20 may 2022 15:15
491

Hicran Hüseynova: Azərbaycan–Türkiyə münasibətləri dostluğun, əməkdaşlığın, müttəfiqliyin unikal nümunəsidir

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynovanın “İki sahil”ə müsahibəsi

 - Hicran xanım, son günlərdə bir çox ictimai-siyasi əhəmiyyət kəsb edən hadisələr baş verdi.  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə cənab İlham Əliyev Rize-Artvin Hava Limanının açılış mərasimində iştirak etdi və qardaş ölkəyə səfər çərçivəsində bir sıra mühüm məsələlərə toxunuldu. Bunu necə dəyərləndirərdiniz?

- İlk öncə qeyd etmək istərdim ki, bu hava limanının açılması qardaş Türkiyənin davamlı inkişaf strategiyasının ən uğurlu nümunələrindən biridir.  Təməli 2017-ci il aprelin 3-də Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qoyulan Rize-Artvin Hava Limanı Türkiyədə Ordu-Giresun Aeroportundan sonra dənizin doldurularaq inşa edildiyi ikinci, dünyada isə beşinci hava limanıdır. Prezident cənab Rəcəb Tayyib Ərdoğanın   həyata keçirdiyi siyasət nəticəsində Türkiyə gündən-günə güclənir, sürətlə inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, “Bütün bunun təməlində aparılan siyasət, əziz qardaşımın böyük əməyi, zəhməti vardır. Türkiyə bu gün nəinki dünya miqyasında böyük güc mərkəzinə çevrilib, söz sahibi olub, eyni zamanda, ölkə içində də böyük layihələr icra etməyə qadirdir”.

Azərbaycan və Türkiyə dostluğu, qardaşlığı uzun bir tarixə söykənir. Türkiyə və Azərbaycan sevincini və kədərini paylaşan bir millət- iki dövlətdir. Bu dost və səmimi münasibətlər o qədər inkişaf etmişdir ki, hətta müxtəlif tədbirlərdə belə hansısa-birinin yoxluğunu auditoriya hiss edə bilmir. Belə nümunələr çoxdur. Türkiyə hər zaman öz mənəvi və siyasi dəstəyini göstərmişdir. Rize-Artvin hava limanın açılışında cənab İlham Əliyev bir daha qeyd etdi: “Bu gün bu gözəl mərasimdə Azərbaycan Prezidentinin iştirakı Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürüdür. Biz hər zaman bir yerdəyik - xoş günlərdə, yaxşı günlərdə, çətin günlərdə də və İkinci Qarabağ savaşı bunu bir daha bütün dünyaya göstərdi”.

Ən mühüm açıqlamalardan biri də İkinci Qarabağ savaşının iki qardaş ölkənin müştərək, ortaq şanlı tariximizə çevrilməsi məsələsinin bir daha gündəmə gətirilməsidir. Ölkə başçısı İlham Əliyevin söylədiyi kimi,” Vətən müharibəsinin ilk günündə cənab Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” deməsi bir çoxları üçün ciddi mesaj oldu. Savaşın son dəqiqəsinə qədər – Şuşa şəhərində bayrağımız ucalana qədər Türkiyə bizimlə idi, bizə arxa idi, dayaq idi və Azərbaycan xalqı heç vaxt bu qardaşlığı unutmayacaq.

İndi Azərbaycan erməni işğalından azad etdiyi torpaqlarda, Qarabağın, Şərqi Zəngəzurun bərpa-quruculuq işlərində də bir yerdə çalışır.  Bütün bunlar bir daha göstərir ki, Azərbaycan və Türkiyə hər zaman bir-birinə dəstək olur, əməkdaşlıq edir. Bu gün dünyada baş verən hadisələrin fonunda Azərbaycan –Türkiyə münasibətləri əməkdaşlığın, dostluğun, müttəfiqliyin unikal nümunəsidir. Prezident İlham Əliyev açılış mərasimində bir daha Şuşa Bəyannaməsinin mühüm əhəmiyyətini vurğulayaraq bildirdi: “Biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik. Bu siyasət bizə atalarımızdan qalan mirasdır, atalarımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadiqik”. Bu gün bütün dünya Azərbaycan-Türkiyə münasibətləri təkcə iki dövlət üçün deyil, Cənubi Qafqaz, Türk dünyası, region və dünya üçün nümunəvi modeldir.  Türkiyə və Azərbaycan bölgədə və dünyada sülhün, təhlükəsizliyin, iqtisadi və nəqliyyat-daşınma loqistikasının inkişafına mühüm töhfə verməkdədir.  Bu iki ölkənin hərtərəfli münasibətləri regionda sülhün, rifahın, inkişafın modelini yaradır. Biz artıq müşahidə edirik ki, bir çox ölkələr  istər Azərbaycan, istərsə də Türkiyə ilə yaxından əməkdaşlıq etməyə qərar verirlər. Bir daha problemlərin silah, hədə-qorxu ilə deyil, əməkdaşlıq, dostluq, qarşılıqlı fayda verən münasibətlər çərçivəsində həll edilməsi həqiqətini qəbul edirlər.

