Müsahibimiz Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılovdur
- Vüsar müəllim, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətinin, xalqının qarşısındakı xidmətlərini necə şərh edərdiniz?
- Ulu Öndər Azərbaycan tarixində misilsiz xidmətlər göstərmiş tarixi şəxsiyyət olaraq xalqımızın qəlbində daim yaşayacaqdır. Heydər Əliyev 1969-cu ildə ilk dəfə hakimiyyətə gəldikdən sonra gələcək müstəqil Azərbaycanın dölət quruculuğu prosesi başlandı. Burada çoxşaxəli işlər həyata keçirilirdi. Heydər Əliyevin tutduğu vəzifə ona imkan verirdi ki, qəlbində Azərbaycanla bağlı yaşatdığı arzuları həyata keçirə bilsin. Milli kadrların yetişdirilməsi təbii ki, o zaman üçün prioritet idi. O zamanlar azərbaycanlı gənclərin Sovet İttifaqının tərkibində olan digər respublikalarda təhsil almaları üçün Heydər Əliyev çox imkanlar yaradırdı. Yüksək səviyyəli ali məktəblərə gənclər göndərilirdilər ki, onlar yaxşı mütəxəssis, savadlı kadr kimi ölkəmizə qayıtsınlar və Azərbaycanın inkişafına öz töhfələrini versinlər. Heydər Əliyev Mərkəzi Komitənin birinci katibi vəzifəsinə seçildiyi zaman əslində Azərbaycanın iqtisadi vəziyyəti də çox ağır idi. Hətta Azərbaycan bir rspublika olaraq SSRİ-nin vətəndaşları tərəfindən də tanınmırdı. Sovet respublikalarının vətəndaşları Azərbaycan haqqında məlumatsız idilər. Bu da ondan irəli gəlirdi ki, rəhbərlikdə bizim milli kadrlarımız çox az idi. Həm də Azərbaycanı sevən, dəyər verən bir insan rəhbərliyə gəlməli idi ki, ölkəmiz neçə -neçə dövlətlər içərisində öz sözünü deməyə başlasın. Məlumdur ki, o zamanlar Azərbaycan aqrar bir respublika idi. Heydər Əliyev ilk dəfə hakimiyyətə gəldikdən sonra iqtisadiyyatı yüksəltmək üçün xüsusilə kənd təsərrüfatına diqqət ayırmağa başladı. O vaxtlar Bakı deyəndə əsasən neft faktoru diqqəti cəlb edirdi. Ancaq Heydər Əliyev o diqqəti yayındırdı. Onun müdrikliyinin digər bir göstəricisi də ölkənin sosial infrastrukturuna göstərdiyi diqqət idi. Məhz həmin illərdə Bakı şəhərində nə qədər böyük dəyişikliklər görünməyə başladı. Hətta Bakı yenidən quruldu deyə bilərik. Heydər Əliyev o qədər böyük şəxsiyyət idi ki, elə bir sahə yox idi ki, O, həmin sahəni bilməsin və ya maraqlanmasın. Mədəniyyət, incəsənət, idman, milli kadrların hazırlanması və ən əsası da ordu quruculuğu sahəsinə hələ o zamandan xüsusi diqqət yetirilirdi. Azərbaycanda hərbi liseyin yaradılması çox çətin bir proses idi. Ancaq Heydər Əliyev böyük məharət, siyasi ustalıq göstərərək o dövrün rəhbərlərindən belə bir icazəni almağa müvəffəq oldu. Ali Baş Komandan kimi Heydər Əliyev tərəfindən dövlət quruculuğunun tərkib hissəsi olan ordu quruculuğunun qarşısında dayanan vəzifələrin, bu vəzifələrin həyata keçirilməsi üçün zəruri dövlət siyasətinin, bu siyasəti həyata keçirəcək qüvvə və vasitələrin düzgün müəyyənləşdirilməsi, bu prosesi bütünlüklə qanuni çərçivəyə salması və dövlətin mərkəzləşdirilmiş rəhbərliyi altına gətirməsi Azərbaycan Ordusunun sağlam əsaslar üzərində formalaşmasına və möhkəmlənməsinə yol açdı. Nəticədə, Azərbaycan Ordusu Heydər Əliyev zamanında da bölgənin güclü ordularından birinə çevrildi. Ulu Öndərin ən layiqli davamçısı İlham Əliyevin prezidentliyi dövründə isə bu proses yüksələn xətlə davam etdirildi. Heydər Əliyev siyasətinə sədaqət və bu siyasətə yaradıcı münasibət Azərbaycan Ordusunu daha da möhkəmləndirdi. Qısa müddət ərzində bu ordunun texniki təchizatında köklü dəyişikliklər baş verdi. Hərbi büdcənin ildən-ilə artırılması, habelə respublikanın daxilində hərbi-sənaye kompleksinin yaradılması Azərbaycan Ordusunu dünyanın ən müasir silahlarla təmin edilmiş ordularından birinə çevrirdi.
