20 may 2022 18:07
940

Azərbaycan Avropa İttifaqının etibarlı enerji tərəfdaşıdır

Məlum olduğu kimi mayın 18-də Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan-Litva biznes forumu keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Litva Respublikasının Prezidenti Gitanas Nauseda biznes forumun açılışında iştirak və çıxış ediblər. Azərbaycanla Litva arasında bir çox sahələrdə, o cümlədən siyasi, iqtisadi, ticarət, turizm və digər sahələrdə əməkdaşlıq əlaqələri dinamik olaraq inkişaf etməkdədir. İkitərəfli münasibətlərdə hüquqi baza formalaşıb, bir sıra mühüm sənədlər imzalanıb. Davamlı olaraq hər iki ölkə əlaqələrin inkişafında maraqlı olduqlarını, fəal siyasi dialoqun olduğunu nümayiş etdirir. Prezidentlərin mətbuata birgə bəyanatları zamanı dövlətimizin başçısı regionumuzda mövcud vəziyyət, Azərbaycanın sülh və əməkdaşlıq təşəbbüsləri haqqında fikirlərini bildirib. Azərbaycan Cənubi Qafqazı sülh və əməkdaşlıq məkanı kimi görmək istəyir. İkinci Qarabağ müharibəsindən sonra əməkdaşlıq formatını yaratmaq üçün yeni imkanlar yaranıb. Təəssüf ki, Ermənistan indiyə qədər Cənubi Qafqazda sülhün və əməkdaşlığın qurulmasına maraqlı görünmür. Cənab Prezidentin dediyi kimi, Ermənistan rəsmi olaraq sülh müqaviləsi ilə bağlı Azərbaycan tərəfindən irəli sürülən beş əsas prinsipi qəbul edib. İkinci Qarabağ müharibəsi qurtaran kimi Azərbaycan açıq şəkildə sülh müqaviləsinin bağlanmasını və sərhədlərin delimitasiyasına dair birgə komissiyanın yaradılmasını dəstəkləyib. Cənab Prezidentin bu barədə açıqlaması kimin kim olduğunu bir daha göstərir. Ermənistan anlamalıdır ki, bu yol onlar üçün müsbət heç nə vəd etmir. Ona görə də, sülh imkanlarını qaçırmamalıdır.

Litva Prezidentinin səfəri fəal siyasi dialoqun olduğunu bir daha nümayiş etdirir. İqtisadiyyat, ticarət, investisiya və digər sahələrdə fəal qarşılıqlı əlaqədə olmaq üçün əsl vaxtdır. Birgə hökumətlərarası komissiya hər iki ölkə arasında işgüzar dairələrin səylərini əlaqələndirəcək, eyni zamanda, hər iki ölkədə iş qurmaq üçün çoxlu imkanlar yaradacaq. Gündəlikdə olan məsələlər arasında ticarətlə yanaşı, investisiya, kənd təsərrüfatı, informasiya texnologiyalarının inkişaf etdirilməsi, nəqliyyat, enerji və təhsil sahələrinin olması kompleks tədbirlərin həyata keçirliməsindən xəbər verir.

Avropa dövlətləri ilə sıx əlaqələrin qurulmasında nəinki Azərbaycan, eyni zamanda, qarşı tərəf də bir o qədər maraqlıdır. Bu kontekstdə ölkəmiz dünyada etibarlı tərəfdaş kimi tanınır. Hazırda Azərbaycanda biznes mühiti investorlar üçün çox əlverişlidir. Məhz bu səbəbdən ölkəmizə on milyardlarla birbaşa xarici investisiyalar qoyulur. İnvestisiya proqramları ilk dövrdə əsasən neft-qaz sektoruna aid idi. Sevindirici haldır ki, hal-hazırda investisiya bərpaolunan enerji sahəsini də əhatə edir. Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edir. Eyni zamanda, ölkəmiz Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyini təmin edir. Azərbaycan neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları ixrac edir. Azərbaycanın enerji resurslarına ehtiyac heç vaxt olmadığı qədər böyükdür. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi qarşıya əsas prioritet kimi qoyulub. Enerji sektoru ənənəvi olaraq iqtisadiyyatda aparıcı sektor olub və bu, davam edəcək. Prezident cənab İlham Əliyev Azərbaycan-Litva biznes forumunda çıxışı zamanı Azərbaycan qazını ilk dəfə 2021-ci ilin yanvarından başlayaraq Avropa İttifaqı da daxil olmaqla müxtəlif məntəqələrə nəql edən Cənub Qaz Dəhlizinin tikintisinin və 3500 kilometr uzunluğunda birləşdirilmiş çoxsaylı boru kəməri sisteminin yekunlaşdığını qeyd etdi. Avropaya təbii qazın ixracına başlamağımızı və neft-qaz qiymətlərinin artmaqda olduğu faktını nəzərə alaraq cari ildə Avropa İttifaqı ilə ticarət dövriyyəsi artıb. Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan artıq strateji tərəfdaşlıq haqqında razılıqlar imzalayıb.

Bu, onu göstərir ki, Avropa İttifaqı da Azərbaycan qədər bu əməkdaşlıqda maraqlıdır.

Ayaz Cəbrayılov, 
YAP Kürdəmir rayon təşkilatının sədri