17 may 2022 17:00
1121

Bu 8 üsul sizi allergiyadan qoruyacaq - FOTO

Yaz aylarında ağacların yaşıllaşması, çiçəklənməsi və toz hissəciklərinin havaya yayılması xüsusilə allergiyası olan insanlarda bir çox problemlər yaradır. Gözlərin qızartısı, burun axması və tutulması, boğaz ağrısı, öskürək və hətta nəfəs darlığı kimi şikayətlər tez-tez yuxarı tənəffüs yollarının infeksiyaları ilə qarışdırıla bilər.

Türkiyəli həkim Aynur Ketene allergik şikayətlərin geniş yayıldığı bu günlərdə yaz allergiyasına qarşı görülə biləcək 8 təsirli üsulu açıqlayıb.

Çoxlu su için

Bədəndən toksinlərin atılmasında və immunitet sisteminin güclənməsi üçün kifayət qədər su içməyiniz vacibdir. Bədən çəkisinə uyğun olaraq hər kiloqrama orta hesabla 40 ml su içmək lazımdır.

Qeyd edək ki,çay və qəhvə kimi içkilər maye qəbulunu əvəz etmir. Əksinə, bunlar bədəndə mayenin daha çox xaric olmasına səbəb olaraq orqanizmə mənfi təsir göstərir.

Bağırsaq üçün faydalı qidalardan istifadə edin

Allergiyadan məsul olan immunitet sistemidir. İmmunitet sisteminin 80 faizindən isə bağırsaqlar məsuldur. Bağırsaq sistemini gücləndirən bol lif və probiyotik qidalardan istifadə edin. Kefir, turşu, qatıq, kök, balqabaq, qoz və badam kimi bağırsaq üçün faydalı qidalar allergik reaksiyalara qarşı mübarizəni gücləndirir. Soğan və sarımsaq artıq bəlğəmi azaltmağa kömək edir, C vitamini isə allergiya əlamətlərini azaldır.

Normal yuxu

Adekvat yuxu immunitet sistemini gücləndirərək allergiya kimi immunitet sistemi ilə bağlı problemlərə də kömək edir. Bədəndən toksinləri çıxaran və insanı sabahkı günə hazırlayan ən güclü antioksidantlardan biri olan melatonin hormonu xüsusilə gecə saat 23.00-03.00 arasında ifraz olunur. Ona görə də bu saatlarda mütləq yatın.

Toksinlərdən uzaq olun

Siqaret, spirt, ətirdən uzaq durmaq bədəndə toksinlərin miqdarını və qaraciyərin yükünü azaldaraq immunitet sisteminə töhfə verir. Alüminiumlu dezodorantlar, qatqılı qidalar, saç boyaları, şampunlar və makyaj materialları kimi toksinlər də orqanizmdə yük yaradaraq allergiyaya səbəb olur. Lazımsız antibiotiklər də bağırsaqlara faydalı bakteriyaları məhv edərək immunitet sistemini zəiflədir. Bu, allergiya riskini artırır.

Otaqda və çöldə paltar qurutmayın

Paltarları çöldə və ya olduğunuz otaqda qurutmayın, çünki bu allergiyaya səbəb olur. Əks halda, olduğunuz otaqda paltarların qurudulması yuyucu qoxusuna məruz qalmağınıza və allergiyanın yaranmasına səbəb olar. Xüsusilə yaz aylarında paltarları çöldə qurutmaq da tozcuqların paltarlara yapışmasına və beləliklə də, allergik şikayətlərinizin artmasına səbəb olur. Əgər quruducu yoxdursa, paltarları başqa otağa asın və sonra həmin yeri havalandırın.

Toza qarşı maska taxın

Tozcuqlar səhər saat 05:00-10:00 arasında yayıldığı üçün bu saatlarda zərurət olmadıqca çölə çıxmayın. Toz çox olduqda evi də havalandırmayın. Çölə çıxdığınız zaman ağız və burnunuzu örtmək üçün maska taxıb, gözlərinizi günəş eynəkləri ilə qoruya bilərsiniz.

Otağınızda çox əşya saxlamayın

Xüsusilə yatdığınız otaqda çox əşya saxlamayın. Yumşaq oyuncaqlar, xalçalar və yorğanlar kimi toz tutan əşyalar da allergiyaya səbəb olur və bu da allergik xəstəliklərin artmasına yol açır. Yorğan dəstlərinizi hər həftə 60 dərəcədə yumağa diqqət edin. Evinizdə pişik və ya it varsa, onların yatdığınız otağa girməməsinə diqqət yetirin. Evinizi tez-tez tozsoranlayın və nəm  parça ilə silin. Evə gələn kimi paltarınızı dəyişin və gün ərzində tez-tez əllərinizi yuyun.

Müntəzəm məşq edin

Funksional Tibb və Tibbi Qidalanma Mütəxəssisi həkim Aynur Ketene bildirir ki, nizamlı idman sağlam həyat üçün hər baxımdan son dərəcə əhəmiyyətlidir, immunitet sistemini gücləndirir və allergiya ilə mübarizəni dəstəkləyir.

Vüsal Cahanov, “İki sahil”