20 may 2022 18:53
359

Biz hər zaman bir olmuşuq və bundan sonra da bir olacağıq - Eldar İbrahimov

Məlum olduğu kimi, bu günlərdə Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının sədri Nurdinjon İsmoilovun başçılıq etdiyi nümayəndə Azərbaycanda səfərdə olub.

“İki sahil” xəbər verir ki, N.İsmoilovun başçılıq etdiyi nümayəndə heyəti səfər çərçivəsində Azərbaycanın dövlət rəsmiləri, qanunverici orqan olan Milli Məclisin rəhbərliyi ilə əhəmiyyətli görüşlər keçirib.

Nümayəndə heyətini səfər çərçivəsində Milli Məclisin Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, parlamentin İntizam komissiyasının sədri Eldar İbrahimova müşayiət edib.

Qeyd edək ki, E.İbrahimov artıq bir neçə ildir ki, adıçəkilən qrupa rəhbərlik edir.

Nümayəndə heyəti öncə Heydər Əliyev Mərkəzi ilə tanış olub. Özbəkstanlı parlamentarilər Mərkəzlə, Heydər Əliyev irsi ilə tanışlıqdan məmnun qalıblar.

Sonra Bakının tarixi və gəzməli yerlərindən olan İçərişəhərdə gəzinti və tanışlıq olub. Nümayəndə heyətinin şərəfinə şam yeməyi təşkil olunub.

16 may tarixində isə N.İsmoilovun başçılıq etdiyi nümayəndə heyətini Azərbaycan Prezidenti İlham Əliyev qəbul edib. Görüş zamanı dövlət başçısı Azərbaycanla Özbəkistan arasında qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə, ilk növbədə, siyasi sahədə uğurla inkişaf etdiyini vurğulayıb, bu işdə iki ölkənin dövlət başçıları arasında münasibətlərin xüsusi önəm daşıdığını qeyd edib və bu baxımdan Özbəkistana səfərini məmnunluqla xatırladıb.

Ölkə Prezidenti tarixi, dil və mədəni yaxınlığın münasibətlərimizin möhkəmlənməsi üçün əsas yaratdığını bildirib. Eyni zamanda, görüşdə Azərbaycanın və Özbəkistanın qanunverici orqanları arasındakı münasibətlərə toxunularaq, qarşılıqlı səfərlərin və beynəlxalq parlamentlərarası strukturlardakı əlaqələrimizin bu sahədə əməkdaşlığa töhfə verdiyi bildirilib.

Xüsusi olaraq qeyd edilib ki, qardaş türk dövlətlərinin Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması məsələsinə münasibəti ölkəmiz tərəfindən yüksək qiymətləndirilir.

N. İsmoilov isə Özbəkistan Prezidentinin böyük siyasi xadim Heydər Əliyevin xatirəsini daim ehtiramla yad etdiyini bildirib. Həmçinin Prezident İlham Əliyevin Ümummilli Liderin siyasətini uğurla davam etdirdiyini diqqətə çatdırıb.

Milli Məclisin Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri E. İbrahimov da öz növbəsində qardaş və dost ölkənin parlamen nümayəndə heyətinin səfərini, xüsusilə Azərbaycan Prezidenti ilə görüşünü yüksək və müsbət qiymətləndirib. Qeyd edib ki, Özbəkistan parlamentarilərinin Azərbaycan Prezidenti ilə görüşü yüksək səviyyəli, hər iki ölkənin dostluq və qardaşlıq münasibətlərinin inkişafına önəmli töhfə verəcək bir görüşdür.

Onun sözlərinə görə, məlum səfər və görüşdən sonra iki ölkə, o cümlədən ali qanunverici orqanlar arasında münasibətlər daha da inkişad edəcək və bundan qazanan da qardaş xalqlar və dövlətlər olacaq.

