27 oktyabr 2026 18:07
143

Azərbaycan qeyri-sabit regionda sabitliyin dayağı kimi qəbul edilir - TƏHLİL

Dövlətimizin başçısı İlham Əliyev Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində 35 illik müstəqillik tariximizin reallıqları əsasında bu çağırışı xüsusi vurğuladı ki, hər hansı hörmətsizlik əlaməti, əsassız üstünlük hissinin istənilən təzahürü, həmçinin kiminsə bizə nə isə diktə edə biləcəyi barədə əsassız düşüncələr tərəfimizdən müqavimətlə və çox qətiyyətli mövqe ilə qarşılanıb, bundan sonra da belə olacaqdır

Azərbaycan dialoq mərkəzi kimi dünyanın diqqətindədir. Ölkəmizin ev sahibliyi ilə keçirilən tədbirlərin xronologiyasına diqqət yetirməklə coğrafi üstünlüyündən istifadə edərək ölkələr, xalqlar arasında körpü roluna daim yeni əlavələr etdiyini görürük. Azərbaycan dünyaya nadir əməkdaşlıq modelini təqdim edir. Bu model bir daha xarici siyasətimizin dəyişməz prinsiplərini özündə ehtiva edir. Dövlətlərlərarası münasibətlərdə qarşılıqlı etimad mühiti qorunmalı, bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında əlaqlər qurulmalı, bu və ya digər ölkənin daxili işinə müdaxilə yolverilməz hesab edilməlidir. Eyni zamanda, əgər ölkəmizə belə müdaxilələr olsa sərt mövqe nümayiş etdirilir. Prezident İlham Əliyevin Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki çıxışında bütün bu məqamlara bir daha diqqət yönəldildi.

Tədbirin əhəmiyyəti həm müzakirəyə çıxarılan mövzunun aktuallığında, həm də iştirakçıların say tərkibində özünün aydın ifadəsini tapır. “Qeydiyyatdan keçmiş 2000-dən artıq iştirakçı, 100-dən artıq ölkədən gəlmiş 500-dən çox qonağımız var. Əslində bu rəqəmlər göstərir ki, ötən 15 il ərzində Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətləri və digər əlaqədar məsələləri həll etmək üçün olduqca səmərəli və əhatəli platformalardan birinə çevrilmişdir”söyləyən cənab İlham Əliyev bildirdi ki, çünki ənənəvi olaraq, biz forumlarda qlobal gündəlikdə duran təxirəsalınmaz məsələlər haqqında danışırıq. Bizim təşəbbüsümüzlə hələ 2011-ci ildə təşkil olunmuş ilk forumu çox yaxşı xatırlayıram. Biz həmin təşəbbüsə dəstək vermiş, həmçinin bu illər ərzində bizimlə olmuş tərəfdaşlarımıza və ilk növbədə, BMT-nin Sivilizasiyalar Alyansına çox minnətdarıq. Həmin vaxtdan etibarən xeyli dəyişikliklər baş vermişdir. Təbii ki, iki ildən bir keçirilən hər Forum zamanı biz hamımızı narahat edən məsələlər haqqında söhbət edirik. Əlbəttə, mədəniyyətlərarası və dinlərarası münasibətlərə aid məsələlər gündəliyimizdə birinci yer tutur.

