22 may 2022 14:44
376

Fariz Rzayev Finlandiyada bir sıra görüşlər keçirib

Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev 20-21 may 2022-ci il tarixlərində Finlandiya Respublikasına işgüzar səfər edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən “İki sahil”ə verilən məlumata görə, səfər çərçivəsində Finlandiya xarici işlər naziri Pekka Haavisto, Finlandiya Parlamentinin 1-ci vitse-spikeri Antti Rinne, Finlandiya Prezidentinin diplomatik müşaviri Petri Hakkarainen və Xarici İşlər Nazirliyinin dövlət katibi Matti Anttonen ilə görüşlər keçirilib. Görüşlər zamanı Azərbaycan və Finlandiya arasında diplomatik əlaqələrin qurulmasının 30-cü ildönümü münasibətilə həyata keçirilən bu səfərin və paytaxtlarda nəzərdə tutulan mədəniyyət tədbirlərinin əhəmiyyəti yüksək qiymətləndirilib, ikitərəfli münasibətlərin hazırkı durumu və gələcək inkişaf perspektivləri müzakirə edilib, xüsusilə təhsil və iqtisadiyyat sahələrində mövcud olan potensial vurğulanıb, habelə Cənubi Qafqazda post-münaqişə dövründə gedən proseslər, regional və beynəlxalq mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

Fin Beynəlxalq Məsələlər İnstitutu (FİİA) və Martti Axtisaari Sülh Fondunun rəhbərləri və tədqiqatçıları ilə keçirilmiş dəyirmi masalarda post-münaqişə dövründə Cənubi Qafqazda gedən normallaşma prosesləri, eləcə də hazırda aktuallıq kəsb edən beynəlxalq və regional məsələlər təhlil edilib, ölkəmizin mövqeyi həmsöhbətlərin diqqətinə çatdırılıb.

Səfər çərçivəsində, Azərbaycan və Finlandiya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibəti ilə nazir müavini Fariz Rzayev və XİN-in dövlət katibinin müavini Nina Vaskunlahtinin iştirakı ilə Helsinkinin Musiikkitalo Sarayında İsfar Sarabski Caz Triosunun konserti və diplomatik qəbul keçirilib.