12 may 2022 23:10
945

Dövlət başçısının Şuşa müraciəti qalib Azərbaycanın qarşısındakı hədəflərə işıq salır - Vüqar İskəndərov

Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın ümummilli lider Heydər Əliyevin doğum günündə Füzuli və Şuşaya səfəri, Şuşada keçirilən V “Xarıbülbül” musiqi festivalı ölkə mətbuatında əsas müzakirə mövzusudur. Dirçələn, yenilənən Şuşa bir-birindən əhəmiyyətli beynəlxalq tədbirlərə ev sahibliyi ilə əvvəlki şöhrətini özünə qaytarır.

Milli Məclisin deputatı Vüqar İskəndərov Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd olunan səfərləri ətrafında fikirlərini bizimlə paylaşdı: “Dövlət başçısı İlham Əliyevin Şuşadan müraciətində əksini tapan “Mayın 10-da mən mütləq burada olmalı idim. Ulu Öndərin xatirəsinə öz ehtiramımı və Azərbaycan xalqının ehtiramını buradan ifadə etməli, bir daha deməli idim ki, biz bu torpaqlara, doğma torpaqlarımıza əbədi qayıtmışıq və burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” fikirləri möhtərəm Prezidentimizin səfərinin məqsəd və məramını açıqlayır. Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində yaradılan möhkəm təməl üzərində Azərbaycanı uğurla inkişaf etdirən cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun yazdığı şanlı tarix ölkəmizin qarşısında geniş imkanlar açdı. 30 illik işğal, eyni zamanda, postmünaqişə dövründə Azərbaycanın əldə etdiyi uğurlar hər birimizdə böyük qürur hissi yaratmaqla yanaşı, ulu öndər Heydər Əliyevə ehtiramımızın ifadəsidir. Dövlət başçısının Şuşa müraciəti özündə bütün bu məqamları ehtiva edir, qalib Azərbaycanın qarşısında dayanan hədəflərə işıq salır. Prezidentimizin qeyd etdiyi kimi, biz bu torpaqlarda əbədi olacağıq! Cənab İlham Əliyev bir daha ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etdiyini Şuşadan xalqımıza, 30 il torpaq həsrəti ilə yaşayan soydaşlarımıza çatdırdı.”

V “Xarıbülbül” musiqi festivalına gəldikdə isə millət vəkili qeyd etdi ki, mədəniyyət paytaxtımız Şuşa azad olunduğu gündən toy-büsatlı, çal-çağırlıdır: “İlyarımdan artıq dövrə nəzər saldıqda görürük ki, elə bir həftə, ay yoxdur ki, Azərbaycanın döyünən ürəyi olan Şuşanın həyatında əlamətdar tarix kimi qeyd olunmasın. Bütün dünyada beynəlxalq incəsənət bayramı kimi tanınan, 1989-cu ildə mədəniyyət paytaxtımız Şuşada  təməli qoyulan «Xarıbülbül» musiqi festivalı musiqisevərləri eyni məkana toplayır. Azərbaycanın tanınmış xanəndəsi Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar hər ilin may ayında keçirilən musiqi festivalında yerli sənətkarlarla yanaşı, Yaponiyadan, ABŞ-dan, Türkiyədən, Almaniyadan, İsraildən, İtaliyadan, İspaniyadan, Avstriyadan, Əfqanıstandan, keçmiş SSRİ respublikalarından qonaqlar iştirak etmişlər. 1990-cı ildə beynəlxalq status alan “Xarıbülbül” festivallarına müxtəlif xalqların folklor qruplarının dəvət olunması ölkəmizə marağı daha da artırırdı. Artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin başlanması festivalın təşkilinə də təsirsiz ötüşmədi. Bəzi konsertlər Ağdamda, Bərdədə, Ağcabədidə təşkil olundu. Böyük marağa səbəb olan ikinci və üçüncü festivalların yekun konsertləri Bakıda Heydər Əliyev Sarayında da təşkil olundu. Şuşanın Ermənistan tərəfindən işğalı ilə əlaqədar bu musiqi bayramı sonuncu dəfə 1992-ci ildə keçirilmişdir. Torpaqlarımız işğaldan azad edildikdən sonra ərazilərimizdə, o cümlədən Şuşada bərpa- quruculuq işlərinə başlanılması ilə “Xarıbülbül”ə də yeni həyat bəxş edildi. Ənənəyə uyğun olaraq 12-14 may 2022-ci il tarixlərində Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə V «Xarıbülbül» Beynəlxalq Folklor Festivalı keçirilir. Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva festivalın açılışında iştirak etdilər. Bu kimi ənənəvi tədbirlər Şuşanın əvvəlki şöhrətini özünə qaytarmaqla yanaşı, işğalçı Ermənistana və ona 30 ildə havadarlıq edən, bu gün də ikili standartlara əsaslanan siyasətlərinə son qoymayan dövlətlərə mesajdır. 28 ildə Şuşanı erməniləşdirməyə çalışsalar da bunun mümkünsüzlüyü tarixi Zəfərimizdə, hazırda bu qədim şəhərimizdə aparılan bərpa və quruculuq işlərində öz təsdiqini tapır. Azərbaycanın, Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşa hələ neçə-neçə belə möhtəşəm tədbirlərə ev sahibliyi edəcək.”

Nilufər Mustafaqızı, “İki sahil”