21 may 2022 16:04
830

ABŞ Azərbaycanın sülh təşəbbüslərini dəstəkləyir

Vüqar İskəndərov:  Baydenin məktubunda Azərbaycanın enerji resurslarının Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynaması xüsusi qeyd edilib

“Azərbaycanın apardığı uğurlu, düşünülmüş siyasət beynəlxalq aləm tərəfindən təqdir olunur, alqışlanılır. Ümumiyyətlə, ölkəmizin beynəlxalq arenada sistemli şəkildə sərgilədiyi uğurlu mövqe bizi dünyanın bir çox böyük ölkələrinin etibarlı tərəfdaşına çevirib.”

Bu sözləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib.

Onun sözlərinə görə  ABŞ prezidenti Cozef  Baydenin ölkə başçısı İlham Əliyevə 28 May Respublika Günü münasibətilə göndərdiyi təbrik məktubu da dediklərimizi bir daha təsdiq edir. “Sözügedən məktubda ABŞ prezidenti C. Bayden 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və təhlükəsizlik sahəsində ölkəmizlə əməkdaşlığa verdiyi dəyər Azərbaycanın doğru və düşünülmüş siyasət yürütdüyünün əyani sübutudur. Ümumiyyətlə, bu məktubdakı hər bir sətirdə  Azərbaycanın uğurlu, düzgün həyata keçirilən siyasəti dəyərləndirilir. Məktubda ölkəmizin enerji resursları,  Avropa və dünya bazarlarında təhlükəsizliyin təmin olunması və sabitləşdirilməsində Azərbaycanın önəmli rol oynamasına verilən mühüm əhəmiyyət, Azərbaycanın Ukraynanın suverenliyinə verdiyi dəstəyi, humanitar yardımlarının yüksək qiymətləndirilməsi, ölkəmizin terrorizmlə qlobal  mübarizədə  verdiyi töhfələrin təqdir edilməsi təbii ki, ciddi məsələlərdir.”

V. İskəndərov onu da vurğulayıb ki,  məktubda hazırkı vəziyyətin Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkan kimi  qiymətləndirilməsi  ABŞ-nin regionda yaranmış reallığı qəbul etməsi, dəstəkləməsi kimi qiymətləndirilməlidir. “Düşünürəm ki, ABŞ-ın Azərbaycan və Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinin bütün Qafqaz və Transxəzər regionunun çiçəklənməsinə imkan verəcəyi qənaətində olması mühümn əhəmiyyət kəsb edir. ABŞ tərəfinin Azərbaycan və Ermənistan arasındakı diplomatik təmasların  intensivləşdirilməsinə və ölkəmizin iqtisadi, nəqliyyat və xalqlarası əlaqələrin qurulmasına kömək etməyə hazır olması  ölkəmizin postmüharibə dövründə yeni yaranmış mənəzərinin ABŞ tərəfindən dəstəklənməsi anlamına gəlir. Deməli, ABŞ Azərbaycanın sülh təşəbbüslərini dəstəkləyir. Ümumiyyətlə, bu məktub hazırkı dövrdə cərəyan edən proseslərin mürəkkəb xarakterini nəzərə almaqla ABŞ-nin Azərbaycanın müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha təsdiq edir.”

Nilufər Mustafaqızı, “İki sahil”