21 may 2022 13:15
1023

Baydenin məktubu təsdiqləyir ki, ABŞ regionumuzda yaranmış yeni reallığı qəbul edib - Bəhruz Məhərrəmov

ABŞ Prezidenti Jozef Baydenin Müstəqillik Günü münasibəti ilə Prezident İlham Əliyevə ünvanladığı məktub ciddi siyasi məzmuna malikdir və ilk növbədə bütövlükdə Qərbin Azərbaycanın regionda  yaratdığı yeni reallığı qəbul etdiyini göstərir.

Bunu “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirdi.

Deputat bildirdi ki, süsusi diqqət çəkən məqam odur ki, cənab Bayden açıq mətnlə regionda sülh, stabillik və əməkdaşlıq mühitinin yaradılması istiqamətində Prezident İlham Əliyevin səylərinə dəstək verir, mövcud vəziyyəti  Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkan kimi qiymətləndirir:  "Xatırlayırsınızsa, üç gün öncə Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə mətbuata birgə bəyanatında cənab İlham Əliyev də bildirmişdi ki, biz Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyirik və İkinci Qarabağ müharibəsindən sonra bu əməkdaşlıq formatını yaratmaq üçün imkan var. Lakin təəssüf ki, Ermənistan indiyə qədər Cənubi Qafqazda üçtərəfli qarşılıqlı fəaliyyət formatının ilkin olaraq başlanmasına həvəs göstərmir və düşünürəm ki, imkanlar əldən verilməli deyil.  İstisnasız olaraq Qərb blokuna liderlik edən bir dövlətin Azərbaycanla eyni strateji tezisləri bölüşməsi və bunu açıq şəkildə ifadə etməsinin bir izahı ola bilər - ABŞ-ın regionda yaranmış reallığı qəbul etməsi və dəstəkləməsi fonunda Azərbaycanın diplomatik qələbəsi."

Bəhruz Məhərrəmov bildirdi ki, Baydenin, həmçinin cənab İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi  Azərbaycan və Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinin bütün regionun inkişafına imkan verəcəyi qənaətində olmasını bildirərək Azərbaycan liderinin mövqeyini bölüşməsi, Azərbaycanın sülh təşəbbüslərini dəstəkləməsi, bu istiqamətdə görülən işlərə kömək etməyə hazır olduğunu bəyan etməsi onsuz da qalib olan Azərbaycanın növbəti Brüssel görüşünə bir neçə addım öndə başlaması imkanını yaradır: "Bundan başqa, bu gün qlobal məkanda əsas düyün nöqtəsi olan Ukrayna böhranı ətrafında kifayət qədər radikal mövqe tutmuş Qərbin Azərbaycanın bu məsələdə mövqeyini yüksək qiymətləndirməsi məktubda ən diqqət çəkən məqamlardan biridir. Baydenin Azərbaycanın Ukraynanın suverenliyinə verdiyi dəstəyini və  humanitar yardımlarını  yüksək qiymətləndirməsi bu istiqamətdə bəzi dairələrin, eləcə də, Azərbaycan daxilində Roma Papasından çox katolik olmaq istəyənlərin səsini birdəfəlik kəsdi. Eyni zamanda, belə həssas bir məsələdə həm Rusiya, həm də Qərbi narazı salmayacaq qədər məharətli siyasət yürütməkdə olan Prezident İlham Əliyev şəxsiyyətinin böyüklüyünü bir daha ortaya çıxardı."

"Məktubda əks olunmuş digər mühüm məqam ABŞ-ın Azərbaycanla əməkdaşlığa verdiyi yüksək dəyərlə bağlıdır. Baydenin Azərbaycanla əməkdaşlığa yüksək dəyər verməsi, 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində Azərbaycanın yürütdüyü müstəqil və uğurlu siyasəti təqdir etməsi Prezident İlham Əliyevin birmənalı siyasi qələbəsidir. Nəticə etibarı ilə dünyanın bir nömrəli güc sahibi ABŞ Azərbaycanın enerji resurslarının Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rolunu, terrorizmə qarşı qlobal mübarizəyə verdiyi töhfələrinin əhəmiyyətini xüsusi qeyd etməsi Bakının artıq müstəqil qlobal güc sahibi kimi qəbul olunmasından xəbər verir. Üstəlik, Amerika yeni qlobal oyunçu kimi Azərbaycanın müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha təsdiq etməklə növbəti dövrlərdə də  Azərbaycanla münasibətləri daha da genişləndirmək arzusunu ifadə edir"- deyə deputat bildirdi.

Deputat hesab edir ki, ABŞ Prezidentinin müraciətində Azərbaycana və bizimlə əmakdaşlığa verilən böyük önəmin kökündə ölkəmizin son illər keçdiyi siyasi inkişaf yolunun, Azərbaycan Prezidentinin yürütdüyü müstəqil siyasət kursunun, yaranan yeni geostrateji reallıqların, o cümlədən cənab İlham Əliyev şəxsiyyətinin həlledici rolu xüsusi qeyd edilməlidir.

Orxan Vahidoğlu, "İki sahil"