- Azərbaycan Respublikasının Milli Məclisində İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏTPA) Üçüncü Ümumi Konfransı keçirildi. Bu təşkilatın fəaliyyətini, gələcək addımlarını necə görürsünüz?

- Milli Məclisdə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfrans “Postpandemiya dövründə əməkdaşlıq: çağırışlar və bərpa imkanları” mövzusuna həsr olunmuşdu.  İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasına sədrlik Pakistandan Azərbaycana keçib. Keçən müddət ərzində bir sıra işlər görülmüşdür.  Bununla yanaşı, Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlar, dünyada gedən proseslər, təşkilatın tam potensialını üzə çıxarmaq üçün bizi qarşıda böyük işlərin gözlədiyini deyə bilərik. Azərbaycan bütün münasibətlərdə olduğu kimi, bu beynəlxalq təşkilatla da əlaqələrində dayanıqlı tərəfdaşlıq çərçivəsində fəaliyyət göstərməyi əsas götürür.   Azərbaycan parlamentinin sədri Sahibə Qafarova da Milli Məclisin təşkilata sədrliyi dövründə Assambleyanın fəaliyyətinin gücləndirilməsi, parlamentlər arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində səylərin artırılmasını xüsusi olaraq qeyd etmişdir.  Təşkilata daxil olan xalqları birgə tarixi, mədəni, dini dəyərlər və ənənələr birləşdirir. Bu baxımdan mövcud birliyi, dostluğu qorumaq və onu daha da inkişaf etdirmək üçün  parlament üzvləri də böyük məsuliyyət daşıyırlar. Spiker S.Qafarovanın dediyi kimi, İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası təşkilatın hədəf və məqsədlərinin reallaşdırılmasını dəstəkləməklə yanaşı, parlamentlərimiz arasında əlaqələrin gücləndirilməsinə, xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına töhfə verir. 

Ümumiyyətlə, konfrans və komitə iclasları çox mühüm müzakirələrlə yadda qaldı. COVID-19 pandemiyası qlobal iqtisadiyyata, səhiyyəyə və ictimai həyatın bütün sahələrinə öz mənfi təsirini göstərmişdir.  Gözlənilmədən yaranan bu bəşəri problemin yaratdığı ciddi çətinliklər   dünyanın buna hazır olmadığını sübut etdi. Əlbəttə ki, mövcud böhrandan çıxış yollarının tapılması üçün müəyyən vaxt lazım idi.  Pandemiya ilə mübarizə və onun ağır fəsadlarının aradan qaldırılması üçün qlobal səylərin səfərbər olunması zəruri idi.

Azərbaycan Respublikası bu istiqamətdə bir sıra uğurlu qlobal təşəbbüslər irəli sürmüşdür. Bu çətin günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə görüşlər keçirildi. Görüşlərdə Azərbaycanın qardaşlıq və dostluq münasibəti bir daha təsdiq olundu. Azərbaycan Prezidenti dünya dövlətlərini, mötəbər beynəlxalq təşkilatları məsuliyyətli olmağa çağırır, hətta zəngin ölkələrin kasıb dövlətlərin vətəndaşları üçün də peyvəndlər almasını təklif edirdi.  Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyası keçirilmiş, 2021-ci ilin mart və dekabr aylarında BMT-nin İnsan Hüquqları Şurası və Baş Assambleya tərəfindən “COVID-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi”nə dair qətnamələr qəbul edilmişdir. Digər tərəfdən, Azərbaycan pandemiyadan ən çox əziyyət çəkən ölkələrə maliyyə və humanitar yardım göstərmiş, xəstəlik əleyhinə peyvənd ianə etmişdir.

