22 may 2022 11:47
791

ABŞ postmünaqişə dövrünün reallıqlarını qəbul edir, Azərbaycanın sülh təklifini dəstəkləyir

Prezident Cozef Baydenin Müstəqillik Günü ilə bağlı dövlət başçısı  İlham Əliyevə  təbrik məktubu  iki ölkə arasında əlaqələrin bundan sonra da uğurlu inkişafı üçün möhkəm təməlin olduğunu təsdiqləyir

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev müstəqillik yollarında ilk addımlarını atan hər bir dövlətin qarşısında dayanan vəzifələrdən bəhs edərkən ikitərəfli və çoxtərəfli çərçivədə əlaqələrin qurulmasını, beynəlxalq aləmdə təqdimatı  ən vacib amil kimi önə çəkirdi.  Şərq və Qərb dəyərlərini birləşdirməklə dünya birliyi üçün əhəmiyyətini balanslaşdırılmış siyasəti ilə təsdiqləyən,  dəyişən beynəlxalq münasibətlərə, yeni çağırışlara  ciddi  səyləri ilə cavab verən Azərbaycanın diplomatik uğurları xalqın milli mənafelərinə, dövlətçiliyin möhkəmlənməsinə xidmət edir. Sivilizasiyalar arasında körpü olan Azərbaycana artan maraq,  dünya ictimaiyyətini narahat edən məsələlərin həlli yollarını əks etdirən hədəflərin ölkəmizdə müəyyənləşdirilməsi, Azərbaycanın beynəlxalq tədbirlərin keçirilməsi üçün ideal məkan seçilməsi və sair kimi mühüm addımlar  dövlətimizin düşünülmüş və məqsədyönlü siyasətinin nəticəsində  qazanılan uğurlardandır.

Ulu öndər Heydər Əliyevin siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətinin prinsiplərindən bəhs edərkən bu vacib önə çəkilir ki, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə  bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət əsasında  əməkdaşlıq əlaqələri qurulur, xarici siyasətimiz çoxşaxəli,  açıq və aydındır.

Ən əsası beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşan, bütün məsələlərin məhz bu prinsiplər əsasında çözülməsinə səy göstərən Azərbaycan heç bir dövlətin daxili işinə müdaxilə etmir və öz daxili işinə müdaxiləni də yolverilməz hesab edir. Azərbaycan müstəqil siyasət yürüdür. Bu fikir beynəlxalq səviyyədə də xüsusi qeyd edilir ki, müstəqil iqtisadi siyasət yürüdən ölkə müstəqildir. Azərbaycan bu baxımdan da nümunəvi ölkə kimi qeyd edilir. Azərbaycanın enerji sektorunda qazandığı uğurların miqyasına, ən əsası tarixə “Əsrin müqaviləsi” kimi yazılan neft sazişinin Azərbaycan dövlətinin böyük səyləri nəticəsində imzalanmasına diqqət yetirmək kifayətdir. Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının son 18 ildən artıq dövrdə cənab İlham Əliyevin uğurla davam etdirilməsi Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına verdiyi töhfələrdə özünün aydın ifadəsini tapır. ABŞ Prezidentinin Müstəqillik Günü ilə bağlı Prezident İlham Əliyevə təbrik məktubunda Azərbaycanın bu sahədə qazandığı uğurları  önə çəkilir. Belə ki,  təbrikdə Amerika Birləşmiş Ştatları ilə Azərbaycan  arasında diplomatik münasibətlərin qurulmasından ötən 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində əməkdaşlığın tarixin mühüm anında öz bəhrəsini verdiyi, Azərbaycanın Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynadığı vurğulanır.

Məktubda əksini tapan fikirlərdən də göründüyü kimi, Azərbaycanın uğurları dünya tərəfindən diqqətlə izlənilir. Bu da həyata keçirilən siyasətin gələcəyə hesablanmasından irəli gəlir. Hər dövrün çağırışlarının düzgün cavablandırılması uğurlarımızın davamlılığında mühüm rol oynayır.

