12 may 2022 13:38
1377

İşğaldan azad edilmiş torpaqlarda böyük vüsətlə quruculuq işləri aparılır - Kamran Bayramov

 

"Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə etdiyi hər növbəti səfəri bu torpaqların dirçəlişini daha da sürətləndirir. 44 günlük Vətən müharibəsində geri alınmış bütün torpaqlarımızda genişmiqyaslı quruculuq, abadlıq işlərinin aparılması dövlətimizin bu sahəyə böyük önəm verdiyinin bariz nümunəsidir. Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Füzuli və Şuşa şəhərlərində səfərdə olublar. Səfər çərçivəsində həyata keçirilən abadlıq, quruculuq işləri ilə tanış olublar."

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib. 

K.Bayramov qeyd edib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Füzuli şəhərində Peşə Liseyinin və 180 çarpayılıq Füzuli Rayon Mərkəzi Xəstəxanasının təməlqoyma mərasimində iştirak ediblər və yeni yaradılacaq parkda ağac əkiblər. 
Daha sonra ölkə başçısı və birinci xanım  Şuşa şəhərində Şirin su hamamının, məşhur tarzən, bəstəkar Sadıqcanın vaxtilə yaşadığı evin, yeni inşa olunacaq məscid kompleksinin, Mehmandarovların malikanə kompleksinin, Şuşa Realnı Məktəbinin təmir-bərpa işləri ilə də tanış olublar. Prezident İ.Əliyev  «Azərişıq» ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzini işə salandan sonra, şəhərdəki inzibati binanın qarşısında çıxış edib: « Biz - bu torpaqların sahibləri, artıq, qayıtmışıq və bu torpaq, bu səma bunu görür. Görür ki, hər gün inkişafla bağlı daha bir addım atılır. Hər gün daş üstə bir daş qoyulur. Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik, bərpa edirik. Bu gün mayın 10-da mən mütləq burada olmalı idim. Ulu Öndərin xatirəsinə öz ehtiramımı və Azərbaycan xalqının ehtiramını buradan ifadə etməli, bir daha deməli idim ki, biz bu torpaqlara, doğma torpaqlarımıza əbədi qayıtmışıq və burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!»

K.Bayramov vurğulayıb ki, ölkə Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə, o cümlədən Şuşa şəhərinə hər bir səfəri bu torpaqların tarixən Azərbaycan xalqına məxsus olduğu və bundan sonra da əbədi olaraq belə qalacağı barədə bütün dünyaya verdiyi bir mesajdır. Bu gün  ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Qarabağda böyük vüsətlə quruculuq işləri aparılır. Şuşalıların doğma yurdlarına qaydışını təmin etmək üçün  şəhərdə bütün zəruri işlər görülməkdədir.  Artıq sakinlərin yaşamasını təmin edən  bütün zəruri infrastruktur işləri, xüsusən də yollar salınıb, şəhərin   fasiləsiz, etibarlı şəkildə  elektrik enerjisi və su ilə təchizi baxımından işlər başa çatıb.  İnsanların yaşaması üçün şəhərin Baş planı hazırlanıb və artıq, yaşayış binalarının tikintisinə də start verilib. 2022-ci ilin «Şuşa İli» elan edilməsi o deməkdir ki,   il ərzində əsas diqqət və resurslar ölkəmizin mədəniyyət paytaxtı olan Şuşanın və ətraf ərazilərin bərpasına, yenidən qurulmasına yönəldiləcək.