17 may 2022 21:59
801

Ölkədə geniş muzey şəbəkəsi yaradılıb

Mayın 16-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nəriman Nərimanovun xatirə muzeyində 18 May - Beynəlxalq Muzeylər Günü münasibətilə “Heydər Əliyev və muzeylərimiz” adlı tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirin əsas məqsədi ümumilli lider Heydər Əliyevin xatirəsini yad emək, respublikamızda geniş muzey şəbəkəsinin yaradılmasında, xalqımızın mənəvi dəyərlərinin qorunub saxlanılmasında bir ölkə başçısı, bir vətəndaş kimi gördüyü geniş miqyaslı işlərdən söhbət açmaq idi.

Tədbirdə Əməkdar incəsənət xadimi, müasir Azərbaycan poeziyasının ən görkəmli nümayəndələrindən biri, Azərbaycan Yazıçılar İttifaqının üzvü, xalq şairi Nəriman Həsənzadə, Baş İdarənin rəisi İbrahim Əliyev, Azərbaycan Prezidenti yanında DİA-nın professoru, kulturoloq, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov, Əməkdar mədəniyyət işçisi, “Azərxalça” ASC-nın baş mühafizi Nailə Rəhimova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbələri iştirak ediblər.

Tədbiri muzeyin direktoru Ləman Hüseynova açaraq iştirakçıları salamladıqdan sonra onları qarşıdan gələn 18 May - Beynəlxalq Muzeylər Günü münasibətilə təbrik edib. Sonra “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı videoçarx nümayiş etdirilib.

İlk olaraq söz Xalq şairi Nəriman Həsənzadəyə verilib. O, Heydər Əliyevin ziyalılara, sənət adamlarına göstərdiyi diqqət və qayğıdan söhbət açıb. Professor Fuad Məmmədov Heydər Əliyevin Azərbaycan mədəniyyətinə verdiyi töhfələrdən, quruculuq işlərindən danışıb. Baş İdarənin rəisi İbrahim Əliyev öz çıxışında qeyd edib ki, görkəmli şəxsiyyətlərimizin adının əbədiləşdirilməsi ilə bağlı xatirə, ev muzeylərinin yaradılması Heydər Əliyevin xalqımızın say-seçmə övladlarına verdiyi yüksək qiymətin nəticəsidir, muzeylər bizim tarixi yaşadan bir məkandır, muzeyləri qorumaq, inkişaf etdirmək bizim borcumuzdur.

Bülbül adına Orta Ixtisas Musiqi Məktəbinin şagirdləri tərəfindən “Bayatı-Şiraz” muğamı və “Qarabağ şikəstəsi” ifa edilib. Tədbir Azərbaycan Dövlət Akademik Filarmoniyasının aparıcısı Səmray Əliyevanın ifasında Nəriman Həsənzadənin “Azərbaycan” şeiri ilə yekunlaşıb.