"Bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraqlar və hörmət prinsipləri əsasında əlaqələr quran Azərbaycanın xarici siyasət uğurları biri-birini əvəz etməkdədir. ABŞ Prezidenti Cozef Baydenin Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərməsi ölkələr arasında yüksək səviyyəli əməkdaşlığa verilən böyük qiymətlə yanaşı, iki dövlət arasında münasibətlərin yeni inkişaf mərhələsinə keçməsinin göstəricisi kimi də qəbul edilə bilər. Məktubda Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasından ötən 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində əməkdaşlığın tarixin mühüm anında öz bəhrəsini verdiyi, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynadığı vurğulanır."
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov "İki sahil"ə açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, dövlət başçımızın düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan Cənubi Qafqaz regionunun əsas aparıcı qüvvəsinə, sabitləşdirici faktora çevrilib. ABŞ Prezidentinin məktubunda da bu uğurumuza işarə özünü qabarıq şəkildə büruzə verir. Həmçinin bildirilir ki, ABŞ beynəlxalq təhlükəsizliyin gücləndirilməsində Azərbaycanı əsas tərəfdaşı hesab edir. Göründüyü kimi, ölkəmizin beynəlxalq sülhə, təhlükəsizliyə, qlobal inkişafa verdiyi töhfələr beynəlxalq səviyyədə yüksək dəyərləndirilir.”
Ölkəmiz dəfələrlə ABŞ-ın dəstəyi ilə formalaşan beynəlxalq antiterror tədbirlərində fəal iştirak edib. Azərbaycan hərbçiləri müxtəlif ölkələrdə davamlı sülhün və təhlükəsizliyin təmin edilməsinə öz töhfələrini veriblər. Azərbaycan bu gün də dünyada sülhün və təhlükəsizliyin təmin olunmasına yardımını əsirgəmir. Bu baxımdan məktubda ABŞ Prezidentinin Azərbaycanın Ukraynanın suverenliyinə verdiyi dəstəyi və bu ölkəyə göndərdiyi humanitar yardımları yüksək qiymətləndirməsi, terrorizmə qarşı qlobal mübarizəyə verdiyi əhəmiyyətli töhfələri təqdir etməsi ölkəmizin qlobal məsələlərdəki qətiyyətli mövqeyinə olan ehtiramın bir nümunəsidir.
K.Bayramov vurğulayıb ki, ABŞ dövləti Prezident İlham Əliyevin liderliyi ilə İkinci Qarabağ müharibəsində xalqımızın qazandığı parlaq qələbədən sonra regionda yaranmış yeni reallıqların fərqindədir. ABŞ-ın Azərbaycan və Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinin bütün Qafqaz və trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcəyi qənaətində olması və bu anlamda Azərbaycanın sülh təşəbbüslərini dəstəkləməsi, iqtisadi, nəqliyyat və insanlararası əlaqələrin qurulması istiqamətində gördüyü işlərə kömək etməyə hazır olması Azərbaycan diplomatiyasının böyük uğurudur.
Şəmsiyyə Əliqızı, "İki sahil"