E. İbrahimov xüsusilə Özbəkistanın Qarabağ, Azərbaycanın ərazi bütövlüyü məsələsində tutduğu birmənalı və prinsipial mövqeyə toxunaraq bildirib ki, qardaş və dost ölkə dünyada 3 ölkədən biridir ki, münaqişə dövründə Azərbaycan ərazilərinin işğalına görə Ermənistanla diplomatik münasibətlər qurmayıb. “Hər kəsə yaxşı məlumdur ki, artıq tarixə qovuşmuş, keçmişdə qalmış Qarabağ münaqişəsi ilə bağlı birmənalı, prinsipial mövqe sərgiləyən ölkələrdən biri də qardaş və dost ölkə Özbəkistan idi. Özbəkistan Azərbaycan ərazilərinin işğalına görə işğalçı Ermənistanla diplomatik münasibətlər qurmayan 3 ölkədən biriydi. Hər zaman həm dövlət, həm də parlament səviyyəsində Azərbaycana birmənalı dəstəklərini nümayiş etdirmişdilər. 44 günlük İkinci Vətən müharibəsində də qardaş Özbəkistan birmənalı olaraq Azərbaycanın, haqqın yanında olduğunu nümayiş etdirdi. Biz həmişə bunu yüksək qiymətləndirmişik və bundan sonra da yüksək qiymətləndirəcəyik, bunları unutmamışıq və unutmayacağıq. Çox sevindirici və fərəhli haldır ki, postmünaqişə dövründə də qardaş dövlətdən dəstək görürük. Belə ki, işğaldan azad edilmiş Füzuli rayonunda qardaş və dost ölkı tərəfindən məktəb binası tikiləcək. Məktəbin tikintisinin maliyyə xərclərini də bütünlüklə qardaş ölkə öz üzərinə götürüb. Bunun özü bir daha iki ölkə arasında münasibətlərin hansı yüksək səviyyədə olmasından xəbər verir”,-deyə E. İbrahimov sözlərinə əlavə edib.

Səfər zamanı Özbəkistan parlament nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin Fəxri Xiyabanındakı məzarını ziyarət edib, önünə əklil qoyublar.

Eyni zamanda, Şəhidlər xiyabanı ziyarət edilib, “Əbədi məşəl” kompleksinin önünə əklil qoyulub.

Nümayəndə heyətinin önəmli görüşlərindən biri də Milli Məclisin sədri Sahibə Qafarova ilə keçirilən görüş olub.

E. İbrahimov bu görüşü də çox yüksək qiymətlənirərək bildirib ki, iki ölkənin parlamentləri və deputatları arasında münasibətlərin, əlaqələrin inkişafı hər iki xalqın, hər iki dövlətin bütövlükdə milli və dövlət maraqlarına uyğundur. “Azərbaycanda hər zaman parlamentlərarası əlaqələrə, parlamemt diplomatiyasına xüsusi əhəmiyyət verilib. Milli Məclisə sədrlik etdiyi dövrdə Sahibə xanım Qafarova hər zaman bu məsələləri xüsusi diqqətdə saxlayıb. Özbəkistan nümnayəndə heyəti ilə yüksək səviyyəli görüş də buna əyani sübutdur. Hesab edirəm ki, bu görüş iki ölkənin parlamentləri arasında əlaqələrin, münasibətlərin inkişafında yeni mərhələ olacaq”,-deyə E.İbrahomov qeyd edib.

Səfər zamanı nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏTPA) İcraiyyə Şurasının iclasına da qatılıb. Nümayəndə heyətinin üzvləri İƏTPA-nın Kommunikasiya və əlaqələndirmə üzrə Komitəsinin, Qadın, gənclər və mədəni məsələlər üzrə Komitəsinin iclasında, o cümlədən Üçüncü Ümumi Konfransda iştirak ediblər.

Onu da qeyd edək ki, İƏTPA-ya sədrlik Azərbaycanın, Milli Məclisin ev sahibliyi etdiyi tədbirdə Pakistandan Azərbaycana keçib.

Özbəkistan parlamentariləri, eyni zamanda, işğaldan azad edilmiş bölgələrə, Füzuli və Şuşa şəhərlərinə səfər ediblər.

Onlar Şuşada tarixi qala divarları, Şəhər meydanı, Xan qızı Xurşidbanu Natəvanın malikanəsini, Cıdır düzünü, dahi şair Molla Pənah Vaqifin məqbərəsini ziyarət ediblər.

Nümayəndə heyətinin üzvləri səfərlərinin sonunda Milli Məclis sədrinin birinci müavini Əli Hüseynlinin müşayiəti ilə ölkələrinə yola salınıblar.

E. İbrahimov saytımıza açıqlamasında bir daha məlum səfər və səfər çərçivəsində keçirilən görüşləri olduqca əhəmiyyətli və önəmli qiymətləndirərək bildirib ki, bundan sonra da hər iki dövlət, hər iki xalq daim bir-birinin yanında olacaq, daim bir-birinə öz təmənnasız dəstəklərini nümayiş etdirəcəklər. “Azərbaycan və özbək xalqları dost və qardaş xalqlardır. Azərbaycan və Özbəkistan qardaş və dost ölkələrdir. Bizi birləşdirən tarixi ortaq keçmişimiz, dilimiz, kökümüz, dinimiz, qanımız, ruhumuzdur. Bizim kökümüz də, ruhumuz da birdir, eynidir. Biz hər zaman bir olmuşuq və bundan sonra da bir olacağıq. Biz hər zaman bir-birimizə əməli, təmənnasız dəstək göstərmişik və bundan sonra da dəstək göstərəcəyik. Bu günə kimi belə olub, bundan sonra da belə olacaq”,-deyə E.İbrahimov sonda bildirib.