20 may 2022 17:13
479

Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu artır

Dövlət başçısı İlham Əliyev Litva Prezidentinin ölkəmizə səfəri çərçivəsində mətbuata bəyanatında bildirib ki, Avropa İttifaqının üzvləri ilə əməkdaşlıq bizim üçün strateji əhəmiyyət kəsb edir

Mayın 18-də Bakıda Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan-Litva biznes forumunda çıxış edən dövlət başçısı İlham Əliyev nitqində bir daha ölkəmizin iqtisadi uğurlarına diqqəti yönəldərək bildirib ki, biznes forum planlarımız, ölkəmizdəki biznes mühiti, sərmayə də daxil olmaqla imkanlar haqqında bir-birimizi məlumatlandırmaq, həmçinin işgüzar əlaqələr qurmaq üçün yaxşı fürsətdir.

Ölkə Prezidenti bu mühüm məqamı da diqqətə çatdırıb ki, Azərbaycana etibarlı və uzunmüddətli, ədalətli nizamlama və qanunvericilik olan bazarlar lazımdır. Bu isə Avropa bazarıdır. Avropa istehlakçılarına isə əlavə enerji resursları mənbələri lazımdır. Bu baxımdan Azərbaycan Avropa İttifaqı tərəfindən töhfə verən tərəf kimi qəbul edilir.

İnkaredilməz olan bu həqiqət də məlumdur ki, enerji təhlükəsizliyi əslində hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir. Bu gün enerjini siyasətdən, iqtisadiyyatdan ayırmaq qətiyyən mümkün deyil. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan tərəfdaşları ilə birgə iştirak edir. Azərbaycanın enerji sektorunda qazandığı uğurların xronologiyasına diqqət yetirsək gündəmə gətirdiyi hər bir layihəni uğurlu sonluqla başa çatdırdığını və Avropanın eneji təlükəsizliyinə davamlı töhfələr verdiyini görərik. Əməkdaşlığın coğrafiyasının genişlənməsi Azərbaycanın etibarlı tərəfdaş kimi artan mövqeyinin, rolunun təqdimatıdır.

Ölkə Prezidenti bildirir ki, biz öz enerji təhlükəsizliyimizi çoxdan təmin etmişik və bu gün başqa ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində öz rolumuzu oynayırıq. Bu rol müsbət roldur. Bunu bizim tərəfdaşlar qiymətləndirirlər. Azərbaycan heç vaxt öz enerji resurslarından başqa məqsədlər üçün istifadə etməmişdir. Bizim bu sahədəki fəlsəfəmiz və yanaşmamız ondan ibarətdir ki, enerji resursları əməkdaşlığı dərinləşdirməlidir, birliyi möhkəmləndirməlidir və əlbəttə ki, biz bu siyasəti apararaq öz milli maraqlarımızı təmin edirik. Bu gün həm bölgədə, həm dünyada bizim maraqlarımız təmin edilir.

Avropa İttifaqının rəsmiləri də daim bildirirlər ki, Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşıdır və bu əlaqələrin gələcəkdə böyük potensialı vardır. 2011-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında imzalanan “Cənub qaz dəhlizi haqqında” Birgə Bəyannamə əlaqələrin inkişafında başlanğıc kimi dəyərləndirildi. Azərbaycan Avropa İttifaqının ən böyük və etibarlı enerji tərəfdaşlarından biri kimi qeyd edildi. Birgə Bəyannamədə ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatında rolu yüksək qiymətləndirilərək, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün böyük potensialın mövcudluğu bildirilmişdir. Azərbaycanın şaxələndirilmə məsələsinə ilk yol açan bir ölkə olduğunu bildirən Avropa İttifaqının təmsilçiləri qeyd edirdilər ki, Azərbaycan öz ixrac imkanlarını genişləndirməklə Avropanın enerji təhlükəsizliyinin təminatına töhfələr verir.

Bugünün reallıqları fonunda qeyd edə bilərik ki, Azərbaycan bütün hədəflərə nail olub. Cənub Qaz Dəhlizi reallığa çevrilib. “Yeni əsrin müqaviləsi” uğurla icra edilir. Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadəsi iqtisadi imkanlarının artmasına və əməkdaşlığın coğrafiyasının genişlənməsinə stimul verir. Dövlət başçısı İlham Əliyev Litva Prezidenti ilə birgə mətbuata bəyanatında bildirib ki, bu gün Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı uğurla inkişaf edir. Avropa İttifaqı ölkəmizin əsas ticarət tərəfdaşıdır. Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan artıq strateji tərəfdaşlıq haqqında bəyanatlar imzalayıb. Bu, üzv dövlətlərin üçdə biridir. Bu, onu göstərir ki, Avropa İttifaqı da bizim kimi əməkdaşlıqda maraqlıdır.

Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri