Azərbaycan Qərb ölkələrində Azərbaycana qarşı fəaliyyət göstərən və radikal mövqelərdən çıxış edən erməni lobbisi və onun təsir altına düşən siyasətçilərə qarşıdır

Rövlan Heydərov,
YAP Naftalan şəhər təşkilatının sədri
Bu gün Azərbaycanın beynəlxalq nüfuzu, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı getdikcə artır. Azərbaycan dünyada, beynəlxalq arenada özünü etibarlı tərəfdaş və etibarlı dost kimi təsdiq edə bilmişdir. Azərbaycanın xarici siyasətinin istiqamətlərindən biri Qərb ölkələri ilə münasibətlərin genişləndirilməsi olmuşdur.
Azərbaycan Respublikasının xarici siyasətində Qərb ölkələri ilə münasibətlər əsas yerlərdən birini tutmuşdur. Müasir dövrdə Qərb ölkələri beynəlxalq münasibətlərin əsas aktorlarındandır və bu ölkələr ilə qarşılıqlı əlaqələrin genişlənməsi və möhkəmlənməsi Azərbaycan millətinin rifahına xidmət edəcəkdir.
Ölkəmiz öz milli maraqlarını, regionda aparıcı dövlət statusunu qorumaqla yanaşı, Qərb ölkələri ilə qarşılıqlı faydalı münasibətlər qurur, beynəlxalq əməkdaşlığı və bərabərhüquqlu tərəfdaşlıq əlaqələrini genişləndirir.
Bu gün Azərbaycan Respublikasının siyasi və iqtisadi potensialı artmış, regionda söz sahibi olan dövlətə çevrilmiş, beynəlxalq "siyasət səhnəsi"ndə nüfuzu və mövqeyi daha da möhkəmlənmişdir. Həmin uğurlar vaxtilə ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi və hazırda Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kursun məntiqi nəticələridir.
Azərbaycanın beynəlxalq münasibətləri inkişaf etdikcə, dünyadakı rolu artdıqca, mövqeyi möhkəmləndikcə ölkəmizə qarşı destruktiv qüvvələrin təzyiqi də artır. Azərbaycan Qərb ölkələrinə qarşı deyil. Qərb ölkələrində Azərbaycana qarşı fəaliyyət göstərən və radikal mövqelərdən çıxış edən erməni lobbisi və onun təsir altına düşən siyasətçilərə qarşıdır. Bu qüvvələr təxribatçı addımlar atmaqla Azərbaycanın həm beynəlxalq təşkilatlarla, həm də ayrı-ayrı ölkələrlə münasibətlərini gərginləşdirmək məqsədi güdürlər. Əminliklə söyləyə bilərik ki, heç bir radikal qüvvə Azərbaycanın beynəlxalq münasibətlərinə təsir göstərə bilməyəcək.
Beləliklə, qısa müddətdə ölkəmizdə əldə edilmiş yüksək nəticələrin arxasında məqsədyönlü siyasət, elmi əsaslara və ölkənin mövcud potensialına söykənən inkişaf prioritetləri dayanır. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında respublikamızın müstəqil, milli ənənələrə və ümumbəşəri dəyərlərə cavab verən inkişaf strategiyasının formalaşdırılması istiqamətində həyata keçirilən siyasət bu gün də cənab İlham Əliyevin rəhbərliyi altında əzmlə davam etdirilir.