Cənab İlham Əliyevin Prezident kimi  ABŞ-a ilk səfəri zamanı mətbuat konfransında jurnalistin Azərbaycanın ABŞ qarşısında hansı öhdəliyi götürməsi barədə sualına cavabını  xatırlatmaq istərdik. Dövlət başçısı bildirmişdir ki, Azərbaycan müstəqil dövlətdir. Heç bir dövlətin qarşısında öhdəliyi yoxdur. Azərbaycan-ABŞ münasibətləri qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf etdirilir.

O da məlumdur ki, Azərbaycan-ABŞ münasibətləri üç istiqamətdə - demokratiya, energetika və təhlükəsizlik sahəsində uğurla inkişaf edir. Aydın məsələdir ki, bir ölkə iqtisadi əlaqələr qurmaq istədiyi dövlətdə ilk olaraq sabitliyə, demokratiyanın inkişafına diqqət yetirir. Dövlət başçısı daim bu reallığı önə çəkir ki, elə ölkələr var ki, iqtisadi inkişafı yüksək səviyyədədir, amma demokratik inkişaf baxımından zəifdir. Elə ölkələr də var ki, demokratik inkişafı yüksəkdir, iqtisadi cəhətdən zəifdir. Lakin bizim ölkəmizdə vəziyyət tamamilə fərqlidir. İqtisadi və siyasi islahatların paralel şəkildə aparılması ölkəmizin hərtərəfli inkşafında əsas faktordur.  Azərbaycanda iqtisadi və siyasi islahatların vəhdətliyinin qorunması uğurlu addım kimi beynəlxalq təşkilatların, o cümlədən ABŞ Dövlət Departamentinin hesabatlarında da qeyd olunur. Cənab İlham Əliyev bildirir ki, demokratikləşmə sadəcə bir niyyət, şüar deyil, ölkənin hərtərəfli inkişafının əsasıdır. Bu fikirlər ümummilli lider Heydər Əliyevin “demokratiya bizim strareji kursumuzun əsasını təşkil edir. Heç bir qüvvə bizi bu yoldan döndərə bilməz” tezisinin davamıdır.  Demokratikləşmə prosesinin sürətlənməsi ölkəmizin hərtərəfli inkişafına xidmət edən addımdır. Azərbaycan dövləti demokratik prinsiplərə sadiqliyini sözdə deyil, əməldə sübut edib. Bu gün ölkəmizdə söz, mətbuat azadlığının yüksək səviyyədə təmin olunması, insan hüquqlarının lazımi səviyyədə qorunması, çoxpartiyalı sistemin yaradılması, seçkilərin demokatikliyinin, azad və şəffaflığının təmin edilməsi üçün təkmil seçki qanunvericiliyinin mövcudluğu, vətəndaş cəmiyyəti quruculuğunda qeyri-hökumət təşkilatlarının rolunun artırılmasına xidmət edən tədbirlər və sair kimi addımlar demokratiyanın inkişafına yönəlib. ABŞ Prezidenti Cozef Bayden  təbrik məktubunda  Azərbaycanın demokratik inkişafını yüksək dəyərləndirərək bildirir ki, biz Azərbaycanı bütün azərbaycanlıların hüquq və fundamental azadlıqlarını qoruyan demokratik idarəetmə və islahatlar istiqamətində məqsədyönlü addımlar atmağa dəvət edirik.