Bu gün böyük iftixar hissi ilə 44 günlük müharibənin Zəfərlə başa çatmasında sadalanan bu faktrların mühüm əhəmiyyətini xüsusi vurğulayırıq.
- Ulu Öndərin hakimiyyətdə olduğu dönəmlərdə ən mühüm məsələlərdən biri də milli kadrların yetişdirilməsi idi. Hər kəs bununla razı olar ki, dahi şəxsiyyətin ən uğurlu seçimi ölkə başçısı İlham Əliyevdir ki, bu gün biz bütün sahələrdə dövlət başçısının uğurlu islahatlarının şahidiyik. Sizcə, əldə olunan uğurlar nələrdən ibarətdir?
- Heydər Əliyev 2003-cü ildə Azərbaycan xalqına müraciət edərkən bildirmişdi ki, mən İlham Əliyevə özüm qədər inanıram. Ulu Öndər Azərbaycanın bugününü cənab İlham Əliyevin şəxsinda daha parlaq görürdü və indiki reallıqlar bir daha Onun nə qədər uzaqgörən insan olduğunu sübuta yetirir. Ümummilli Liderimizin ruhu indi şaddır. Çünki cənab Prezidentimiz ata vəsiyyətini layiqincə yerinə yetirir, Onun arzularını reallaşdırır. Dövlət başçımız Şuşa şəhərindəki müraciətində də bu fikri xüsusilə qeyd etdi. Ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiq qalan və onu layiqincə davam etdirən cənab Prezident elə Heydər Əliyevin görmək istədiyi Azərbaycanı yaratmaq üçün ardıcıl fəaliyyət qurdu. Bu fəaliyyət onun apardığı islahatlarda öz əksini hər zaman tapır. Əlbəttə, islahatların hər biri haqqında danışmağa zaman yetməz. Çünki bunu biz ölkəmizin ayrı-ayrı sahələrində bariz şəkildə görürük. Düşünürəm ki, Azərbaycanda mövcud olan xalq-iqtidar birliyi, xalqın rəhbərinə olan inamı,etimadı dünyaya böyük bir nümunədir. Hər bir azərbaycanlı bu gün dəmir yumruğun ətrafında sıx birləşib. Bu gücün, qüdrətin nəticəsidir ki, Azərbaycan artıq beynəlxalq aləmdə öz sözünü deməyi bacarmış, imzasını tanıtmış bir ölkəyə çevrilib. Biz Müzəffər Ali Baş Komandanın müdrik siyasəti nəticəsində hələ bundan sonra adımızdan çox bəhs etdirəcəyik.
- Vüsar müəllim, islahatlar, həmçinin ölkənin iqtidar partiyası olan YAP-da da aparıldı. Bu barədə fikirləriniz maraqlıdır...
- Bir çox sahələrdə aparılan islahatlar Yeni Azərbaycan Partiyasından da yan keçmədi. Ölkədə şəffaflığın təmin olunması üçün institutsional layihələr həyata keçirildi. Vətəndaş – məmur münasibətlərində yaranmış neqativ hallar var idi ki, bunların aradan qaldırılması istiqamətində mühüm addımlar atıldı. Təbii ki, Yeni Azərbaycan Partiyasında da adekvat addımlar atıldı. Bildiyiniz kimi, 2021-ci ilin mart ayında YAP-ın VII qurultayı keçirildi. Qurultaydan sonra partiyada mühüm islahatlar aparıldı, idarəetmə forması dəyişdirildi. VII qurultaya qədər partiyada icra katibliyi fəaliyyət göstərirdi, amma artıq Mərkəzi Aparat fəaliyyət göstərir. Partiyanın Nizamnaməsində müəyyən dəyişikliklər oldu, yeni Proqram təsdiq olundu. Bu gün qəbul olunan yeni qərarlar partiyanın fəaliyyətinin daha da yaxşılaşdırılmasına hesablanıb. Aparılan islahatlar yeni bir mərhələnin əsasını qoydu. Biz YAP-ın fəaliyyətində daha böyük fəallaşmanın şahidiyik. Bütünlüklə partiyamızda hazırda görülən işlərin keyfiyyətinin yaxşılaşdırılması üçün tədbirlər həyata keçirilir. Bu gün YAP dünyanın bir sıra ölkələrində fəaliyyət göstərən partiyalarla sıx əməkdaşlıq edir, beynəlxalq təcrübələrdən faydalanaraq öz təcrübələrini də bölüşür.
Nilufər Mustafaqızı, “İki sahil”
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb
Azərbaycan və Gürcüstan XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
Heydər Əliyev Fondu və Vatikan Apostol Arxivi rəqəmsal konservasiya üsullarına dair yeni razılaşma əldə ediblər