«Türkiyə-Azərbaycan əlaqələrini bir sıra dövlətlər üçün gözəl örnək hesab etmək olar. Azərbaycan və Türkiyənin münasibətləri iki müttəfiq və ya dost ölkə anlayışlarından daha böyükdür. Bütün dünya Azərbaycan və Türkiyə qardaşlığını təcəssüm etdirən «Bir millət, iki dövlət» milli konsepsiyasının bəşəri missiya olduğunu görür. Hər kəs bilir ki, Azərbaycan-Türkiyə birliyi regional və beynəlxalq təhlükəsizliyin təminatçısıdır. Bu qardaşlıq və müttəfiqlik siyasi, iqtisadi, sosial, mədəni və başqa sahələrdə əməkdaşlığa üstünlük verir. Azərbaycan və Türkiyə dövlət başçılarının qarşılıqlı səfərləri əsl qardaşlıq və dostluq nümunəsidir. Eyni zamanda, bu, bir mesajdır ki, bundan sonra da Türkiyə və Azərbaycan iki qardaş ölkə bir-birinə daha da yaxın olacaq, dövlətlərimiz bundan sonra da uğurlu əməkdaşlıq edəcək”.
Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.
K.Bayramov vurğulayıb ki, Prezident İlham Əliyevin Türkiyəyə növbəti səfəri, Rize-Artvin Hava Limanının açılış mərasimində iştirak etməsi bu birliyin bariz nümunəsidir: "Prezident İlham Əliyev Türkiyədə Rize-Artvin Hava Limanının açılış mərasimindəki çıxışında bildirib: «Bu gün də biz bir yerdəyik, Qarabağın bərpası işində bərabər, çiyin-çiyinə çalışırıq. Bir çox Türkiyə şirkətləri, o cümlədən xarüqə adlandırılan bu gözəl hava limanını inşa edən şirkət də Qarabağda bərpa işləri ilə məşğuldur. Bizim minlərlə türk qardaşımız bu gün Azərbaycanda Qarabağın bərpası ilə bağlı öz işini görür, öz sözünü deyir".
Deputat qeyd edib ki, həmişə bir-birinin köməyini, çətin sınaqlarda dəstəyini hiss edən Azərbaycanla Türkiyənin münasibətlərində hansısa maraqlara söykənən tərəfdaşlıq meyilləri olmayıb: "Bu ölkələri bir-birinin problemlərinə diqqət və qayğı, səmimiyyət, qardaşlığın, milli birliyin genetik kodları birləşdirir. Məhz iki dövlətin siyasi iradəsi, qətiyyəti sayəsində reallığa çevrilən enerji layihələri regionda sabitliyi, təhlükəsizliyi möhkəmləndirməklə yanaşı, dünyanın enerji təhlükəsizliyinin təminatına böyük töhfələrdir. Bu gün ən nəhəng qaz və neft kəmərləri Azərbaycan-Türkiyə tranzit məkanı vasitəsilə dünyaya uzanmaqdadır, bunun hansı siyasi güc olması bütün dünya dövlətlərinə yaxşı məlumdur. Bütün bu amillər hər iki ölkənin dünya iqtisadiyyatına inteqrasiyasında mühüm rol oynayır və qarşılıqlı əməkdaşlığı nəzərdə tutan yeni-yeni layihələr dünya birliyində Azərbaycanın və Türkiyənin nüfuzunun, mövqeyinin güclənməsinə təkan verir. Bu gün hər iki ölkənin iqtisadiyyatı istər dövlət şirkətləri, istərsə də biznes qurumları üçün açıqdır."
K.Bayramov diqqətə çatdırıb ki, iki qardaş ölkə arasında əlaqələr hərbi sahədə də yüksək səviyyədədir. Azərbaycan və Türkiyə ordularının ənənəvi olaraq keçirilən hərbi təlimləri bu əlaqələri daha da möhkəmləndirir. Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Azərbaycan Ordusunun hansı imkanlara malik olmasının dünyaya təqdimatında mühüm rol oynayan 2020-ci ilin 10 dekabr Zəfər paradında da bu qardaşlığın və sarsılmaz birliyin şahidi olduq. Azərbaycan və Türkiyə birliyinin fonunda dövlət başçılarının göstərdiyi səylər bütün türk dünyasında inam, güc və əzm doğurur, antimilli qüvvələr üçün qorxu və təşviş aşılıyır,eləcə də, bəzi dairələr üçün açıq və sərt mesaj verir.
Azərbaycan və Gürcüstan XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
Heydər Əliyev Fondu və Vatikan Apostol Arxivi rəqəmsal konservasiya üsullarına dair yeni razılaşma əldə ediblər