23 may 2022 15:25
1018

Kamran Bayramov: Brüsseldə keçirilən növbəti üçtərəfli görüş sülh danışıqları istiqamətində yeni bir addımdır

"Azərbaycanla Avropa İttifaqı əməkdaşlığının uzun tarixi var. Respublikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı prioritet vəzifə kimi qarşıya qoydu. Azərbaycanın 1996-cı ildən Avropa İttifaqı ilə çoxşaxəli əməkdaşlığı geniş sahələri-siyasi, iqtisadi, demokratik inkişaf, multikulturalizm, investisiya, enerji təhlükəsizliyi, nəqliyyat, sosial müdafiə sahələrini əhatə edir və bu əməkdaşlıq Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində gündən-günə genişlənir. Prezident İlham Əliyevin regional liderliyini qəbul edən Avropa İttifaqı ölkəmizlə əməkdaşlığı Cənubi Qafqaz regionunda dayanıqlı sülhün, təhlükəsizliyin,  sabitliyin bərqərar olmasında mühüm amil kimi dəyərləndirir. Azərbaycanla bu qurum arasında əlaqələrin inkişaf xronologiyasına diqqət yetirsək bu fikri böyük əminliklə qeyd edə bilərik ki,  qarşılıqlı səfərlər, keçirilən görüşlər, aparılan müzakirələr, imzalanan sənədlər əlaqələri daha da möhkəmləndirir, hər dövrün tələbinə uyğun olaraq  bu əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaranır. Necə ki, bu gün tarixi Zəfərimiz bu əməkdaşlıqda yeni səhifə açıb."

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.

K.Bayramov  mayın 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında növbəti üçtərəfli görüşü sülh danışıqları istiqamətində yeni bir addım kimi dəyərləndirib.
Deputat qeyd edib ki,  Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin görüşdən sonrakı  bəyanatında Dağlıq Qarabağ ifadəsi işlədilməyib, yalnız Qarabağ deyilib, status məsələsi ümumiyyətlə olmayıb, yalnız Azırbaycanda yaşayan erməni əhalinin hüquqları barədə danışılıb ki, bunu da Azərbaycan özü həmişə deyib və onların təhlükəsizliyə təminat verəcəyini bəyan edib.  Görüşün 5 saata qədər çəkməsi, müzakirələrin daha detallı aparılmasının və söhbətin konstruktiv məcraya düşməsinin işarəsidir. Eyni zamanda bu görüşü Azərbaycan diplomatiyasının, Prezident İlham Əliyevin xarici siyasətinin növbəti uğuru kimi qiymətləndirə bilərik. Müzakirə olunan bütün məsələlər və razılığa gəlinən nəticələr Azərbaycanın problemin həllinə yönəlmiş 5 təklifi əsasında aparılıb. Demək olar ki, bütün istiqamətlər üzrə Azərbaycanın mövqeyi dəstəklənib. Aİ Prezidenti Şarl Mişelin açıqlamasından aydın olur ki, görüşdə yalnız sərhədlərin delimitasiyası, kommunikasiyaların bərpası və sülh danışıqları məsələləri deyil, həmçinin humanitar məsələlərə, o cümlədən minaların təmizlənməsi, itkin düşmüş insanların taleyi də müzakirə edilib. 

K.Bayramov vurğulayıb ki, Azərbaycan dövləti beynəlxalq hüquq prinsiplərinə, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan müstəqil xarici siyasət yürüdərək qlobal geosiyasi məkanda cərəyan edən proseslərə çevik reaksiya verir.

Qlobal layihələrin həyata keçirilməsində əsas tərəf kimi beynəlxalq iqtisadi-siyasi proseslərdə aparıcı qüvvəyə çevrilən ölkəmizə olan marağın ildən-ilə artdığını deyən millət vəkili,. Azərbaycan ilə Avropa İttifaqı arasında iqtisadi, siyasi, ticari, enerji, mədəni, idman və digər sahələrdə əməkdaşlıq məmnunluq doğurduğunu söyləyib.

Bildirib ki, bu nüfuzlu beynəlxalq təşkilatın rəsmi mövqeyi regionda daha qısa zamanda sülhün formalaşdırılmasına xidmət edir. Digər tərəfdən, həm Azərbaycan, həm də Ermənistan münaqişənin həllində Avropaya etimad göstərirlər. Bu da sülhün əldə edilməsi imkanlarını genişləndirməklə yanaşı, prosesin daha intensivləşməsinə xidmət edir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə  Brüsseldə  üçüncü  dəfə keçirilən görüşlərin postmünaqişə dövrünün reallıqlarının qəbuluna  böyük töhfə olduğunu bildirən K.Bayramov,sonununcu üçtərəfli görüşün Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını  yaxınlaşdıracağına əminliyini ifadə edib.