20 may 2022 19:50
726

İşgüzar əlaqələr qurmaq üçün yaxşı şərait

Azərbaycan uğurlu xarici siyasəti, sürətli iqtisadi inkişafı sayəsində beynəlxalq arenada öz mövqeyini daha da möhkəmləndirib. Hazırda regionda marağı olan ölkələr və beynəlxalq təşkilatlar ölkəmizlə müxtəlif sahələrdə əməkdaşlığa böyük səy göstərirlər.

Ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi son 18 ildə dünya dövlətləri arasında əməkdaşlıq keyfiyyətcə yeni mərhələyə keçdi və əlaqələr konkret mexanizmlər əsasında inkişaf etdirildi. Bu mənada hazırda Azərbaycanın sıx əməkdaşlıq etdiyi Avropa ölkələrindən biri kimi Litva xüsusi əhəmiyyətə malikdir. Litva ilə Azərbaycan uzun illərdir ki, strateji tərəfdaşdırlar. Ölkələrimiz arasında diplomatik əlaqələr ilk dəfə 1995-ci il noyabrın 27-də qurulub. Prezident İlham Əliyevin rəhbərliyi dövründə isə Litva-Azərbaycan əlaqələri inkişafın yeni mərhələsinə qədəm qoyub.

2007-ci il sentyabr ayının 13-də Prezident İlham Əliyev Litvaya rəsmi səfər etdi və səfər çərçivəsində bir sıra mühüm ikitərəfli görüşlər keçirildi, rəsmi sənədlər imzalandı. İmzalanan sənədlərdən ən mühümü kimi “Azərbaycan Respublikası Prezidentinin və Litva Respublikası Prezidentinin tərəfdaşlıq münasibətlərinin inkişafı haqqında” birgə Bəyannaməsi göstərilir. 2009-cu il aprelin 8-də isə Azərbaycan və Litva arasında siyasi dialoqun dərinləşdirilməsi haqqında Memorandum imzalandı. Həmin gün paytaxt Bakıda 20 şirkətin iştirakı ilə Azərbaycan-Litva birgə biznes forumu keçirildi.

Artıq uzun illərdir ki, ölkələrimiz arasında münasibətlər yüksələn xətlə inkişaf etdirilir. Azərbaycanın siyasi-strateji əhəmiyyətinə böyük önəm verən Litvanın rəsmi dairələri son illərdə ölkəmizə çoxsaylı səfərlər ediblər. Onu da qeyd edək ki, ölkəmiz Litva ilə iqtisadi əlaqələrin genişləndirilməsinə, kapital qoyuluşuna, müxtəlif iqtisadi layihələrin birgə həyata keçirilməsinə xüsusi əhəmiyyət verir. Eyni zamanda, Azərbaycan Litvanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşlarından biridir. Bundan başqa, yüksək keyfiyyətli və innovativ fotoelektrik panellər istehsal edən Litva şirkətləri Avropada, eləcə də bütün dünyada tanınır. Bu şirkətlər Azərbaycanda günəş enerjisi layihələrinin inkişafı üzrə münasibətlərin qurulmasında maraqlıdırlar. Bütün sadalananlar təbii ki, Azərbaycanın əldə etdiyi diplomatik uğurların göstəricisidir.

Mayın 18-də Bakıda Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan-Litva biznes forumunda çıxış edən Prezident İlham Əliyev bildirdi ki, ölkələrimiz arasındakı güclü siyasi münasibətləri nəzərə alaraq, uzun illərdir ki, biz artıq strateji tərəfdaşlarıq və Prezidentin hazırkı səfəri fəal siyasi dialoqun olduğunu bir daha nümayiş etdirir. Ölkəmizin başçısı, həmçinin diqqətə çatdırdı ki, biznes forum planlarımız, ölkəmizdəki biznes mühiti, sərmayə də daxil olmaqla imkanlar haqqında bir-birimizi məlumatlandırmaq, həmçinin işgüzar əlaqələr qurmaq üçün yaxşı fürsətdir.

Prezident İlham Əliyev Azərbaycanda biznes mühitinin investorlar üçün əlverişli olduğunu bəyan edərək bildirdi ki, biz 10 milyardlarla birbaşa xarici investisiyadan məmnunuq: “Xarici şirkətlərin sərmayə portfelinin şaxələndirilməsi də çox vacibdir. İnvestisiya proqramlarımızın ilkin vaxtlarında əsasən neft-qaz sektoruna investisiya qoyulurdusa, indi biz bərpaolunan enerji sahəsində birbaşa xarici investisiyaları görürük. Bu ilin əvvəlində xarici investorlar ilə 470 meqavat gücündə günəş və külək elektrik stansiyaları tikmək üçün iki böyük müqavilə imzalanmışdır ki, bu da əlverişli investisiya mühitinin olmasının göstəricisidir”.

Forumda çıxış edən Litva Prezidenti Gitanas Nauseda isə bildirdi ki, Asiya ilə Avropanın kəsişdiyi məkanda yerləşən Azərbaycan qlobal ticarətdə ən mühüm rollardan birini oynayır və oynayacaqdır. O, qeyd etdi ki, yaşıl iqtisadiyyat və innovasiyalarla bağlı məqsədlər sizin gələcək iqtisadi perspektivlərinizi və gücünüzü şərtləndirən əsas meyarlardır.

Azərbaycan–Litva biznes forumunda, həmçinin “Beynəlxalq yol nəqliyyatı Sazişi”, “Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası ilə Litva Respublikasının Ticarət, Sənaye və Sənətkarlıq Palataları Assosiasiyası arasında Əməkdaşlıq Sazişi”, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Litva Respublikasının Ticarət, Sənaye və Sənətkarlıq Palataları Assosiasiyası arasında Əməkdaşlıq Memorandumu”, “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO ilə Litva İnnovasiya Agentliyi arasında Əməkdaşlıq Memorandumu”, “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO ilə Litva Respublikası Sənayeçilər Konfederasiyası arasında Əməkdaşlıq Memorandumu” və “Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Litva Respublikası Sənayeçilər Konfederasiyası arasında Əməkdaşlıq Müqaviləsi” kimi sənədlər imzalanıb.

Günel Eyyubova, “İki sahil”