Multikulturalizm gündəlik həyat tərzidir

Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin, dinlərin və millətlərin dinc yanaşı yaşadığı unikal bir tolerantlıq məkanıdır. Ölkədə multikulturalizm təkcə dövlət siyasəti deyil, həm də xalqın gündəlik həyat tərzidir. Paytaxt Bakı mütəmadi olaraq Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Bakı Humanitar Forumu kimi mötəbər tədbirlərə ev sahibliyi edərək qlobal miqyasda multikulturalizm mərkəzi kimi tanınır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev tolerantlılığı və multikulturalizmi dövlət siyasətinin əsas istiqamətlərindən biri elan edib, ölkəmizdəki bütün xalqların, milli azlıqların, etnik qrupların bərabər hüquqlar əsasında yaşamaları üçün səmərəli əməli fəaliyyət göstərib. Prezident İlham Əliyevin siyasi iradəsi və mütərəqqi siyasəti sayəsində bu gün ölkəmiz tolerantlıq və multikulturalizm baxımından bütün dünya üçün örnəkdir. Cənab İlham Əliyev sözügedən çıxışında “Azərbaycan tarixən hər zaman mədəniyyətlərin çox olduğu ölkə olub” söylədi və onu da əlavə etdi ki, biz Avropa ilə Asiya arasında yerləşirik. Əsrlər boyu Azərbaycan Asiya ilə Avropa arasında mədəniyyət körpüsü olub. Multikulturalizm ənənələri, dini və etnik dözümlülük xalqımızın əsrlər boyu yaşatdığı meyarlar olub və biz onları yüksək dəyərləndiririk. Azərbaycanın uğurlu və sabit inkişafının təməlində dayanan əsas səbəblərdən biri isə cəmiyyətimizdəki ahəngdarlıqdır. Bütün etnik qrupların, dinlərin nümayəndələrinin Konstitusiyamıza uyğun olaraq, nəinki bərabər hüquqları var, onlar, həmçinin bir ailə kimi yaşayırlar. Biz həmrəylik, qarşılıqlı hörmət və anlaşmanın ən yüksək səviyyəsini həqiqətən hiss edirik.

Hər bir vətəndaşda Vətənə sədaqət və milli qürur hissi yaşadan ideologiya

Azərbaycançılıq ideologiyasının təbliği və inkişaf etdirilməsi bütün dövrlər üçün aktuallığını qoruyur. Bu ideologiya müasir müstəqil Azərbaycan dövlətinin milli kimliyini, ictimai-siyasi birliyini və ideoloji təməlini təşkil edir. Ana dili, tarixi yaddaş, adət-ənənələr və dövlətçilik təfəkkürünün qorunub saxlanılması xalqın milli varlığının və gələcək inkişafının əsas şərtidir. Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı və “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” çağırışına əsaslanan bu ideologiya hər bir vətəndaşda Vətənə sədaqət və milli qürur hissi yaradır. Bu reallıqlara söykənərək cənab İlham Əliyev çıxışında bildirdi ki, hamımız milli ideyalar ətrafında birləşirik. Onlardan biri azərbaycançılıqdır. O, Azərbaycandakı bütün xalqları bir araya gətirir. Bu birlik müstəqillik tariximizin ən ağır vaxtlarında özünü göstərib. Ermənistanın hərbi təcavüzü və işğalı, həmçinin İkinci Qarabağ müharibəsi zamanı bütün etnik və dini qrupların nümayəndələri özünəməxsusluğumuzu qorumaq, ədaləti müdafiə etmək və ərazi bütövlüyümüzü bərpa etmək üçün Qələbəmizin rəmzi olan “Dəmir yumruq” kimi vuruşdular: “Beləliklə, birliyin bu cür böyük təzahürü bir daha cəmiyyətimizin durumunu göstərir. Bir daha deyirəm ki, əgər bizdə - Azərbaycanda yaşayan bütün xalqlar arasında qarşılıqlı hörmət, əhatəliliyin real platforması olmasaydı, biz heç zaman uğur qazana bilməzdik. Çox fərəhlənirik ki, həmin dəyərləri əsrlər boyu qoruyub saxlaya bilmişik.”

Azərbaycanın 35 illik müstəqillik tarixi keçdiyimiz yolun güzgüsü, bələdçisidir. Azərbaycan 1991-ci ilin 18 oktyabr tarixində müstəqilliyini bərpa etməklə öz taleyinin sahibinə çevrildi. Lakin müstəqilliyimizin bərpasının ilk illərində ölkəmizin yaşadığı faciələr, təhlükələr bəllidir. 1993-cü ildə Azərbaycanın ən çətin günlərində Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanı yaşadığı faciələrdən xilas edib, inkişaf, tərəqqi yoluna çıxardı. Bununla da Azərbaycanın müstəqilliyinin dönməzliyi təmin edildi. “Bu gün qonaqların Bakıda və Azərbaycanın digər yerlərində öz gözləri ilə gördükləri işlər, əsasən, müstəqillik illərində icra edilmişdir” deyən cənab İlham Əliyev vurğuladı ki, biz öz taleyimizi özümüz həll etməyə başladıq və sonra isə bütün dünyaya nəyə qadir olduğumuzu göstərdik. Həmçinin mühüm nailiyyətlərdən biri ondan ibarətdir ki, müstəqillik illərində biz nəinki öz ənənələrimizi, öz həyat tərzimizi qoruyub saxladıq, o cümlədən onları gücləndirdik. Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlərdə birliyini nümayiş etdirir.

