“Cənubi Qafqazda konyuktura kökündən dəyişib. Azərbaycanın yeni reallıqlar yaratması beynəlxalq aktorlar, güc mərkəzləri tərəfindən də qəbul olunub. ABŞ Prezidenti Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubu Müstəqillik Günü münasibətilə təbrik olsa da, məktubda ABŞ-Azərbaycan əlaqlələrinin 30 illiyi ehtiva olunsa da məktubun məzmununu diqqətlə təhlil etsək ciddi şəkildə seçilmiş sözlərdən ibarət olduğunu, xüsusilə yazıldığını görürük.”
Bu sözləri "İki sahil"ə açıqlamasında politoloq Şəbnəm Həsənova bildirib.
Politoloq məktubun məzmununa diqqət çəkərək bildirib ki, əsas amil məktubda ehtiva olunan məsələlərin indiki məqamda vurğulanmasıdır. Bu baxımdan da məktub təkcə ABŞ-Azərbaycan münasibətləri baxımından önəmli deyil, bundan sonrakı məqamda iki ölkə münasibətlərinin bütövlükdə regiona və ümumilikdə siyasi proseslərə baxışda necə təsir edəcəyinin xəbərçisidir.
Politoloq qeyd edir ki, məktubun mətninda ehtiva olunan sözlərlə yaxından tanış olduqdan sonra bu qənaətə gəlmək mümkündür ki, ABŞ Azərbaycanı regionda önəmli aktor kimi görməklə yanaşı, ABŞ-Azərbaycan münasibətlərinə olduqca böyük önəm verir və daha geniş mənada bu ikitərəfli münasibətlərə verilən dəyər sadəcə regionla məhdudlaşmır. Belə ki, məktubda qeyd olunur ki, beynəlxalq təhlükəsizlik sahələrində əməkdaşlığımız tarixin mühüm mərhələlərində öz bəhrəsini verir. Bu da Azərbaycanın sadəcə lokal mənada deyil, qlobal mənada fəaliyyətinə və nüfuzuna verilən dəyərdir ki, həqiqətən də Azərbaycan beynəlxalq hüququn aliliyinə hər zaman önəm verməklə yanaşı, ABŞ-la bərabər qlobal təhlükəsizliyə mühüm töhfələr verən ölkədir. Belə ki, baxmayaraq ki, Azərbaycanın özü 30 ilə yaxın zaman çərçivəsində terrora məruz qalıb, bu baxımdan da Azərbaycan lokal və regional deyil, paralel olaraq qlobal, beynəlxalq sülh və təhlükəsizliyə töhfə verməkdən də yan keçməyib və Kosovo, Əfqanıstan, İraq, Cənubi Sudan olmaqla beynəlxalq koalisiyaların tərkibində sülhməramlı missiya həyata keçirib.
Həmçinin, Şəbnəm Həsənova onu da xüsusilə qeyd edib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın uğurlu enerji strategiyasının təməlində dayanan “Əsrin müqaviləsi”nin imzalanmasında ABŞ yaxından iştirak etmiş, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında alternativ enerji təminatçısı kimi Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan Cənub Qaz Dəhlizi ABŞ tərəfindən də dəstəklənmişdir.
Politoloqun qənaətincə, aydın görünən reallıqdır ki, bu gün dünyada baş verən bir çox təlatümlər, münaqişə və hətta müharibələr məhz enerji məsələləri ilə birbaşa bağlıdır. Bu baxımdan da sadəcə zəngin kabrohidrogen resurslara malik olmaq deyil, paralel olaraq əsas məsələ onlardan səmərəli və heç bir kənar məqsəd güdmədən istifadəyə şərait yaratmaqdır ki, Azərbaycan dünya bazarlarında enerji təhlükəsizliyinin təmin olunması və stabilləşdirilməsində mühüm rola malikdir. Məhz bu amilin özü də məktubda xüsusilə vurğulanır.
Məktubda bildirilir ki, “İndi Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkana bəslənən ümid zamanıdır”. Politoloq qeyd edir ki, Azərbaycan da məhz buna ümid etməklə kifayətlənmir, əməli, konkret addımlar atır, Ermənistana sülh təklif edir. Deməli, ABŞ fundamental məsələlərdə Azərbaycanla ortaq mövqedən çıxış etdiyini ortaya qoyur. Məhz bu amil Azərbaycan üçün olduqca önəmlidir ki, gələcək yol xəsitəsində atacağımız addımlar kəsişməyəcək, bir-birinə komplementar olacaq, yəni bir-birini tamamlayacaq.
Bir sözlə, politoloq fikirlərini bununla yekunlaşdırdı ki, ABŞ Prezidenti Cozef Baydenin möhtərəm Prezidentimiz İlham Əliyevə göndərdiyi təbrik məktubu Azərbaycanın regionda olan nüfuzunun əyani göstəricisi olmaqla yanaşı, həm də dövlət başçımıza olan xüsusi diqqətin növbəti bariz təzahürüdür.
Şəmsiyyə Əliqizi, ”İki sahıl”