Beynəlxalq münasibətlər sisteminin ayrı-ayrı aktorları ilə Azərbaycanın münasibətlərinin dərinləşdirilməsini stimullaşdıran başlıca amil Azərbaycan dövləti tərəfindən regionda yaradılan yeni reallıqdır. Belə ki, münaqişənin mövcud olduğu vaxtda əməkdaşlıq potensialını dəyərləndirməkdən uzaq qalmağı seçən aktorlar üçün münaqişənin bitməsi daha münbit zəmin yaratdı və hal-hazırda dövlətlər daha böyük aktivlik nümayiş etdirirlər. Cənubi Qafqazın aparıcı dövləti kimi Azərbaycanla münasibətlərdə Litva da maraqlıdır. Xüsusi məqam ondan ibarətdir ki, Litva Avropa İttifaqının üzv dövlətlərindən biridir, bu da ikitərəli və çoxtərəfli münasibətlərin daha da dərinləşdirilməsinə yeni forma və məzmun qazandırır.
Sovet İttifaqından ayrılan ilk ölkələrdən biri kimi Litva digər sovet ölkələrinin də ittifaqdan qopmasında əsas hərəkətverici qüvvələrdən biri olmuşdur. İki dövlətin vaxtilə eyni blokda təmsil olunmasına, ortaq siyasi dəyərləri bölüşməsinə baxmayaraq, Baltikyanı ölkələrlə indiki məqamda münasibətlərin dərinləşdirilməsi üçün daha intensiv formada təmaslar və daha müntəzəm tərzdə görüşlər üçün münbit şərait yaranıb, görünür ki, bu da baş tutacaq. Azərbaycan gərginlikdən uzaq, əməkdaşlığa açıq dövlətdir. Avropa ittifaqı ilə də münasibətlərin dərinləşdirilməsində maraqlıdır. Litva-Azərbaycan münasibətlərdən əldə olunan siyasi və iqtisadi dividentlər qarşılıqlı fayda gətirir. İqtisadi baza və dayaqla Avropa İttifaqı yayılma arealını genişləndirir. Azərbaycan isə yaranmış mövcud vəziyyətə praqmatik, cəld cavab verməklə yanaşı, ən əsası konstruktiv siyasət yürüdərək milli maraqları təmin etmək istiqamətində iş görür. Böyükmiqyaslı layihələri icra edən Azərbaycan nəqliyyat və kommunikasiya imkanlarını genişləndirir. Vacib şəbəkələr ərazimizdən keçdiyi üçün Azərbaycan açar dövlətdir. Bu amilin özü digər dövlətlər və beynəlxalq aktorlar üçün yol açır. Konstruktiv, əməkdaşlığa açıq mövqe yürütməklə qarşılıqlı, faydalı əməkdaşlıq üçün münbit şərait yaradan aktor Azərbaycandır. Məhz bu uzaqgörən siyasət cənab Prezident cənab İlham Əliyev tərəfindən yaradılmış reallıqdır. Litva-Azərbaycan münasibətlərinin dərinləşdirilməsi ilə də daxil olmaqla coğrafi amilimizin üstünlüyü və bu amildən səmərəli istifadənin özü geniş areala və uzunmüddətli hədəflərə fokuslanıb.
Litva kiçik dövlət olsa da əməkdaşlıq baxımından olduqca önəmli dövlətdir. Avropa İttifaqı üzvü kimi gələcək dərinləşdiriləcək münasibətlərdə Litva-Azərbaycan münasibətləri keçid münasibətlər kimi dəyərləndirilməlidir. Bu baxımdan Litva-Azərbaycan münasibətlərində həm hər iki ölkənin öz milli maraqları, həm də daha geniş maraqlar mövcuddur.
Avropa İttifaqı iqtisadi, bütövlükdə nüfuz dairəsini genişləndirməkdə maraqlıdır, Litva ilə iqtisadi əməkdaşlıq buna doğru atılan real addımdır. Mayın 18-də Litva Prezdenti Gitanas Nausedanın Azərbaycana rəsmi səfəri çərçivəsində hər iki ölkənin Prezidenti mətbuata bəyanatla çıxış edərkən ifadə olundu ki, Litva-Azərbaycan strateji tərəfdaşdırlar. Ölkələr arasında imzalanmış Strateji Tərəfdaşlıq üzrə Bəyannamə həqiqətən də bu əməkdaşlığın əyani təzahürüdür.
Biznes forumda nümayəndə heyətinin hökumət üzvlərinin, biznes dairələri təmsilçilərinin öz həmkarları ilə görüşmələri icra ediləcək müştərək layihələrin xəbərçisidir. Ticarət, kənd təsərrüfatı, investisiya, informasiya texnologiyalarının inkişaf etdirilməsi, təhsil, enerji və nəqliyyat sahələri də daxil olmaqla əməkdaşlığın genişləndirilməsi əsas hədəflərdir.
Azərbaycan Cənubi Qafqazı sülh, təhlükəsizlik zonasına çevirməkdə qətiyyətli olduğu qədər, eyni zamanda iqtisadi inteqrasiya məsələlərində də qətiyyətli olduğunu nümayiş etdirir. Bunun üçün imkanlar genişdir. Cənab Prezident İlham Əliyev mətbuat konfransı zamanı bir daha bildirdi ki, Azərbaycan BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və beynəlxalq hüquq normalarına uyğun olaraq sülh təklifi ilə çıxış edib. Ermənistan tərəfi buna həvəs göstərmir.
Dövlət başçımız bəyanatda Avropa İttifaqı ilə olan münasibətlərimizə də toxunaraq bildirdi ki, tərəflar arasında əməkdaşlıq uğurla inkişaf edir. Hərtərəfli fəal əməkdaşlıq tərəflərin maraq dairəsindədir. Azərbaycan Avropa İttifaqına daxil olan dövlətlərlə strateji tərəfdaşlıq haqqında müqavilə imzalayıb, münasibətlər ildən-ilə artan, yüksələn xətlə inkişaf edir və bu tərəfdaşlığın artırılmasında digər Avropa İttifaqı dövlətləri ilə də eyni istiqamət üzrə addımların atılacağı artıq reallıqdır. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Cari ildə Avropa İttifaqı ilə ticarət dövriyyəsi artıb. Cənab Prezident İlham Əliyev tərəfindən yürüdülən uzaqgörən siyasət Azərbaycanın milli maraqlarının təmin olunmasına və daha da gücləndirilməsinə xidmət edir.
Şəbnəm Həsənova,
Politoloq