Azərbaycan təcrübəsi

Cənab İlham Əliyev hər bir çıxışında torpaqlarımızın işğalından, 30 illik işğal dövründə bu ərazilərimizdə törədilən dağıntılardan, 44 günlük Vətən müharibəsindən və bir günlük antiterror tədbirlərindən, həmçinin yeni reallıqlar əsasında azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən geniş bəhs edir. “Biz əraziləri işğal altında olan ölkə kimi, ən elementar insan hüquqları daim pozulan xalq kimi əbədi yaşamalı deyildik. Biz danışıqlarda bütün səmimiyyətimizlə və ümidlə iştirak edirdik. Lakin bu prosesin heç bir nəticə vermədiyini gördükdə, özünümüdafiə hüququ da daxil olmaqla, BMT Nizamnaməsində, o cümlədən onun 51-ci maddəsində təsbit edilmiş qanuni hüququmuza əsaslanaraq məsələni həll etdik” deyən dövlətimizin başçısı bildirdi ki, biz özümüzü müdafiə etdik. Biz düşməni məğlub etdik. Biz 30 il Ermənistanın işğalı altında olmuş torpaqlarımızı azad etdik. Biz ədaləti bərpa etdik. Biz öz ləyaqətimizi və beynəlxalq hüququ bərpa etdik. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, Ermənistan qoşunlarının ərazilərimizdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən, lakin 30 il kağız üzərində qalan qətnamələrini təkbaşına icra etdik. 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi və 2023-cü ildə keçirilmiş antiterror əməliyyatı işğala son qoydu. Biz beynəlxalq hüququn normalarına uyğun olaraq ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdik.

Azərbaycan dünya hərb tarixində bu ilkə də imza atdı ki, qalib tərəf olaraq müharibədən dərhal sonra məğlub Ermənistana sülh təklifini etdi. Təbii ki, məqsəd regionda dayanıqlı sülhü və təhlükəsizliyi təmin etmək, Ermənistanla münasibətlərdə yeni səhifə açmaq idi. Etimad quruculuğu prosesi qarşıda dayanan əsas çağırışlar sırasındadır. Azərbaycanın sülh quruculuğu beynəlxalq dəstək qazandı. Beynəlxalq hüququn əsas prinsiplərini özündə ehtiva edən sülh təklifinin reallığa çevrilməsi istiqamətində Azərbaycan böyük səylər və qətiyyət göstərdi. “Ermənistana sülh təklif etdik. Bu da misli görünməmiş bir haldır. Müharibələrin tarixinə nəzər salsaq, yəqin ki, son qanlı toqquşmadan iki il belə keçməmiş ölkələrin sülhə nail olması nümunəsinə rast gəlmərik” söyləyən cənab İlham Əliyev vurğuladı ki, ötən ilin yayında paraflanmış sülh sazişinin layihəsini də biz hazırlamışdıq. Ermənistanla sülh sazişinin təşəbbüskarı biz olmuşuq. Çünki biz sonsuz müharibələr istəmirdik və qisas almaq niyyətində deyildik: “Hərçənd hesab edirəm ki, emosiyalar da nəzərə alınmalıdır. Mən həmişə deyirəm ki, biz qisasımızı döyüş meydanında aldıq və bundan irəli getməməliyik. Əks təqdirdə, bu, sonsuz müharibəyə çevrilər. Bu gün demək olar ki, hər il yeni müharibələrin başladığını gördükdə anlayırıq ki, müharibəyə son qoymaq çox çətindir. Müharibəyə başlamaq çox asandır, onu bitirmək isə çox çətindir. Qələbə qazanmaq da çox çətindir. Ona görə də hesab edirəm ki, Azərbaycanın təcrübəsi, - ədalətli müharibədə Qələbə qazanmağımız, məğlub tərəfin kapitulyasiya etməsi, bundan sonra isə irəli getməyərək dayanmaq, - lazım olan məqamda dayanmağımız və sülh təklif etməyimiz mühüm əhəmiyyət daşıyır”.