Hazırda pandemiyanın kəskin dövrünün arxada qalması müşahidə edilir. Artıq gələcək mümkün çağırışlarla daha güclü mübarizə aparmaq üçün postpandemiya dövründə bərpa məsələlərinə daha çox diqqət yetirilir.  Qeyd etmək lazımdır ki, bu sahədə də  Azərbaycan ilk təkliflərini vermişdir. Belə ki, cənab Prezident İlham Əliyev  pandemiyadan sonrakı dövr üçün qlobal tədbirlərlə bağlı konkret tövsiyələr hazırlaya biləcək BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin təsis edilməsi təşəbbüsünü irəli sürmüşdür. İqtisadi və sosial inkişafın davamlı olması üçün qarşılıqlı inteqrasiya və əməkdaşlığın inkişafına ehtiyac vardır. Bu mənada parlamentlərarası əlaqələrin gücləndirilməsi, parlament diplomatiyası regional inteqrasiya və inkişafa töhfə verəcəkdir.

- Hicran xanım, mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Litva Respublikasının Prezidenti Gitanas Nauseda mətbuata bəyanatlarla çıxış edən zaman dövlətimizin başçısı bir daha Ermənistan hökumətinin yalanlarını üzə çıxardı. Onların sülh prosesinə maneə yaratdığını sübut etdi...

- Mühüm layihələrin müəllifi, güclü iqtisadi potensiala, ikitərəfli və çoxtərəfli əməkdaşlığa malik olan Azərbaycan   bölgədə təhlükəsizliyin və sabitliyin qarantıdır. Ancaq bununla yanaşı, bir çox məsələ Ermənistandakı gündəmdən, Ermənistan hökumətinin sülh gündəliyi ilə bağlı planlarından asılı olacaqdır. Azərbaycan Vətən müharibəsi bitdikdən dərhal sonra sülhün yaranması, bizim üçün nə qədər ağır olsa da münasibətlərin normallaşması prosesinə başladı, təkliflər verdi. Azərbaycan Ermənistanı sərhədlərin delimitasiyasına başlamağa dəvət etdi. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə aprelin 6-da Brüsseldə keçirilmiş görüş zamanı razılaşdırılmışdı ki, aprelin sonuna qədər hər iki tərəf işçi qrup yaradacaq və onlar artıq öz fəaliyyətinə başlayacaqlar.

Azərbaycan vaxtında işçi qrupunu yaratmasına və nümayəndə heyətini ezam etməyə hazır olmasına baxmayaraq Ermənistan tərəfi  aprelin 29-da, daha sonra isə  7-11 may tarixlərində sərhəddə yeni görüşün keçirilməsi təklifimizdən də imtina etdi. Beləliklə, indiyədək biz Ermənistandan hər hansı yeni tarixləri gözləyirik ki, işə başlayaq. Çünki bu cür məsuliyyətsiz mövqe, əlbəttə ki, narahatlıq doğurur.

Azərbaycan hər zaman üzərinə götürdüyü öhdəliklərə sadiqdir. Lakin biz eyni məsuliyyəti Ermənistan tərəfindən də görmürük. Cənab Prezident İlham Əliyev də bir daha vurğuladı: “Bizdə müəyyən nikbinlik olsa belə, Ermənistan hökumətinin bu cür manevrləri və çox qəribə addımları, əslində, yaranan müəyyən etimadı pozur”. Azərbaycan sülh və rifah üçün bütün hüquqi addımları atır, bölgədə təhlükəsizliyin təmin olunması istiqamətində lazımı tədbirləri həyata keçirir. Ermənistan əsassız və heç bir məntiqə, hüquqa sığmayan iddialar irəli sürməkdənsə, ölkəmizin münasibətlərin normallaşması ilə bağlı 5 maddədən ibarət təklifinə adekvat cavab versin.  Radikal və revanşist iddialar irəli sürməklə bölgədə sülh yaratma prosesinə maneə yaradan Ermənistan nəhayət öz məsuliyyətini dərk etməlidir.

Orxan Vahidoğlu, "İki sahil"