“Baydenin məktubu ABŞ-ın Azərbaycanın regionda yaratdığı yeni reallıqları dəstəklədiyinin göstəricisidir”
Bu sözləri “İki sahil”ə açıqlamasında politoloq Yusif Bağırzadə ABŞ Prezidenti C. Baydenin Müstəqillik Günü ilə bağlı Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda yer alan fikirlərlə bağlı danışarkən deyib.

O bildirib ki, heç şübhəsiz ki, Müstəqillik Günü ərəfəsində ABŞ kimi super dövlətin prezidenti tərəfindən təbrik məktubunun göndərilməsi Azərbaycandakı inkişafa, aparılan uğurlu və məqsədyönlü siyasətə verilən qiymət kimi qəbul olunmalıdır: "ABŞ Prezidenti Cozef Baydenin Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda ölkəmizin regiondakı rolunu aydın şəkildə ifadə edən, Azərbaycanın indiki mürəkkəb dövrdə dünya dövlətləri içərisində tutduğu mövqeni ortaya qoyan açıq mesajlar yer alıb.
Cənab Baydenin təbrikində ilk olaraq ABŞ-la Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasından ötən 30 il ərzində keçdiyi yola diqqət yönəldilib. Belə ki, enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində əməkdaşlığın tarixin mühüm anında öz bəhrəsini verdiyi, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında önəmli rol oynadığı vurğulanıb. Baydenin “Azərbaycanın Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynadığını” diqqətə çatdırması ABŞ-ın iqtisadi təhlükəsizlik platformasında Azərbaycanı mühüm tərəfdaş kimi gördüyünün bariz sübutudur. Məktubda “enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində əməkdaşlığın tarixin mühüm anında öz bəhrəsini verdiyini” bildirməsi isə beynəlxalq təhlükəsizliyin əsas qarantlarından biri kimi Azərbaycanın Qərb üçün həlledici əhəmiyyətinin ifadəsidir. Başqa sözlə desək bu, ABŞ Prezidentinin müstəqillik dönəmində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində Azərbaycanla əməkdaşlığa verdiyi yüksək dəyərdir. Digər tərəfdən, bu, Azərbaycanın enerji resurslarının Avropa və dünya bazarlarına çıxışının təmin olunmasında önəmli rol oynamasına edilən əhəmiyyətli vurğudur. Təbii ki, Rusiya-Ukrayna münaqişənin doğurduğu reallıqları yaxından izləyən ABŞ-ın bölgədə nüfuzu daha da artan ölkəmizlə həm enerji, həm də təhlükəsizlik məsələlərinin həllində ortaq maraqları mövcuddur və Baydenin məktubundakı məqam bu məsələlərin birgə həllində ABŞ-ın siyasi iradəsinin ortaya qoyur."
Politoloq qeyd edib ki, məktubda daha sonra “Azərbaycanın Ukraynanın suverenliyinə dəstəyi, habelə Ukraynaya göstərdiyi humanitar və enerji sahəsində yardımı” yüksək qiymətləndirilir: "Qeyd etməliyəm ki, Azərbaycanın Ukraynaya dəstəyi 30 il ərzində regionda və dünyada baş verən proseslərə davamlı və ədalətli yanaşmasının göstəricisidir. Azərbaycan separatizmə və işğala məruz qalan dövlət olub və bu baxımıdan da separatizmə və işğala məruz qalan ölkələrin vəziyyətini kifayət qədər yaxşı başa düşür. ABŞ-ın da Azərbaycanın Ukraynanın suverenliyinə verdiyi dəstəyi, humanitar yardımı görməsi və bunu yüksək qiymətləndirilməsi müsbət haldır. ABŞ Prezidentinin məktubunda diqqət çəkən məqamlardan biri də Azərbaycanın müstəqilliyini və suverenliyi dəstəkləməsini xüsusi olaraq qeyd etməsidir. Bu məqam qlobal qeyri-sabitlik dönəmində xüsusilə ilə diqqət çəkir.
Məktubda ifadə olunan digər bir məqam isə ölkəmizin terrorizmə qarşı verdiyi töhfə ilə bağlıdır və deyim ki, Baydenin Azərbaycanın Ukraynanın yanında olduğunu, daha dəqiqi ədalətli mövqe tutduğunu deməsi rəsmi Bakı üçün nə qədər önəmlidirsə, "Sizin terrorizmə qarşı qlobal mübarizəyə verdiyiniz əhəmiyyətli töhfələrinizi təqdir edirik" ifadəsi də ən azı bir o qədər vacib və önəmlidir. Belə ki, "terrorizmlə mübarizə" məsələsində konkret ünvan göstərilmədiyindən, ABŞ liderinin bu bəyanatı İrəvanı ciddi narahat da edə bilər, çünki biz uzun illərdir ki, erməni terroruna qarşı mübarizə aparan bir dövlət olmuşuq və hələ də dinc insanlarımızın minaların qurbanına çevrilərək həyatlarını itirməsi və yaralanması ilə bu terror davam etməkdədir."
Ekspert hesab edir ki, Baydenin məktubunda ABŞ-ın Azərbaycanın regionda yaratdığı yeni reallığa dəstəyi də aşıq şəkildə ifadə olunub: "Bayden hazırkı vəziyyəti Cənubu Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkan kimi qiymətləndirib: “İndi Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkana bəslənən ümid zamanıdır. Amerika Birləşmiş Ştatları bütün Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasına kömək etməyə hazırdır”. Göründüyü kimi, dünyanın super gücü olan ABŞ Azərbaycan və Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinin bütün Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcəyi qənaətindədir və bu baxımdan da Azərbaycanın sülhlə bağlı təşəbbüslərini dəstəkləyir, iqtisadi, nəqliyyat və insanlararası əlaqələrin qurulması istiqamətində gördüyü işlərə kömək etməyə hazır olduğunu bildirir.
Məktubda, həmçinin, ABŞ-ın qarşıdan gələn illər və onilliklərdə Azərbaycanla münasibətləri daha da genişləndirmək arzusu ifadə olunub ki, bu da təbiidir. Belə ki, artıq vəziyyət, qlobal düzən, reallıqlar dəyişib. 44 günlük Vətən müharibəsi zamanı əldə etdiyimiz Zəfər bütün diqqətləri Azərbaycana doğru yönəldib, dünyaya Azərbaycanı yenidən tanıdıb, bölgədəki gücümüz və liderliyimiz hər kəs üçün qəbuledilən olub. Odur ki, ABŞ Azərbaycanla strateji əməkdaşlığın davam etdirilməsində, həmin strategiyanın inkişafında maraqlıdır.
ABŞ yaxşı başa düşür ki, regionun gələcək inkişafı Azərbaycanın və onun Liderinin siyasəti ilə sıx bağlıdır. Özünün xarici siyasətində regional əməkdaşlığa, təhlükəsizliyə və nəqliyyat-logistik infrastrukturun inkişafına üstünlük verən Azərbaycan Prezident İlham Əliyevin yürütdüyü xarici siyasət sayəsində regional lider kimi öz mövqeyini möhkəmləndirib və torpaqlarını təkbaşına işğaldan azad edən ölkəmizin yaxın gələcəkdə mövqelərinin daha da güclənəcəyi şübhəsizdir”.
Yaqut Ağaşahqızı, “İki sahil”