Cənab İlham Əliyev bu çağırışı da etdi ki, hazırda müharibə aparan və yəqin ki, ona necə son qoyacaqlarını bilməyən tərəflər bu təcrübəni öyrənməlidirlər: “Fikrimcə, yaratdığımız presedentlərdən hansılarının bəzi münaqişələrin həllində istifadə oluna biləcəyini müəyyənləşdirmək baxımından təcrübəmiz çox dəyərli olacaqdır. Bütün münaqişələr bir-birindən fərqlənir. Lakin onların hamısının kökündə eyni amillər dayanır. Bunlar ambisiyalar, təcavüz və üstünlük hissidir. Bu, həm də hücum etdiyin insanlara qarşı törətdiyin əməllərə görə cəzalandırılmayacağına əminlik hissidir. Təəssüf ki, bəzən bu vəziyyət sonsuza qədər davam edir. Bizim vəziyyətimizdə bu, 30 il sürdü, lakin biz buna son qoyduq. Hər şeyi beynəlxalq hüquqa uyğun şəkildə etdik.”

Beynəlxalq siyasətdə ikili standartlar siyasəti tamamilə aradan qaldırılmalıdır

Dünya güclərinin ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemlərin geniş təhlili əsasında dövlətimizin başçısı İlham Əliyev bir daha bildirdi ki, ətrafımıza baxanda hər yerdə sanksiyalar görürük. Azərbaycandan şimala və cənuba baxdıqda yüzlərlə sanksiyanın tətbiq olunduğunu görürsünüz. Lakin Ermənistana qarşı sanksiya tətbiq edilmədi. Bu isə ikili standartlar məsələsidir. Bu, ikili standartlardan başqa bir şey deyil. Biz siyasətdə ikili standartlara qarşı həmişə mübarizə aparmışıq və bundan sonra da mübarizə aparacağıq. Bu, xarici siyasətimizin mühüm istiqamətlərindən biridir. Çünki biz ikili standartlardan əziyyət çəkmişik və hələ də onların təsiri ilə üzləşirik. Əlbəttə, indiki vəziyyətimizlə bağlı “əziyyət çəkmək” ifadəsi bəlkə də çox sərt səslənir. Əslində, biz artıq əziyyət çəkmirik. Çünki istədiyimizə nail olmuşuq və öz torpağımızda azad yaşayırıq. Bununla belə, beynəlxalq siyasətdə ikili standartlar siyasəti tamamilə aradan qaldırılmalıdır. Cəmiyyətimiz ikili standartları qətiyyətlə rədd edir.

