Mayın 18-də Litva Prezdenti Gitanas Nausedanın Azərbaycana rəsmi səfəri zamanı hər iki ölkənin Prezidenti mətbuata bəyanatla çıxış etdilər. Azərbaycan Prezidenti cənab İlham Əliyev bəyanatı zamanı Litva ilə ölkəmiz arasında olan münasibətlərə toxundu. Ölkələrimiz uzun illərdir ki, strateji tərfdaşdırlar. Ölkə başçısı cənab İlham Əliyev bildirdi ki, Azərbaycanla Litva arasında imzalanmış Strateji Tərəfdaşlıq üzrə razılıq əməkdaşlığın mahiyyətini əks etdirir. Ölkələrimiz arasındakı güclü siyasi əlaqələr isə mövcud olan siyasi dialoqun təzahürüdür.
Azərbaycan Prezidenti cənab İlham Əliyev bəyanatında Avropa İttifaqı ilə olan münasibətlərə də diqqət çəkərək əməkdaşlığın uğurla inkişaf etdiyini bildirdi. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır və enerji, nəqliyyat təhlükəsizliyi, ticarət – perspektiv əməkdaşlıq istiqamətləridir. Cari ildə Avropa İttifaqı ilə ticarət dövriyyəsi artıb. Azərbaycan artıq Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında razılıqlar imzalayıb. Bu, onu göstərir ki, Avropa İttifaqı da Azərbaycan qədər bu əməkdaşlıqda maraqlıdır.
Litva da Avropa İttifaqına üzv olan ölkələrdəndir və iki ölkə arasındakı güclü siyasi münasibətlər deməyə əsas verir ki, Azərbaycanla Litva strateji tərəfdaşlardır. Litva Prezidentinin səfəri fəal siyasi dialoqun olduğunu bir daha nümayiş etdirir. İqtisadiyyat, ticarət, investisiya və digər sahələrdə fəal qarşılıqlı əlaqədə olmaq ölkələrimizin maraq dairəsindədir.
Azərbaycan-Litva biznes forumunda çıxışı zamanı Prezident cənab İlham Əliyev qeyd etdi ki, biznes forum işgüzar əlaqələr qurmaq üçün yaxşı fürsətdir. Birgə hökumətlərarası komissiya bizim işgüzar dairələrin səylərini əlaqələndirəcək, eyni zamanda, hər iki ölkədə iş qurmaq üçün çoxlu imkanlar yaradacaqdır. Gündəlikdə olan məsələlər arasında ticarət, investisiya, kənd təsərrüfatı, informasiya texnologiyalarının inkişaf etdirilməsi, nəqliyyat, enerji və təhsil sahələri var.
Biznes forumda cənab İlham Əliyev Azərbaycana on milyardlarla birbaşa xarici investisiyaların qoyulmasını qeyd edərək xarici şirkətlərin sərmayə portfelinin şaxələndirilməsinin vacibliyini vurğuladı. İlk dövrdə investisiya proqramları əsasən neft-qaz sektoruna aid olsa da, artıq investisiya bərpaolunan enerji sahəsini də əhatə edir. Ölkə başçısı Azərbaycan iqtisadiyyatının davamlı inkişafını təmin etmək məqsədilə həyata keçirilən çoxsaylı böyük işlərdən də danışdı. Azərbaycan qazını ilk dəfə 2021-ci ilin yanvarından başlayaraq Avropa İttifaqı da daxil olmaqla müxtəlif məntəqələrə nəql edən Cənub Qaz Dəhlizinin tikintisi, 3500 kilometr uzunluğunda birləşdirilmiş çoxsaylı boru kəməri sistemi yekunlaşıb. Bütün bunlar isə o deməkdir ki, enerji sektoru ənənəvi olaraq iqtisadiyyatda aparıcı sektor olub və bu, davam edəcəkdir. Ölkə iqtisadiyyatının şaxələndirilməsi nəticəsində inkişaf dinamikası artan tendensiya ilə gedir. Belə ki, cari ilin dörd ayının nəticələrinə əsasən ölkə iqtisadiyyatı 7,2 faiz artmışdır. Qeyri-neft sektorunda isə artım 11,4 faizdir. İxrac 85 faiz, qeyri-neft ixracı isə 40 faizə yaxın artıb. Ölkəmizdə işsizlik səviyyəsi cəmi 5-6 faiz təşkil edir.
Prezident cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və uzaqgörən siyasət nəticəsində Azərbaycanda nəqliyyat şəbəkəsinin şaxələndirilmiş zənciri yaradılıb. Coğrafi yerləşmənin üstünlüklərindən faydalanaraq müasir infrastruktur – dəniz limanı, dəmir yolu bağlantıları, bir neçə beynəlxalq hava limanları, avtomobil yolları yaradılıb. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşir və açıq dənizə çıxışı olmamasına baxmayaraq, Azərbaycan önəmli nəqliyyat mərkəzinə çevrilib.
Səfa Ağayev,
YAP İmişli rayon təşkilatının sədri