21 may 2022 11:49
622

Davamlı sülhə nail olmaq üçün ölkə sərhədlərinin delimitasiyası vacibdir

Bildiyimiz kimi aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti, Ermənistan Baş naziri və Avropa İttifaqı Şurası Prezidentinin iştirakı ilə keçirilən görüşdən sonra əldə olunan razılıqlardan biri ondan ibarət idi ki, sərhədlərin delimitasiyasının həyata keçirilməsi ilə bağlı komissiya yaradılsın. İyirmi birinci əsr olmasına baxmayaraq, bəzi erməni siyasətçiləri dövlətin suveren atributu olan sərhədlərin dəqiqləşdirilməsinin və ya ayrılmasının son dərəcə vacib və əhəmiyyətli olduğunu dərk etmək istəmirlər. Davamlı sülhə nail olmaq üçün ölkə sərhədlərinin delimitasiyası vacibdir.Beynəlxalq təşkilatlar heç olmasa bu prosesə dəstək verməli, sərhədlərin delimitasiyası prosesində Ermənistanın yaratdığı əsassız, süni əngəllərə görə rəsmi İrəvana təzyiq göstərməlidir. Ermənistan anlamalıdır ki, Qarabağ bölgəsində azərbaycanlı və erməni xalqının dinc yanaşı yaşaması Azərbaycan hökumətinin prioritetidir. Azərbaycana qarşı təbliğat aparmaq,demarkasiya və delimitasiya işlərinin başlamasının qarşısını almaq yalnız sülh prosesinə ziyan vuracaq.

44 günlük müharibə və Ermənistan – Azərbaycan münaqişəsinin sona çatması Cənubi Qafqaz və onun qonşuluğu üçün mühüm iqtisadi təsirlərə malikdir. Münaqişə səbəbindən bölgə ölkələri arasında dayandırılan kommunikasiya əlaqələrinin və iqtisadi əlaqələrin bərpası bölgənin son 30 ildə formalaşan geoiqtisadi xəritəsini dəyişdirəcək. Prezident İlham Əliyevin müstəqil və milli maraqlara əsaslanan xarici siyasəti Azərbaycanın regional liderə - bölgədə güc mərkəzinə, dünya siyasətində nüfuzlu milli subyektə çevrilməsinə səbəb olub. Azərbaycan istər regional, istərsə də bölgədən kənardakı dövlətlərlə əməkdaşlığı genişləndirməyə çalışır.Artıq Cənubi Qafqazda yeni bir regional nizam formalaşıb və bu yeni regional nizamın əsas oyunçuları Azərbaycan, Türkiyə və Rusiyadır. Türkiyə ilə imzalanmış Şuşa Bəyannamasi kimi, Rusiya ilə Moskva Bəyannaməsi də Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir.

Şuşa bəyannaməsinin əhəmiyyətini xüsusi olaraq vurğulamaq lazımdır.Bəyannamənin ən vacib məqamlarından biri Türkiyənin Şuşada konsulluq açmaq qərarıdır. Bu sənəd faktiki olaraq, regionda hərbi-siyasi balansın təmin olunması məqsədilə Azərbaycanda hərbi bazanın yaradılmasına da yol açır. Bu məqamda bir məsələni vurğulamaq lazımdır: Şuşa Bəyannaməsində qeyd edilir ki, Azərbaycana hücum olarsa, yaxud belə təhdid yaranarsa, Türkiyə müttəfiqini qorumaq üçün münaqişəyə qoşulacaq. Bu mesaj təkcə revanşist ideyaları dəstəkləyən Ermənistana deyil, həm də regionda maraqları olan digər oyunçulara ünvanlanıb.

Reallıq budur ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan bu gün dünyanın ən sayılıb-seçilən, qüdrətli dövlətlərindən biridir. Cənab İlham Əliyev diplomatik və sərkərdəlik məharətilə Azərbaycanın son 300 illik tarixini yenilədi, bu müddət ərzində qələbəyə həsrət qalmış xalqın tarixinə qızıl hərflərlə “Qalib Azərbaycan” ifadəsini həkk etdirərək onu müzəffər etdi. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Azərbaycan xalqı əmindir ki, Azərbaycanın uğurlu gələcəyi məhz Prezident İlham Əliyevlə bağlıdır.

Təvəkkül Əliyev,

YAP Şuşa rayon təşkilatının sədri