Azərbaycanın 35 illik müstəqillik tarixi bu kimi yanaşmaların təqdimatında öz sözünü deyir. Azərbaycan dünyanın aparıcı dövlətlərinin ikili siyasətini hər zaman öz üzərində hiss edib. Lakin bu, ölkəmizi heç zaman ruhdan salmadı. Daim həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ədalət və beynəlxalq hüquq məfhumlarının mövcudluğunu, lakin onların tətbiqi üçün vahid icra mexanizmlərinin olmamasının geniş təbliği istiqamətində səylərini artırdı. Ədalətin, haqqın zəfər çalacağına tam əmin idi. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, ikili standartlar təkcə, məsələn, müxtəlif müharibə və münaqişələrə yanaşmada özünü göstərmir. Qeyd etdiyim kimi, Ermənistan beynəlxalq səviyyədə tanınmış ərazimizin təxminən 20 faizini işğal etmiş, etnik təmizləmə siyasəti aparmış, nəticədə bir milyon azərbaycanlı öz tarixi torpaqlarından didərgin salınmış, dini və tarixi abidələrimiz, o cümlədən Qarabağda 65 məscid dağıdılmışdır. Lakin Ermənistana qarşı nə sanksiya tətbiq olunmuş, nə də o, cəzalandırılmışdır. Bax, ikili standart budur. Amma ikili standartlar təkcə bununla məhdudlaşmır: “İkili standart həm də kiminsə sənə necə yaşamağı öyrətmək istəməsidir. Halbuki bunu etməzdən əvvəl güzgüyə baxıb özündən soruşmalısan: sənin kiməsə ağıl öyrətməyə, müstəqil bir ölkəyə necə yaşamalı olduğunu, nə etməli və nə etməməli olduğunu diktə etməyə mənəvi haqqın varmı? Biz heç vaxt bunu etmirik. Biz diqqətimizi öz daxili işlərimizə yönəldirik. Başqa ölkələrdə baş verənlər isə həmin ölkələrin xalqlarının işidir. Bu, bizim işimiz deyil. Biz də özümüzə qarşı eyni münasibəti gözləyirik və buna nail oluruq.” Dövlətimizin başçısının çağırışlarında bu reallıq xüsusi önə çəkildi ki, hər hansı hörmətsizlik əlaməti, əsassız üstünlük hissinin istənilən təzahürü, həmçinin kiminsə bizə nə isə diktə edə biləcəyi barədə əsassız düşüncələr tərəfimizdən müqavimətlə və çox qətiyyətli mövqe ilə qarşılanıb, bundan sonra da belə olacaqdır. Beynəlxalq ictimaiyyət beynəlxalq davranışın bu əsas qaydaları üzərində razılığa gələrsə, münaqişələrin və problemlərin sayı azalacaq, qarşılıqlı fəaliyyət isə genişlənəcəkdir.

Müstəqil siyasətimiz ölkəmizə böyük hörmət qazandırıb

Bu gün Azərbaycanın xarici siyasətinə, iqtisadi göstəricilərinə, qlobal enerji və nəqliyyat bazarlarındakı roluna nəzər salsaq, ölkəmizin rolunun son dərəcə sürətlə artdığını görərik. Azərbaycan qeyri-sabit regionda sabitliyin dayağı kimi qəbul edilir. Müstəqil siyasətimiz ölkəmizə böyük hörmət qazandırıb. Bunun üçün Azərbaycanın ev sahibliyi etdiyi, eyni zamanda, qarşıdakı illərdə edəcəyi tədbirlərin xronologiyasına diqqət yetirmək kifayətdir. 2024-cü ildə ölkəmizdə keçirilən COP29 iqlim konfransından bu günədək ev sahibliyi etdiyimiz tədbirlərə nəzər salanda Azərbaycanın beynəlxalq nüfuzu aydın görünür. COP29 tədbirinə 200-ə yaxın ölkədən 76 mindən çox iştirakçı qatıldı. 80-dən çox dövlət və hökumət başçısı iştirak etdi. Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında ümumilikdə 57 mindən çox iştirakçı qeydiyyatdan keçdi. Azərbaycanın 2024-2026-cı illərdə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi və oktyabrın 15-də Bakıda təşkilatın 7-ci Zirvə Görüşünə ev sahibliyi etməsi ölkəmiz üçün mühüm nailiyyətdir. Cənab İlham Əliyevin tədbirdə çıxışı ölkəmizin təşkilata sədrliyi dövrünün uğurlarının təqdimatında bir hesabat xarakteri daşıdı. Sammitdə Azərbaycanın sədrlik müddətinin iki il uzadılmasına dəstək göstərilməsi və təşkilatın gələcək fəaliyyət istiqamətlərinin müzakirəsi ölkəmizin çoxtərəfli diplomatiyada rolunun və beynəlxalq dialoq platforması kimi mövqeyinin möhkəmlənməsi baxımından əhəmiyyət daşıdı. Çıxışlarda qeyd edildi ki, Prezident Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə - istər söhbət iqtisadiyyatdan, istərsə də beynəlxalq münasibətlərdən getsin tərəqqi çırağı kimi üzə çıxıb. Biz bu təlatümlü və proqnozlaşdırılması çətin olan dünyada dialoq, etimad və hərtərəfli əməkdaşlıq üçün bənzərsiz platforma kimi AQEM-in potensialının möhkəmləndirilməsinə hədəflənmiş Azərbaycanın təşkilata dinamik sədrliyini təqdir edirik.

Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi təcrübəsi bununla məhdudlaşmır. Azərbaycanın 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) sədrlik etməsi və İslam Zirvə Konfransının 16-cı sessiyasına ev sahibliyi ölkənin beynəlxalq gündəliyində mühüm yer tutur. Qarşıdakı sədrlik Azərbaycanla İslam dünyası arasında siyasi, iqtisadi və humanitar əlaqələrin genişləndirilməsi, üzv dövlətlər arasında dialoqun gücləndirilməsi üçün imkanlar yaradır. Bununla yanaşı, ticarət və investisiyaların genişləndirilməsi, ərzaq təhlükəsizliyi, enerji, nəqliyyat və turizm sahələrində birgə layihələr əməkdaşlığın praktiki nəticələrini artıra bilər. 2027-ci il Zirvə Konfransı mövcud əlaqələrin daha geniş siyasi gündəlikdə müzakirəsi, ortaq maraqların uzlaşdırılması və yeni əməkdaşlıq təşəbbüslərinin irəli sürülməsi baxımından əhəmiyyət daşıyır.

Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi təcrübəsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursunun çoxtərəfli əməkdaşlıq imkanlarını genişləndirən mühüm istiqamətlərindən biridir. Bununla belə, beynəlxalq tədbirlərin əhəmiyyəti yalnız onların miqyası və iştirakçıların sayı ilə ölçülmür. Əsas məsələ qurulan əlaqələrin inkişaf etdirilməsi, əldə olunan razılaşmaların icrası və müzakirə edilən təşəbbüslərin konkret layihələrə çevrilməsidir. Tədbirlər zamanı qazanılan təşkilati təcrübənin gələcək fəaliyyətə tətbiqi də bu prosesin mühüm tərkib hissəsidir. Beləliklə, Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi təcrübəsinin uzunmüddətli əhəmiyyəti ölkənin beynəlxalq mövqeyinin möhkəmləndirilməsi ilə yanaşı, yaradılan imkanların davamlı əməkdaşlığa və praktik nəticələrə çevrilməsindən asılıdır.

Bugünkü reallıqlarımız Azərbaycanın müharibə təcrübəsinin iqtisadi inkişafa da geniş yol açdığını nümayiş etdirir. Cənab İlham Əliyev ümumiləşdirilmiş şəkildə bildirdi ki, müharibələrin sonlandırılması ilə bağlı təcrübəmiz diqqətlə nəzərdən keçirilməlidir: “Bu mənzərəyə iqtisadi fəaliyyətimizi, təqribən ÜDM-in 5 faizindən bir az artıq olan çox aşağı xarici borcumuzu, - hansı ki, ən aşağı səviyyədədir, yəqin ki, dünyada olan ən aşağı borclardandır, - qlobal enerji bazarında enerjinin beynəlxalq bazarlara etibarlı təchizatçısı kimi rolumuzu, bağlantılarda, xüsusilə indi nəqliyyatda bağlantıların beynəlxalq gündəmdə ən əsas məsələlərdən biri olduğunu nəzərə alaraq oynadığımız rolu əlavə edə bilərik. Burada xəritəyə baxsanız, görərsiniz ki, Azərbaycandan yan keçmək çox çətindir. Xüsusilə xəritəyə infrastrukturu, sərmayələri, müasir infrastrukturu, üstəgəl siyasi infrastrukturu əlavə etdikdə. Çünki bağlantı istiqamətində hər hansı bir rola malik olmaq üçün sizin qonşularınızla və qonşularınızın qonşuları ilə yaxşı münasibətləriniz olmalıdır və bu da baş verdi. Beləliklə bizim iqtisadi potensialımız, fəal xarici siyasətimiz, inklüziv cəmiyyətimi, multikulturalizm və mədəniyyətlərarası dialoq üzrə ənənələrimiz - bütün bunlar bizə nikbin baxmaq üçün bir sinerji yaradır.”

Yeganə Əliyeva, “İki sahil”