ABŞ regional enerji təhlükəsizliyinin gücləndirilməsi, Azərbaycanın demokratik və çiçəklənən dövlət kimi inkişafının təmin edilməsi və regional sabitliyin möhkəmləndirilməsi, xüsusən də hazırda tarixə qovuşan  Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tapılması məsələlərində daim Azərbaycan hökuməti və xalqı ilə birgə işləmək istəyini ortaya qoyub və bu istiqamətdə addımlar atıb. Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəsindən sonra yaratdığı yeni reallıqlar bir daha ölkəmizin  düşünülmüş və məqsədyönlü siyasətinə işıq saldı. Mövqeyindən bir addım da belə geri çəkilməyən dövlət  başçısı İlham Əliyev bu mühüm məqamı da xüsusi qeyd etdi ki, Vətən müharibəsi həqiqət anı oldu. Kimin haqqın-ədalətin, kimin isə şərin yanında olduğu bir daha təsdiqləndi. ABŞ Prezidentinin təbrik məktubunda da postmünaqişə dövrünün reallıqlarının qəbulu, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində ölkəmizin atdığı addımlar və əldə olunan nəticələr yüksək dəyərləndirilir. Azərbaycan Prezidenti daim çıxışlarında bildirir ki, keçmişə deyil, gələcəyə baxmaq lazımdır. Bu nöqteyi-nəzərdən yanaşsaq, Dağlıq Qarabağ münaqişəsinin tarixə qovuşmasından sonra Azərbaycan dərhal işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə start verdi.  Ölkəmizin həyatında yeni mərhələ başladı. Azərbaaycan dövləti bəyanatlarında bu məqamı daim vurğulayır ki, Ermənistan keçmişlə yaşayır. Gələcəyə baxmaq, yeni səhifə açmaq lazımdır. Bunun üçün sülh müqaviləsinin imzalanması ilə regionda dayanıqlı sülhün, təhlükəsizliyin təmin olunmasına nail ola bilərik.

Azərbaycanın uğurlu siyasəti  etibarlı tərəfdaş kimi  imicinin möhkəmlənməsində, nüfuzlu beynəlxalq təşkilatlara üzv qəbul olunaraq  əməkdaşlıq əlaqələrinin genişlənməsində əhəmiyyətli rol oynayır.  Azərbaycanın 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, BMT-dən sonra ikinci böyük təsisat olan Qoşulmama Hərəkatına sədrliyi ölkəmizin  hər bir sahədə qazandığı uğurların, artan nüfuzunun, ən əsası ədalətli mövqeyinin  təsdiqidir.

Xarici siyasətimizin əsas məsələsi olan  Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın mövqeyi daim ölkəmiz üçün maraqlı  idi. Nəzərə alsaq ki, ABŞ erməni diasporunun güclü olduğu ölkələrdəndir, bu baxımdan Birləşmiş Ştatların hər hansı bir məsələyə yanaşması diqqətdən kənarda qalmır. Erməni diasporu daim səy göstərirdi ki, ABŞ hökuməti  qondarma «Dağlıq Qarabağ Respublikası»nın müstəqilliyini, həmçinin «erməni soyqırımı»nı tanısın. Lakin bu cəhdləri həmişə qarşı tərəfin əks münasibəti ilə cavablandırılıb. ABŞ hökuməti  belə bir addım atmaq istəyində olmadığını bəyan edib. Bir faktı da qeyd edək ki, ABŞ Konqresinin 1992-ci ildə Azərbaycana qarşı ədalətsiz 907-ci düzəlişi tətbiq etməsində, həmçinin demokratiyaya dəstək adı ilə hər il işğalçı Ermənistana və qondarma  rejimə yardımların həcmini artırmasında erməni diasporunun rolu böyük olub. Amma artıq erməni yalanlarının ayaq tutub yeridiyi dövr arxada qalıb. Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəsi ilə işğalçı Ermənistana və ona havadarlıq edənlərə lazım olan mesajlarını çatdırdı, həmçinin bu müharibə ermənilərə elə bir dərs verdi ki, tarix boyu unutmayacaqlar.  Tarixi Zəfərimiz dövlətimizin qətiyyətli mövqeyinin, ordumuzun gücünün, qüdrətinin, xalqımızın birliyinin, həmrəyliyinin, eyni zamanda, münaqişənin həlli ilə bağlı yaradılan möhkəm təməlin təqdimatı oldu.

