“ABŞ prezidenti Cozef Baydenin 28 May Müstəqillik Günü münasibəti ilə dövlət başçısı cənab İlham Əliyevə təbrik məktubu göndərməsi Amerika-Azərbaycan münasibətlərinin artan xətt üzrə inkişaf etməsinin və Azərbaycanın regiondakı önəminin gündən-günə artmasının bariz nümunəsi kimi dəyərləndirilməlidir.”
Bu sözləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev söyləyib.

Onun sözlərinə görə, Amerika həmişə Qafqazda Azərbaycanın həyata keçirdiyi siyasəti dəstəkləmiş və xüsusilə də Azərbaycanın enerji təhlükəsizliyində və antiterror əməliyyatlarında göstərdiyi səyləri müsbət qiymətləndirmişdir: “Azərbaycan və Amerika arasında diplomatik münasibətlərdən artıq 30 il keçməkdədir və bu müddət ərzində Azərbaycan müstəqilliyini qoruyub saxlamış və daha da inkişaf etmişdir. Həmçinin 30 il ərzində Azərbaycan sivil, demokratik, dünyanın bütün dövlətləri ilə, o cümlədən, ABŞ ilə də qarşılıqlı inam və etimad əsasında əməkdaşlığının genişləndirilməsində maraq göstərmişdir. Bu gün ABŞ tərəfindən Azərbaycana bu cür isti münasibətin sərgilənməsi iki ölkə arasındakı əlaqələrdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir.”
Məktubda Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardım və Ukraynanın suverenliyinə verdiyi dəstək barədə fikirlərini bildirən N. Həmzəyev onu da vurğuladı ki, Azərbaycanın sərgilədiyi bu mövqe ABŞ Prezidenti tərəfindən təqdir edilir: “Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizədə göstəridiyi bütün səylər də alqışlanmaqdadır. 44 günlük Vətən müharibəsində öz ərazi bütövlüyünü bərpa edən Azərbaycanın humanist addım ataraq sülh mövqeyini tutması da ABŞ tərəfindən dəyərləndirilir və Cənubi Qafqazda davamlı sülhə nail olunması üçün yaranmış bu imkanı Azərbaycanın düzgün dəyərləndirməsi də xüsusilə alqışlanır. Məktubda ABŞ-ın bütün Qafqaz və Transxəzər regionunun çiçəklənməsinə imkan verəcəyi , Azərbaycan və Ermənistan arasındakı diplomatik təmasların intensivləşdirilməsi, nəticə etibarilə sülhün imzalanmasını da alqışladığı vurğulamışdır. Deputat bildirib ki, məktubda çox maraqlı məqamlardan biri Azərbaycanın müstəqilliyinə və suverenliyinə ABŞ-ın dəstəyinin bəyan edilməsidir. “Belə qlobal gərginlik və münaqişələrin olduğu bir vaxtda ABŞ tərəfindən cənab Prezident İlham Əliyevə təbrik və dəstək məktubu göndərilməsi Amerika ilə Azərbaycan arasındakı əməkdaşlığın yeni mərhələsinə qədəm qoyulduğunu söyləməyə imkan verir. Düşünürəm ki, yaxın gələcəkdə bu münasibətlər daha da inkişaf edəcək. Azərbaycanın regionda artan önəmi, qlobal siyasətdə artan rolu ABŞ tərəfindən daha real dəyərləndiriləcək və Azərbaycanın həyata keçirmək istədiyi bütün beynəlxalq layihələrdə ABŞ Azərbaycanı sonuna qədər dəstəkləyəcəkdir.”
Nilufər Mustafaqızı, “İki sahil”