında təcili qrantların maliyyələşdirilməsi ilə bağlı bənd var. NED və bu tip institutların təcrübəsində “təcili qrantların ayrılması” hansısa prosesi təcili maliyyələşdirmək üçün nəzərdə tutulur. NED-in verdiyi elandan da bəlli olur ki, təcili qrantların ayrılması mayın 25-nə qədər olan dövrü əhatə edir. Bu səbəbdəndir ki, hazırda həmin təcili qrant layihəsini icra edən “5-ci kolon” Aytən Məmmədova ilə bağlı baş vermiş məişət hadisəsini qabardır, bu kimi bir neçə digər hadisəni də əhatə edərək guya Azərbaycanda insan hüquqlarının kobud şəkildə pozulduğu görüntüsü yaratmağa cəhd göstərirlər. Dağıdıcı müxalifət nümayəndələri ənənələrinə sadiq qalaraq bu məsələyə də öz cılız məntiqləri ilə yanaşır, hər şeyi olduğu kimi deyil , görmək istədikləri kimi təqdim etmək üçün dəridən-qabıqdan çıxırlar. Yaxşı deyiblər ki, utanmasan oynamağa nə var?..
Ermənistanın gözündə tiri görməyənlər...

Bəllidir ki, iyunun 10-12-də Bakıda Formula 1 yarışması keçiriləcək. Hazırkı fəallıq, Aytən Məmmədova ilə bağlı baş verən hadisə, birdən-birə bir qrup şəxsin meydana çıxması və bəyanat yayması, ABŞ-ın Azərbaycandakı səfirliyinin buna dərhal reaksiya verməsi, bu hadisənin hətta ABŞ Dövlət Departamentinin diqqət mərkəzinə gəlməsi, bunların nəticəsi olaraq həmin “fəalların” aksiya təyin etməsi beynəlxalq yarışmanın keçiriləcəyi günlərdə təşkil olunacaq anti-Azərbaycan kampaniyaya “fakt-əsaslar” formalaşdırmaq məqsədi güdür. Doğurdan da öz gözündə tiri görməyənlər, başqasının gözündə tük axtarırlar. ABŞ-ın özündə il ərzində ictimai fəallar, jurnalistlər də daxil olmaqla minlərlə cinayət hadisəsi, hüquq pozuntuları baş verir. Amma bunların haqqında danışan yoxdur. Oğru elə bağırır ki,..
Maraqlıdır ki, artıq bir həftədir Ermənistanda aksiyalar səngimir, insanların, ictimai fəalların, həbsi, döyülməsi, aksiyaların qəddarcasına dağıdılmasına dair onlarla faktlar var. Amma nə ABŞ-ın bu ölkədəki səfirliyinin, nə Dövlət Departamentinin, nə də sifarişlə işləyən beynəlxalq hüquq müdafiə təşkilatlarının məsələyə lazımi reaksiya verməsinin şahidi olmadıq. Sanki Ermənistanda heç bir hadisə baş vermir. Belə yerdə demək yerinə düşər ki, Ermənistanın gözündə tiri görməyənlər Azərbaycanın gözündə tük axtarır.

Hazırda Azərbaycana qarşı iddiaların əsasında duran səbəblərdən biri də, Ermənistanda “Sorosun uşaqları”nın törətdiyi özbaşınalıqlardan diqqəti yayındırmaqdır. Ermənistanda baş verən biabırçılıqlara göz yuman ABŞ-ın Azərbaycanda adi bir məişət hadisəsinə Dövlət Departamenti səviyyəsində reaksiyasına başqa ad vermək mümkün deyil. Bir dəfə Ermənistanı qınamaq cürətini özündə tapa bilməyən antimilli ünsürlərin Azərbaycanın uğurlarına kölgə salmaq üçün səfərbər olmaları onların xəyanətkar mövqedən əl çəkmədiklərinin göstəricisidir. Məhz həmin ermənipərəst dairələrin direktivləri ilə işləyən “sapı özümüzdən olan baltalar” da çox güman ki, bu “təbliğatı davam etdirmək” sifarişi alıblar. Bu səbəbdəndir ki, bütün gücünü ölkəmizin milli maraqlarına qarşı yönəltmiş “beşinci kolon” nümayəndələri bu kimi yalanları tirajlamağa çalışırlar.
Radikal müxalifətin “qara piar” kampaniyası iflasa məhkumdur
Ölkəmizin uğurlarını qaralamaq üçün cəhdlər göstərənlər anlamalıdırlar ki, onların bu niyyətləri də hər zamankı kimi fiaskoya məhkumdur. Azərbaycan xalqı bu xəyanətkar dəstənin xislətini bilir və onların əsl məqsədlərini görür. Dağıdıcıların proseslərə yanaşmada sərgilədikləri antimilli mövqe sadəcə olaraq ikrah doğurur.
Bu gün ölkəmizin inkişafını dəyərləndirə bilməyənlər ermənipərəst mərkəzlərin sifarişlərini yerinə yetirməklə məşğuldurlar. Onların nə demələrindən asılı olmayaraq, ölkəmiz gündən-günə inkişaf edir. Çünki xalq-hakimiyyət birliyi Azərbaycanda sabitliyin, inkişafın əsas qarantıdır.
Yaqut Ağaşahqızı, “İki sahil”
Azərbaycan və Özbəkistan parlamentləri arasında "Yol xəritəsi" imzalanıb YENİLƏNİB
Azərbaycançılıq məfkurəsi milli birliyin və tərəqqinin sarsılmaz təməlidir - TƏHLİL
Milli Məclisdə İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun açılışı olub