Yuxarıda da qeyd etdiyimiz kimi, demokratik inkişaf Azərbaycan dövlətinin siyasətində əsas yer tutur. “Biz demokratik inkişafa sadiqik. Azərbaycanda bütün demokratik institutlar fəaliyyət göstərir. Hüquqi dövlət quruculuğu sahəsində böyük uğurlar vardır. Demokratiyanın inkişafı bizim vəzifəmizdir, borcumuzdur. Bu, ilk növbədə, Azərbaycan xalqına lazımdır. Biz bu sahədəki fəaliyyətimizi kiminsə xoşuna gəlmək üçün yox, Azərbaycan xalqının rifah halını yaxşılaşdırmaq və bütün azadlıqları təmin etmək üçün edirik. Biz bundan sonra da bu siyasətə sadiq olacağıq” söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki, üzv olduğumuz beynəlxalq təşkilatlar qarşısında  götürdüyümüz öhdəlikləri vaxtında yerinə yetiririk. Üzv olmadığımız təşkilatlar qarşısında isə  bizim heç bir öhdəliyimiz yoxdur, ola da bilməz: “Çünki sadəcə, məntiq onu göstərir ki, bir halda sən bu təşkilatın üzvü deyilsən, deməli, bu təşkilat qarşısında heç bir öhdəlik daşımırsan.” O da bildirilir ki, siyasi islahatlar iqtisadi islahatlarla tamamlanmalıdır. Azərbaycanda həm siyasi, həm də iqtisadi islahatlar paralel şəkildə aparılır və uğurlarımızın əsas səbəbi məhz bundan ibarətdir. Siyasi islahatlar çox güclü iqtisadi təməl üzərində qurulub.

ABŞ Prezidentinin təbrik məktubunda bird aha  ABŞ-Azərbaycan münasibətlərinin bu gününə işıq salınır və perspektivlərdən bəhs olunur.  ABŞ-ın Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanla əməkdaşlığını bundan sonrakı dövrdə də davam etdirməyə sadiqliyini ifadə edir. Məktubda  ABŞ-ın firavan və dinc gələcək naminə Ermənistan və Azərbaycan arasında barışığın təşviq olunmasına çalışacağı bəyan edilir. Bu fikir koseptual kontekstdə yeni reallıqlar çərçivəsində Azərbaycanın 2020-ci il 10 noyabr Bəyanatında əksini tapmış məsələlərin reallaşması və davamlı barışıq və sülhün bərqərar olunması istiqamətində həyata keçirdiyi siyasi kursa uyğundur.

ABŞ Prezidentinin məktubda yer alan fikirləri əsasında bu ümumiləşdirməni apara bilərik ki, ABŞ Azərbaycanın enerji sektorunda  atdığı addımlara,  iqtisadiyyatın şaxələndirilməsi istiqamətində Azərbaycanın həyata keçirdiyi siyasətə və islahatlara dəstəyini ifadə edir.  ABŞ Prezidenti, həmçinin ölkəsinin Azərbaycanla iqtisadi əməkdaşlıq üçün yeni imkanları nəzərdən keçirmək arzusunda olduğunu bildirir. Qeyd edilənlər  ABŞ-Azərbaycan əlaqələrinin strateji əhəmiyyət kəsb edən münasibətlər səviyyəsinə yüksəldiyini, dostluq və tərəfdaşlıq xarakteri daşıdığını  göstərir. Məktubda o da bildirilir ki, ABŞ İkinci Qarabağ müharibəsində  Azərbaycanın tarixi Qələbəsi ilə  regionda yaranmış yeni reallıqları qəbul edir.  İfadə olunan fikirlər ABŞ-ın Azərbaycana, Prezident İlham Əliyevin uğurlu və düşünülmüş siyasətinin gələcəyinə inamın göstəricisidir. Bu fikir ABŞ siyasətçiləri, politoloqları tərəfindən də qeyd edilir ki, Azərbaycanda həyata keçirilən siyasətin alternativi yoxdur. Prezident-xalq birliyinin, həmrəyliyinin sarsılmaz olduğu ölkədə hər hansı narazılıqdan söhbət gedə bilməz. Ölkəmiz hər sahədə nümunəviliyi ilə diqqət çəkir. Bugünümüzün əsas hədəfi soydaşlarımızın Böyük Qayıdışıdır. Azərbaycan xalqı tezliklə bu sevinci də yaşayacaq.

Yeganə Əliyeva, “İki sahil”